Dövlətə və vətəndaşlara
sədaqətlə xidmət etmək dövlət qulluqçusuna şərəf gətirir
23 iyun Dövlət
Qulluqçularının Peşə Bayramı Günüdür
Hazırda Azərbaycanın dövlət qurumlarında 35 mindən çox dövlət qulluqçusu çalışır və onların təxminən 30 faizi qadınlardır. Dövlət qulluqçularının sayının getdikcə artması, yeni idarəetmə strukturlarının yaradılması və bir sıra qurumların yenidən təşkil olunmasından xəbər verir. Ölkəmizdə həyata keçirilən uğurlu kadr islahatları nəticəsində respublikamızda dövlət qulluqçularının yaş tərkibi getdikcə cavanlaşdırılır, təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir. Bu, dövlət idarəçiliyində öz müsbət nəticəsini göstərməkdədir.
Dövlət qulluqçularının peşə bayramı ilk dəfə BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli, 57/277 nömrəli qətnaməsinə əsasən 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü kimi qeyd edilmişdir. Həmin qətnamədə BMT-nin üzvü olan ölkələrə tövsiyə olunmuşdur ki, dövlət qulluğunun dövlətlərin inkişafında əhəmiyyətini daha yaxşı işıqlandırmaq və təbliğ etmək məqsədilə xüsusi gün təsis etsinlər. Dövlət qulluqçusunun dövlətin, cəmiyyətin və hər bir vətəndaşın həyatında önəmini, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması prosesində dövlət qulluğunun rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə Dövlət Qulluqçularının Peşə Bayramı Günü təsis edilmişdir. Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları indi öz bayramlarını 10-cu dəfədir ki, qeyd edirlər.
Azərbaycanda hüquqi və dünyəvi dövlət quruculuğunda, demokratik proseslərin bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu öndər çox ağır bir dövrdə – yenicə qazandığımız dövlət müstəqilliyimizin uçuruma addım-addım yaxınlaşdığı, ölkədə vətəndaş qarşıdurmasının gərginləşdiyi, Azərbaycanın parçalanmaq ərəfəsində olduğu bir vaxtda hakimiyyətə gəldi. Respublikaya o vaxt rəhbərlik edənlərin cəsarətsizliyi, qorxaqlığı və dövət idarəçiliyindəki naşılığı ölkəni iflic vəziyyətinə salmışdı. Dövlət qulluğunda çalışanlar xalqın gözündən düşmüş, onlara qarşı hörmətsizlik və saymazlıq dövlət rəhbərliyinə inamsızlıq yaratmışdı. Ona görə də ziyalılar müxtəlif xarici ölkələrə üz tutmuşdular. Məhz ulu öndərin zəngin dövlətçilik təcrübəsi və yorulmaz fəaliyyəti, Vətənə, xalqa olan sonsuz məhəbbəti, milli təəssübkeşliyi yenicə müstəqillik əldə etmiş dövlətimizi bu təhlükədən qurtara bildi. Ulu öndərin həyata keçirdiyi islahatlar sırasında dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa edilməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması prioritet təşkil edirdi. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi qarşıya qoyulan əsas vəzifələrdən idi. Bu istiqamətdə məqsədyönlü kompleks tədbirlərin həyata keçirilməsi, bütövlükdə, dövlət qulluğu sisteminə olan inamı getdikcə artırdı.
Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit etdi. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunduqdan sonra həyat öz axarı ilə davam etdirilmiş, hüquqi və sivil dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atılmışdır. 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul olunması müasir dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların məntiqi nəticəsi olmuşdur. Bu qanunun qəbul olunması, həm də ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri idi.
“Dövlət qulluğu haqqında” Qanun Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoymuş, bu sahədə kadr siyasətinin ümdə prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, rolu, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Qanun, həmçinin Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Bildirilir ki, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq, dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Qanunun əsas məqsədlərindən biri də dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparılması yolu ilə vətəndaşların dövlət idarəetmə strukturlarında işə qəbul olunmasında bəzi məmurların yaratdığı süni əngəllərin aradan qaldırılması idi.
Ulu öndər deyirdi ki, dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq hər bir dövlət qulluqçusuna şərəf gətirər. Ona görə də dövlət qulluqçuları davranışı və əməlləri ilə yetişən nəslə örnək olmalıdır. Bütün bunlar dövlət qulluqçusunu mənəvi cəhətdən nə qədər zənginləşdirirsə, bir o qədər də, üzərinə məsuliyyət qoyur.
Ulu öndərin bütün sahələr üzrə yarımçıq qalmış ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyev dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması istiqamətində də qətiyyətli addımlar atdı. Dövlətimizin başçısının 2005-ci il 19 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. 2006-cı ilin oktyabrından fəaliyyətə başlayan komissiya dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihəsini hazırlayaraq, dövlət qulluqçularının peşə hazırlığı və ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirdi. Eyni zamanda, dövlət qulluqçuları üçün həm ölkə daxilində, həm də xarici ölkələrdə təlimlər təşkil edildi. Bu da dövlət qulluğu sahəsində qabaqcıl təcrübənin öyrənilməsində və bu sahənin müasir tələblər səviyyəsində inkişafında müsbət rol oynamışdır. Vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsində də komissiyanın böyük rolu olmuşdur. Bununla yanaşı, dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazası daha da inkişaf etdirilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə komissiyaya həvalə olunmuş digər vəzifələr layiqincə yerinə yetirilmişdir.
Prezident İlham Əliyevin dövlət idarəetmə sistemində islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində aparılan islahatlarda əsas məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunmasıdır. Bütün bunlar bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesini daha da sürətləndirmişdir. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.
Dövlət qulluğu sahəsində qanunveriçilik aktları ildən-ilə təkmilləşdirilir, dünya təcrübəsini nəzərə alan sənədlər qəbul edilərək geniş hüquqi baza yaradılır. Müasir dövrə uyğunlaşdırılan sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək, dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları daha da inkişaf etdirmək, elmin, mədəniyyətin və digər sahələrin səviyyəsini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb.
Dövlət qulluğunun prinsipləri və idarə olunmasının elmi əsasları hər bir dövlət qulluqçusu üçün çox böyük əhəmiyyət kəsb edir. Bu məsələ dövlətimizin də diqqət mərkəzində saxladığı sahələrdən biridir. Çünki dövlət qulluğu dövlət idarəçiliyinin əsas istiqamətlərindən biridir. Məhz bu baxımdan ölkəmizdə dövlət idarəçiliyinin əsasını təşkil edən dövlət qulluğunun, dövlətçilik prinsiplərinin müasir dünya dövlətçilik prinsiplərinə uyğunlaşdırılması zəruri məsələ kimi ortaya qoyulmuşdur. Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə bir sıra ali təhsil müəssisələrində dövlət qulluqçularının hazırlanması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsi məqsədilə ixtisasartırma kursları açılmışdır. Belə kurslar dövlət qulluğu məsələlərinə dair elmi-tədqiqat işlərinin aparılmasında, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində böyük rol oynayır.
Dövlət qulluğu prinsipləri dövlət qulluqçularının fəaliyyətinin əsas davranış qaydalarını da müəyyən edir. Bu prinsiplər, adətən, dövlətin idarəçilik prinsipləri ilə ahəngdarlıq təşkil edir. 2007-ci il mayın 31-də qəbul olunmuş “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda bütün bunlar öz əksini tapmışdır. Qanunda bildirilir ki, dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir;
– dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir;
– qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir;
– dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ildən-ilə böyük uğurlar əldə edir, dünya birliyinin layiqli üzvünə çevrilir. Dövlətin idarə olunmasında, demokratik prinsiplərin inkişafında, ölkəmizin beynəlxalq aləmdəki reytinqinin yüksəlməsində dövlət qulluqçularının da payı var. Azərbaycan Prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçusu yüksək ixtisas dərəcəsi almış, məhz dövlət qulluqçuları üçün təsis olunmuş “Vətənə xidmətə görə” ordeninin müxtəlif dərəcələri, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Əməkdar dövlət qulluqçusu” adı ilə təltif olunmuşdur.
Xatırladaq ki, ölkədə dövlət qulluğu məsələlərinin daha da təkmilləşdirilməsi məqsədilə aparılan islahatlardan biri də dövlət başçımızın bu il aprelin 11-də imzaladığı fərman əsasında başlanan işlər idi. Belə ki, həmin fərmanla Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılmasından sonra dövlət qüllüğuna qəbul imtahanlarının keçirilməsi səlahiyyəti bu quruma verilib. İstənilən digər islahatlar kimi, bu islahat da adıçəkilən sahədə şəffaflığın və obyektivliyin təmin edilməsinə öz töhfəsini verəcəkdir.
Hazırda ölkəmiz yeni idarəetmə sistemi ilə beynəlxalq aləmə sürətlə inteqrasiya edir. Respublikamızda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülür, bir sıra strukturlar ləğv edilir və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün dövlət qulluqçularının üzərinə mühüm vəzifələr düşür. Ümid edirik ki, dövlət qulluqçuları öz vəzifələrini layiqincə yerinə yetirəcək və Azərbaycanın dünya birliyinin layiqli ölkələrindən biri olması yolunda səmərəli fəaliyyətlərini daha da artıracaqlar.
Əliqismət
BƏDƏLOV,
“Xalq
qəzeti”
Xalq qəzeti.- 2016.- 23 iyun.- S.3.