O, sazla-sözlə yaşayırdı...

 

XX əsr Azərbaycan aşıq sənətində adı-sanı böyük ehtiram və hörmətlə yad olunan, ustad məqamına ucalan sənətkarlar sırasında Aşıq Şakirin xüsusi çəkisi olub. O, ötən əsrin 50-70-ci illərində zil, şaqraq və qəlibləri riqqətə gətirən bulaq suyuna bənzər dumduru səsi, avazı, meydangirliyi ilə respublikamızın bütün bölgələrində “əsil xalq adamı, el adamı” kimi böyük məhəbbətlə qarşılanıb, seçilib, bəyənilib. Professor M.Qasımlının təbirincə desək: “Şakir elə sənətkarlardır ki, onlar yüz ildən bir yaranır və bunların ömrü yüzillərlə bağlı olur və özlərindən sonra da yüzillərə qovuşurlar...”

Şakir Şahverdi oğlu Hacıyev 1922-ci il yanvar ayının 25-də Şamaxı qəzasının Xəlilli kəndində doğulub. Atası Şahverdi əməksevər bir insan olub. Anası Soltanxanım Müslim qızı evdar qadın idi. Şahverdi kişinin Güldəstə, Xankişi (Stalinqrad cəbhəsində həlak olub), Şakir, Turabəyim, Zülfü, Leyli, Şölə, Şahlar adlı övladları olub. Atası Şahverdi kişi savadsız olsa da atası Hacı kişidən xalq dastanlarına aid nümunələr, bilgilər öyrənmişdi. Elə ona görə də o, Şirvanın bir çox aşıqları – Aşıq Bilal, Aşıq Şamil, Aşıq Müslüm, Aşıq Mürsəl, Aşıq İbrahim və başqaları ilə dost olub. Onların məclislərdə söylədikləri nağıl, rəvayətləri birbəbir öyrəndiyi kimi, kefinin kök, duru çağında pəs səsi ilə nağıllardan öyrəndiyi şeirləri xüsusi həvəslə ifa etməkdən özü də zövq alardı...

O zamanlar Xəlili kəndində məktəb yox idi. Ona görə də Xəlili kəndinin uşaqları qonşu Ərəbmehdibəyli kəndindəki məktəbdə oxuyardılar. Odur ki, Şakir də başqa uşaqlarla həmin kənddəki yedillik məktəbdə oxumuşdur. Məktəb illərində onun yaxşı səsi babası Hacı kişi və atası Şahverdiyə də məlum idi. Onlar Şakirin aşıq olmasını arzu edərdilər. Atalar demiş, niyyətin hara, mənzilin ora. Odur ki, bir dəfə Bəydövüllü Aşıq Mürsəl Xəliliyə toya gəlir...

Kəndin ağsaqqallarının xahişi ilə Aşıq Mürsəl gənc Şakiri dinləyir, səsinə qulaq asır. Onun səsini bəyənir, onun səsinin “əsil aşıq səsi” olduğunu söyləyir. Həmin vaxtdan sonra Şakir Aşıq Mürsələ şəyird durur. On altı yaşından iyirmi bir yaşına – Böyük Vətən müharibəsi başlanana kimi.... Şakir müharibədən 1946-cı ilin dekabrında dönür... Tezliklə məclislərə ayaq açmaq üçün ansambl təşkil edir – İzzətalı Zülfiqarov, Həsrət Hüseynov, Aşıq Pirməmməd, Əlyusif Qəniyev, Əhməd Rüstəmov, qardaşı Zülfü, Eynulla Cəbrayılov, Nail Məhərrəmov, Sirac Zərbəliyev, İbrahim Paşa və başqaları uzun illər Aşıq Şakirlə dövlət tədbirləri və el məclislərində birgə çıxış ediblər.

Aşıq Şakir 1947-ci ilin may ayının 17-də Asa Hacı Qarakişi qızı ilə ailə qurur. Toyların da nağılçı ustad Pirməmməd edir, balabançısı da Əşrəf Mürşüd oğlu idi. Gənclərə üç gün, üç gecə toy edirlər. Ötən əsrin 50-ci illərindən Aşıq Şakir artıq tanınmış sənətkarlardan oldu. Həmin ildə o, “xalq aşığı” adına layiq görüldü. 1955-ci ildə Kürdəmir rayonunun Mollakənd seçki dairəsindən Azərbaycan Ali Sovetinə deputat seçilir. 30 il ərzində demək olar, dövlət tədbirlərində ardıcıl iştirak edir. 1955-1970-ci illərdə Bakıda filarmoniyada onun rəhbərliyi ilə Şirvan aşıqlarının konsertləri tez-tez olaraq təşkil edir. Onun ifasında mənasız söz, nitqində məntiqsizlik, elə-belə oxumaq tapmazdın, görməzdin. Nə oxuyur, danışırdısa hamısını canı-dildən, yana-yana edərdi.

Azərbaycan aşıqlarının III qurultayı 1961-ci ilin aprel ayının 27-də keçirildi. Həmin qurultayda görkəmli alimlər H.Araslı, M.İbrahimov, M.Təhmasib, Bülbül, O.Sarıvəlli və b. yanaşı bir çox ustad aşıqlar – Aşıq Talıb, Aşıq İmran, Aşıq Saraclı, Aşıq Hacı, Aşıq Hüseynin Ca¬van, Aşıq Kamandar, Mikayıl Azaflı, Əmrah Gülməmmədov, Aşıq Abbas, Aşıq Əhməq, Aşıq Qurban, Aşıq Pənah və başqaları ilə yanaşı Aşıq Şakir da iştirak edir. Eləcə də bu qurultayda bir çox alim, ziyalılar, aşıqlarla yanaşı Aşıq Şakir də çıxış edir. Ustadin çıxışı böyük alqışlarla qarşılanır. Aşıq 1967-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. O, həm də yaradıcı sənətkar idi. Aşığın şeirlərinin bir qismi: hələ sağlığında nəşr olunan bir çox toplu və kitablarda (“Aşıqlar”, “Aşığın sşzü”, “Ustad aşıqlar”, “Aşıqlar və el şairləri”, “Şirvan aşıqları” və s. işıq üzü görüb.

Şakir 1979-cu ilin aprelin 10-da 57 yaşında Kürdəmir şəhərində əbədi olaraq gözlərini yumdu, aşığın telli sazı susdu...

Aşıq Şakir, onun yaradıcılığı, sənəti barədə görkəmli alimlər – Ə.Cəfərzadə, P.Əfəndiyev. A.Nəbiyev, M.Həkimov, M.Qasımlı, E.Məmmədli, R.Hüseynov, V.Yusifli, və b. vaxtilə məqalələr, oçerklər yazıb, dəyərli fikirlər söyləyiblər...

Aşıq Şakir bir aşiq idi; vətənin, yurdun, onun dağının, düzəninin, gülünün, çiçəyinin və insanının aşiqi. Bu vurğunluq sərhəd tanımırdı. Coşub-çağlayan bir bulaq idi: içindən gəlirdi. Bulaq coşduqca, daşdıqca tükənmək əvəzinə, daha da böyüyür, ucalır, kamilləşirdi. Çünki bu, mənbəyi ilahiliyə bağlı tükənməz dərya idi. Şakir bu dəryanın həm qəvvası, həm də aşiqi idi. Bu, bir söz dəryası idi. Sözlər Şakirin qəlb dünyasından süzülüb gəldikcə o yaşayırdı:

 

Mən bir söz xiridarı, söz sərrafıyam,

Onunla pərvazda könül, yaşaram.

Heç vaxt bəd əmələ verməm meylimi,

Halal yola edib meyil yaşaram.

 

Onun üçün saz və söz, sənət və yaradıcılıq həyatın mənası idi. Şakir sazla-sözlə yaşayırdı. Bu yaşam onun üçün bir insan ömrünün sərhədlərini aşaraq əbədiyyətə qoşulmaq vasitəsi idi. Şakirdən əvvəl də böyük-böyük sənətkarlar bu dünyaya gəlib-getmiş, özlərini- sözlərini qoyub-keçmişdilər. Aşıq Şakir bu gəlib-keçər, qalıb-köçər dünyada əbədi yaşam düsturunu ustadların saz-söz həqiqətində görən arif idi. Bilirdi ki, insan cismi ilə – müvəqqəti, sözü ilə – əbədi, bədəni ilə – fani, sənəti ilə – baqidir:

 

Adım Aşıq Şakir, mahalım Şirvan,

Yazıb-yaratmışam çox şeir-dastan.

Sözlərim ellərdə qalsın ərməğan,

Ölmərəm, inanın min il yaşaram.

 

«Min il» burada bizim illərlə ölçə biləcəyimiz rəqəm yox, əbədiyyət anlamındadır. O, əbədiyyət dedikdə yaddaşı anırdı. Şirvan aşıq yaradıcılığında sənət və sənətkarlığın meyarı xalqın, elin, sənətin yaddaşı idi. Aşıq Şakiri “Şirvanın bülbülü” də adlandırırdılar. Bu adı ona təsadüfi verməmişdilər. “Xarı bülbül” Azərbaycan poetik düşüncəsində çox incə, çox zərif məqamlarla bağlıdır. O məqamlarla ki, Azərbaycan türk poetik düşüncəsinin verə biləcəyi maksimum estetik zirvədir. Şakirin adı məhz həmin zirvəyə bağlanır. “Elin gözü tərəzidir” – deyiblər. Bu ifadə də minillərin sınaq yükü var. Şakir sənəti “el tərəzisindən” keçib bu ünvana – xarı bülbül məqamına çatıb.

O, doğrudan da, elinin bülbülü idi. Özü də xarı bülbülü. Ona görə ki, Şakirin sinəsi yanıqlı idi. Şakir sinəsindən çağlayıb gələn sözlərin sel gücünün qabağında durmaq, onların cazibəsinə düşməmək, Şakir sənətinin heyranına çevrilməmək qeyri-mümkün bir iş idi. Çünki bu sənətdə, bu səsdə, bu sözdə, bu musiqi və barmaqlarda Şakir ürəyi, Şakir ruhu var idi. Şakir ruhlu oxuyurdu, ruhlu söz deyirdi. Həm də ruhla çalırdı. Ona görə də Şakir sənəti ruhani sənət idi; ürəkdən, könüldən qəlbin dərinliklərindən gəlirdi. Bu gələn poetik incəlik Azərbaycan aşıq sənətinin, söz sənətinin minilliklərin sınağından çıxıb gələn ən dəyərli, ən sürəkli, ən yaşarı ənənələri özündə qorumuşdu. Bu mənada Şakir sənəti Bayat Abbas Dədənin Qurbani Dədənin, Abbas Dədənin, Dostu Şirvani Dədənin və onların piri Qorqud Dədənin böyük yolundan gəlir. Bu yol ulu bir yoldur, qurtarmaz bir yoldur; hər yandan görünür, boy verir. Adama elə gəlir ki, o yola qədəm qoymağa nə var... Ancaq hər sənətkarın hünəri deyil o yolla getmək və Aşıq Şakir zirvəsinə yüksəlmək. O yolla çoxları gediblər. Lakin o yolun yolçusu olmaq, o yolun “Xarı bülbülü” olmaq hər sənətkara qismət olmayıb. Aşıq Şakir isə qismətinə bu ulu yolun yolçusu olmaq səadəti və əzabı düşənlərdəndir. Ona görə “əzabı” ki, bu yol şirin olduğy qədər acı, əziyyətlərlə dolu sənət yoludur. Özü də Şirvanda. Sənətkar bu yolda çox şeylərlə qarşılaşır. Dünyanın hər üzünü görür, ağrısını, acısını, haqqını, haqsızlığını... Bax həmin haqsızlıqları görəndə və görüb də deyə bilməyəndə əzab ağrısı başlanır. Bu əzab, bu ağrı, kədər, qəm, qüssə üzə çıxmadıqca deyilmədikcə insanı içəridən əridir. Və elə bir məqam gəlib çatır ki, bu ağrı ya boşalmalı, ya da o ağrını daşıyanı cismani yoxluğa qovuşdurmalıdır. Sən demə, bir tale yazılıbmış ªakir qismətinə. Sənətkarlar isə cismani yoxluğu könüllə seçməyənlərdəndir. Onlar ölə bilməzlər, bu dünyanı qoyub qaça bilməzlər. Onlar bu dünyanın yolunu getməli, əzablarını görməli, görüb də gilə-gilə sənətə, sözə çevirməlidirlər. Bu, onların ilahi taleyidir. Şakir də bu taleydən qaça bilməzdi. Şakir də bu dünyanın ağrı-acısını görməli, haqsızlıqlarının ağrısını çəkməli, bu ağrıları çəkib də şair olmalı idi. Özü də bağrıyanıq aşıq-şair. O, elə belə də şair oldu. Bağrı yanıq oldu. Oxuduqlarını da həmişə dərin-dərin bir kədər oldu. Bu kədər içdən gəlirdi. Elə bir dərinliklərdən gəlirdi ki orada Füzuli ruhu var idi. Bu kədər Füzuliyanə bir kədər idi. Şakir həmin kədəri nə qədər gizlətmək istəsə də, mümkün iş deyildi. O kədər zərrə-zərrə, gilə-gilə onun poeziyasına axırdı və və axa-axa da onu “bülbülə” çevirdi. Bu mənada, Şakir ustadnamələri onun iç dünyasının kədər məqamlarından, qəlbinin ən dərinliklərində gizlənən həqiqət məqamlarından soraq verən ən yaxşı bələdçilərdəndir. Şakir gəraylıya köklənmiş “Yorulmadı” şeirində deyir:

 

Zağladılar paxır misi,

Qızıl kimi parıldadı.

Amma sərraf bazarında,

Heç qiyməti sorulmadı.

 

Təkcə gəraylının bu bəndi bəsdir ki, onun poetik dünyasının nə kimi dəyərlərə malik olduğundan soraq tutasan. Şakir dünyanın ən ifrat məqamlarını üz-üzə qoyur. Və bu qarşılaşdırma məqamı Şakir şeirində minilliklərlə ölçülən əski bir tarixə malikdir. “Yorulmadı” şeirində dünyanın ən ulu həqiqətlərini “ölçərkən” özündən yeni bir “ölçü daşı” yaratmır, icad etmir. O, dəyəri heç vaxt itməyən, əyarı heç vaxt dəyişməyən, kristal qədər saf və möhkəm bir məhək daşına – ulu türk şeirinin metaforik fonduna üz tutur. Və bu yönü ilə də Şakir haqlıdır. Ona görə ki, ənənədə olan ənənəni bütün daşıyıcıları üçün doğmadır. Söz deyəni üçün də, sözü eşidəni üçün də. Bu anlamda, Şakir doğmalığa üz tutur. Zalımla Adili, Xeyirlə Şəri üzləşdirərkən oğuz-türk şeirinin metaforik obrazlarından barınır. Bu bəndə həmin metaforik vahidlər mis və qızıl, sərraf nadandır. Sənətkar dinləyicisini ulu dünyanın belə bir həqiqətindən agah etmək istəyir ki, Şər özünü Xeyir kimi göstərmək istəsə də, o ancaq nadanları aldada bilər. Aqil gözü, sərraf gözü xeyiri şərdən çox asanlıqla ayıra bilir...

 

Seyfəddin Qəniyev

filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2016.- 15 iyun.- S.14.