Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olunub

 

 

Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, veteranlar, gənclər və ictimaiyyət nümayəndələri Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüblər.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov ziyarət zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb. O qeyd edib ki, altı il əvvəl iyunun 18-də Mübariz öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Doğma torpağa sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Əsl igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin döyüş ruhunun sarsılmazlığını bir daha təsdiqlədi. Elə bu ilin aprel ayında ordumuzun düşmənə verdiyi layiqli cavab bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz istənilən zaman öz sözünü qətiyyətlə deməyə qadirdir.

 

X.Məmmədov çıxışında bildirib ki, möhtərəm Prezidentimizin müvafiq sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə rəşadətli və müstəsna xidmətlərinə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Mübarizin Azərbaycan gəncliyinə başucalığı gətirən qəhrəmanlığı hər bir vətən oğlu üçün əsl örnəkdir. O, ölumün gözünə dik baxan ölməz qəhrəmanlardandır.

 

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

 

Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillərin, haqqında yazılmış kitab, jurnal və qəzetlərin toplandığı böyük guşə ilə tanış olublar.

 

Əli NƏCƏFXANLI,

Xalq qəzeti”

Xalq qəzeti.- 2016.- 21 iyun.- S.10.