Balakəndə Milli Qurtuluş Günü

 

 

Balakəndə Milli Qurtuluş Günü qeyd edilib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzdülər. Sonra ümummilli liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

 

Rayon mədəniyyət mərkəzində davam etdirilən tədbiri RİH başçısı İslam Rzayev açaraq geniş məruzə ilə çıxış etdi. Natiq qeyd etdi ki, 15 İyun - Milli Qurtuluş Günü 1998-ci ildən qeyd edilir. İcra başçı Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyində müstəsna yeri olduğunu və haqlı olaraq, tariximizə müstəqil Azərbaycanın banisi kimi həkk olunduğunu bildirdi. Böyük dövlət xadiminin qüdrətinin xalqdan qaynaqlandığını vurğulayan natiq ulu öndəri hüquqi dövlət qurucusu, sabitliyin təminatçısı adlandırdı.     

 

1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə bir daha geniş nəzər salan RİH başçısı qeyd etdi ki, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri xüsusilə qeyd edilməlidir. Son 20 ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğurlar birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə vətəndaşlarının təhlükəsizliyi təmin olunub, iqtisadiyyatda hökm sürən tənəzzül dayandırılıb, sosial-iqtisadi inkişafın bazası yaradılıb, Azərbaycan dünya birliyində özünə layiqli yer tutub.

 

 Tədbirdə  rayon ziyalıları və digər çıxışçılar da ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, praqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Qeyd olundu ki, ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyev  əməyinin nəticəsidir. Əsası ulu öndər tərəfindən qoyulan bu siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

 

Tədbir konsert proqramı ilə yekunlaşıb.

 

İlqar HƏSƏNOV,

Xalq qəzeti”nin bölgə müxbir

Xalq qəzeti.- 2016.- 14 iyun.- S.5.