“Sürət, həyəcan və sevinc dolu anlar
üçün Bakıya minnətdarıq!”
Bu günlərdə qədim və gözəl Bakı “Formula – 1" yarışlarının fantastik, inanılmaz həyəcanını yaşayır. Şəhərimizin sakinləri, çoxsaylı fanatlar, qonaqlar yarışı böyük maraqla izləyir, öz sevimli komandalarının, məşhur pilotların uğurlarına sevinirlər.
Dünən əməkdaşımız “Formula — 1"-in bir neçə fanatı ilə görüşərək onlardan yarış barədə təəssüratlarını bölüşmələrini xahiş etmişdir. Həmin rəy və təklifləri diqqətinizə çatdırırıq.
Murzinlər ailəsi (Rusiya):
– Mən Bakıya məxsusi “Formula-1" yarışlarını izləməyə gəlmişəm. Necə deyərlər, bu nüfuzlu yarışın ən sadiq azarkeşlərindən biriyəm. Həyat yoldaşım Natalya Mixaylovna da fanatdır. Bu yarışlar hər ikimizə böyük zövq, həyat eşqi verir. Nə gizlədim, bu yarışlar üçün səciyyəvi olan sürət və həyəcan adamı hər an ovsunlayır. Biz özümüz də hər dəfə sanki cavanlaşırıq (gülümsəyir). Mən özüm də gəncliyimdə avtomobil idman növü ilə məşğul olmuşam. Düz 20 ildir ki, “Formula -1”-in bir yarışını belə ötürməmişəm. Bakıya, yarışları canlı olaraq izləməyə gəlməyimə çox şadam. İlk dəfədir ki, bu gözəl şəhərin müsafiriyəm. Hələlik hər şey ürəyimcədir.
Bakı yarışında 11 komanda
təmsil olunur. Mən neçə illərdir ki, “Ferrari”nin
uğurları ilə
nəfəs alıram.
Amma ayrı-ayrı pilotlara qalanda İtaliyanın “Torro Rosso” komandasında təmsil olunan rusiyalı pilot, həmyerlim Danil
Kvyaka da azarkeşlik edirəm.
Yarışların təşkilindən bütövlükdə
razıyam. Amma bir təklifim
də var. O da budur ki, yarış
iştirakçıları barədə tamaşaçılara
daha geniş məlumat verilsəydi, fikrimcə, daha yaxşı olardı. İnanırım ki, növbəti
dəfə bunu nəzərə alacaqlar.
Con Viylams, (Avstraliya):
— “Formula
— 1" yarışı adi
yarış deyil, bu, çox maraqlı, mən deyərdim
ki, fantastik təsir bağışlayan
yarışdır. Fikir verin,
Xəzərin sahilində
yarış maşınları
necə sürətlə
şütüyürlər. Bəlkə də bu əsrarəngiz
dəniz belə inanılmaz sürətin heç vaxt şahidi olmayıb.
Yarış başlanan andan çox gözəl təəssüratlarım yaranıb. Bir neçə
ildir ki, Bakıda yaşayıram.
“bp” şirkətində
çalışıram. Belə bir
gözəl yarışın
tamaşaçısı olmaq
şansını əldən
verə bilməzdim.
Həyat
yoldaşım Mətanət
xanım və oğlum Ceb də böyük həvəslə mənimlə
birlikdə bu yarışı izləməyə
gəliblər. Onlar da bu maraqlı yarışdan böyük
zövq alırlar.
Azərbaycan paytaxtı hazırda qitənin idman paytaxtına çevrilir. Ötən
il Bakıda
birinci Avropa Oyunları yüksək səviyyədə keçirildi.
Həmin
yarışı da böyük maraqla izləmişəm. İnanıram ki, “Formula—1" kimi çox nüfuzlu yarışın iştirakçıları
və fanatlar Bakıdan çox razı qayıdacaqlar.
Kenni Kountro, (ABŞ):
Mən Birləşmiş Ştatların Luiziana ştatındanam. 10 ilə yaxındır ki, Bakıda “Saudia Aramco” şirkətində layihə meneceri vəzifəsində çalışıram. “Formula -1" yarışlarına canlı olaraq, ilk dəfədir ki, tamaşa edirəm.
Bu gün yarışın ilk günüdür. Hər şey inanılmaz dərəcədə maraqlı və qeyri-adidir. Bəli, yarışlar çox xoşuma gəlir. Mənə elə gəlir ki, “Formula -1" yarışı çağdaş zamanəmizin rəmzi hesab oluna bilər. Axı, XXI əsr sürət əsridir. İnsanlar tarix boyu daha böyük sürətə nail olmağa can atıblar. Axı, sürət tərəqqi və intibah deməkdir. Hesab edirəm ki, “Formula -1” yarışları insanların daim təkmilləşməyə nail olmaq arzusunu təcəssüm edir.
Bu
yarışlara qızım Lusini də gətirmişəm.
O, Luizianada
kollecdə təhsil alır. 16 yaşı
var. Hüquqşünas olmaq
arzusundadır. Bakıya gəlişindən
çox razıdır.
Azərbaycan paytaxtı qızımın
xoşuna gəlib.
Hiss edir ki, burada Şərq və Qərb həyat və mədəniyyət tərzləri
bir-birinə qovuşub.
Buradakı tolerantlıq
mühiti də hamı kimi, məni də çox razı salır.
Levan Mininoşvili, (Gürcüstan):
— Mən Bakıya “Formula
-1" yarışlarına canlı olaraq tamaşa
etmək üçün
gəlmişəm. Həqiqətən, bu yarışın doğurduğu sonsuz həyəcanı və sevinci idmanın heç bir başqa növü ilə müqayisə etmək mümkün deyil. Nə yaxşı ki, bu günlərdə buradayam. Sonsuz dərəcədə sevinirəm.
Bakıda
özümü indi göyün yeddinci qatında hiss edirəm. Nahaq yerə, “Formula -1" yarışının
iştirakçılarını pilotlar adlandırmırlar.
Onlar sanki havaya pərvazlanmağa
hazırlaşan şahinlərə
bənzəyirlər.
Mən dostum ilə yarışları “Qız
qalası”nın qarşısındakı tribunalardan
izləyirəm.
Bura çox ecazkar
bir yerdir. Bir tərəfdən
səma rəngli möhtəşəm Xəzər
dənizi, o biri tərəfdən əsrlərin
yaddaşı İçərişəhər,
əsrarəngiz Qız
qalası! Trekdə isə sürətlə
şütüyən maşınlar.
Bu, gözəl səhnəni,
yəqin ki, ömrüm boyu unutmayacağam.
Bir məqamı
da qeyd etmək
istərdim. Bakının son illər sürətlə
böyüdüyü və
gözəlləşdiyi bərədə
çox eşitmişdim.
Amma Azərbaycan paytaxtının
bu qədər gözəlləşdiyini, sadəcə
təsəvvür edə
bilməzdim. Bakı, onun
qonaqpərvər insanları
məni sadəcə heyran etdi.
Kiril Dudakov, (Rusiya):
– Mən də, həyat yoldaşım Olqa da “Formula -1" yarışlarının fanatlarıyıq.
Hər ikimiz ixtisasca iqtisadçıyıq. Məzuniyyət götürüb yarışları
izləməyə Bakıya
gəlmişik. İlk andan
böyük bir həyəcan içindəyik.
Trekdə maşınlar
şütüyəndə adam özünü
bir anlığa az qala unudur.
Bir qədər də qorxu hissi yaranır.
Axı, bu təhlükəli yarışdır. İstər-istəməz, pilotların taleyi üçün narahat olursan. Ümid edirəm ki,
hər şey yaxşı qurtaracaq.
Mən də, həyat yoldaşım da məşhur pilot, ispan Fernando Alonsoya azarkeşlik edirik. Amma başqa
idmançıların da
uğurlarına sevinəcəyik.
İdman
ədalətli oyundur.
Kim daha güclü və bacarıqlıdırsa,
o, da qələbə
qazanacaq.
Bakıda yarışlar yüksək
səviyyədə təşkil
olunub. Biz özümüzü
çox səmimi bir mühitdə hiss edirik. Bakıda insanlar rus dilində səlis və sərbəst danışırlar. Onlar həm
də çox qonaqpərvərdirlər. Ümid edirəm ki, bu gözəl və mehriban şəhərə bir daha gəlmək imkanım olacaq.
Söhbəti qələmə aldılar:
Məsaim
ABDULLAYEV,
Leyla QURBANOVA,
“Xalq
qəzeti”
Xalq qəzeti.- 2016.- 18 iyun.- S.4.