Lələtəpənin qalib şəhidi

 

 

 

İnsan həyatının dəyəri illərlə deyil, əməllərlə, Vətənə, xalqa, el-obaya təmənnasız xidmətlə ölçülür. Böyük Cavidin məşhur misraları yada düşür: “Həyat var ki, ölüm qədər zəhərli, ölüm var ki, həyat qədər dəyərli”.

 

Xoşbəxt o kəslərdir ki, ölümündən sonra əbədiyaşarlıq qazanır.  Vüqar Natiq oğlu Süleymanov da belələrindəndir. O, az yaşasa da,  layiqli bir övlad kimi Vətən qarşısında son borcunu şərəflə verdi. Mənalı ömür yolu ilə, şəhidlik zirvəsinə ucalmaqla  yaşıdlarına örnək oldu. Qərinələr keçəcək, gələcək nəsillər onu igid, cəsur, mərd döyüşçü, layiqli vətəndaş kimi minnətdarlıqla xatırlayacaqlar. Axı o, nəsillərə nümunə ola biləcək qəhrəmandır. Qəhrəmanlar, qəhrəmanlıq isə heç zaman unudulmur. Vüqar kimi qəhrəmanlar cismən aramızda olmasalar da, mənən qəlblərdə yaşayacaq, hər an ehtiramla xatırlanacaqlar.

 

Şəhid döyüşçümüzün dayısı, Qobustan qış otlaqlarının su təminatları sistemləri istismarı  idarəsinin rəisi Rövşən Pənahovun dediklərindən: – Vüqar son dərəcə mərd,  cəsur və ağıllı bir gənc idi, qohumlarının, əzizlərinin və dostlarının sevimlisiydi.  O, 1993-cü il yanvarın 20-də Azərbaycanın dilbər guşələrindən olan Şəkinin Böyük Dəhnə kəndində zəhmətkeş bir ailədə doğulmuşdu. Xətai rayonundakı 95 saylı orta məktəbi bitirdikdən sonra  Bakı Slavyan Universitetinə daxil olmuşdu. Ali təhsilini müvəffəqiyyətlə başa vuran Vüqarın qəlbi  xalqımızın digər vətənsevər övladları kimi Vətən, torpaq sevgisi ilə döyünürdü. Elə məhz bu səbəbdəndir ki, gözlərinin zəif olması ucbatından möhlət hüququ olmasına baxmayaraq, könüllü olaraq hərbi xidmətə  yollanmışdı.

 

Əvvəlcə Lənkərandakı N saylı hərbi hissədə iki aylıq kurs keçmişdi. Sonra isə Füzuli istiqamətində N saylı hərbi hissədə kəşfiyyat manqasının komandiri vəzifəsində xidmətini davam etdirməyə başlamışdı. İndi haqqında iftixarla, qürur hissi ilə danışdığım bacım oğlu Vüqar döyüşə yollananda ürəyində bir istək  vardı: nəyin bahasına olursa-olsun, torpaqlarımız tezliklə mənfur düşmənin tapdağından azad edilməlidir! Döyüşlərdə ölümün gözünə dik baxan Vüqar  hər an Vətənin taleyini düşünürdöyüş yoldaşlarına deyirmiş: “Biz mütləq qələbə qazanacağıq! Kim daha qəzəblə, intiqam hissilə vuruşsa, canını, qanını əsirgəməsə, o da qalib gələcək”. Döyüş yoldaşlarının dediklərinə  görə, ağır aprel döyüşlərində Vüqar rəşadətlə, qəhrəmancasına vuruşurdu.

 

Onu da deyim ki, Vüqar bu il aprelin 4-də Füzuli rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyinin alınması uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirən zabitlərlə çiyin-çiyinə vuruşub qəhrəmancasına həlak olan yeganə əsgər olub. Bu da, çox güman ki, onun yüksək döyüş məharətinə malik olmasından, cəsur və qəhrəmanlığından irəli gəlirdi. Təəssüf ki, bu onun son döyüşü oldu. O ağır ölüm-dirim savaşında döyüşçü dostları ilə birlikdə qəhrəmancasına həlak olan Vüqar bir daha geriyə, doğmalarının—valideynlərinin, bacılarının yanına qayıda bilmədi. Onun nəsibi isə çətin fəth olunan əzəmətli, möhtəşəm şəhidlik zirvəsindən boylanan səadəti oldu.

 

 Vüqar subay idi. Cəmi 23 yaşında Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda dünyasını dəyişdi. Şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşdu. Ona tuşlanan düşmən gülləsi isə əslində  hər birimizin ürəyini dəlib keçdi, həmişə sızlayan, döyünən  qəlbimizdə dağa çevrilən yaraya döndü. Aprel döyüşlərində xüsusi şücaət göstərən cəsur əsgər və zabitlərimiz dövlət başcısı cənab İlham Əliyevin xüsusi sərəncamı ilə yüksək fəxri ada layiq görüldülər, bir sıra ordenmedallarla təltif edildilər. Bu siyahıda şəhid balamız Vüqarın da adı var. Vüqar Süleymanov ölümündən sonra hərbi xidmətdə fərqləndiyinə görə III dərəcəli medalla təltif olundu.

 

Gənc ikən həyatdan nakam köçən Vüqar ailəsini, valideynlərini gözü yaşlı qoysa da, ancaq bu göz yaşlarında bir duruluq, qürur hissi duyulduğunu da sezmək olar. Axı Vüqar Süleymanov kimi qəhrəmanlar təkcə valideynlərinə, ailəsinə deyil, həm də Vətəninə, millətinə baş ucalığı gətirən, şəhidlik zirvəsindən gələcəyə boylanan, mənən diri qalaraq əbədi yaşayanlardan, şərəfli ölümü ilə ürəklərdə əzəmətli abidə ucaldanlardandır. Həyatın qəribə təzadları var. Xalqa, Vətənə, el-obaya həyan, dayaq olan, bütün varlığı ilə doğulub böyüdüyü, onu ərsəyə gətirən torpağa bağlı, cəsur, yenilməz insanlar, nədənsə, bəzən aramızdan vaxtsız-vədəsiz gedirlər. Belə itki üçün isə yanıb-yaxılmamaq olmur...

 

Doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vüqar Natiq oğlu  Süleymanovun ruhu indi Vətən torpaqlarında, gəzdiyi, suyunu içib havasını udduğu ana yurdu Şəkidə  dolaşır. Şəhidlərimizin müqəddəs ruhları qarşısında hamımız baş əyirik. Axı Vüqar  kimi qəhrəmanlar Vətənin azadlığı və müstəqilliyi yolunda əbədiyyətə qovuşmuşlar. Allah Vətən yolunda, torpaq uğrunda canlarını qurban verən bütün şəhidlərimizə rəhmət eləsin! Amin!

 

Şamil MƏMMƏDƏLİOĞL

Xalq qəzeti.- 2016.- 25 iyun.- S.10.