Formula – 1” Azərbaycanın güclü dövlət obrazını daha da möhkəmləndirəcək

 

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin AvropaAsiya qitələrinin əhəmiyyətli idman və mədəniyyət platformasına çevrilməsi qürur mənbəyi olmaqla yanaşı, strateji əhəmiyyətli inkişaf konsepsiyası baxımından da önəm daşıyır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə, 2015-ci ildə birinci Avropa Oyunlarına və 2016-cı ildə avtomobil idmanının kralı hesab edilən “Formula — 1” Avropa qran-prisinə ev sahibliyi edən Bakı şəhəri Azərbaycanın hərtərəfli inkişafını nümayiş etdirməklə bərabər, güclü informasiyakommunikasiya, eləcə də mədəniyyət-humanitar planda əlamətdar mərkəz olduğunu təsdiqlədi.

 

Müasir dünyada inkişaf resursları uğrunda ciddi rəqabət gedir. Hər bir dövlət davamlı inkişafını təmin etmək üçün rəqabətqabiliyyətliyini artırmaq istiqamətində zəruri addımlar atır. Bu gün artıq heç kimə sirr deyil ki, rəqabətə hazır olan ölkələr qlobal səviyyədə mövqelərini gücləndirir və hərtərəfli inkişaf üçün tələb olunan resursları qazanır, inkişaf tempini saxlamaq məqsədilə mühüm şəhərlərini rəqabətə hazırlayır. Buna görə də, rəqabət strategiyası ərazilərin kapitallaşdırılmasına yönəlmiş rəqabətqabiliyyətliyin üstünlüklərinin aşkar edilməsinə və gücləndirilməsinə xidmət edir ki, bu da istənilən dövlətin qarşısında dayanan mühüm vəzifədir. Buna görə də, insan və digər resursların cəmləşdiyi şəhərlərin bir sıra vacib uğur simvollarına çevrilməsi gələcək inkişaf üçün həyati əhəmiyyət daşıyır.

 

Mütəxəssislərin fikrincə, müasir dünyada artıq əşyalar deyil, əşyaların obrazı önəm kəsb edir. Bu, xüsusilə də mühüm resursların cəmləşdiyi və müxtəlif mədəniyyətlərin kəsişdiyi şəhərlərdə hiss olunur. Uğurlu obraza malik şəhərlərin də inkişaf mərkəzi kimi qiymətləndirilməsi və dəstəklənməsi sonrakı sosial-iqtisadi, eləcə də humanitar-mədəniyyət sahələrində mühüm nailiyyətlətin əsasının qoyulmasında önəmli rol oynayır. Bakı şəhərinin son illərdə məhz belə uğurlu obraza malik olması və sərt rəqabət şəraitində vacib meqalayihələrin iştirakçısına çevrilməsi postneft dövrünə hazırlıq baxımından əhəmiyyət kəsb edir.

 

Bu gün Bakı təkcə sənaye şəhəri kimi tanınmır. Müasir paytaxtımızın formalaşdırdığı mədəniyyət landşaftı əsas şəhərimizin bir çox simvol və obrazların yaranmasını şərtləndirməklə, Bakının meqalayihələrin icrasına və məkanına çevrilməsinə də imkan verir. Respublikamızın paytaxtının özünəməxsus obrazı və təkrarolunmaz mahiyyəti informasiyaideyalar axınında Bakı və ümumilikdə Azərbaycan üçün vacib olan məsələlərin həllində mühüm rol oynayan dəyərlər sistemini yaradır. Belə ideyalardan biri də dövlətlərin rəqabət apardığı meqalayihələrdir. Şəhərlərin regionların simvolik mərkəzlərinə çevrildiyi şəraitdə meqalayihələri reallaşdırmaqla ölkələr siyasi, iqtisadi və sosial-mədəni vəzifələri yerinə yetirməyə çalışır. Belə layihələrdən biri də “Formula – 1" Avropa qran-prisidir. Hazırda çox az adam mübahisə edir ki, “Formula –1” Avropa qran-prisi zəmanəmizin mədəni, sosialsiyasi fenomenidir. Çünki sənaye şəhərlərinin müxtəlif mədəniyyət və idman hadisələri iqtisadi-sosial artım mənbəyinə çevrilir, inkişaf üçün zəruri olan resursların əldə edilməsinə şərait yaradır.

 

Mütəxəssislər əmindirlər ki, “Formula — 1" yarışları qlobal marketinq strategiyası sayəsində dünya iqtisadiyyatında mühüm yer tutur və bəzi hesablamara görə, dünyanın dördüncü iqtisadiyyatıdır. ”Formula Money" dərgisinin və “Deloitte Sport Businessagentliyinin araşdırmalarına əsasən,  Formula — 1" dünyada ən gəlirli idman layihəsidir. Bu da təsadüfi deyil, dünyanın ən böyük və varlı şirkətləri ”Formula — 1" layihəsində iştiraka can atır və milyonlarla dollar xərcləməkdən çəkinmirlər. Səbəbi çox sadədir, milyonlarla insanın seyr etdiyi kral avtomobil yarışlarına sərf edilən sərmayə cavabsız qalmır.

 

Bakıda keçirilən “Formula — 1" Avropa qran-prisi də şəhərimizin dünyada uğurlu obrazının güclənməsinə və sonrakı inkişafı üçün zəruri resurs mənbəyinə çevrilməsinə güclü təkan verəcək. Doğrudur, brend kimi, Bakı şəhərinin dünyada tanınmasına dəlalət edən bir çox səbəblər var. Zəngin keçmiş, Şərq-Qərb mədəniyyətlərinin çulğaşdığı möhtəşəm memarlıq inciləri, strateji quru və dəniz nəqliyyat qovşağı və digər vacib amillər ”Küləklər şəhəri"nin rəqabət qabiliyyətinin artmasını şərtləndirir. Bununla belə, “Formula — 1" Avropa qran-prisi kimi meqalayihələrin keçirilməsi Bakının digər şəhərlər qarşısında mövqeyini gücləndirir və zəruri olan davamlı inkişaf üçün lazımi əlavə resursların cəlb edilməsində mühüm rol oynayacaq. Bu mötəbər yarışın şəhərin inkişaf resursuna çevrilməsi də mübahisə edilmir. Çünki qran-pri konkret halda şəhərin özünəməxsus gözəlliklərini və üstünlüklərini nümayiş etdirməklə, milyonlarla insanın diqqətini həmin ölkəyə istiqamətləndirir. Bu baxımdan möhtəşəm tədbir Bakı şəhərinin yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşməsinə və çox sayda turistin ölkəmizə təşrif buyurmasına şərait yaratdı. ”Formula — 1" Avropa qran-prisinin növbəti  5 il ərzində də Bakı şəhərində keçiriləcəyini nəzərə alsaq, o zaman deyə bilərik ki, Azərbaycan bu müddət ərzində birbaşa və dolayısı olaraq beynəlxaq aləmin maraq dairəsində qalacaqqeyri-neft sektorunun ən mühüm qollarından biri sayılan turizmin inkişafında yeni səhifə açılacaq.

 

Beləliklə, “Formula — 1" Avropa qran-prisinin Bakıda uğurla keçirilməsi və beynəlxalq aləmdə böyük maraqla qarşılanması Azərbaycanın yüksək nüfuzuna növbəti töhfəsini verdi. Geniş tamaşaçı auditoriyasına malikFormula — 1" Cənubi Qafqaz regionunun aparıcı dövləti olan Azərbaycanın güclü dövlət kimi imicinin güclənməsinə və beynəlxalq səviyyədə daha da tanınmasına təkan verəcək. Bütün bunlar isə, əlbəttə ki, son illər Azərbaycanda uğurla həyata keçirilən müxtəlif mədəniyyət və idman tədbirlərinin məntiqi nəticəsidir.

 

Səbuhi MƏMMƏDOV,

Xalq qəzeti.-2016.-22 iyun.-S.6.