Azərbaycan dəmir yolu: son ilyarımın uğurları

 

 

 

Azərbaycanın nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir.

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən intensiv şəkildə reallaşdırılmaqdadır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə ciddi yanaşır.

 

Son vaxtlar dəmir yolunun həyatında bir canlanma hiss olunur. Hörmətli Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni və ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü  başlayıb. Beynəlxalq maliyyə qurumları ilə daha da intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda  islahatların aparılmasına öz müsbət təsirini göstərəcəkdir. Çünki   dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub

 

 Dəmir yolunda enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin  yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

 

Ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasında yüksək inkişafa nail olunmuş, həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın davamlı inkişafı üçün şərait yaratmışdır. Bu da paytaxtımıza xarici ölkələrdən gələn vətəndaşların günbəgün artmasına səbəb olmuşdur.

 

Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün  tələblərinə cavab verməsi üçün burada  yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdır. Artıq Bakı sərnişin vağzalında yenidənqurma işləri sürətlə davam edir.  Vağzalın  əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Hazırda təmir işləri sürətlə davam edir.

 

Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda olan tıxac problemini aradan qaldırmaq üçün bu iki şəhər arasında bir zamanlar mövcud olan dəmir yolu   əlaqəsini  bərpa etmək zamanın tələbi idi. Bunun üçün, ilk növbədə, dəmir yollarının  əsaslı təmirinə ehtiyac var idi.

 

3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda baş yolların əsaslı təmirinə start verilmiş, sentyabrın 2-də işlər başa çatdırılmışdır.

 

Onu da qeyd edək ki, hələ 13 may 2015-ci ildə Bakıda “Stadler Rail Group”   şirkətindən  KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının  alınması üzrə saziş imzalanmışdır. Artıq qatarların beşi   Bakı sərnişin stansiyasına gətirilmişdir.

 

 Ötən il sentyabrın 12-də Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yolasalma  mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

 

 “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə   ciddi yanaşır. Bu yöndə  XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısında işlərin bu ilin sonunda başa çatdırılması, gələn il tam istifadəyə verilməsi nəzərdə tutulur.

 

Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin  ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri etmişdir.  Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələr səfərbər olunub.

 

20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilmişdir.

 

Bundan başqa, Astara stansiyasından İran İslam Respublikasının sərhədinə kimi 8,3 kilometr  uzunluğunda  yeni dəmir yolu xətti çəkiləcək və 15 ədəd süni qurğu tikiləcək. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ərazidə aparılan işlərlə tanış olub, yolun torpaq yatağına baxış keçirmişlər.

 

İşlərə mart ayından start verilmişdir. Hazırda torpaq yatağının işlənməsi prosesi gedir. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

 

Azərbaycanın tranzit potensialının artırılması istiqamətində atılan addımlar daha təqdirəlayiqdir. Son vaxtlar daha bir marşrut -Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu öz fəaliyyətini genişləndirməkdədir. 2015-ci il avqustun 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatmışdır. Artıq bu marşrutla üç qatar yola salınmışdır. Sonra Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulmuş və bu marşrut üzrə daha iki qatar yola salınmışdır.

 

Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq.

 

Bu yaxınlarda Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağı keçirilmiş, Müşahidə Şurası yaradılmış, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov Müşahidə Şurasının sədri seçilmişdir.

 

13 may 2016-cı ildə Bakıda “Vikinq qatarı” layihəsi iştirakçı şirkətlərinin nümayəndələrinin müşavirəsi keçirilmişdir. Tədbirdə  Azərbaycan Dəmir Yolları” QSC-nin “Vikinq qatarı” layihəsinə qoşulması haqqında protokol imzalanmışdır.

 

“Azərbaycan Dəmir Yolları” QSC-də gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri yolların əsaslı təmiridir. Son vaxtlar “Azərbaycan Dəmir Yolları” QSC-də Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətinin rəhbərliyi ilə ikitərəfli görüş keçirilmiş, “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

 

2015-ci ilin oktyabr ayında təmir işlərinin  növbəti mərhələsinə start verilmiş, bu günə kimi 100 kilometrdən artıq dəmir yolu əsaslı təmir edilmişdir.

 

Hazırda Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunacaqdır. Layihənin birinci mərhələsi Böyük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir. Bu sahələr üzrə artıq 12 yeni yarımstansiya tikilmişdir. Hazırda tamamlama işləri görülür. Eyni zamanda, kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərının çəkilməsi davam edir.

 

Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam etdirilir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

 

Dəmir yolunun vaqon və lokomotiv parkının yenilənməsi istiqamətində görülən işlər olduqca təqdirəlayiqdir. 2015-ci ilin mart ayında  Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod”  Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmış, qısa müddət ərzində  yeni yük vaqonları ölkəmizə gətirilmişdir.

 

Yeni vaqonların alınması ilə yanaşı, istismar müddətini keçmiş yük vaqonlarının əsaslı təmir olunmasına da başlanılıb. Bakı Vaqon Təmiri Zavodunda 1981-1983-cü illərdə istehsal olunan neft və neft məhsulu daşıyan çən vaqonlarından  15 ədədi əsaslı təmir edilmiş, vaqonların istismar müddəti 5 il artırılaraq istismara buraxılmışdır.

 

Vaqonların xarici səthinin neft qalıqlarından xüsusi qurğularla təmizlənməsi və rənglənməsi Şirvan istismar vaqon deposunda həyata keçirilmişdir. İstismar müddətini keçmiş yük vaqonlarının əsaslı təmiri davam etdiriləcək.

 

Son vaxtlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərliyi altında dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır.

 

Qazaxıstandan 10 ədəd teplovozun alınması haqqında müqavilə imzalanmış, artıq teplovozlar ölkəmizə gətirilmişdir. Yük daşımalarında istifadə olunacaq, sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınmışdır. Həmin elektrovozlar  elektron sürətölçən və müasir dartı mühərriki ilə təchiz edilmişdir.

 

 “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.” şirkəti arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, Azərbaycan tərəfi “Alstom” şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən yük lokomotivinin alınmasını planlaşdırır. Lokomotivlərin çatdırılmasına 2017-ci ilin sentyabr ayında başlanılacaqdır.

 

Aparılan irihəcmli yenidənqurma işlərinin əsas tərkib hissələrindən biri   Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında əsaslı təmir işlərinin geniş vüsət almasıdır. Təmir işləri müasir standartlar səviyyəsində, mərhələlərlə həyata keçirilir.

 

Bunlar son bir ildə reallaşdırılan layihələrin tam siyahısı deyil. Yeniləşmə prosesi fasiləsiz davam etdirilir. Bütün bu işlərdə MHİRK Cəmiyyət rəhbərliyi ilə əlbir fəaliyyət göstərir. “Azərbaycan Dəmir Yolları” QSC ilə MHİRK arasında imzalanmış saziş məhz bu ali məqsədlərə xidmət edir. Sazişin yerinə yetirilməsi həm Cəmiyyətin  rəhbərliyi, həm də MHİRK tərəfindən ciddi nəzarət altında saxlanılır.

 

Müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi hər ilin yekunlarına görə “İlin ən yaxşı müəssisəsi”, “Əla yol işçisi - ilin ən yaxşı mütəxəssisi”, “Firudin Ağayev” adına yol müsabiqələrinin keçirilməsini, AHİK-in müxtəlif təmayüllü baxış-müsabiqələrində dəmir yolu təşkilatlarının iştirakını təmin edir. Məhz bu qayğının nəticəsidir ki, dəmir yolu təşkilatları dəfələrlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi bir sıra respublika müsabiqələrinin qalibləri olublar.

 

Dəmir yolunda çalışan əməkçilərin sosial problemlərinin həlli, əmək kollektivlərində  sosial gərginliyin azalması,  əmək şəraitinin yaxşılaşdırılmasını təmin  etmək məqsədi ilə Cəmiyyət rəhbərliyinin atdığı uğurlu addımlar görülən işlərin əsas tərkib hissələrindəndir.  Son bir ilin ən uğurlu hadisələrindən biri, bəlkə də birincisi odur ki, departament, idarə və təşkilatlarda izafi xərclərin qarşısı alınmış, əldə olunan qənaət bu təşkilatlarda çalışan dəmiyolçuların əmək haqqının artırılmasına yönəldilmişdir. Ümumilikdə dəmiryolçuların orta aylıq əmək haqqı 20 faizdən çox artmışdır.

 

İlin əvvəlində 78 dəmiryolçu mənzillə təmin edilmişdir. Dəmiryolçuların mənzil şəraitinin  yaxşılaşdırılması  məqsədilə uzun müddət növbədə  olan işçilərin yeni mənzillərlə  təmin  edilməsi barədə Cəmiyyət rəhbərliyinin bu qərarı hamını  sevindirmişdir. Daha 140 dəmiryolçunun mənzillə təmin edilməsi nəzərdə tutulur.

 

Əməkçilərin sağlamlıqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının qarşısının alınması, onlara sağlam iş və istirahət  şəraitinin  yaradılması, bununla da  əməyin mühafizəsi sahəsində işçilərin  hüquqlarının müdafiə edilməsi həm Cəmiyyət rəhbərliyinin, həm də MHİRK-nin daimi diqqət mərkəzində olmuş və bu istiqamətdə çoxsaylı işlər görülmüşdür.

 

“Azərbaycan Dəmir Yolları”  QSC-nin idarə, müəssisə və təşkilatlarında əməyin mühafizəsinin ümumi vəziyyətini yaxşılaşdırmaq, bu məsələ ilə əlaqədar görülən işlərin gedişinə nəzarəti gücləndirmək məqsədi ilə MHİRK-in iş planına   müvafiq  təsərrüfatlarda  yoxlamalar və təhlillər aparılmışdır.

 

Dəmiryolçuların sanatoriya  və pansionatlarda müalicə və istirahətlərinin təşkilində də MHİRK tərəfindən çox işlər görmüşdür. Belə ki, Cəmiyyətin təşkilat, müəssisə və idarələrindən MHİRK-yə verilən sifarişlər əsasında 2015-ci ildə və 2016-ci ilin əvvəlindən bəri, dəmiryolçulara AHİK-in xətti ilə sanatoriya və istirahət evlərinə 365  ədəd  yollayış vərəqəsi verilmişdir.

 

2015-ci ildə MHİRK-in “Lokomotiv” İstirahət  Mərkəzində 1200 nəfər dəmiryolçu və onların ailə üzvləri istirahət etmişlər.  2016-cı ilin yay mövsümündə 2000 nəfərin istirahəti təşkil olunacaq.

 

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi ilə MHİRK tərəfindən  əməkçilərin maddi rifah halının yaxşılaşdırılması istiqamətində də lazımi tədbirlər görülür və bu məsələlər daim diqqətdə saxlanılır.

 

Komitənin Rəyasət Heyətinin qərarına əsasən dəmir yolu kollektivləri arasında Azərbaycan Dəmir Yolunun 135, Dəmiryolçuların Həmkarlar İttifaqının 110 illik yubileylərinə həsr olunmuş spartakiada keçirilmiş, qaliblərə kubok, diplom və pul mükafatları verilmişdir.

 

Mayın 31-dən iyunun 3-dək Azərbaycan dəmiryolçularının MHİRK-in Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzi MMC-də Dəmiryolçuların və nəqliyyat inşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının 5-ci Beynəlxalq Gənclər Forumu keçirilmişdir. Forumun işində 9 MDB və Baltikyanı ölkəsinin həmkarlar ittifaqından 60 gənc nümayəndə iştirak etmişdir.

 

Azərbaycan polad magistralı  özünün sürətli inkişaf mərhələsindədir. Son ilyarım ərzində müstəqil Azərbaycanın polad magistralında “Azərbaycan Dəmir Yolları” QSC-nın sədri Cavid Qurbanovun rəhbərliyi ilə aparılan islahatlar bu nəhəng arteriyanın yenilənməsinə, müasirləşməsinə, son nəticədə, yük daşımalarının, xüsusi ilə tranzit yük daşımlarının həcminin artırılmasına, yüklərin və sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasına, ölkə vətəndaşlarına göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.

 

Fəzail BAĞIROV,

Azərbaycan Dəmiryolçularının

MHİRK-nin sədri

Xalq qəzeti.- 2016.- 21 iyun.- S.7.