Milli ruhumuzun təsdiqi
olan ana dilimizi qoruya bilirikmi?
“Xalqın dili onun
ruhudur və xalqın ruhu onun dilidir – bundan da güclü olan
eynilik təsəvvür etmək çətindir”. Dil haqqında söylənilmiş son dərəcə
möhtəşəm bu fikrin müəllifi alman fəlsəfi
dilçilik məktəbinin banisi Vilhelm Humboldtdur.
Məqaləyə məşhur filosof və dilçi
alimin sözləri ilə başlamağım təsadüfi
deyildir. Sivilizasiyanın bugünkü inkişaf mərhələsinə
gəlib çıxmış xalqların hamısı əldə
etdiyi və yaratdığı bütün maddi və mənəvi
sərvətlərinə görə öz doğma dillərinə
borcludur. Milli dəyərlər
sırasında dilin müqayisəyəgəlməz müstəsna
əhəmiyyəti vardır. Xalqın və
dövlətin digər atributlarının da ictimai
şüura çatdırılması, sosiallaşması
bilavasitə dilin sayəsində mümkün olur. Dil millətin özünütəsdiqidir. Qədim inkişaf tarixinə və zəngin
lüğət tərkibinə malik Azərbaycan dili də
xalqımızın milli şüurunun aynasıdır.
Millətin müstəqilliyi və azadlığı
onun milli birliyini təmin edən dilindən də bu və ya
digər formada asılıdır. Xalqlar işğala məruz
qaldıqda onların dili də yad təsirlər altına
düşür. Azərbaycan xalqı
ikinci dəfə öz müstəqilliyinə sahib
çıxdıqda onun dili də azadlığa
qovuşmuşdur. Bu fikrə bəziləri
ironiya ilə yanaşa bilərlər. Onlara
aydın olması üçün sadə bir nümunə
göstərsəm, yəqin, mənimlə razılaşarlar.
Sovet dövrünə mənsub Azərbaycan mətbuatında
dil birmənalı şəkildə monotonluğa məcbur
edilmişdir. Ən geniş
yaradıcılıq imkanlarına malik olan publisistik janrda belə
yaradıcılığa süni maneələr yaradan “qəliblər”
müəyyənləşdirilmişdir. Buna aid ən
xırda bir misal göstərim: Mübtəda cümlənin əvvəlində,
xəbər cümlənin sonunda gəlməli idi. Bu qayda Azərbaycan dili üçün səciyyəvidir.Ancaq
bədii və publisistik materiallar üçün bu tələb
vahid standart sayıla bilməz.
Etiraf edək ki, dil faktoru üçün olduqca qısa
bir müddət sayılan müstəqillik dönəmində
Azərbaycan dili sıçrayışlı bir inkişaf
yolu keçmişdir. Azərbaycan dilinin bu
sıçrayışlı inkişafını mətbuatımızın
müasir tərəqqisində əyani şəkildə
görmək mümkündür. Bütün
bu çağdaşlıq yalnız alqışlanmağa
layiqdir. Ancaq müxtəlif səbəblərdən
kütləvi informasiya vasitələrində Azərbaycan
dilinin normaları, demək olar ki, hər gün pozulur. Bügünkü mətbuatımızın ən
böyük qüsuru onun orfoqrafik səhvlərlə dolu
olmasıdır.Bu məqamda onu da qeyd edim ki, bu sarıdan
internet mediasında vəziyyət daha acınacaqlıdır.
Böyük,
yoxsa kiçik hərf: bu, xırda məsələ deyil
Düzgün yazı təliminin yeganə istinad mənbəyi
orfoqrafiya qaydalarıdır. Azərbaycan dilinin
orfoqrafiya qaydaları da onun düzgün yazı təliminin əsasını
təşkil edir. Bu qaydalar Azərbaycan
dilinin vahid yazı (unifikasiya) təlimini
formalaşdırmışdır. Kütləvi
informasiya vasitələrində bu qaydalara əməl edilmədikdə
hərc-mərclik yaranır. Unutmayaq ki, dil
bizi birləşdirən ən unikal dəyərdir. Hər kəs istədiyi (bildiyi) kimi yaza bilməz.Yazı
təlimində fərdi münasibət yoxdur, burada hakim
yalnız orfoqrafiya qaydalarıdır. Elə
bu fərdiçiliyin (özfəaliyyətin)
qarşısının alınması üçündür
ki,"Azərbaycan dilinin orfoqrafiya qaydaları" Azərbaycan
hökuməti – Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq olunur. Dilin canlı orqanizm kimi daim inkişafda olması
bütün tanınmış dünya dilçiləri tərəfindən
birmənalı şəkildə təsdiqlənmiş həqiqətdir.
Bu inkişaf daxili və xarici faktorlar hesabına
baş verir. Azərbaycanın XX əsrdə
ikinci dəfə müstəqillik əldə etməsi
xalqı birləşdirən dilin də azad və müstəqil
inkişafına təkan vermişdir. Azərbaycan
dili daxili və xarici faktorların sayəsində yeni sözlərlə
zənginləşmişdir. Müstəqillik amilinin təsiri
ilə yaranmış iki nümunəyə diqqət yetirək:
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktı və Sülh Naminə Tərəfdaşlıq
Proqramı. Bu mürəkkəb adlardan birincisi məfhum və
söz olaraq sırf öz doğma dilimizə məxsusdur.
İkinci mürəkkəb ad bir məfhum olaraq
ingilis dilində yaranmış, sonradan digər dünya dilləri
kimi, bizim dilimizə də tərcümə edilmişdir.
Hər iki mürəkkəb ad mətbuatda çox
yanlış formada yazılır. Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı mürəkkəb adının
yazılışına mətbuat və internet səhifələrində
bir neçə variantda rast gəlirik. Bu mürəkkəb
adın mətbuat səhifələrində ən geniş
yayılmış versiyası belədir: Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya aktı . Azərbaycan
dilinin orfoqrafiya qaydalarına əsasən mürəkkəb
adların tərkibində yalnız yardımçı
sözlər kiçik hərflə yazılır. Əslində, bu mürəkkəb adda haqqında
köməkçi sözündən başqa, digərləri
böyük hərflə yazılmalıdır.
Mətbuat səhifələrində Sülh Naminə Tərəfdaşlıq
Proqramı mürəkkəb adında isə yalnız
sülh böyük yazılır. Bu cür
yazılış kökündən səhvdir. Digər mürəkkəb adlar kimi, bunun da hər
bir sözü böyük hərflə
yazılmalıdır.
Mətbuat səhifələrində bəzi mürəkkəb
adların tərkibində yalnız “hökumətlərarası
dövlət komissiyası” söz birləşməsi
böyük, digərləri kiçik hərflərlə
yazılır.
Məsələn, iqtisadi əməkdaşlıq
məsələləri üzrə hökumətlərarası
Dövlət Komissiyası. Əslində,
bu mürəkkəb adda da üzrə köməkçi
sözündən başqa, yerdə qalanlar böyük hərflə
yazılmalıdır. Hər iki nümunədə
sözlər xüsusiləşərək mürəkkəb
ad yaratmışdır.Buna görə də onun tərkibindəki
köməkçi sözlərdən başqa, digərləri
böyük hərflərlə yazılmalıdır.
Dövlətin və xalqın müasir dünyaya
inteqrasiyasını əyaniləşdirən onun dilidir. Bu gün Azərbaycan
Respublikasının birbaşa iştirakı ilə Avropa qitəsində
nəhəng enerji layihələri həyata keçirilir.
Avropa üçün tamamilə yeni olan bu
möhtəşəm layihələr gerçəkləşdikcə
bütün dünya dilləri üçün neologizmlər
də meydana gəlir. Çox təəssüflər
olsun ki, bu sözlərin yazılışında bir hərc-mərclik
hökm sürür. Bu enerji layihələrinin
reallaşması prosesində yaranmış Transanadolu (qaz boru
kəməri), Transadriatik (qaz boru xətti) sözlərinin mətbuatımızdakı
yazılış formalarına diqqət yetirək. Bu
sözlər mətbuat səhifələrində çox
müxtəlif formalarda yazılır: TransAnadolu, Transanadolu,
Trans-Anadolu, TransAdriatik,Transadriatik,
Trans-Adriatik. Hətta bu sözlərin
dırnaqda yazılan formasına da rast gəlinir.
Fikrimizcə, mürəkkəb adın tərkib hissəsi
olan bu sözlər bir vurğu ilə deyildiyi
üçün bitişik yazılmalıdır: Transanadolu,
Transadriatik. Əslində, bu mürəkkəb adın tərkibindəki
sözlərin hər biri böyük hərflə
yazılmalıdır: Transanadolu Qaz Boru Kəməri,
Transadriatik Qaz Boru Xətti.
Bu qəbildən olan digər bir mürəkkəb
adın yazılışına diqqət yetirək. Cənub Qaz Dəhlizi
mürəkkəb adının da çox fərqli
yazılış formasına rast gəlirik. Bir variantında cənub sözü böyük hərflə
dırnaqda verilir, digər sözlər kiçik hərflərlə
yazılır. İkinci bir variantda cənub
sözü böyük hərflə yazılmaqla, mürəkkəb
ad bütövlükdə dırnaqda yazılır. Dırnaq işarəsinin yalnız layihə
sözü işlənildikdə yazmaq səhv sayılmaz.
(“Cənub Qaz Dəhlizi ” layihəsi).
Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondu mürəkkəb adında
da ehtiyat fondu sözləri mətbuat səhifələrində
yanlış olaraq çox vaxt kiçik hərflərlə
yazılır (peşə fəaliyyətimlə əlaqədar
olaraq bir neçə ildir ki, iş prosesində bu səpkili
sözlərin düzgün yazılışını bərpa
edirəm – X.G).
Artıq ənənə halını alıb, internet
sözü işlənmə yerindən asılı olmayaraq,
hər yerdə böyük hərflə yazılır. Bu, ənənə
yox, sadəcə, səhvin ortaya çıxardığı
məntiqi əsası olmayan bir vərdişdir. Bunun səbəbini həmin sözü böyük
hərflə yazan müəlliflərdən soruşanda
heç bir izah verə bilməyiblər. Onlar yalnız
özlərinə belə bəraət qazandımaq istəyiblər:
bu söz hər yerdə – qəzetdə, jurnalda böyük hərflə
yazılır. Həmin yazarlara deyirəm ki, bəs, onda
telefon, televizor, radio, maqnitofon və s. sözləri niyə
böyük hərflə yazmayaq?! Bu məqamda
cavab vermək çox çətin olur.
Mətbuat səhifələrində kiçik təşkilat
və qurumların (əlbəttə, orfoqrafiya qaydalarında
böyük və kiçik təşkilatın fərqi
yoxdur) baş direktoru sözü böyük hərflə
yazılır, amma BMT və NATO kimi beynəlxalq təşkilatların
baş katibi sözləri kiçik hərflə
yazılır.
Məsələn, Ümumdünya Turizm
Agentliyinin Baş direktoru mürəkkəb adında baş
sözü böyük hərflə yazılır, ancaq BMT və
NATO-nun baş katibi sözündə baş sözü
kiçik hərflə yazılır. Bu, ən
azı məntiqsizlikdir.
Azərbaycan mətbuatında ən geniş yayılmış
səhvlərdən biri də dırnaq işarəsindən
yeri gəldi-gəlmədi istifadə etməkdir. Azərbaycan
dilinin orfoqrafiya qaydalarında dırnaq işarəsinin
hansı hallarda işlənilməsi aydın şəkildə
göstərilib. Mətbuatımızın
səhifələrində heç bir orfoqrafik tələb olmadan
geninə- boluna qoyulmuş dırnaq işarəsinə rast gəlirik.
Məsələn, Şirvan Elektrik
Stansiyasında Şirvan sözü dırnaqda yazılır.
Çox qəribədir ki, bunun ardınca elə
həmin mətndə Şirvan Rayon İcra Hakimiyyəti və
Şirvan Olimpiya Kompleksi dırnaqda yazılmır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bəzi
sözlər ilkin mənalarından fərqləndirilmək
üçün, çox haqlı olaraq, dırnaq işarəsində
yazılır.
Məsələn, “Azəri”,"Çıraq" neft
yataqları,"Üfüq" İstehsalat Birliyi, “Araz”
zavodu və s.Bu tipli sözlərdə dırnaq işarəsinin
qoyulması vacibdir.
Daha bir dəb düşüb. Kütləvi şəkildə
əksər mətbuat səhifələrində ARDNŞ əvəzinə,
SOCAR yazılır. (SOCAR işçi
axtarır. SOCAR-ın nə qədər
işçisi var?) Niyəsi əllaməçilikdir,
ayrı şey deyil. Məlumdur ki, SOCAR
ARDNŞ-in ingilis dilində olan
qarşılığıdır. Azərbaycan
neftinin beynəlxalq aləmdə tanınması
üçün bu səsləniş, bu brend
yaxşıdır. Milli mətbuatda isə
bu abreviatura Azərbaycan dilində yazılmış
versiyasından sonra mötərizədə verilə bilər.
Azərbaycan dilində nəşr olunan kütləvi
informasiya vasitələrində SOCAR abreviaturasına heç
bir bir lüzum yoxdur.
Söz
yerinə düşməyəndə...
Yazılı kütləvi informasiya vasitələri
sayılan qəzet-jurnal səhifələrində və
internet saytlarında orfoqrafik səhvlərlə yanaşı,
saysız-hesabsız qrammatik, fakt və üslub xətaları
ilə də qarşılaşırıq. Mətbuat səhifələrində
ən çox aşağıda qeyd edəcəyimiz səhvlərə
rast gəlinir: 1.Cümlədə söz sırasının
pozulmasına (inversiya), 2.Sözlərin yerində
düzgün işlədilməməsinə. Hər iki tip səhv,
cümlənin məzmununa ciddi təsir göstərir, fikir
dolaşıqlığına səbəb olur. Onu
da qeyd edək ki, bu səhvlərin meydana çıxması
daha çox Azərbaycan dilini mükəmməl bilməməkdən
irəli gəlir. Cümlədə sözün yerində
düzgün işlədilməməsinə aid bir nümunəyə
baxaq: tez müddətdə əvvəlki həyat tərzinə
dönür. Bu cümlədə tez zərfi
yerində düzgün işlədilməyib. Əslində,
bu məqamda qısa sözü işlədilməli
idi.Vaxtaşırı yazılı mətbuatda belə bir xəbər
oxuyur və televiziyalardan eşidirik: Məşhur xanəndə
(subyekt fərqli də olur) avtomobil qəzası
keçirmişdir. Heç avtomobil qəzasını
da keçirmək olar? İnsan avtomobil qəzasına
düşür, infarkt və insultu keçirir (buradakı
nümunələrin konkret mənbəyi vardır. Bəzi səbəblərdən konkret mənbə
göstərilməyib).
Bəzi müəlliflər qovşaq sözü ilə qovuşuq sözünün leksik-semantik mənasını fərqləndirə bilmirlər. Mətbuatda tez -tez bu sözlərin eyni mənada işlənildiyinin şahidi oluruq. Məsələn, Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşir. Sözlərin leksik -semantik mənasına diqqət yetirsək səhv aydın olacaqdır. Qovşaq - bir neçə eynitipli şeyin birləşməsi, qovuşuq isə iki əşyanın bir-birinə bağlılığıdır. Yuxarıdakı cümlədə qovşaq yox, qovuşuğunda olmalıdır.
Uzun illərdir ( 50-60 il bundan əvvəl nəşr olunmuş kitablarda da belədir) şifahi və yazılı nitqimizdəki bir səhvi bilməyərəkdən bu günümüzə qədər gətirib çıxarmışıq. Dilimizdə və sair, və ilaxır, və başqa sözlərinin olduğu hamımıza məlumdur. Çox qəribədir ki, bu vaxtadək dilimizdəki bu sözləri yerində düzgün işlətməmişik. Azərbaycan dilində canlı- cansız və insana aid məfhumlar xüsusi kateqoriya ilə seçilir. Bu dil kateqoriyası baxımından və başqa sözü insana (şəxsə) , və sair, və ilaxir sözləri isə cansız əşyalara aiddir.Ancaq çox təəssüf ki, biz şifahi və yazılı nitqimizdə bu sözlərin yerini səhv salmışıq. Belə ki, cansız əşya və şəxs adları sadalandıqda və sair (çox vaxt bu söz ixtisarlarla belə yazılır: və s.) sözü deyilir və yazılır. Belə demək və yazmaq tamamilə səhvdir. Fikrimizi nümunə üzərində əyaniləşdirmək daha inandırıcı olar. Məsələn, Adil, Sənan, Hikmət və sair uşaqlar məktəbin həyətində futbol oynayırdılar. Bu, adi bir nümunədir. Ancaq əfsuslar olsun ki, bu cür hala Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adları sadalanan zaman da rast gəlirik. Qəti şəkildə demək olar ki, və sair , və ilaxir sözlərinin leksik-semantik mənası sırf cansız əşya ilə bağlıdır. Həmcins üzvlər sayılan şəxs adlarından sonra isə birmənalı olaraq və başqa (ları) sözü işlənilməlidir.
Bu gün mətbuat səhifələrində orfoqrafik, qrammatik , üslub və digər səhvlərin təkrarlanması daha çox iki səbəbdən qaynaqlanır: qeyri-peşəkarlıqdan, redaktor və korrektor institutunun zəifliyindən ( bir çox müstəqil qəzet və internet saytlarının redaksiyalarında korrektorun nə olduğunu belə bilmirlər). Peşəkarlıq olmadığından ədəbi dil normalarının tələbləri lazımi səviyyədə qorunmur. Elə bunun nəticəsidir ki, kütləvi informasiya vasitələri səhvlərdən xali deyildir.
Azərbaycan dilinin düzgün yazı təliminə ciddi formada əməl olunmalıdır. Bu qaydalara əməl etmək hər bir kütləvi informasiya vasitəsi subyektinə, o cümlədən hər bir müəllifə yalnız nüfuz qazandırar. Bunu bizdən əsrlərin min bir sınağından keçərək zəngin mədəniyyətin yaradıcısı və qoruyucusu olan doğma dilimiz tələb edir.
Xeybər
GÖYYALLI,
Azərbaycan
Respublikasının
Prezidenti
yanında Dövlət
İdarəçilik
Akademiyası nəşriyyatının
baş redaktoru
Xalq qəzeti.-2016.-29 iyun.-S.5.