Qərb hikmətinin
şərqli araşdırıcısı Fərman
İsmayılov - 80
Azərbaycanın sovet
dövrünə qədərki fəlsəfə tarixinə nəzər
salanda çox ünlü isimlər gözlərimiz
önünə gəlir: Əbülhəsən Bəhmənyar
Azərbaycani, Nəsirəddin Tusi, Mahmud Şəbüstəri Təbrizi, Fəzlullah
Nəimi, İmadəddin Nəsimi, Məhəmməd
Əmin Şirvani, Yusif
Qarabaği, Nizami Gəncəvi,
Abbasqulu ağa
Bakıxanov, Mirzə Fətəli Axundov,
Şəhabəddin Şührəvərdi.
Sovet dövründə
filosoflarımızın sayı rəsmən dəfələrlə
artsa da fəlsəfə
tariximizdə qoyduğu izlə
öyünə biləcəyimiz mütəxəssislər o qədər də şox
deyil. Müasirimiz olan professor Fərman
İsmayılovu dövrümüzün
çoxsaylı filosoflarından fərqləndirən
başlıca cəhət onun müasir fəlsəfə tariximizdə
açdığı yeni səhifələrdir.
Fərman İsmayılov bizim dövrümüzün və gələcəyimizin
filosofu kimi
tanınır.
Sovet dövründə təhsil almış hər birimiz o dövrün filosoflarının istənilən mövzunu izah etmək üçün əksər halda marksizm-leninizm klassiklərinə istinad etməli olduqlarını görmüşük. Qoyulmuş çərçivə hüdudlarında ağlabatan bir şey izah edə bilməyərək, özlərinin də sona qədər anlamadığı “şey” və “özündə şey” terminləri arasında ilişib qalan “filosoflar” pleyadası sovet insanına fəlsəfə adına heç bir bilgi verə bilmədi. Hələ bu gün də orta yaş dövründə olan insanların “fəlsəfə” sözünü eşidərkən keçirdikləri təlaş və həyəcan bütün cəhdlərinə baxmayaraq onların bu elmə aid hər hansı bir bilgiyə yiyələnə bilməməsindən irəli gəlir.
Fərman İsmayılov əsərlərindən birində deyir ki, zamanın xoşbəxtliyi də, bədbəxtliyi də fəlsəfədən gəlir. Həmin dövrün bütün iztirabları da məhz fəlsəfədən, yəni sovet dövrünün fəlsəfəsizliyindən irəli gəlirdi. Bu boşluğu anlayan və onu doldurmağı özünün missiyası kimi müəyyənləşdirən az sayda filosof isə həyatını “fəlsəfəsizliyə” həsr etmədən, əsl fəlsəfənin ardınca getdi. Onlar sovet rejiminin qoyduğu məhdudiyyətləri aşaraq, nəzərlərini Qərb fəlsəfəsinə, onun çeşidli cərəyanlarına yönəltdilər və sovet fəlsəfəsinə deyil, ümumbəşəri fəlsəfəyə – həyat fəlsəfəsinə üz tutdular. Sovet dövrünün və ərazisinin bu nadir insanlarından biri və Azərbaycanda birincisi də məhz Fərman İsmayılov oldu.
O, öz axtarışlarını, elmi tədqiqatlarını Qərb fəlsəfəsinin öyrənilməsi, təhlili və elmi tənqidi üzərində quran ilk Azərbaycan filosofu olaraq, həqiqi elmi anlayan və onu qiymətləndirən insanlar təərfindən diqqəti cəlb etdi. Buna görə də 1995-ci ildə ildə yazdığı “Klassik psixoanalizin əsasları” əsəri elə böyük marağa səbəb oldu ki, ona dərhal, doktorluq dissertasiyası müdafiə etmədən “fəlsəfə elmləri doktoru” elmi adı verildi. Bu, sovet dövründə və Azərbaycan miqyasında çox nadir bir hal idi.
Həmyerlimiz Azərbaycanda Qərb fəlsəfəsini öyrənən, onu dərin təhlillərə və analitik tədqiqatlara cəlb edən, Azərbaycan sovet fəlsəfəsinə yeni istiqamət verən birinci filosof oldu. Qərb fəlsəfəsini, Qərb praqmatizmini dərindən öyrənmiş, təhlil etmiş professor Fərman İsmayılov, demək olar ki, bütün əsərlərində müasir dövrün böhranlarından danışır və narahatlığını ifadə edir. O, elmdə, mədəniyyətdə, ictimai şüurda və nəhayət, sivilizasiyada total böhran nəzəriyyəsindən danışır. Bəşəriyyətin belə bir tarixi məqamında alim bütün diqqətini insanın, cəmiyyətin və bütövlükdə, bəşəriyyətin bu böhrandan xilas yollarını axtarmağa səfərbər edib. Soydaşımız hər bir fərdin və eləcə də cəmiyyətin həyatında baş verən böhranın səbəbini fəlsəfədən uzaqlaşmaqda görür və deyir: “Fəlsəfəsiz həqiqi insan olmaq, insan adına layiq həyat sürmək mümkün deyil”.
Fərman müəllim insanları öz dünyagörüşlərini cilalamağa, həyata yeni baxış sərgiləməyə və yeni düşüncə tərzinə yiyələnməyə dəvət edir. Həyatın mənası, onu necə yaşamağın yolları barədə oxuculara istiqamət verir. Filosof təfəkkürümüzü dərinləşdirməyə, özümüzü dərk etməyə və müdrikləşməyə səsləyir. O, Azərbaycan fəlsəfəsinə yeniliklər gətirən və məhz onun özünə məxsus olan fəlsəfi ideyaları elmə çevirən və onları bütün oxucuları ilə bölüşən bir filosofdur.
Fərman İsmayılovun fəlsəfəsi xalqa ünvanlanıb və sadə xalq dilində yazılıb. Onun
hər hansı bir əsərini oxumağa başlayan hər
bir şəxsdə digər
kitablarını da oxumaq
arzusu yaranır. Məsələn,
keçən il çapdan
çıxmış ən yeni kitablarından
biri “Müqəddəs od
və ya fəlsəfənin fəlsəfəsi”
adlanır. Əsərdə dünya fəlsəfə
tarixi üçün
əbədi olan bir sual ətrafında mülahizələr incələnir.
İnsan nədir, onun
mahiyyəti və mövcudluğu nədən
ibarətdir? Bu kitab fəlsəfə
tarixi üçün
orijinal olan bir konsepsiyanı – “ağlasığanlıq və
ağlasığmazlıq” anlayışlarını ilk dəfə elmi
dövriyəyə gətirir. Kitabda müasir insanın düşüncə tərzi
və nitq fəaliyyəti üçün
metodoloji xətt müəyyənləşdirilir.
Bu maraqlı tədqiqatında Fərman İsmayılov XX əsrin görkəmli filosoflarından biri olan Lüdviq Vitqenşteynin “düşünülə bilən və düşünülə bilməyən”lər haqqında nəzəriyyəsinə istinadlar etsə də,"ağlasığanlıq və ağlasığmazlıq" paradiqmasının izahında alim Vitqenşteynin özünü də keçərək bu nəzəriyyənin təcrübi əhəmiyyətini daha asanlıqla oxucuya çatdıra bilir. O, öyrədir ki, müasir insan düşünərkən, danışarkən, hər hansı bir sahədə fəaliyyət göstərərkən ağlasığan mövqedə dayanmalı, öz həyatını ağıl və gözəllik qanunları əsasında qurmalıdır. Müasir insan həyatı gözəl və mənalı yaşamaq üçün öz varlığını, həyat və düşüncə tərzini yenidən nəzərdən keçirməli, keçdiyi yolun onu haradan haraya aparmasına diqqət yetirməlidir.
Müəllifin məqsədi insanın inkişaf tendensiyasına istiqamət vermək, ona öz həyatını necə qurmaq və nəticədə necə xoşbəxt olmaq yollarını göstərməkdir. Adından da göründüyü kimi, Fərman İsmayılov fəlsəfənin özünün fəlsəfəsini insanlara anlatmağa çalışır ki, bu tendensiyanın özü Qərbdə də hələ təzədir.Əsrlər boyu insanlığı xoşbəxtliyə qovuşdurmağın yollarını arayan və gəldikləri nəticələri insanlara öyrətməyə çalışan filosoflar belə bir qənaətə gəlirlər ki, bəşəriyyətin xoşbəxtliyi, sadəcə, ətraf mühiti dərk etməkdən deyil, həm də onu anlamaqdan keçir.
Filosof
araşdırmalarında xüsusi olaraq anlamaq fəaliyyəti
üzərində dayanır, “dərketmə” ilə “anlama” arasında fərqi müəyyənləşdirir
və insanlara anlamağın zəruri olduğunu izah edir. Bu məsələnin
izahında o, insanı təbiətə
yaxınlaşdırır, onun “anlamaq” konsepsiyasında insan
təbiətlə çulğaşır və fəlsəfəni
bilavasitə insanın həyatında müşahidə etmək
mümkün olur.
Fərman İsmayılovun ideyaları, onun öyrətdiyi biliklər ümumbəşəridir. Onun göstərdiyi yol hər bir insanın və bütövlükdə, cəmiyyətin xoşbəxtliyinə və səadətinə aparan yoldur. Buna əmin olmaq üçün, sadəcə, onun əsərlərini oxumaq lazımdır. Bu əsərləri oxuyan hər bir şəxs daim axtarışında olduğu həyat yolunun trayektoriyasını asanlıqla müəyyən edə bilər. Bu barədə böyük filosof özü belə deyir: “Fəlsəfə təbii peyk kimi həmişə insanın başı üzərində olmalıdır. Əks-təqdirdə o, yanılmalara və dolaşıqlara düçar ola bilər”. İnsan taleyi, onu səadətə qovuşdurmaq arzusu Fərman İsmayılovun bütün əsərlərində əsas motivdir. Həyatını və bütün yaradıcılığını belə müqəddəs bir missiyaya həsr etmiş insanlar özləri də müqəddəsdir.
Böyük filosof, nəcib insan, insanların həyat müəllimi Fərman İsmayılovun 80 yaşı tamam olur. İdeyaları və nəzəriyyələri bu günümüzə və gələcəyə işıq salan bu nurlu insanın böyük yaradacılığı bir insanın öz xalqına, millətinə və dövlətinə verə biləcəyi ən böyük töhfədir. Onun yaradıcılığının həm həcmi, həm də mahiyyəti heyrətamizdir. 20 monoqrafiyadan və 100-dən artıq elmi məqalədən ibarət yaradıcılığını göz önünə gətirəndə heyrətlənirsən. Bu kitabları oxuyanda isə müdrikləşməmək mümkün deyil.
Şöhrətpərəstlikdən uzaq, təmənnasızlıqda örnək olan böyük fikir sahibinin ən böyük mükafatı isə tələbələrinin, oxucularının və həmkarlarının ürəklərində ona sonsuz məhəbbət və rəğbət hissləridir. Bu məhəbbət onun bəşəriyyət haqqında arzuları və fikirləri kimi səmimi və sonsuzdur.
Həyat müəllimimə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və sonsuz minnətdarlıq hisslər ilə:
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə
doktoru
Xalq qəzeti.-2016.- 17 iyun.- S.8.