Azərbaycan xalqı Silahlı Qüvvələrimizin qarşıda duran vəzifələri şərəflə yerinə yetirəcəyinə inanır

 

 

26 İyun – Silahlı Qüvvələr Günü

 

 

Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır.

 

Heydər Əliyev

Ümummilli lider

 

 

 

 

 

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 98 il ötür. Ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətləri sayəsində formalaşan  sürətli inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla yerinə yetirir. Cari ilin aprel döyüşlərində ordumuz bir daha təsdiqlədi ki, son illər ərzində aparılan hərtərəfli islahatlar bəhrəsini vermişdir və Silahlı Qüvvələr qarşısında qoyulmuş vəzifələri operativ və yüksək səviyyədə reallaşdırmaq qüdrətindədir.

 

Böyük dövlətlərin maraqlarının kəsişdiyi mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycan fərqli məzmun və xarakter etibarilə böyük tarixi hadisələrin cərəyan etdiyi ölkə kimi tanınır. Milli maraqlarını qorumaq məqsədilə iri dövlətlərin müxtəlif təzyiqlərinə məruz qalan, lakin haqlı mübarizəsini hər zaman davam etdirən Azərbaycan xalqı işğalçıların məkrli planlarına və niyyətlərinə rəğmən öz mövcudluğunu qoruyub saxlaya bilmiş və azadlığa aparan yolda inamla addımlamışdır. Şiddətli və amansız qanlı vuruşmalar babalarımızın ədalət uğrunda mübarizə aparmaq və müstəqil dövlət qurmaq əzmini sarsıda bilməmiş, zəngin tarixi və mədəni irsin, döyüş və əzmkarlıq ənənəsinin, suverenliyimizinordumuzun yadigar qalması üçün əllərindən gələni əsirgəməmişlər. Buna görə də, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması uzun illər həsrətində olduğumuz müstəqilliyə qovuşmağımıza və Milli Ordu quruculuğunda mühüm mərhələnin əsasının qoyulmasına imkan vermişdi. Erməni və bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan gənc hökumət 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etmişdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olunmuş və Azərbaycanda Milli Ordunun təməli qoyulmuşdu. 1918-20-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa intizama malik Milli Ordu hissələri formalaşdırılmışdı. Ancaq Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra ordu quruculuğu sahəsində görülən işlər dayandırılmışdı. Azərbaycan müstəqilliyini itirməklə yanaşı, Milli Ordusundan da məhrum edilmişdi. Respublikamız 70 il mövcud olmuş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) üzvü kimi yaşamağa başlamışdı.

 

Ancaq SSRİ-nin tərkibində olmasına baxmayaraq, Azərbaycanda hərbi kadrların yetişməsi prosesi dayanmamışdı. Doğrudur, sovetlər dövründə məqsədli şəkildə azərbaycanlılar arasında hərbi kadrların hazırlanmasına diqqət verilmirdi. Lakin ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər təyin edildikdən sonra ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələlərinə diqqət yetirilməyə başlanılmışdı. Ulu öndərin səyləri sayəsində 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb – Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılmışdı. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılması keçmiş SSRİ rəhbərliyi tərəfindən məqbul sayılmırdı. Həmin dövrdə Bakıya göndərilən komissiyaların Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışmaları da sirr deyil. Yalnız böyük siyasi xadim Heydər Əliyevin tutarlı cavabları və məharətli siyasəti nəticəsində bu cəhdlərin qarşısı alınmışdı. Liseyin fəaliyyəti də Azərbaycanda hərb sənətinə marağın güclənməsinə və  azərbaycanlı zabit kadrların hazırlanmasına imkan yaratmışdı. Buna görə də, təsadüfi deyildir ki,  Cəmşid Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğunda əsas bazalardan biri olmuşdu.

 

Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusu hesab edilir. Lakin bu gücün qazanılmasına aparan yol heçasan olmamışdır. 1993-cü ilin iyun ayınadək olan müddətdə ölkədə nizami ordunun olmaması Dağlıq Qarabağ regionunda erməni işğalının qarşısının alınmasında böyük problemlərin yaranmasına gətirib çıxarmışdı. Halbuki, məşhur rus sərkərdəsi Aleksandr Suvorovun dediyi kimi, nizam-intizam qələbənin anasıdır. Qarşıya qoyulmuş strateji hərbi tapşırıqların öhdəsindən də ancaq nizamlı ordu birləşmələri gələ bilər. Lakin 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa edən Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşməsi ordu quruculuğu prosesinin dərin böhrana yuvarlanmasına səbəb olmuşdu. O zaman Ali Sovet Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, güclü və nizamlı ordunun yaradılması istəyi, sadəcə, kağız üzərində qalmışdı. Ölkədəki ağır vəziyyət və iqtidarın yürütdüyü naşı siyasət nəticəsində yaranmış xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyətdən istifadə edən erməni silahlı birləşmələri də torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr müqəddəs vəzifələrini – torpaqlarımızı qorumaq əvəzinə müxtəlif qrupların maraqlarına qulluq göstərirdilər.

 

Ölkəmiz və müstəqilliyimiz üçün yaranmış təhlükəli vəziyyət yalnız 1993-cü ilin yayında ümummilli lider  Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra sovuşmuş, ordu quruculuğu istiqamətində təxirəsalınmaz mühüm addımlar atılmışdı. Atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun güclənməsi prosesi daha da sürətlənmiş, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılmışdı.

 

Bu gün Azərbaycan Ordusu sürətlə güclənir və bu faktı dünyanın müxtəlif araşdırma mərkəzləri də qeyd edirlər. Məsələn, “Global Firepower” saytının (http://www.globalfirepower.com/countries-listing.asp) tərtib etdiyi yeni siyahıya əsasən, Azərbaycan postsovet məkanının ən güclü 5-cü ordusuna malikdir. 2014-cü ildə 106, 2016-cı ildəsə 126 ölkənin yer aldığı siyahıda ölkənin ümumi iqtisadi gücüstrateji qaynaqlara yaxınlığı kimi bir çox amillər nəzərə alınmışdır. MDB məkanından siyahıda ən yüksək yer Rusiyaya məxsusdur. Şimal qonşumuz siyahının 2-ci pilləsində qərarlaşmışdır. Siyahıda 30-cu yerdə gələn Ukraynanın hərbi büdcəsi 4,8 milyard dollar göstərilmişdır. MDB və postsovet məkanı üzrə 5-ci, ümumi siyahıda isə 60-cı yer Azərbaycana məxsusdur. Cənubi Qafqazın ikinci ordusuna malik Gürcüstan isə bu siyahıda 80-ci yerlə kifayətlənmişdir. 2014-cü il reytinq cədvəlinə düşə bilməyən Ermənistana bu dəfə siyahıda 94-cü yer verilmişdir. Göründüyü kimi, Azərbaycan işğalçı Ermənistanı böyük üstünlüklə qabaqlayır.

 

Global Firepower” saytının məlumatına görə, Ermənistanın hərbi büdcəsi 225 milyon dollar təşkil edir. Hərbi büdcələr arasında müqayisə də belə deməyə əsas verir ki, rəsmi İrəvan Azərbaycan Silahlı Qüvvələrinin intensiv inkişafı və müasirləşməsi qarşısında acizdir. Saytda qeyd edilmiş rəqəmlər (hərbi silah-sursat, şəxsi heyət və s.) Azərbaycan Ordusunun bütün parametrlər üzrə işğalçı Ermənistan silahlı qüvvələri üzərində müqayisəyəgəlməz üstünlüyə malik olduğunu təsdiqləyir.

 

“Azərbaycanın gücü onun birliyindədir. Azərbaycan müstəqil dövlət kimi böyük zirvələrə çata bilmişdir. Dünya miqyasında çox böyük nüfuza malikdir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paradda çıxışı zamanı demişdi. Azərbaycanın nəinki regionda, dünya miqyasında çox etibarlı tərəfdaşa çevrildiyini vurğulayan dövlət başçısı bildirmişdi ki, ölkəmizin xarici siyasətilə bağlı bütün təşəbbüslər sülhə, əmin-amanlığa, beynəlxalq əməkdaşlığa istiqamətlənmişdir.

 

Ulu öndər Heydər Əliyev də məqsədimizin müharibə etmək olmadığını, ordumuzun yaranmasının, formalaşmasının, möhkəmlənməsinin yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazım olduğunu bildirirdi.  Ümummilli lider düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istədiyimizi diqqətə çatdırırdı. Lakin Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan hökuməti təcavüzkar siyasətindən əl çəkmir, zəbt etdikləri torpaqları həqiqi sahibinə – Azərbaycan xalqına qaytarmaq istəmir. Rəsmi İrəvan həyata keçirdiyi işğalçılıq siyasətilə bölgədə sabitliyi tətikləyir və regionda sülhün bərqərar olmasına sədd çəkir.

 

Lakin cari ilin aprel ayının əvvəlində təxribata əl ataraq, Azərbaycana xətər yetirmək istəyən Ermənistan hökuməti Milli Ordumuzun güclü cavabı nəticəsində işğalçılıq siyasətinin dalana dirəndiyinin fərqinə vardı. Ermənistan hökuməti “dördgünlük aprel döyüşləri” kimi tarixə düşən həmin hərbi əməliyyatda Azərbaycan əsgərinin son illərdə nə qədər gücləndiyini və az güclə qısa zaman kəsiyində böyük ərazilər azad etmək qüdrətində olduğunu anladı. Mayın 9-da Heydər Əliyev Mərkəzində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüfaşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda  Prezident İlham Əliyevin dediyi kimi, “aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər”.

 

Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə də fərqlənir. Son 7-8 ildə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilmişdir. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair bir sıra ölkələrlə müqavilələr imzalanmışdır. Rəsmi Bakı yalnız xaricdən ən yeni silahlar almır, həm də daxili istehsala xüsusi diqqət yetirir. Ölkəmizdə onlarca hərbi zavod işləyir və 750 adda hərbi təyinatlı məhsul, atıcı silahlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, pilotsuz uçuş aparatları və zirehli texnika istehsal edilir. Məqsəd aydındır:Azərbaycan Ordusu daha da güclənməlidir.

 

Bu günlərdə işıq üzü görmüşİlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 29-cu cildində ölkə başçımız Silahlı Qüvvələrimizin gücləndirilməsinin vacibliyini belə izah etmişdir: “Bəzi hallarda beynəlxalq təşkilatlar bizi tənqid edirlər ki, Azərbaycan ordu quruculuğunaüçün bu qədər vəsait ayırır? Birincisi, bu bizim işimizdirheç kimə dəxli yoxdur. Biz kasıb olanda, imkanlarımız olmayanda, bizə əl tutan olmamışdı, indi isə bizə məsləhət verməyə çalışırlar ki, bu vəsaitdən harada istifadə edək. Biz bu vəsaitdən hər yerə istifadə edirik. Həm məktəb tikirik, xəstəxana tikirik, yol çəkirik, elektrik stansiyaları tikirik və həm də ordumuzu gücləndiririk və gücləndirəcəyik. Bizim artan ordu potensialımız danışıqların tezliklə başa çatmasına xidmət edir”. Göründüyü kimi, dövlət başçısı ordu quruculuğu prosesinin kənardan hər hansı bir təsir olmadan bundan sonra da inkişaf edəcəyini bildirmiş və Silahlı Qüvvələrimizin gücləndirilməsinin başlıca məqsədinin işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsindən ibarət olduğunu vurğulamışdır.

 

Bu gün Azərbaycan dövləti erməni işğalına son qoymaq üçün ordunun qüdrətini durmadan artırır. Prezident İlham Əliyev çıxışlarında da dəfələrlə vurğulamışdır ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmləndirilməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir:Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazımdırsa, Azərbaycan dövləti edir”.

 

Sosial-iqtisadi inkişaf, yürüdülən fəal xarici siyasət və beynəlxalq siyasi arenada oynanlan əhəmiyyətli rol Azərbaycan Milli Ordusunun davamlı inkişafının dönməz xarakter almasına və milli maraqlarımızın yüksək səviyyədə təmin olunmasına münbit şərait yaradır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq çətin və ağır dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq”. Həmin zəfər günüuzaqda deyil.

 

Səbuhi MƏMMƏDOV

Xalq qəzeti.- 2016.- 26 iyun.- S.4.