Mükəmməl və möhtəşəm!
Bakıda “Formula – 1” Azərbaycan
dövlətinin qüdrətinin növbəti təntənəsinə
çevrildi
Tezliklə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü böyük sevinclə, təntənəli şəkildə bayram edəcəyimiz qüdrətli Azərbaycanımız 2016-cı ilin 19 iyun axşamında öz şanlı tarixinə daha bir parlaq, üstəlik də, qeyri-adi səhifə yazdı. Gözəlliyi əfsanəyə çevrilməkdə olan Bakıda “Formula – 1" Avropa Qran-pri yarışı böyük müvəffəqiyyətlə başa çatdı. Mükəmməl hazırlıq sayəsində möhtəşəm bayrama çevrilən ”Kralların yürüşü" əlamətdar ildönümünə layiqli töhfədir. Paytaxtımızın “Formula – 1” yarışları tarixinə bu yürüşləri yüksək səviyyədə təşkil edən şəhərlərdən biri kimi daxil olması qəlblərimizdə həmişə xoş duyğular, fəxarət hissi oyadacaq.
Dünya Azərbaycan paytaxtının daha bir çətin sınaqdan şərəflə çıxdığının şahidi oldu, 187 ölkədə 500 milyondan çox insan gərgin mübarizədən böyük zövq aldı. Bir-birindən mərd sürət ustalarının həyəcan dolu yarışını ilk dəfə kimin “Kralların yürüşü” adlandırdığını deyə bilmərəm. Amma həmin fikrin müəllifi, həqiqətən, nə dediyini yaxşı bilirmiş. Çətin məsafədə, sərt döngələrdə yüksək sürət, böyük diqqət, fədakarlıq, ali peşəkarlıq tələb edən, sükan arxasında əyləşənlərdən çox azarkeşləri gərgin vəziyyətdə saxlayan bir yarışda qalib gəlmək qalsın bir yana, lap sonda da olsa, finişə çatmağın özü də qəhrəmanlıqdır. Qəhrəmanlar isə kral adlandırılmağa layiqdirlər.
Bakı bu qəhrəmanlara dərin hörmət və ehtiramını onların ən yüksək səviyyədə qəbulu ilə bildirdi. Paytaxtımız çox mürəkkəb və məsuliyyətli bir işin təşkilatçılığını öz üzərinə götürmüşdü və bu işin öhdəsindən şərəflə gəldi.
Dünya şöhrətli pilotların milyonların sevimli yarışında çıxışlarını istər birbaşa hadisə yerində, istərsə də Avstraliyadan tutmuş ABŞ-a, Braziliyaya, Çin Xalq Respublikasına qədər hər yerdə teleekran qarşısında izləyənlər Bakı ilə tanış olmaq imkanı qazandılar və adam heç ağlına belə gətirmək istəmir ki, kimsə bu elit yarışın təşkilatçısı ilə tanışlığa ürəkdən sevinməsin.
Bu günlər başı futbol üzrə Avropa çempionatının gərgin oyunlarına qarışmış Fransada da “Formula — 1"in Bakı startlarına böyük diqqət göstərilmiş, bu ölkənin vətəndaşları üçün üç gün ərzində futbol Bakıda sürət ustalarının yarışı ilə yanaşı addımlamışdır. Bu barədə Fransadan alınan məlumatları təkcə yürüş iştirakçılarına yox, həm də Bakıya, Azərbaycana olan marağın təzahürü kimi izah etmək olar. İnsanlar ölkəmizi görür, gündən-günə çiçəklənən və möhkəmlənən qüdrətli Azərbaycan dövlətinin istər siyasi-iqtisadi, istərsə də mədəniyyət, idman və digər sahələrdə əldə etdiyi uğurlar haqqında geniş təsəvvür əldə edirlər.
Azərbaycan paytaxtı hər hansı bir yarışı ən yüksək səviyyədə təşkil etmək bacarığını artıq dəfələrlə sübuta yetirmişdir. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Kuo Vu bu günlər “Sərhədçi” İdman-Olimpiya Mərkəzində keçirilən Rio-de-Janeyro Olimpiadasına lisenziya xarakterli dünya təsnifat turniri ərəfəsində belə bir fikir söyləmişdi ki, Bakı 2011-ci ildə dünya çempionatını əla təşkil etmişdir. Bu bir daha göstərir ki, bu şəhər daha bir mötəbər boks yarışının keçirilməsi üçün gözəl yerdir.
Yeri gəlmişkən, hazırda paytaxtımızda davam edən lisenziya yarışı iştirakçılarının bəxti gətirmişdir. Nə az, nə də çox — 105 ölkənin 469 nəfər rinq ustası, eləcə də onların məşqçiləri, komandaların nümayəndə heyətlərinin rəhbərləri Bakının “Formula — 1" məkanına çevrildiyini, Azərbaycanda ilk dəfə keçirilən bu yarışın necə böyük bir bayram təsiri bağışladığının şahidi oldular.
Yürüş iştirakçılarının çıxışları, onların yüksək ustalıq səviyyəsi, avtomobil idmanı dərslərində qazandıqları təcrübə və sınaqlardan layiqincə çıxmaları da bu mükəmməlliyə, möhtəşəmliyə uyğun oldu. “Formula — 1"in Bakı mərhələsi tarixə bir də onunla daxil olmuşdur ki, bu yarış artıq qəzetimizin ötən sayında qeyd etdiyimiz kimi, postsovet məkanında Rusiyadan sonra ikinci olaraq Azərbaycanda təşkil edilmişdir. İştirakçıların da bildirdikləri kimi, indiyə qədər Sinqapur, Monako və digər yerlərdə keçirilmiş yürüşlərdən geri qalmayan Bakı startları əsl sınaq mərhələsi idi.
Bununla əlaqədar “Maklaren Honda” komandasının üzvü, Bakıda Avropa Qran-prisinin səfiri Fernando Alonso demişdir ki, trek çox sürətlidir. Kifayət qədər mürəkkəb döngələri də var. Ümumiyyətlə, bu yol bizim gözlədiyimiz yola uyğundur.
2016-cı il mövsümündə “Formula — 1" növündə avtomobil yürüşləri üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı startları finişə çatdı. ”Mercedes", “Ferrari”, “Uilyams”, “Force İndia”, “Red Bull”, “Toro Pocco”, “Maklaren”, “Manor” və digər maşınlar yarış məsafəsində ildırım sürəti ilə şütüyüb keçdilər, Azərbaycan vətəndaşları Niko Rosberq, Serxio Peres, Daniil Rikkardo, Daniel Kvayt, Luis Hemilton, Fernando Alonso kimi məşhurların rəqabətini izləmək imkanı qazandılar və bundan çox razı qaldılar. Bakı bu bahalı yarışın tarixinə cəsarətlə daxil olub “Formula – 1” ailəsinin ən gənc üzvü oldu.
Azərbaycanı, bütün xalqımızı bir daha təbrik etmək olar. İyun — 2015-də dünyanı birinci Avropa Oyunlarının əla təşkili ilə heyran qoyan ölkəmiz bu tarixi hadisədən bir il sonra idman pərəstişkarlarının, ilk növbədə isə, təbii ki, avtomobil idmanı həvəskarlarının ürəyindən olan “Formula — 1" Avropa Qran-prisinin Bakı mərhələsinə də ad-sanına layiq, özünə xas olan qonaqpərvərliklə, yüksək məsuliyyət hissi ilə ev sahibliyi etdi.
Böyük zəhmətlə hazırlanıb, ən yüksək səviyyədə həyata keçirilən ümumdünya əhəmiyyətli tədbirin qazandığı müvəffəqiyyət Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi daimi qayğı və diqqətin təzahürü, ölkəmizin gündən-günə artan qüdrətinin növbəti təntənəsidir.
Qarşıdakı illərdə bizi paytaxtımızda sürət ustalarının yeni-yeni görüşləri gözləyir. İndiki yarışın təşkili sahəsində qazanılan təcrübə, şübhəsiz, gələcəkdə “Formula — 1"in Bakı mərhələsinə daha böyük şan-şöhrət qazandıracaq və paytaxtımız bu yürüşlərin təşkilatçısı rolunda çıxış etmək şərəfinə nail olmuş şəhərlər sırasında öz yerini daha da möhkəmləndirəcək.
Azərbaycanda böyük müvəffəqiyyətlə həyata keçirilən bir-birindən mötəbər tədbirlər hər yerdə geniş əks-səda doğurur. Dünyanın ölkəmizə hörmət və ehtiramı ikiqat artır. Üç gün ərzində bütün planeti özündə birləşdirən və ümumdünya rəğbəti qazanan müstəqil Azərbaycan Respublikası ən məşhur yarışlardan birini cəsarətlə, yüksək mütəşəkkilliklə öz tarixinə yazması ilə qürur duya bilər.
Yarışın qalibi, “Mercedes” komandasının üzvü Niko Rosberqin paytaxtımızda böyük qələbədən dərhal sonra söylədiyi bir fikir necə də yerinə düşür: — Bu çox gözəl istirahət günləri idi. Belə qonaqpərvərliyə görə Bakıda hamıya minnətdaram. Burada gözəl trek var. Mənim üçün hər şey nəzərdə tutduğum kimi getdi və bu çox yaxşıdır. Mən qələbəmdən böyük zövq alıram. Bakıya onun arxasınca gəlmişəm.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2016.- 21 iyun.- S.5.