Milli qurtuluş
uğrunda mübarizədə lider amili
15 iyun ictimai-siyasi əhəmiyyətinə görə
müasir tariximizə düşmüş bir gündür. Məhz bu
gün ümummilli lider Heydər Əliyev xalqın təkidli
çağırışından sonra hakimiyyətə
qayıtmış və Azərbaycanın dövlət kimi
dağılmasının qarşısını
almışdı. Bu qayıdış sayəsində
ölkəmiz siyasi-hərbi çəkişmələrdən
xilas olmuş və sosial-iqtisadi inkişafında yeni mərhələyə
qədəm qoymuşdu. Dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi
ilə üz-üzə qalmış Azərbaycan həmin
gündən etibarən işıqlı gələcəyə
doğru addım atmışdı. Məhz ulu öndərin
yürütdüyü daxili və xarici siyasət nəticəsində
“Odlar yurdu” beynəlxalq münasibətlər sistemində
tutduğu mövqeyi ilə Avropa ilə Asiya arasında
körpüyə çevrildi, Cənubi Qafqazda aparıcı
ölkə kimi tanınmağa başladı.
Müasir idarəçiliyin klassiklərindən hesab
edilən Piter Druker hesab edirdi ki, liderlik səmərəlilikdir. Bəs səmərəli
liderlik nə deməkdir? Bu, liderin fəal
həyat mövqeyi və ətrafda cərəyan edən
proseslərə münasibətdə şəxsi məsuliyyət
hissinin olmasıdır. Belə hissə
malik lider uğurlarını və uğursuzluqlarını
şəraitlə əlaqələndirmir, o, bütün məsuliyyəti
üzərinə götürür. Səmərəli
lider daxili dəyərlərindən çıxış edərək,
yaranmış şəraitə fəal şəkildə təsir
göstərir. Şəraiti düzgün
qiymətləndirən belə şəxsiyyət ətrafda cərəyan
edən proseslərin ağırlığından
asılı olmayaraq, hədəfləri dəqiq müəyyənləşdirir
və həmin məqsədə doğru inamla irəliləyir.
1993-cü il iyun ayının əvvəllərindən
ağır siyasi-hərbi vəziyyətlə üzləşmiş
Azərbaycanı xilas etməyə başlayarkən ulu öndər
Heydər Əliyev də məhz bu prinsiplərdən
çıxış edərək, azərbaycanlıların
həyatına müsbət təsir göstərəcək səmərəli
addımları atmışdı. Hədəfləri
dəqiq müəyyənləşdirən böyük siyasi
xadimin liderlik keyfiyyətləri sayəsində Azərbaycan
inkişaf magistralına çıxmağa müvəffəq
olmuş, daxili çəkişmələrdən və xarici
təzyiqlərdən taqətdən düşmüş
ölkənin Cənubi Qafqaz regionunun iqtisadi lokomotivinə
çevrilməsi üçün zəruri özül
atılmışdı.
Əlbəttə, müstəqillik hər bir xalq
üçün böyük nemətdir və onun qorunub
saxlanılmasının qazanılmasından da daha çətin
olması heç kimə sirr deyil. Azərbaycan xalqı da 1991-ci il oktyabrın 18-də ikinci dəfə dövlət
müstəqilliyini elan etmək imkanını qazansa da,
müstəqilliyin ilk illərində dövlətin idarəçilik
sükanı arxasında güclü liderin olmaması
ucbatından ciddi daxili və xarici təhlükə
qarşısında çarəsiz qalmışdı. Həmin dövrdə ərazilərimizin davamlı
işğalı, hər keçən gün gərginləşən
siyasi vəziyyət, günbəgün ağırlaşan
sosial-iqtisadi durum Azərbaycanı bu təhlükələrdən
xilas edə biləcək liderə ehtiyac yaratmışdı.
Yenicə müstəqillik qazanmış ölkəni
ağır siyasi-hərbi vəziyyətdən
çıxarmağa qadir yeganə şəxsiyyətin də
məhz Heydər Əliyev olması fikri Azərbaycanın
bütün təbəqələrində güclü kök
salmışdı. AXC-Müsavat
iqtidarının yarıtmaz siyasəti nəticəsində
ümidsiz vəziyyətlə üz-üzə qalmış
xalq böyük oğlu Heydər Əliyevin ətrafında
sıx birləşməklə ölkəni mühasirəyə
almış çoxsaylı bəlalardan qurtarmaq istəyirdi.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini
belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə
qarşısında idi. Çünki Azərbaycanın
müstəqil yaşamasının əleyhinə olan həm
daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan
kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin
təbii sərvətlərə malik olan ölkənin tam
müstəqil olması başqa ölkələrdə bəzi
dairələri qane etmirdi. Ermənistanın
Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində
Azərbaycanın zəifləməsi, məğlubiyyətə
uğraması, ikinci tərəfdən də daxildə
hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında
hakimiyyətə gəlmiş qüvvələri bir ildən
sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Bəli,
1993-cü il iyunun əvvəlində
hakimiyyət böhranının daha kəskin xarakter alması
və həmin dövrdə hakimiyyətdə olan qüvvələrin
naşı siyasəti nəticəsində Azərbaycanın
dövlət müstəqilliyi ciddi təhlükə ilə
üzləşmişdi. Xalqın təkidilə
ulu öndərin hakimiyyətə qayıdışından
sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi
inkişaf dövlətimizin möhkəmləndirilməsində
həlledici rol oynamışdı.
Ulu öndərin müstəqilliyin qorunması
üçün göstərdiyi mübarizə əzmi
müasir siyasət tariximizə qızıl hərflərlə
düşmüşdür. Belə ki, ölkədəki
xaos və anarxiyadan istifadə edən xarici qüvvələr
Azərbaycanın dövlət kimi məhv olması
üçün lazım olan bütün addımları
atmışdılar. AXC-Müsavat
iqtidarının səriştəsizliyi ucbatından milli
dövlətçilik uçurumun astanasına
yaxınlaşmış, qardaş qardaşa silah
qaldırmışdı. Belə
ağır məqamda xalqın təkidli
çağırışları ilə Naxçıvandan
Bakıya gələn ümummilli lider dövlətçiliyin
qorunması üçün zəruri olan bütün işləri
görmüşdü. Gəncəyə
yollanaraq apardığı danışıqlar sayəsində
vətəndaş müharibəsinin böyüməsinin
qarşısını almışdı. Azərbaycanın
cənubunda və şimalında “bulanıq suda balıq
tutmaq” istəyənlərə dövlətin
gücünü göstərmiş, daxili sabitliyə mane olan
problemləri aradan qaldırmış, cəbhədə atəşkəs
haqqında sazişin imzalanmasına nail olmuş və beynəlxalq
ictimaiyyətlə konstruktiv münasibətlər
yaratmış, o cümlədən Azərbaycanı sivil,
demokratik, dünyəvi inkişaf yolu götürmüş
ölkə kimi tanıtdırmağa başlamışdı.
Həmin dövrdə
Azərbaycan, demək olar ki, beynəlxalq təcrid şəraitində
yaşayırdı. Ümummilli liderin Ali
Sovet sədri seçilməsinədək, Türkiyə
istisna olmaqla, heç bir xarici ölkə Azərbaycanın
dövlət müstəqilliyinin əbədi olacağına
inanmır və bizimlə əməkdaşlığa can
atmırdı. Beynəlxalq aləmdə Azərbaycanın
müasir siyasət xəritəsində özünə layiq yer
tutacağına əminlik cüzi idi. Lakin
Heydər Əliyevin hakimiyyətə qayıtması və zəruri
olan addımları atması Azərbaycana olan inamı gücləndirdi.
1993-cü ilin yarısından etibarən ölkədə
həyata keçirilən çoxsaylı ictimai-siyasi tədbirlər
nəticəsində dünyanın böyük neft şirkətləri
Azərbaycana sərmayə yatırmaqdan çəkinmədilər.
Güclü liderə olan inam nəticəsində Xəzər
dənizinin Azərbaycan sektorundakı kardohidrogen
ehtiyatlarının müştərək işlənməsi
üçün dünyanın aparıcı neft şirkətlərinin
yaratdığı konsorsiumla Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti arasında Hasilatın Pay
Bölgüsü adlı (“Əsrin müqaviləsi”) nəhəng
neft sazişi imzalandı. Bu gün politoloqlar həmin
sazişin ərsəyə gəlməsini Azərbaycanın
güclü dövlətə çevrilməsinin əsası
kimi qiymətləndirirlər.
Azərbaycan Milli Məclisinin qərarı ilə 15
İyun Milli Qurtuluş Günü elan olunmuşdur. Parlamentin 1997-ci ilin 27
iyununda rəsmiləşən həmin tarixi qərarında
deyilir: “Azərbaycan xalqının azadlığının,
müstəqil dövlətçiliyinin müqəddəratının
həll edildiyi ən ağır günlərdə Heydər
Əliyevin öz xalqının iradəsinə tabe olaraq
ölkə rəhbərliyinə qayıtması, əslində,
onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan
xalqını, milli azadlıq hərəkatında
qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan
xilas etmək kimi çox çətin və şərəfli
bir missiyanı könüllü olaraq öz üzərinə
götürməsi idi. Bu, sözün əsl mənasında,
“ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”
deyib meydana atılan böyük ürəkli Vətən
oğlunun öz xalqı, öz Vətəni
qarşısında misilsiz fədakarlığı idi”.
Həqiqətən də ulu öndərin Azərbaycanın
dövlət müstəqilliyinin əbədiləşdirilməsi
üçün göstərdiyi əzmkarlıq və qətiyyət
böyük lider kimi böyüklüyünün təcəssümü,
Vətənə olan sədaqətinin və fədakarlığının
təsdiqi idi.
Heydər Əliyevin uzaqgörənliyi və
yenilməz iradəsi, siyasi müdrikliyi onu bütün
dünya azərbaycanlılarının lideri etməklə
yanaşı, hər bir azərbaycanlı üçün Vətənə
xidmət nümunəsinə çevrilmişdir. Canından artıq sevdiyi xalqına, Vətəninə
xidmət etmiş Heydər Əliyev çoxşaxəli və
zəngin fəaliyyəti sayəsində zəmanəmizin
böyük siyasi xadiminə çevrilmiş və Azərbaycan
xalqı da haqlı olaraq bu müdrik siyasətçinin
möhtəşəm irsini müstəqilliyimizin təminatçısı
kimi qiymətləndirir və qəbul edir.
Bu gün Azərbaycanda güclü dövlətçilik
ənənələri formalaşmışdır və bu
mühüm nailiyyətin əldə edilməsində
ümummilli lider Heydər Əliyevin xidmətlərinin
böyük əhəmiyyəti vardır. Ümummilli liderin 1993-cü
ildə Azərbaycan rəhbərliyinə
qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial,
iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə
dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil
dövlət quruculuğu prosesi başlandı. Məhz
Heydər Əliyevin həyata keçirdiyi siyasət sayəsində
Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami
silahlı qüvvələr yaradıldı, ölkəmiz bir
sıra mühüm beynəlxalq təşkilatlara üzv qəbul
olundu. Üçrəngli
bayrağımız beynəlxalq təşkilatların üzərində
dalğalandı və Azərbaycan beynəlxalq münasibətlər
sisteminin fəal üzvünə çevrildi.
Artıq 23 ildir respublikamızda Milli Qurtuluş Günü qeyd olunur və milli xilasın başlanğıcını qoymuş bu yol ilə addımlayan Azərbaycan durmadan inkişaf edir və uğurlar qazanır. Şübhəsiz, Azərbaycanın bugünkü uğurlarının mərkəzində də qurtuluş məfkurəsi dayanır və qazanılan bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktına əsaslanır. Bu gün ölkə başçısının uğurlu siyasət yürütməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən və müasirləşən dövlətinə çevrilmişdir.
Səbuhi MƏMMƏDOV,
Xalq qəzeti.-2016.-16 iyun.-S.6.