Erməni yalanlarını ifşa edən əsər

 

 

Məlum olduğu kimi, Sovetlər Birliyi dövründə Ermənistan SSR və xarici ölkələrdəki erməni təşkilatları Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları irəli sürmüş, bu çirkin məqsədə nail olmaq üçün uydurma erməni soyqırımını dövriyyəyə buraxmış, 80-ci illərin sonlarından isə Azərbaycan ərazilərinə  hərbi təcavüz edərək, Dağlıq Qarabağ regionunu və ətraf rayonları işğal etmişdir. Təbii ki, Ermənistanın və erməni təşkilatlarının iddialarının əsassız olduğunu ən mötəbər mənbələr əsasında sübut etmək Azərbaycan tarixçilərinin başlıca vəzifələrindən biridir və artıq buna nail oluruq.

Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə il əvvəl müəyyənləşdirdiyi hücum diplomatiyası taktikası öz bəhrəsini verməkdədir. Milli Məclisin deputatı, görkəmli Azərbaycan tarixçisi, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının  Moskvada rus dilində nəşr edilmiş “Azərbaycan, Ermənistan və Türkiyə 1920-1994-cü illərdə: real tarix” (Moskva, İNSAN, 2016. 616 səh.)  adlı irihəcmli əsəri müstəsna əhəmiyyət daşıyır.

Sovet İttifaqı dövründə—1920-1991-ci illərdə Azərbaycan və Ermənistan müstəqil dövlətlər deyildilər və həmin respublikaların xarici siyasəti Kremlin əlində cəmlənmişdi. Buna baxmayaraq, Ermənistan SSR və xarici ölkələrdəki erməni təşkilatları Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətlərini müxtəlif üsullarla davam etdirmişlər. Ermənilərin fəaliyyətinin başlıca məqsədi nə olmuşdur? Onlar məqsədlərinə çatmaq üçün hansı üsullardan istifadə etmişlər? Azərbaycan ərazisində süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayəti necə yaradılmışdır? Böyük dövlətlər öz maraqlarını reallaşdırmaq naminə erməni təşkilatlarından və Ermənistandan necə istifadə etmişlər? Ermənistan və erməni təşkilatları öz yalanları ilə Moskvanı və böyük dövlətləri necə aldatmışlar? Azərbaycan ərazilərinin işğalı necə həyata keçirilmişdir və nəticələri hansılardır?

Professor Musa Qasımlının bu monoqrafiyasında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, MoskvaQars konfranslarında ərazi məsələlərinin, Lozanna konfrasında “erməni məsələsi”nin həlli, sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması, İrəvanda Türkiyə nümayəndəliyinə hücum, 20-30-cu illərdə xarici ölkələrdən ermənilərin gətirilməsi, İkinci Dünya müharibəsindən sonra Ermənistan SSR rəhbərliyinin Azərbaycandan DQMV-ni qoparmaq cəhdləri öz əksini tapıb. Eyni zamanda, Türkiyəyə qarşı ərazi iddialarını irəli sürməsi, bunlar baş tutmadıqda isə xarici ölkələrdən ermənilərin Ermənistana gətırilməsi, gəlmələrin yerləşdirilməsi üçün şərait olmadığından azərbaycanlıların tarixi torpaqlarından deportasiya edilməsi, onların hər cür şəraiti olan evlərinə və təsərrüfatlarına yerləşdirilmələri, 50-60-ci illərdə xarici ölkələrdəki erməni diasporunun və Ermənistan SSR rəhbərliyinin əsassız iddiaları və fəaliyyətləri, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdiyi terror aktları, Azərbaycan torpaqlarını ələ keçirmə cəhdləri, Ermənistanın hərbi təcavüzünün başlanması, gedişi və Azərbaycan ərazilərinin işğalının nəticələri məsələləri araşdırılmışdır. Problemə beynəlxalq münasibətlər, böyük dövlətlərin siyasəti və regionda baş verən proseslər baxımından yanaşan müəllif yeni və maraqlı bir elmi baxış ortaya qoymuşdur.

Mənbələrin əksəriyyəti mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilmişdir. Əsər tarixçi, siyasətçi, diplomatbu məsələ haqqında tarixi gerçəkləri bilmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

Əsərin redaktoru görkəmli alim, professor Əli Həsənov, rəyçiləri isə dünyada tanınmış tarixçilər - Gürcüstanın Suxumi Universitetinin professoru Quram Marxuliya, Türkiyənin İpək Universitetinin prorektoru, professor Kamal Çiçək, Böyük Britaniya Mərkəzi Asiya İşləri üzrə Kral Cəmiyyətinin əməkdaşı, professor Mixail Basxanovdur.

Qeyd etmək lazımdır ki, monoqrafiya əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Azərbaycan dilində nəşr edilmişböyük maraq doğurmuşdur. Əsər Türkiyədə türk dilində nəşrə hazırlanır.

 

Əliqismət  BƏDƏLOV,

Xalq qəzeti”

Xalq qəzeti.- 2016.- 18 iyun.- S.6.