Heydər Əliyev Fondunun
təşəbbüsü ilə uşaqlar
üçün növbəti şənlik
təşkil olunub
İyunun
23-də Heydər Əliyev Fondunun təşəbbüsü
ilə uşaq evləri və Daun Sindromlu Şəxslərin
Reabilitasiya Mərkəzinin sakinləri üçün
növbəti dəfə maraqlı şənlik təşkil
olunub.
Şənlikdə fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Bu dəfə Heydər
Əliyev Fondu uşaqları paytaxtın
dənizkənarı istirahət
məkanlarından birinə
topladı. Fondun təşəbbüsü ilə təşkil olunan şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları
nağıl qəhrəmanları
qarşıladılar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya
Mərkəzinin sakinləri
bu məkanda yay mövsümünün
ovqatını hiss etdilər,
günəşli günlərin
qayğısız anlarını
yaşadılar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə uşaqların
şənliyinə qoşuldu. Balacalara xas
olan hədsiz səmimiyyət və sevinclə əylənən
uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda iştirak etdilər, bu isti yay günündə
hovuzda üzdülər,
sevinclərini ətrafdakılarla
bölüşdülər.
Leyla Əliyeva
uşaqlarla söhbət
etdi, şənliklə
bağlı fikirlərini
öyrəndi, onlarla şəkil çəkdirdi. Uşaq evlərinin
və Daun Sindromlu Şəxslərin
Reabilitasiya Mərkəzinin
sakinləri təəssüratlarını
bölüşdülər, burada yeni dostlar
qazandıqlarını söylədilər,
iştirak etdikləri
oyunlar, əyləndikləri
attraksionlar barədə
danışdılar.
Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan
nəslin hərtərəfli
qayğı ilə əhatə olunmasını
fəaliyyətinin prioritet
istiqamətləri kimi
müəyyən edən
Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin
sakinləri ilə görüşə növbəti
hədiyyəsi ilə
gəldi, onlara mənalı, maraqlı və unudulmaz bir gün yaşatdı.
Tədbirdə balacalar üçün
əsl bayram ab-havası yaradıldı.
Uşaqlar müxtəlif rəqslər,
mahnılar ifa etdilər, məharətlərini
göstərdilər.
Heydər Əliyev Fondunun
həyata keçirdiyi
çoxşaxəli fəaliyyətin
bir hissəsi olan bu şənlik
onlarla uşağı
sevindirdi. Fondun himayəsi
altında uşaqlarla
bağlı həyata
keçirilən aksiyalar
ilk növbədə qaçqın
və məcburi köçkün ailələrindən
olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət
çəkən balacalara
yardım, respublikadakı
uşaq evlərinin və internat məktəblərinin əsaslı
şəkildə yenidən
qurulması, yeni məktəb binalarının
tikilməsi məqsədi
daşıyır.
Bu dəfə də
hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim
edildi.
Bayram şənliyində iştirak edən 200-yə yaxın
uşağın təbəssümü onlara
maraqlı bir gün bəxş
edən Heydər Əliyev Fondunun fəaliyyətinə
verilən ən yüksək qiymət idi.
Xalq qəzeti.-2016.-24 iyun.-S.2.