“Əxlaqi-nasiri”də dövlətçilik
ənənələrinin təbliği
Orta əsrlər
türk dövlətçilik
fikrinin əks olunduğu mənbələrdən
biri də Nəsirəddin Tusinin
(1201-1274) “Əxlaqi-nasiri” əsəridir. “Əxlaqi-nasiri” Tusi tərəfindən ən
azı üç dəfə yenidən işlənib. Birinci
dəfə o, 1232-33-cü illərdə
Möhtəşəmin təkidi
ilə onun adına yazılıb,
ikinci dəfə təxminən 21-22 ildən
sonra (1254-55-ci illər)
ismaillilər darmadağın
edildikdən və moğollar hakimiyyət başına keçdikdən
sonra, üçüncü
dəfə isə Əbdül Əziz Nişaburinin arzusu ilə, təqribən
1272-73-cü illərdə yenidən
nəzərdən keçirilib”.
Əsər adından da
göründüyü kimi
hər şeydən öncə əxlaq kitabıdır. “Mənəvi
təmizliyə, əxlaq
saflığına, vicdan
billurluğuna son dərəcə
böyük əhəmiyyət
verən Tusi hər şeydən əvvəl uşaqların
və gənclərin
mənəvi-əxlaqi tərbiyəsi
ilə məşğul
olmağı, onları
düzlüyə, doğruluğa,
bir sözlə, vicdanlı olmağa öyrətməyi, sonra isə başqa tərbiyə işləri
ilə məşğul
olmağı məsləhət
verir”.
Tusi cəmiyyətin
gələcəyini əxlaqi
təkamüldə görür. Ona görə
də kitabında əsas aparıcı xətt də əxlaq tərbiyəsidir.
Kitab müqəddimədən sonra
birbaşa “əxlaqın
saflaşdırılması haqqında” fəsillə başlanır. Əsərdə
“o zaman yunan, ərəb və fars dillərində son dərəcə böyük
şöhrət tapmış
Əflatun, Ərəstun,
İbn-Sina, Qəzali,
Biruni kimi alimlərin fəlsəfə
və əxlaqa aid kitablarından, “Kəlilə
və Dimnə”, “Ərdəşir Babəkan”,
“Ənuşirəvanın vəsiyyətləri”
kimi xalq müdrikliyi ilə dolu olan dastan
və folklor ədəbiyyatından “Siyasətnamə”,
“Mərzbannamə” kimi
tərbiyə, siyasət
və dövlət məsələlərinə həsr
edilmiş kitablardan da yeri gəldikcə
“Əxlaqi-nasiri”yə daxil
edib”. Tusi əsərdə əsas məqsəd kimi cəmiyyətin mənəvi tərbiyəsi
məsələsini qoyur.
Bu “məqsədə çatmaq, cəmiyyətdə
vicdanlı, namuslu, bacarıqlı, xeyirxah, işgüzar adamların tərbiyə edilib hazırlanması üçün,
döyülüb-danlamaq da
daxil olmaqla bütün üsulların
tətbiq edilməsini
mümkün hesab edir, lakin tərif,
təhsin, mükafat, şirnikləndirmələrə üstünlük verir”.
Əsərdə dövlətçilik ənənələrinin
təsvirinə və
təbliğinə geniş
yer verilir. Belə ki,
kitabda üçüncü
məqalənin dördüncü
fəsli “ölkə dolandırmaq siyasəti və şahların xisləti” adlanır.
Burada deyilir ki, şah siyasəti
iki cür olur: “Birinci - fazilə (fəzilətli)
siyasət, buna “imamət” də deyilir. Bunun məqsədi xalqı
kamilləşdirmək, nəticəsi
də səadətə
çatdırmaq olar.
İkinci-naqis( nöqsanlı) siyasət, buna zorakılıq da deyilir. Bunun məqsədi xalqı
qul halına salmaq, nəticəsi isə bədbəxtlik və məzəmmət olar”. Cəmiyyətin maddi və mənəvi ehtiyaclarının
ödənməsində dövlətin
və dövlət başçısının üzərinə
böyük vəzifələr
qoyulur. Əgər hökmdar fazil
siyasət aparsa onda xalqın güzəranı da yaxşı olar. Dövlətçilik üçün
xalqın da üzərinə düşən
vəzifələr aydınlaşdırılır:
“Xalqın xeyri əmin-amanlıq, sakitlik,
bir-birinə kömək,
dostluq, ədalət, sədaqət, iffət, mehribanlıq və bu kimi işlərdə
olar. Xalqın zərəri qarışıqlıq,
iztirab, qorxu, vahimə, iğtişaş,
dava-dalaş, zülm,
əziyyət, paxıllıq,
riyakarlıq, xəyanət,
təhqir, qeybət və bu kimi
işlərdə olar.
Hər iki halda camaat
gözlərini hökmdara
dikər, özlərini
onlar kimi aparmağa çalışarlar.
Buna görə deyiblər ki, “insanlar ata-babalarından çox şahlarını
təqlid edər, keçmişlərin deyil,
öz zəmanəsinin
adamı olmağa çalışarlar”.
Xalq dövlətçilik ənənələrinə
görə dövlət
başçısı olmağın
vacib şərtləri
var. Əsərdə bunlar
“yeddi xislət” kimi səciyyələndirilib:
“Birinci-atalıq. Bu, hər kəsin özünə görə
münasibət, xalqın
ürəklərinə yol
tapmaq, hamıya mehribanlıq göstərmək,
hirs və qəzəbini uda bilmək vasitəsi ilə asanlıqla əldə edilə bilər. İkinci-alicənablıq. Bu nəfsani
qüvvələri tərbiyə
edib saflaşdırdıqdan,
“əsəb” qüvvəsini
mülayimləşdirdikdən, “şəhvət” qüvvəsini
məhv etdikdən sonra əmələ gələr. Üçüncü-mətinlik. Bu, qəti nöqteyi-nəzər, fitri-iradə,
dərin mühakimə,
ciddi mübahisə, düzgün fikir, böyük təcrübə
və keçmişdəkilərin
tərcümeyi-hallarından ibrət dərsi götürməklə ələ
gələr.
Dördüncü – tam əzm. Buna kişilik əzmi, şahlar əzmi də deyilir. Bu, düzgün
rəy tam iradənin birləşməsindən əmələ
gələn mürəkkəb
bir fəzilətdir.
Heç
bir fəzilətə
sahib olmaq, heç bir rəzilətdən can
qurtarmaq bu fəzilətsiz mümkün
deyil. Bu fəslin əsas məqsədi də məhz bu fəzilətin
məziyyətlərindən danışmaqdır, çünki
şahların hamıdan
çox buna ehtiyacı var. Beşinci-səbrli
olmaq. Bu, ağır və çətin günlərdə,
ümidsiz anlarda, çıxılmaz vəziyyətdə
davam gətirə bilməyə deyilir, bütün mətləblərin
açarı səbrdir
deyiblər. Altıncı – var-dövlət. Bu, xalqın malına göz dikməmək və tamah salmamaq
üçün lazımdır.
Yeddinci –
sadiq və əməlisaleh köməkçilər”.
Digər bir yerdə isə dövlətin tənəzzülünün
mənəvi məsələləri
diqqətə çəkilir:
“Dövlətin inkişafdan
dayanması və inhitata uğramasının
bir səbəbi də hökmdarların
mal toplamağa, sərmayə
yığmağa, vəzifə
tutmağa aludə olmalarıdır. Dövlət düşkünlüyü get-gedə
bunların artmasını
tələb edər.
Elə ki, öyrəşdilər, adətkərdə
oldular (hər halda kəmağıllar tapılar və belə şeylərə rəğbət göstərərlər),
bu xasiyyət başqalarına da sirayət etməyə başlayar, onlar da öz əvvəlki
təbiətlərini dəyişdirib
varlanmağa, müxtəlif
yollarla mal toplamağa,
eyş-işrətlə məşğul
olmağa həvəslənərlər,
silahları yerə qoyar, müdafiə qüvvəsini zəiflədər,
döyüş vərdişlərini
unudar, zəhmətsevərliyi
əldən verər,
rahatlıq axtaran, yeyib-yatan, ətalət əsiri olan tənbəllərə çevrilərlər.
Belə halda zəif bir düşmən də onlara hücum etsə, bu camaatı məğlub etmək onlara asan olar”.
İdarəçiliyin əsas
prinsipləri belə şərh olunur: “Rəiyyəti ədalət,
fəzilət və hikmət qanunları əsasında idarə etmək lazımdır. Bədən-təbiətlərin, təbiətlər – nəfsin, nəfs-əqlin
sayəsində möhkəmləndiyi
kimi, şəhərlərin
möhkəmliyi şaha,
şahın möhkəmliyi
siyasətə, siyasətin
möhkəmliyi isə
hikmətə bağlıdır”.
Göründüyü kimi, burada ən mühüm cəhət hikmət sayılır. Bunun üçün
müəllif xalq hikmətlərini dövlətçilik
işinə səfərbər
edir, onların əsasında bu mükəmməl əsəri
yazır. Heç şübhəsiz
ki, Nəsirəddin Tusi Şərqin müdrik bir şəxsiyyəti idi və onun yazdığı
yuzə qədər əsər də xalq yaradıcılığının
müdriklik çeşməsindən
qaynaqlanır. Əslində o, özünəqədərki əxlaqi
dəyərləri və
dövlətçilik düşüncələrini
bir məcmu halına gətirib, sistemləşdirib və mükəmməl bir əsərə çevirib.
Onun Şərqdə və Türk Dünyasında çox geniş yayılmış xalq lətifələrinin qəhrəmanının
prototipi olması ehtimalı da təsadüfi deyil. Çünki Tusi Şərqin
Farabi, Biruni, İbn Sina, Bəhmənyar kimi dahi mütəfəkkirlərindən
biri idi.
Tədqiqatlara görə, “adı dillər əzbəri olan Molla (Xoca)
Nəsrəddin mənşəsiz
olub bu qədər
şöhrətlənə bilməzdi. Bu şöhrətli
şəxsin adındakı
“Nəsrəddin”, şübhəsiz
XIII əsrdə Xacə
Nəsrəddin Tusidən
başqa bir adamla bağlı deyil. Müəllif göstərir ki, Xoca Nəsrəddinə istinad edilən alimlik, məşhurliq, hazırcavablıq və
s. bu kimi yüksək sifətlər
məhz Xacə Nəsrəddin Tusidə
var. O da istedadlı münəccim, ağıllı
dövlət xadimi, hazırcavab müəllim,
xalqın hörmətini
qazanmış alimlər
alimi və hikmət sahibi filosof idi. Yalnız belə
bir məşhur şəxsiyyət ağızlara
düşə bilər
və gözəl-gözəl
lətifələrin sahibi
kimi qələmə verilə bilərdi”.
Məmmədağa Sultanovun bu fikirləri Təhmasib Fərzəliyev tərəfindən
bir daha diqqətə çatdırılır.
Oxşar
fikirlərə M. Təhmasibin
araşdırmalarında da
rast gəlinir. Məhz lətifələrin
özündən çıxış
edən M. Təhmasib yazır: “Bizcə Molla Nəsrəddin lətifələrinin əsası
XIII əsrdə onun prototipi olan Mövlanə Xacə Nəsrəddin Tusi ilə əlaqədar olaraq yaranıb”.
Ağaverdi Xəlil
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2016.- 17 iyun.-
S.14.