Milli Qurtuluş
Günü Suraxanıda qeyd
olunub
Suraxanıda Milli Qurtuluş Günü münasibəti ilə rayondakı Heydər Əliyev Mərkəzi, Atatürk Mərkəzi, rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev Mərkəzi ilə tanış olan iştirakçılar daha sonra mərkəzin sifarişi ilə hazırlanan “Xilaskar” filminə baxıblar.
Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda giriş nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci tarixi imkan isə bundan 70 il sonra yaranıb, Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşub. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında 4 günlük müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Lakin XX əsrin 90-cı illərinin əvvəllərində respublikamızda baş verən hadisələr Azərbaycanı məhv olmaq təhlükəsi qarşısında qoydu. 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə azadlıq mübarizəsi özünün yeni, həlledici mərhələsinə daxil oldu. Bu hadisədən sonra ölkədə qısa müddətdə vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu proseslərinə start verildi.
Konfransda “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir” adlı məruzə ilə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov qeyd edib ki, mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbət duyğuları ilə yanaşan ümummilli lider həm də bu dəyərlərin qoruyucusu idi. Ulu öndərin xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə qayıtması ilə vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlarımız, adət və ənənələrimiz, mərasimlərimiz xalqa qaytarıldı. Heydər Əliyevin ədəbi-nəzəri fikirləri ilə əməli fəaliyyətinin vəhdəti nəticəsində, bu gün Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı üçün geniş perspektivlər açılıb.
Tədbirdə Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva, YAP rayon təşkilatının sədri Vüqar Seyidov, 278 nömrəli tam orta məktəbin tarix müəllimi Vaqif Rüstəmov çıxış edərək məhz ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın dövlət müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas edildiyini söyləyiblər.
Konfransın sonunda professor Nizami Cəfərova və Bakı şəhəri üzrə Bilik yarışmasında qalib gələn YAP rayon təşkilatı Gənclər Birliyinin komandasına Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim edilib.
Vaqif BAYRAMOV,
“Xalq
qəzeti”
Xalq qəzeti.- 2016.- 14 iyun.- S.4.