“Bakı ən mötəbər idman yarışlarını əla
keçirməyi bacarır”
“Formula -1” Avropa Qran-prisinin Bakı mərhələsi uğurla başa çatsa da, yarış iştirakçıları, çoxsaylı fanatlar, qonaqlar belə bir fikri dönə-dönə vurğulayırlar ki, qitənin idman tarixinin bu yeni, möhtəşəm səhifəsi hələ uzun illər yaddaşlarda yaşayacaq. Onların fikrincə, Bakı ən mötəbər idman yarışlarını keçirməyi yaxşı bacarır.
Yeri gəlmişkən, qonaqlar əməkdaşlarımıza verdikləri qısa və eksklüziv müsahibələrdə həvəslə öz təəssüratlarıtı bölüşüblər.
Gaay Grant, (Böyük Britaniya):
– İlk dəfədir ki, Bakının müsafiriyəm. “Formula -1” yarışlarını izləməyə gəlmişəm. Bakıda həqiqətən adlı-sanlı pilotlar arasında yaşanan sürət və qələbə həyəcanının doğurduğu qeyri-adi hisslər yaşadım. Buradakı təəssüratlarım uzun müddət yaddaşımda xoş bir xatirə kimi qalacaq. Azərbaycan paytaxtı bütün dünyaya bir daha nümayiş etdirdi ki, bu gün ən mötəbər idman yarışlarını keçirməyi hamıdan yaxşı bacarır.
Bəli, Bakıda yarışın ən yüksək səviyyədə təşkil olunması məni çox məmnun etdi. Bir məqamı xüsusi vurğulamaq istəyirəm: “Formula -1” kimi mötəbər yarışı yalnız böyük idman ənənələri olan ölkələr keçirə bilir. Azərbaycan gənc dövlət olsa da, idman sahəsində artıq özünün böyük uğurlarına imza atıb. Bakıda ötən il birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması barədə də məlumatım var.
Azərbaycan iqtidarı ölkənin inkişafı sahəsində düzgün hədəflər seçib. Bu hədəflərdən biri də idmandır. İdman bu gün dünyada inkişaf və tərəqqinin barometri hesab oluna bilər. Bu istiqamətdəki uğurlar, fikrimcə, digər sahələrdə də böyük qələbələr üçün müjdədir.
Bu gün Bakıda
geniş idman infrastrukturu yaranıb. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanın
öz məşhur pilotları yetişəcək.
Bunun üçün burada artıq hər cür şərait yaranıb.
Sergey Polişuk, (Ukrayna):
– Kiyevdənəm. Bakıya məxsusi olaraq “Formula-1” Avropa Qran-prisini izləməyə gəlmişəm. Adətən belə yarışları indiyədək mavi ekran qarşısında müşahidə etmişəm. Amma canlı olaraq izləmək olduqca maraqlıdır. “Ferrari” komandasının azarkeşi olsam da, digər komandaların, məşhur pilotların uğurlarına, təbii ki, sevinirəm. Soruşursunuz ki, “Formula-1” yarışları məni nə ilə özünə cəlb edir. İlk növbədə, sürət və sürətdən doğan həyəcanı ilə! Bu, həqiqətən inanılmaz sürətdir.
Mən öz yeniyetməlik illərimdə pilot olmaq arzusunda düşmüşdüm. Sonradan hiss etdim ki, sadəcə arzu etmək azdır, bunun üçün qeyri-adi səriştə, istedadın da olmalıdır. Bu, həm də çox böyük cəsarət tələb edən bir idman növüdür. Pilotlar mənim nəzərimdə qeyri-adi, güclü insanlardır. Pilotlara uğurlu finiş, qələbələr arzulayıram.
Bəli, Bakıda “Formula -1” yarışları uğurla start götürdüyü kimi, uğurla da başa çatdı. Burada təşkilatçıların yarışa ciddi hazırlaşdıqları hər an hiss olunurdu. Pilotlar da, mütəxəssislər də Bakı trası barədə müsbət rəylər söyləyirlər.
Bakı şəhərinin qeyri-adi, gözəl aurası var. Adam burada özünü yad hesab etmir, əksinə, doğma insanların arasında hiss edirsən. Ümid edirəm ki, gələn il də bu gözəl şəhərə gələcəyəm. Axı, “Formula-1” yarışları burada yenə də keçiriləcək. Ona görə də, “Bakı, hələlik, gələn görüşlərədək!” deyirəm.
Kareline Riçards, (Böyük Britaniya):
– Bakıya gəlişimdən çox
razıyam. “Formula -1”
yarışını burada böyük maraqla
müşahidə etdim. Hər dəfə
olduğu kimi, bu dəfə bu heyrətamiz
idman yarışından sonsuz
zövq aldım. Azərbaycan
paytaxtında məni, həmçinin yarış
iştirakçıları, əcnəbi qonaqlar
üçün təşkil olunan rəngarəng mədəniyyət
proqramı da çox
məmnun etdi. “Natiq” ritm qrupunun konsertindən zövq aldım. İçərişəhərdə
gördüklərimi adi sözlərlə
təsvir etmək çətindir. Burada insan özünü sanki “Min bir gecə” nağıllar aləmində
hiss edir. Qız qalası, Karvansara,
başqa tarixi mədəniyyət abidələrini
həvəslə ziyarət
etdim.
Burada insanları
xoş ovqatda gördüm. Məndə belə təsəvvür
yarandı ki, Bakı sakinləri çox mehriban və qonaqpərvərdirlər.
Bu gözəl şəhəri, onun gülərüz, həyatsevər
insanlarını unutmaq
olarmı?! Yox, olmaz! Bakıya, əlbəttə, yenidən gələcəyəm.
Andrey Qolubev, (Rusiya):
– Bakıya Rusiyanın
Yaroslavl şəhərindən dostum Yevgeni ilə birlikdə gəlmişəm. Məqsədimiz həm “Formula-1” yarışlarını
izləmək, həm
də Azərbaycan paytaxtını ziyarət
emək idi. “Formula-1” həqiqətən qeyri-adi yarışdır.
Burada gördüklərim xəyalımda
təsəvvür etdiklərimizdən
də üstün oldu. Ayrı-ayrı pilotlara qalanda
isə həmyerlimiz Daniil Kvyaka azarkeşlik
edirdim. Bununla bərabər, bütün
qalibləri ürəkdən
təbrik edirəm.
Yaxşı haldır ki,
ölkənizdə idmanın
inkişafına böyük
qayğı göstərirlər.
Hesab edirəm ki, idman xalqlar arasında
dostluq əlaqələrini
daha da gücləndirir.
Nahaq yerə demirlər ki, idman sülhün
elçisidir. Bu gün dünyanın sülhə, sabitliyə böyük ehtiyacı
var.
Bakı sakinləri bütün qonaqlara mehriban, xeyirxah münasibət bəsləyirlər. Ünsiyyət qurduğum adamların
çoxu rus dilində səlis, sərbəst danışırdılar.
Yaroslavl da Bakı
kimi qədim şəhərdir. Yeri gəlmişkən,
mən də bakılıları bizim şəhərə dəvət
edirəm. Bakıdan isə
ən xoş hisslər və duyğularla ayrılıram.
Məsaim ABDULLAYEV,
Elçin ABBASOV,
“Xalq qəzeti
Xalq qəzeti.- 2016.- 23 iyun.- S.3.