Milli qurtuluş uğrunda mübarizədə lider amili

 

15 iyun ictimai-siyasi əhəmiyyətinə görə müasir tariximizə düşmüş bir gündür. Məhz bu gün ümummilli lider Heydər Əliyev xalqın təkidli çağırışından sonra hakimiyyətə qayıtmış və Azərbaycanın dövlət kimi dağılmasının qarşısını almışdı. Bu qayıdış sayəsində ölkəmiz siyasi-hərbi çəkişmələrdən xilas olmuş və sosial-iqtisadi inkişafında yeni mərhələyə qədəm qoymuşdu.  Dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan həmin gündən etibarən işıqlı gələcəyə doğru addım atmışdı. Məhz ulu öndərin yürütdüyü daxili və xarici siyasət nəticəsində “Odlar yurdu” beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi ilə Avropa ilə Asiya arasında körpüyə çevrildi, Cənubi Qafqazda aparıcı ölkə kimi tanınmağa başladı.

 

Müasir idarəçiliyin klassiklərindən hesab edilən Piter Druker hesab edirdi ki, liderlik səmərəlilikdir. Bəs səmərəli liderlik nə deməkdir? Bu, liderin fəal həyat mövqeyi və ətrafda cərəyan edən proseslərə münasibətdə şəxsi məsuliyyət hissinin olmasıdır. Belə hissə malik lider uğurlarını və uğursuzluqlarını şəraitlə əlaqələndirmir, o, bütün məsuliyyəti üzərinə götürür. Səmərəli lider daxili dəyərlərindən çıxış edərək, yaranmış şəraitə fəal şəkildə təsir göstərir. Şəraiti düzgün qiymətləndirən belə şəxsiyyət ətrafda cərəyan edən proseslərin ağırlığından asılı olmayaraq, hədəfləri dəqiq müəyyənləşdirir və həmin məqsədə doğru inamla irəliləyir. 1993-cü il iyun ayının əvvəllərindən ağır siyasi-hərbi vəziyyətlə üzləşmiş Azərbaycanı xilas etməyə başlayarkən ulu öndər Heydər Əliyev də məhz bu prinsiplərdən çıxış edərək, azərbaycanlıların həyatına müsbət təsir göstərəcək səmərəli addımları atmışdı. Hədəfləri dəqiq müəyyənləşdirən böyük siyasi xadimin liderlik keyfiyyətləri sayəsində Azərbaycan inkişaf magistralına çıxmağa müvəffəq olmuş, daxili çəkişmələrdən və xarici təzyiqlərdən taqətdən düşmüş ölkənin Cənubi Qafqaz regionunun iqtisadi lokomotivinə çevrilməsi üçün zəruri özül atılmışdı.

 

Əlbəttə, müstəqillik hər bir xalq üçün böyük nemətdir və onun qorunub saxlanılmasının qazanılmasından da daha çətin olması heç kimə sirr deyil. Azərbaycan xalqı da 1991-ci il oktyabrın 18-də ikinci dəfə dövlət müstəqilliyini elan etmək imkanını qazansa da, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında güclü liderin olmaması ucbatından ciddi daxili və xarici təhlükə qarşısında çarəsiz qalmışdı. Həmin dövrdə ərazilərimizin davamlı işğalı, hər keçən gün gərginləşən siyasi vəziyyət, günbəgün ağırlaşan sosial-iqtisadi durum Azərbaycanı bu təhlükələrdən xilas edə biləcək liderə ehtiyac yaratmışdı. Yenicə müstəqillik qazanmış ölkəni ağır siyasi-hərbi vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyətin də məhz Heydər Əliyev olması fikri Azərbaycanın bütün təbəqələrində güclü kök salmışdı. AXC-Müsavat iqtidarının yarıtmaz siyasəti nəticəsində ümidsiz vəziyyətlə üz-üzə qalmış xalq böyük oğlu Heydər Əliyevin ətrafında sıx birləşməklə ölkəni mühasirəyə almış çoxsaylı bəlalardan qurtarmaq istəyirdi. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

 

Bəli, 1993-cü il iyunun əvvəlində hakimiyyət böhranının daha kəskin xarakter alması və həmin dövrdə hakimiyyətdə olan qüvvələrin naşı siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi ciddi təhlükə ilə üzləşmişdi. Xalqın təkidilə ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində həlledici rol oynamışdı.

 

Ulu öndərin müstəqilliyin qorunması üçün göstərdiyi mübarizə əzmi müasir siyasət tariximizə qızıl hərflərlə düşmüşdür. Belə ki, ölkədəki xaos və anarxiyadan istifadə edən xarici qüvvələr Azərbaycanın dövlət kimi məhv olması üçün lazım olan bütün addımları atmışdılar. AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından milli dövlətçilik uçurumun astanasına yaxınlaşmış, qardaş qardaşa silah qaldırmışdı. Belə ağır məqamda xalqın təkidli çağırışları ilə Naxçıvandan Bakıya gələn ümummilli lider dövlətçiliyin qorunması üçün zəruri olan bütün işləri görmüşdü. Gəncəyə yollanaraq apardığı danışıqlar sayəsində vətəndaş müharibəsinin böyüməsinin qarşısını almışdı. Azərbaycanın cənubunda və şimalında “bulanıq suda balıq tutmaq” istəyənlərə dövlətin gücünü göstərmiş, daxili sabitliyə mane olan problemləri aradan qaldırmış, cəbhədə atəşkəs haqqında sazişin imzalanmasına nail olmuş və beynəlxalq ictimaiyyətlə konstruktiv münasibətlər yaratmış, o cümlədən Azərbaycanı sivil, demokratik, dünyəvi inkişaf yolu götürmüş ölkə kimi tanıtdırmağa başlamışdı.

 

 Həmin dövrdə Azərbaycan, demək olar ki, beynəlxalq təcrid şəraitində yaşayırdı. Ümummilli liderin Ali Sovet sədri seçilməsinədək, Türkiyə istisna olmaqla, heç bir xarici ölkə Azərbaycanın dövlət müstəqilliyinin əbədi olacağına inanmır və bizimlə əməkdaşlığa can atmırdı. Beynəlxalq aləmdə Azərbaycanın müasir siyasət xəritəsində özünə layiq yer tutacağına əminlik cüzi idi. Lakin Heydər Əliyevin hakimiyyətə qayıtması və zəruri olan addımları atması Azərbaycana olan inamı gücləndirdi. 1993-cü ilin yarısından etibarən ölkədə həyata keçirilən çoxsaylı ictimai-siyasi tədbirlər nəticəsində dünyanın böyük neft şirkətləri Azərbaycana sərmayə yatırmaqdan çəkinmədilər. Güclü liderə olan inam nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı kardohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Hasilatın Pay Bölgüsü adlı (“Əsrin müqaviləsi”) nəhəng neft sazişi imzalandı. Bu gün politoloqlar həmin sazişin ərsəyə gəlməsini Azərbaycanın güclü dövlətə çevrilməsinin əsası kimi qiymətləndirirlər.

 

Azərbaycan Milli Məclisinin qərarı ilə 15 İyun Milli Qurtuluş Günü elan olunmuşdur. Parlamentin 1997-ci ilin 27 iyununda rəsmiləşən həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

 

Həqiqətən də ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi üçün göstərdiyi əzmkarlıq və qətiyyət böyük lider kimi böyüklüyünün təcəssümü, Vətənə olan sədaqətinin və fədakarlığının təsdiqi idi. Heydər Əliyevin uzaqgörənliyi və yenilməz iradəsi, siyasi müdrikliyi onu bütün dünya azərbaycanlılarının lideri etməklə yanaşı, hər bir azərbaycanlı üçün Vətənə xidmət nümunəsinə çevrilmişdir. Canından artıq sevdiyi xalqına, Vətəninə xidmət etmiş Heydər Əliyev çoxşaxəli və zəngin fəaliyyəti sayəsində zəmanəmizin böyük siyasi xadiminə çevrilmiş və Azərbaycan xalqı da haqlı olaraq bu müdrik siyasətçinin möhtəşəm irsini müstəqilliyimizin təminatçısı kimi qiymətləndirir və qəbul edir.

 

Bu gün Azərbaycanda güclü dövlətçilik ənənələri formalaşmışdır və bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərinin böyük əhəmiyyəti vardır. Ümummilli liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Məhz Heydər Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, ölkəmiz bir sıra mühüm beynəlxalq təşkilatlara üzv qəbul olundu. Üçrəngli bayrağımız beynəlxalq təşkilatların üzərində dalğalandı və Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi.

 

Artıq 23 ildir respublikamızda Milli Qurtuluş Günü qeyd olunur və milli xilasın başlanğıcını qoymuş bu yol ilə addımlayan Azərbaycan durmadan inkişaf edir və uğurlar qazanır. Şübhəsiz, Azərbaycanın bugünkü uğurlarının mərkəzində də qurtuluş məfkurəsi dayanır və qazanılan bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktına əsaslanır. Bu gün ölkə başçısının uğurlu siyasət yürütməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən və müasirləşən dövlətinə çevrilmişdir.

 

Səbuhi MƏMMƏDOV,

Xalq qəzeti.-2016.-15 iyun.-S.12.