“Unudulmaz məzun - Aida İmanquliyeva”
kitabının təqdimatı olub
İyunun
13-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində böyük
şərqşünas alim,
filologiya elmləri doktoru, elm təşkilatçısı,
ictimai xadim, professor
Aida xanım İmanquliyevaya
həsr olunmuş “Unudulmaz məzun - Aida İmanquliyeva (1947-1957)” kitabının
təqdimatı olub.
AZƏRTAC
xəbər verir ki, tanınmış alimlərin, ictimaiyyət nümayəndələrinin, müəllim
və şagirdlərin
iştirak etdikləri
tədbirdə Təhsil
Kompleksinin direktoru, Əməkdar Müəllim
Sara Xanlarova məktəbin
məzunu, görkəmli
şərqşünas alim
və pedaqoq, professor
Aida xanım İmanquliyevanın
şərəfli ömür
yolundan, cəmiyyətə,
elmə, təhsilə,
mədəniyyətə verdiyi
əvəzsiz töhfələrdən
danışıb.
Professor Aida İmanquliyevanın nəciblik, xeyirxahlıq, saflıq mücəssəməsi
olduğunu söyləyən
S.Xanlarova alimin əziz xatirəsinin könüllərdə daim
yaşayacağını bildirib.
Vurğulanıb ki, Aida xanım qısa, amma çox şərəfli,
mənalı həyat
yaşayıb. Ziyalı ailəsində dünyaya
gələn professor Aida İmanquliyevanın
atası - milli jurnalistikamızın patriarxlarından
sayılan Nəsir İmanquliyevin Azərbaycan
mətbuatının əsaslarının
yaradılmasında əvəzsiz
rolu olub.
“Unudulmaz məzun - Aida İmanquliyeva (1947-1957)” kitabı
barədə danışan
direktor qeyd edib ki, bu
nəşrdə professor Aida xanım İmanquliyevanın
məktəb illəri,
geniş və səmərəli elmi, pedaqoji fəaliyyəti, nəsillərə nümunə
olan gözəl ailə mühiti və s. barədə məlumatlar, xatirələr
verilib.
Rəhbərlik etdiyi təhsil müəssisəsinin tarixindən,
inkişaf mərhələlərindən
söz açan S.Xanlarova xatırladıb ki, 2010-cu ildə Prezident İlham Əliyevin tapşırığı
ilə 132-134 nömrəli
Təhsil Kompleksi əsaslı şəkildə
yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Məktəbdə təhsilin inkişafı
üçün hər
cür şərait yaradılıb. Böyük
qürur hissi keçiririk ki, professor Aida xanım İmanquliyeva bu məktəbin məzunudur.
Aida İmanquliyeva 1957-ci ildə
132 nömrəli orta məktəbi (indiki 132-134
nömrəli Təhsil
Kompleksi) qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq
fakültəsinin ərəb
filologiyası şöbəsini
fərqlənmə diplomu
ilə bitirib. 1966-cı ildə Moskvada namizədlik, 1989-cu
ildə Tbilisidə doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Elmlər Akademiyasının
(indiki AMEA) Şərqşünaslıq
İnstitutunda müxtəlif
vəzifələrdə çalışan
alim 1991-ci ildən ömrünün sonunadək
bu elm müəssisəsinə
rəhbərlik edib.
“Mixail Nüaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”
monoqrafiyalarının və
müxtəlif mövzularda
elmi məqalələrin
müəllifi olan
Aida İmanquliyevanın əsərləri
bütün dünyada
böyük maraq doğurub.
S.Xanlarova professor Aida İmanquliyevanın pedaqoji,
tərcüməçilik sahələrindəki səmərəli
fəaliyyətindən də
bəhs edib. Bildirilib ki,
alimin Bakı Dövlət Universitetində
yüksək ixtisaslı
ərəbşünas mütəxəssislərin
hazırlanmasında mühüm
rolu olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti,
akademik Akif Əlizadə görkəmli
alim Aida İmanquliyevanın
elmi nailiyyətlərindən
danışıb. Qeyd edilib ki, professor
Aida İmanquliyeva Azərbaycanın
elm tarixində dərin
izlər salıb, şərəfli ad qazanıb.
Aida xanım özünün
sanballı əsərləri
ilə Azərbaycan şərqşünaslıq elminin
inkişafına qiymətli
səhifələr əlavə
edib. O, Azərbaycan
şərqşünaslıq elmində yeni elmi istiqamət yaratmağa müvəffəq
olub. Azərbaycan elmində ərəb
mühacirət ədəbiyyatının
tədqiq edilib öyrənilməsi professor Aida İmanquliyevanın adı
ilə bağlıdır.
Ərəb mühacir ədəbiyyatının
əsas istiqamətlərinə
və tanınmış
şəxsiyyətlərinə həsr edilmiş dəyərli əsərləri
ilə Aida İmanquliyeva
böyük ənənələri
olan Azərbaycan şərqşünaslıq elmini
yeni ideyalar, mövzular və ədəbi şəxsiyyətlərlə
zənginləşdirib. Onun əsərləri təkcə
Azərbaycan ərəbşünaslığında
deyil, geniş mənada şərqşünaslıq
elmində mühüm
elmi hadisədir.
Azərbaycanın ilk şərqşünas qadın elmlər doktoru və ilk professoru kimi Aida xanım İmanquliyeva ərəb mühacirət
ədəbiyyatında ədəbi
cərəyanların, yaradıcılıq
üslublarının, ənənə
və novatorluq məsələlərinin tədqiq
edilib ümumiləşdirilməsi
ilə şərqşünaslıq
elminin nəzəri səviyyəsinin yüksəldilməsində
mühüm rol oynayıb.
Professor Aida xanım İmanquliyevanın
bacarıqlı elm təşkilatçısı
olduğunu vurğulayan
akademik A.Əlizadə
bildirib ki, alim Azərbaycan Milli Elmlər Akademiyasının tarixində
özünəməxsus xidmətlərə
malikdir. Akademiyanın Şərqşünaslıq İnstitutuna rəhbərlik
etdiyi illərdə
Aida xanım İmanquliyeva
bu sahə üzrə elmi məktəblərin inkişaf
etdirilməsinə və
yeni elmi nəslin formalaşdırılmasına
sanballı töhfələr
verib.
Vurğulanıb ki, professor Aida xanım İmanquliyeva Vətənə yüksək
intellektual səviyyəli,
dərin mənəvi
keyfiyyətləri ilə
nümunə olan övladlar bəxş edib, şərəfli ANA adını daha da ucaldıb.
AMEA-nın prezidenti
təqdim olunan “Unudulmaz məzun - Aida İmanquliyeva (1947-1957)” kitabının
əhəmiyyətini diqqətə
çatdırıb.
Tədbirdə görkəmli alim Aida xanım İmanquliyevanın
həyat və fəaliyyətindən bəhs
edən film göstərilib.
Akademiklər Əhliman Əmiraslanov,
Vasim Məmmədəliyev,
Teymur Kərimli, AMEA-nın Şərqşünaslıq
İnstitutunun direktoru,
akademiyanın müxbir
üzvü Gövhər
Baxşəliyeva və
digər alimlər də Azərbaycanda şərqşünaslıq məktəbinin
yaranmasında və inkişafında müstəsna
rolu olan professor Aida xanım İmanquliyevanın
elmi irsi və əsərlərinin
əhəmiyyətindən danışıblar.
Professor Aida xanım İmanquliyeva
ilə bağlı xatirələrini bölüşən
natiqlər onun böyük alim, pedaqoq, gözəl insan, qayğıkeş
ANA olduğunu söyləyiblər. Vurğulanıb ki, ulu tanrı
Aida xanım İmanquliyevaya
böyük istedad, dərin zəka bəxş etmişdi.
Çıxış edən alimlər professor
Aida xanım İmanquliyevanın
nurlu xatirəsinin həmişə uca tutulacağını, təqdim
olunan kitabın tariximiz, cəmiyyətimiz
üçün dəyərli
töhfə olduğunu
bildiriblər.
“Unudulmaz məzun - Aida İmanquliyeva (1947-1957)” kitabının
ideya rəhbəri
132-134 nömrəli Təhsil
Kompleksinin direktoru, Əməkdar Müəllim
Sara Xanlarova, müəlliflər
“Respublika” qəzetinin
müxbiri Gülşən
Hüseynova və Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC) müxbiri İbrahim
Əsədovdur.
Nəşrə yazılan “Ön söz”ün müəllifi
AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.
Tədbirdə məktəblilər ədəbi–bədii
kompozisiya göstəriblər
Xalq qəzeti.- 2016.- 14 iyun.- S.2.