Ulu öndərin missiyası xilaskarlıq və müstəqil dövlət quruculuğu idi

 

 

Xətai Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Xətai rayon təşkilatının aparatı, ictimaiyyətinin nümayəndələri və gənclər ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və 15 İyun Milli Qurtuluş Günü münasibətilə rayonun Heydər Parkına toplaşmışdılar.

 

Yüzlərlə insan siyasət olimpinin fatehi, böyük dövlət xadimi və müstəqilliyimizin memarı, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçək dəstələri qoydular.

 

Ulu öndərin xatirəsi ehtiramla anıldıqdan sonra Azərbaycan Respublikasının bayraqlarının dalğalandığı parkda davam etdirilən təntənəli bayram tədbirini Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, 15 İyun Azərbaycanın müstəqil dövlətçiliyinin və xalqımızın xilası günüdür. 23 il əvvəl məhz belə bir gündə Azərbaycan adlı Vətənini varlığı qədər sevən böyük azərbaycanlı Heydər Əliyev süqut etməkdə olan, siyasi hakimiyyəti iflasa uğramış və xalqın etmadını itirmiş ölkəmizdə xilaskarlıq missiyasına başladı. Az bir müddətdə gərgin siyasi bir dövrdə özünün siyasi təcrübəsindən, dünyadakı şöhrət və nüfuzundan istifadə edən ulu öndər Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və uzun əsrlər həsrətində olduğumuz azadlığımızın xilaskarı kimi də adını tarixə yazdı.

 

Keçmiş Sovetlər Birliyində türk- müsəlman soyundan olan xalqların daim təəssübünü çəkən xalqımızın dahi oğlu Heydər Əliyev indi bayram etdiyimiz 15 iyun 1993-cü ildən başlayaraq “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”  fəlsəfi fikri il beynəlxalq ictimaiyyətin diqqətini gənc və təcavüzə məruz qalan müstəqil Azərbaycana cəlb etmiş, çox qısa bir zamanda qurduğu müstəqil Azərbaycan dövlətçiliyini qəsdlərdən uğurla xilas edə bildi.

 

Ümummilli liderin qətiyyəti xalqın inamını özünə qaytardı, xaos və anarxiyanın hökm sürdüyü ölkədə qanunçuluğu,  dövlətçiliyə etimadı bərpa etdi və gücləndirdi, dünya azərbaycanlılarını milli birliyə və həmrəyliyə yönləndirdi, Azərbaycanda sabitlik və əmin-amanlıq yaratdı. Ölkəmiz sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək az bir vaxtda böyük nailiyyətlər qazandı, iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Bütün bunlar onun siyasi varisistrateji xəttinin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın çağırışlarına uyğun olaraq yeni keyfiyyətdə  uğurla davam etdirilir və ölkəmiz beynəlxaq müstəvidə çox möhtəşəm nailiyyətlərə imza atır.

 

Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov isə  çıxışında qeyd etdi ki, Heydər Əliyev kimi fenomenlərin, dahi şəxsiyyətlərin tarixdə xüsusi, ölçüyəgəlməz missiyaları olur. Xilaskarlıq missiyası onların ən alisi və möhtəşəmidir. Heydər Əliyevin bütün ömrü boyu missiyası xalqı qorumaq, onun milli-mənəvi dəyərlərini, tarixini xilas etmək və qurub yaratmaq idi. Ona görə də klassik fəlsəfi fikir sahibləri deyirlər ki, tarix şəxsiyyətlərin cəmiyyətlərdəki çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır və ona dəyər verir. Dövlətçiliyimizin, müstəqilliyimizin ən çətin və mürəkkəb dövründə xalqımızın təkidi ilə hakimiyyətə gələn ulu öndər siyasi müdrikliyi, əzəməti, qətiyyəti və polad iradəsi sayəsində Azərbaycanı yaranmış vəziyyətdən çıxardı, bütün atributları ilə hüquqi, demokratik dövlət qurdu. Heydər Əliyevin dövlətçilik fəlsəfəsində bəşəri ideyalara, insanlığa xidmət əsas yer tutduğu üçün o, əbədiyaşardır, tarixə daim yol-yoldaşı olacaq, dünyanı zaman-zaman dolaşacaqdır.

 

Toplantıda çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük  xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan toplumunu məhv olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin  qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, xalqımızın  qurtuluşu deməkdir!

 

Toplantıda çıxış edən digər natiqlər  ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı, dövlətçiliyi qarşısında xidmətlərindən, bütün fəaliyyətinin xalqın əsrlərdən gələn azadlıq və müstəqillik arzularının gerçəkləşdirməsinə, müstəqil və suveren Azərbaycan Respublikasının qurulmasına yönəldiyini qeyd etdilər.

 

Sonra yüzlərlə Xətai rayon sakininin toplaşdığı parkda Azərbaycan incəsənət ustaları möhtəşəm konsert proqramı ilə çıxış etdilər, ulu öndərə ittihaf olunan nəğmələr və şeirlər səsləndirdilər.

 

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV (foto),

Xalq qəzeti”

Xalq qəzeti.- 2016.- 14 iyun.- S.4.