“Bakı treki bizə unudulmaz anlar
yaşadır”
“Küləklər şəhəri” kimi tanınan Bakının küçələri dünyanın ən sürətli bolidlərinə yeni nəfəs verir. Analoqu olmayan enişli-yoxuşlu, bəzi döngələrdə isə dar keçidləri ilə diqqət çəkən Bakı trasında yeni rekord qeydə alındı!
“Formula-1” üzrə Avropa Qran-prisinin startı ərəfəsində iştirakçı pilotlar da yarışın sürprizlərlə dolu və gərgin mübarizə şəraitində keçəcəyini, eyni zamanda, daha baxımlı olacağını qeyd etmişdilər. Əslində, bu nüfuzlu yarışın ən yüksək səviyyədə təşkili üçün qısa zaman kəsiyində həyata keçirilmiş layihələr də pilotların Bakı mübarizəsinin sürət həvəskarlarına unudulmaz anlar bəxş edəcəyini vəd edirdi.
İlk yarış gününün rekord göstəricisinə “Torro Rosso”nun pilotu Karlos Sayns sahib olub. “Formula-1" Avropa Qran-pri yarışlarında saatda 340 kilometr sürətin ən yüksək hədd sayıldığını nəzərə alsaq, deyə bilərik ki, Avropa Qran-prisinin ikinci sınaq yürüşündə qeydə alınan saatda 351 kilometr nəticə sürət həvəskarları üçün əsl adrenalin idi.
Yarışların elə ilk günü göstərdi ki, Azərbayjan paytaxtının tam mərkəzindən və gözəl məkanlarından keçib, bulvar boyunca uzanan və dünyanın ən yüksək sürətli treki kimi xarakterizə edilən Bakı trası “Formula-1" iştirakçıları və azarkeşlər üçün əfsanəvi məkana çevrilməkdədir. İlk yarış gününün sonunda pilotlarla görüşümüzdə söhbətimizin əsas mövzusu da bu oldu.
Əfsanəvi “Formula-1” sürücüləri Bakı trekinin unudulmaz anlar yaşatdığını dilə gətirdilər, sürət mübarizəsinə məxsusi çalarlar qatdığını qeyd etdilər.
“Mersedes”in sürücüsü Luis Hamilton (3 qat dünya çempionu, Avropa Qran-prisinin üç test yürüşünün qalibi):
—Bakı treki əsl yürüş üçündür. İlk yarış günü çox gözəl keçdi. Tras kifayət qədər mürəkkəb və maraqlıdır. Belə traslar üçün hamar və mürəkkəb olmayan döngələr xarakterik deyil. Bakı trasının əlverişli olmadığını deyənlər səhv edirlər. Burada əsas odur ki, mürəkkəb vəziyyətdən bacarıqla çıxasan. Belə yarış məkanları əsil məharət tələb edir. Biz bu cür asan olmayan yürüşləri sevirik və çətinlikləri dəf etməkdən zövq alırıq.
Avropa Qran-pri yarışları mövsümün ən maraqlı yarışlarından biri olacaq. Mən buna əminəm. Qarşıda bizi gərgin idman mübarizəsi gözləyir.
“Toro Rosso”nun sürücüsü Karlos Sayns (“Formula-1” tarixində ən yüksək sürət göstəricisinə imza atıb- saatda 351 kilometr):
- Yarışın ilk günü səbirsizliklə gözlədiyimiz yeni trekdə gücümüzü sınadıq. Trek yüksək sürət bacarığı və dəqiqlik tələb edir. Belə traslarda imkanlarımızı daha da genişləndirmək şansı qazanırıq.
Qeyd edim
ki, bu
yürüşlərdən böyük zövq aldım. Eyni zamanda, özümə inamım daha da artdı. Yürüş zamanı elə anlar oldu ki,
hiss və həyəcandan
qanadlanmaq istəyirdim.
Düzdür, havanı bir
qədər başqa cür gözləyirdik.
Buludlu və küləkli hava şəraitinin də öz çətinlikləri olur.
Bir sözlə,
Bakı trası mənə xoş hisslər bağışladı,
məni yaxşı mənada təəccübləndirdi. Yürüşü uğurla başa vurmaq əzmindəyəm.
Yürüşün davamını səbirsizliklə
gözləyirəm. Çalışacağıq ki, sonrakı
yarışlarda daha çox xal yığaq.
“Red Bull
Racing” komandasının təmsilçisi
Daniil Kvayt:
– Pilotlar çətinlikləri
dəf etmək üçün daim yeni yollar axtarırlar.
İdman
növümüz qeyri-adiliyi
sevir. Biz hər anı qiymətləndirməyi bacarmalıyıq.
Artıq
Bakı trekini öyrənmək üçün
imkanlarımızı səfərbər
edib, bəzi məqamlara aydınlıq
gətirdik. Düşünürəm ki, sonrakı yürüşlərdə bütün
bunlardan məqsədimizə
çatmaq üçün
yararlanacağıq.
“Hər zaman yeni şəhərlərə
səfər etmək mənim üçün maraqlı olub. Bakıda
şəhər trekidir,
ona görə sükan və pedal ilə ciddi çalışmaq gərək
olur. Şəhər treklərində bəzi çətinlikləri
dəf etmək üçün düşünmək
lazım gəlir.
Bakı treki barədə onu deyə bilərəm
ki, tamam başqa bir aləmdir. Bir qədər Sinqapur
trasına oxşasa da, sürətliliyinə və digər xüsusiyyətlərinə görə
tamam fərqli məkandır. Bakı trasında
istənilən an səhvə
yol vermək olar. Döngələrin bəzisi çox
dardır. Amma bu cür sadə olmayan tapşırıqların
öhdəsindən gəlmək
bizim əsas vəzifəmizdir. Sonrakı yürüşlər
vəziyyəti qiymətləndirməkdə
bizə yardımçı
olacaq. Ən razı qaldığım
isə trasın sürətli olmasıdır.
Bu mənada yeni
traslarda qüvvəmizi
sınamaq çox maraqlıdır. Əslində, mən özüm də təkrarçılıqdan
uzaq olmağa çalışıram. Yeniliyə imza
atmaq üçün
üzərimdə işləyirəm.
“Force İndia” komandasının
pilotu Serxio Peres:
– İlk növbədə,
“Formula-1” Avropa Qran-prisinin
möhtəşəmliyini qeyd etmək istəyirəm. Hər şey çox
gözəldir. Əsl yarış
həyəcanı yaşanır.
Pilotlar arasında gərgin mübarizənin olacağını
bilirdik. Bir tərəfdən
yeni tras, başqa bir məkan, digər tərəfdən idman növümüzün adrenalin dolu
məqamları. Əslində, təcrübəmiz artdıqca
daha çətin vəziyyətlərdən daha
asan çıxa bilirik. Mürəkkəb trasları xoşlayıram.
Təhlükəli və mürəkkəb
tras anlayışları
başqa-başqa şeylərdir.
Düşünürəm ki, tras pilotlar üçün sadəcə mürəkkəbdir.
Biz hər yürüşümüzdə
elə vəziyyətlə
rastlaşırıq ki,
ani məqamda səhv buraxıb təhlükə ilə üz-üzə qala bilərik. Əslində, idman növümüz
bizdən ən yüksək səviyyədə
diqqətli olmağı
tələb edir.
Heç vaxt rəqiblərin hansı proqram üzrə işlədiklərindən
baş aça bilmirsən. Amma öz şanslarımızı
da yüksək qiymətləndiririk. Maşınımızın bu yürüş
zamanı effektivliyinə
də əminik.
Qarşımızda duran əsas
məqsəd xalların
sayını artırmaqdır.
Düşünürəm ki, maksimum nəticələrə
nail ola biləcəyik.
Şəhəriniz isə çox gözəldir. Müasir Bakı ən
gözəl paytaxtlardan
biri hesab oluna bilər.
Söhbəti qələmə aldılar:
Məsaim ABDULLAYEV,
Leyla QURBANOVA
“Xalq qəzeti”
Xalq qəzeti.- 2016.- 19 iyun.- S.4.