Milli hərbi kadrlar hazırlanmasında Heydər Əliyev uzaqgörənliyi 26 İyun Silahlı Qüvvələr Günüdür

 

 

 

Ulu öndərin rəhbərliyinin I dövründə azərbaycanlı kursantların sayı 20 dəfə artmışdı

 

 

1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə respublikanın bütün həyatında olduğu kimi, hərbi-təşkilati və kütləvi-müdafiə işləri sahəsində də milliləşmənin başlanğıcı qoyuldu. Bu sahəyə diqqət artırıldı, hərbi-təşkilati və kütləvi-müdafiə işinə xalqın həyatında malik ola biləcəyi dəyər verildi, onun miqyası genişləndirildi.

 

Bu istiqamətdə yeni bir mərhələnin başlanğıcının qoyulması ilə, əslində, Azərbaycan xalqının hərbi sahədəki ənənələrini canlandırılması və daha da təkmillədirilməsi xətti tutuldu.  Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu illərdə bu məsələlər dəfələrlə MK bürosunda müzakirə edildi, ciddi tədbirlərin həyata keçirilməsini nəzərdə tutan mühüm qərarlar qəbul edildi.

 

Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyət göstərdiyi dövrdə hərbi-təşkilati sahədə əldə edilmiş ciddi nəticələrdən biri, heç şübhəsiz ki, azərbaycanlı hərbi kadrların yetişdirilməsi sahəsində görülən işlər idi. Sovet dövründə bu istiqamətdə müəyyən addımlar atılmışdı, ölkənin ali hərbi məktəblərində azərbaycanlılar üçün kvota ayrılmışdı. Ancaq 1956-cı ildə sonuncu milli diviziya da ləğv edildikdən sonra ölkə hərbi məktəblərində azərbaycanlılar üçün ayrılan kvota da azalmaqda idi, hətta lazımınca yerinə yetirilmirdi.

 

Müqayisə üçün qeyd etmək lazımdır ki, 1967-ci ildə ölkə hərbi məktəblərində Azərbaycan üçün 1220 nəfərlik kvota ayrılmışdısa, yalnız 136 azərbaycanlı bu məktəblərə daxil olmaq üçün sənəd vermişdi ki, onların da çox az miqdarı həmin məktəblərə qəbul olunmuşdu. Elə həmin il Bakı Ümumqoşun Komandirləri Məktəbinə 21 azərbaycanlı, Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə isə 2 azərbaycanlı daxil olmuşdu.

 

Azərbaycanlıların hərb işinə cəlb edilməsində belə səhlənkarlığa və diqqətsizliyə yol verilməsini respublikanın yeni rəhbəri Heydər Əliyev son dərəcə narahatçılıqla qarşıladı və fəaliyyətə başlamasının elə ilk illərindən hərbi-təşkilati işin gücləndirilməsinə, azərbaycanlılar arasında hərb işinə marağın artırılmasına xüsusi diqqət yetirdi. İlk növbədə, bu sahədə mövcud olan çatışmazlıqların səbəbləri araşdırıldı və təhlil edildi. 2003-cü ilin aprelində C.Naxçıvanski adına Hərbi litseyin təşkilinin 30 illiyi ilə bağlı təntənəli tədbirdəki çıxışı zamanı ulu öndər Heydər Əliyev həmin dövrü belə xatırlamışdı: “Dövlət təhlükəsizliyi orqanlarında işləyəndə bütün Azərbaycanda, habelə SSRİ-də olan hərbi hissələrlə çox yaxşı tanış idim. Onlarla əlaqəm var idi, onlarla görüşürdüm. Ancaq hər dəfə məni narahat edən o idi ki, azərbaycanlılardan zabit vəzifəsində adam yoxdur.

 

Ümumiyyətlə, SSRİ ali hərbi məktəblərinə əsasən, ruslar, ukraynalılar, beloruslar qəbul olunurdular. Qalan millətlərin gənclərinin hərbi məktəblərə qəbul edilməsini çox nadir hadisə kimi qəbul etmək olardı. Bunları görəndə, bu barədə fikirləşəndə düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Bizüçün ordudan təcrid olunuruq? Deməli, əlavə tədbirlər görmək lazım idi ki, bu maneəni keçəsən və azərbaycanlıları orduda komandan, zabit vəzifəsinə çatdıra biləsən. Ona görə də mən 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra, 1971-ci ildə bununla məşğul oldum".

 

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan KP MK bürosunun 1971-ci il aprel ayının 29-da keçirilən iclasında orduya çağırışın təşkili və azərbaycanlıların ölkənin ali hərbi məktəblərinə göndərilməsi sahəsində ciddi dəyişikliklər edilməsi məsələsi ətraflı müzakirə olundu. İclasın gedişində 1970-ci ildə azərbaycanlı gənclərin ali hərbi məktəblərə göndərişinin yarıtmaz olduğumövcud nəticələrin milli tələblərə cavab vermədiyi vurğulandı. 1970-ci ildə Azərbaycandan ölkə ali hərbi məktəblərinə 1360 nəfər göndərilməli olduğu halda, 910 nəfər göndərilmiş və onlardan da cəmi 367 nəfəri hərbi məktəblərə daxil olmuşdu. Yəni, ayrılmış kvotaya heç 30 faiz də əməl edilməmişdi. Digər tərəfdən hərbi məktəblərə daxil olanların əksəriyyəti heç azərbaycanlı deyildi.

 

Azərbaycanlı gənclərin ölkənin ali hərbi məktəblərinə göndərilməsi sahəsində belə zəif nəticələrin olması ilə bağlı Heydər Əliyev Maarif Nazirliyinin, komsomol təşkilatlarının və Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti Respublika Komitəsinin fəaliyyətini ciddi tənqid etdi, hərbi-vətənpərvərlik istiqamətində aparılan işlərin hələ də formalizmdən yaxa qurtarmadığını qeyd etdi. Büro iclasının gedişində Heydər Əliyev Azərbaycanda hərbi ənənələrin, milli hərbi kadrların hazırlığının bərpa edilməsi və gücləndirilməsi ilə bağlı, əslində, milli proqram xarakteri daşıyan bir çıxış etdi. İndiyə qədər heç yerdə çap edilməyən bu çıxış sovet dövlətinin ideoloji ehkamlarının kifayət qədər güclü olduğu bir vaxtda son dərəcə cəsarətli, qətiyyətli və milli maraqlara söykənən bir çıxış idi. Sovet dövründə milli hərbi kadrların hazırlanmasında mərkəzin tətbiq etdiyi məhdudiyyətlərin qırılıb parçalanması üçün respublika rəhbəri qətiyyətli addımlar atmaq əzmində olduğunu çəkinmədən bəyan etdi. Ölkə rəhbərliyinin haqsız mövqeyi üzündən yaranmış boşluğun tezliklə aradan qaldırılmasını Heydər Əliyev mühüm bir vəzifə kimi irəli sürdü: “İl yarım ərzində biz üçüncü dəfədir ki, MK bürosunda orduya çağırış və hərbi məktəblərin komplektləşdirilməsi ilə bağlı məsələ müzakirə edirik. Bu, təsadüfi deyil. Çünki bu məsələ siyasi əhəmiyyəti olan çox mühüm məsələdir. Həm ona görə ki, biz bu sahədə işlərin əsaslı şəkildə yaxşılaşdıırlmasına nail olmamışıq və bu məsələ ilə bağlı partiyanın tələblərinin yerinə yetirilməsini təmin etməmişik”.

 

Çıxışında milli hərbi kadrların hazırlanmasını Heydər Əliyev siyasi əhəmiyyətli bir məsələ kimi dəyərləndirdi və respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyi il yarım ərzində onun artıq üçüncü dəfə bu məsələni ən yüksək səviyyədə müzakirəyə çıxarması da bundan irəli gəlirdi. Məlumdur ki, belə iclaslarda respublikanın bütün müvafiq təşkilatlarının rəhbərləri iştirak edironlar üçün müvafiq vəzifələr müəyyənləşdirilirdi. Yəni, əslində, Heydər Əliyev bütün respublikanı hərbi-müdafiə işinin yeni səviyyəyə qaldırılmasına səfərbər edirdi.

 

Heydər Əliyev adı çəkilən çıxışında çağırış-səfərbərlik işinin təşkilindəki nöqsanlara da barışmaz münasibət bildirirdi: “Bizdə orduya çağırışın aparılması pis gedir. Nöqsanlar haqqında əvvəllər danışmışdıq. Bizdə hərbi məktəblərin komplektləşdirilməsi isə xüsusilə pis gedir. Mən bir daha qeyd edirəm ki, bu məsələ bizim respublikamız üçün son dərəcə siyasi əhəmiyyət kəsb edən fövqəladə mühüm bir məsələdir.

 

Açıq deməliyəm ki, keçmişdə bizim hərbi ənənəmiz yox idi. Sovet hakimiyyəti qurulana qədər azərbaycanlılar bir qayda olaraq orduda xidmət etmirdilər. 50 və ya 100 il belə davam etmişdir. Bütün tarix boyu isə azərbaycanlılar üçün orduda xidmətin tarixi ənənəsi yaradılmamışdı. Bu, əlbəttə ki, hansısa səviyyədə isə bizim insanların hərbi təlim məsələlərinə öz təsirini göstərir. Bununla bərabər, nəzərə alınmalı və elə fəaliyyət göstərilməlidir ki, tarixdə yol verilən o böyük boşluq aradan qaldırılsın, biz bu məsələdə tarixi ənənələri və böyük keçmişi olan digər xalqlarla bir səviyyəyə qalxa bilək”.

 

Bu sözləri ilə Heydər Əliyev, əslində, həm də sovet hakimiyyəti dövründə azərbaycanlıların hərb işinə cəlb edilməsi sahəsindəki qadağaları da nəzərdə tutur və yaranmış boşluğun aradan qaldırılmasının vacibliyini iclas iştirakçılarının nəzərinə çatdırırdı. Heydər Əliyev Azərbaycan xalqının da zəngin hərb tarixini davam etdirən digər xalqlar arasında özünün layiqli yerini tutmasını arzulayırdı və bütün təşkilati vəzifələri də bu məqsədə doğru istiqamətləndirirdi:

 

Biz öz böyük məktəbimizi nə vaxt yaradacağıq? Nə vaxt bizim respublikamız, bizim yerli millətimiz olan azərbaycanlılar Silahlı Qüvvələrdə öz yerlərini tutacaqbizim ölkəmizin müdafiəsinə, onun hərbi qüdrətinin möhkəmlənməsi işinə öz töhfəsini verəcəkdir? Yoldaş Quliyev (respublikanın hərbi komissarı general-mayor Murtuz Quliyev nəzərdə tutulur - M.S.) məruzə etdi ki, seçilmiş 800 nəfərdən 170-i azərbaycanlıdır. Bu da uğurdur. Çünki keçən il onlar cəmi 57 nəfər idi. Əgər biz 1100–1200 nəfər seçəcəyiksə (söhbət SSRİ ali hərbi məktəblərinə daxil olmaq üçün Azərbaycandan namizədlərin seçilməsindən gedir - M.S.) və respublikada əhalinin 74 faizini azərbaycanlılar təşkil edirsə, onda, ən azı, bu 74 faizi təmin edin. Əgər bütün 100 faiz verilərsə, onda biz bu sahədə keçmişdə yol verdiyimiz boşluğu aradan qaldıra bilərik. Əgər bu gün malik olduğumuz rəqəmlər qalacaqsa, onda biz öz vəzifələrimizi yerinə yetirə bilməyəcəyik. Bu baxımdan qarşımızda çox böyük vəzifə dayanır və biz milli hərbi kadrlara malik olmasaq, bunu gələcək nəsillər bizə bağışlamaz”.

 

Heydər Əliyev bu çıxışında, sadəcə olaraq, respublikaya ayrılmış kvotanın yerinə yetirilməsini tələb etmirdi. Onun diqqət yetirdiyi əsas məsələ bu kvotada azərbaycanlıların sayının artırılması və bununla da azərbaycanlı zabitlərin hazırlanması işinin genişləndirilməsi idi. Hətta bütün kvotanın azərbaycanlılar hesabına ödənilməsinin mümkünlüyünüistisna etmirdi və əlaqədar orqanlardan da məsələyə məhz belə yanaşılmasını tələb edirdi. Heydər Əliyev böyük uzaqgörənliklə bəyan edirdi ki, milli hərbi kadrların hazırlanmasına başlamasaq, gələcək nəsillər bunu bizə bağışlamaz.

 

Məhz bu çıxışından sonra elə Heydər Əliyevin rəhbərliyi altında respublikada son dərəcə gərəkli və milli məzmunlu işlərin başlanğıcı qoyuldu. Milli zabit kadrlarının hazırlığı, əslində, milli-strateji bir xətt kimi qəbul edildionun həyata keçirilməsi üçün zəruri addımlar atılmasına başlandı. Ölkə hərbi məktəblərinə respublika gənclərinin hazırlığının artırılması üçün 1971-ci ildə Heydər Əliyev Azərbaycanda daSuvorovtipli internat məktəbin açılması, ali hərbi məktəblərə daxil olmaq istəyənlərə hələ məktəb yaşlarından hərb işinin öyrədilməsi təşəbbüsünü irəli sürdü.

 

Azərbaycanın ictimai-siyasi həyatında, hərbi kadr hazırlığı tarixində böyük əhəmiyyət kəsb edən bu təşəbbüs həmin dövr üçün kifayət qədər cəsarətli bir addım idi. Çünki hərbi işdə monopoliyanı əlində saxlyan İttifaq hakimiyyəti hərbi kadrlar hazırlığıda öz diqtəsinə və marağına uyğun həyata keçirir və “Suvorovtipli internat məktəbinin Rusiya hüdudlarından kənarda açılmasını məqsədəuyğun saymırdı. Bununla bağlı mərkəzdən güclü təzyiqlər göstərilməsinə baxmayaraq, elə 1971-ci ilin yayında xüsusi internat məktəbin yaradılması Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK bürosunun müzakirəsinə çıxarıldı. Həmin il iyul ayının 23-də keçirilmiş MK bürosunun iclası “Xüsusi orta internat məktəbin yaradılması haqqında” qərar qəbul etdi.

 

Qərara əsasən, Zığ qəsəbəsində yerləşən 2 N-li səkkizillik internat məktəbi təkmilləşdirilərək Xüsusi orta internat məktəbə çevrilməli idi. 1971-ci ilin noyabrında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev hərbi internata bayraq təqdim etdibu məktəbə diviziya komandiri Cəmşid Naxçıvanskinin adı verildi. Bu məktəbin ilk buraxılışından cəmi 5 nəfər ölkənin ali hərbi məktəblərinə daxil olsa da, bununla Azərbaycanda hərbi kadr hazırlığının yeni bir istiqamətinin və mərhələsinin əsası qoyuldu.

 

Bu məktəb fəaliyyətə başlayandan sonra ölkə hərbi məktəblərinə göndərilən azərbaycanlıların sayı da artmağa başladı. 1972-1977-ci illər ərzində ölkənin hərbi məktəblərinə Azərbaycandan 8208 gənc seçilib göndərildi ki, onlardan 3398 nəfəri azərbaycanlı idi. İlk beş il ərzində hərbi məktəblərə göndərilən gənclərdən 2153 nəfəri sınaq imtahanlarını uğurla keçib kursant adını qazandılar. Onlardan da 694 nəfəri azərbaycanlı idi.

 

1981-ci ildə azərbaycanlıların ali həbi məktəblərə göndərilməsində bir dönüş yarandı. Həmin il ölkənin ali hərbi məktəblərinə sənəd verənlərin sayı 2405 nəfərə qədər artdı ki, onlardan 804 nəfəri istəklərinə çatdı. Daxil olanların yarıdan çoxu – 416 nəfəri azərbaycanlı idi. 1982-ci və hətta 1983-cü ildə də respublika gənclərinin ali hərbi məktəblərə üstün marağı qalmaqda davam edirdi. 1982-ci ildə respublikadan 1086 nəfər ölkənin müxtəlif ali hərbi məktəblərinə daxil olmuşdu ki, onlardan da 619 nəfəri azərbaycanlı idi. 1983-cü ildə bu rəqəm daha da artdı. Respublikadan ölkənin ali hərbi məktəblərinə daxil olan 1206 nəfərin 812 nəfəri azərbaycanlı idi.

 

Heydər Əliyevin respublikanın rəhbəri seçildiyi ilk illərlə müqayisədə hərbi məktəblərə daxil olan azərbaycanlıların sayı, təxminən, 20 dəfə artmışdı. Yəni 1971-ci ildə cəmi 46 azərbaycanlı ali hərbi məktəblərə daxil olmuşdusa, 1983-cü ildə onların sayı yuxarıda qeyd edildiyi kimi, 812 nəfərə çatmışdı. 1981-83-cü illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində və Xəzər Ali Hərbi Dənizçilik Məktəbində respublika gəncləri üçün müvafiq olaraq 225 və 125 yer ayrılmışdı. Bu yerlərə daxil olanların da böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdilər.

 

Heydər Əliyevin milli hərbi kadrlar hazırlanması siyasətinin nə qədər cəsarətli və milli-strateji əhəmiyyətə malik olması, respublika rəhbərinin uzaqgörənliyinin sovet ehkamlarının və qadağalarının hüdudlarını necə aşması bu gün bütün aydınlığı ilə görünməkdədir. Məhz Heydər Əliyevin qayğısı və tələbkarlığı altında hazırlanan çoxsaylı azərbaycanlı zabitlər müstəqil Azərbaycan Respublikasının milli ordusunun zabit heyətinin ilkin bazasını təşkil etdilər və onlar Silahlı Qüvvələrin formalaşmasında əhəmiyyətli xidmətlər göstərdilər.

 

Azərbaycanlı zabit kadrlarının hazırlanması üçün uzaqgörənliklə qəbul edilmiş olan milli-strateji xətt Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının rəhbərliyinə qayıdışından sonra bir daha təsdiqləndi və onun yeni səviyəyə qaldırılması üçün Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin rəhbərliyi altında son dərəcə dəyərli addımlar atıldı. Bunun nəticəsidir ki, indi Azərbaycanda hərbi təhsilin mükəmməl bir bazası formalaşdırılmışdır.

 

 

 

Mehman SÜLEYMANOV,

tarix elmləri doktoru,

ehtiyatda olan polkovnik

Xalq qəzeti.- 2016.- 25 iyun.- S.9.