Şəmkir: 36 aya
1314 kilometr yol. Xəyaldır,
yoxsa reallıq?
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu heç vaxt bu qədər sevinən görməmişdim. Doğrudur, son vaxtlar Şəmkirin yaddaqalan, təmtəraqlı günlərinin — müxtəlif tədbirlərin, toplantıların, müsabiqələrin, yarışların sayı həddindən artıq çoxalıb və sakinlər dəfələrlə həm bunların, həm də yeni, sosial obyektlərin, müəssisələrin açılışlarının sevincini yaşayıblar. Rayon icra hakimiyyəti ideoloji işə xüsusi önəm verir və səmərəsini də görür.
Qəzetimizin 27 oktyabr 2015- ci il tarixli nömrəsində bu qabaqcıl iş təcrübəsi barədə geniş yazı da vermişik. Ən müxtəlif tədbirlər, o cümlədən beynəlxalq səviyyəli tədbirlər çox yüksək səviyyədə təşkil olunur. Tədbirlərə əvvəlcədən böyük hazırlıq görülür, vəzifə bölgüsü aparılır, məsul şəxslərin hesabatları dinlənilir və nəticədə hər bir toplantı, görüş, müsabiqə insanlara böyük sevinc bəxş edir, onların dünyagörüşünü formalaşdırır. Amma bu dəfəki işin sevinci heç nə ilə müqayisə edilə bilməz. Zarafat deyil, on illiklərlə əl dəyməyən tozlu- torpaqlı, kələ- kötür, bəzən nəqliyyatın belə hərəkət edə bimədiyi kənd yollarının təmirinə başlanılıb.
Heç yadımdan çıxmır. Keçən il, elə bu vaxtlar rayonun Tatarlı kəndində icra hakimiyyəti başçısının səyyar görüşündən yazı hazırlamaq üçün ora gedirdik. Kəndin girəcəyindən onun mərkəzi deyilən yerədək 40 dəqiqəyə gedib çıxdıq. Çünki tez çatmaq üçün ya gərək əyləşdiyin maşından keçəsən, ya da dözəsən. O zaman Alimpaşa müəllim kənd camaatı qarşısında çıxış edərkən yolun tez bir zamanda düzələcəyinə söz vermədi. Amma dedi ki, bu barədə fikirləşirik, onun maliyyə mənbələrini axtarırıq. Özü də bir Tatarlı deyil axı. Görün Şəmkirdə nə qədər kənd var. Təkcə şəhər, qəsəbə və kəndarası yolların ümumi uzunluğu 350 kilometrdir. Yəni Bakı–Şəmkir arasındakı məsafədən cəmi 10 kilometr az. Bəs həmin o kəndarası yollar? Nə az, nə çox, düz 964 kilometrdir. Deməli üst- üstə 1314 kilometr. Başqa sözlə, Şəmkirdən Rostovadək olan bir məsafə!
... Rayon icra hakimiyyəti başçısının əhval-ruhiyyəsinin çox yüksək olmasını yalnız indi, qısa söhbətdən sonra başa düşdüm. Sən demə, artıq işə başlanılıb və rayona lazım olan texnika gətirilib. Texnika da elə belə, adi texnika deyil, lap əlasındandır.
– Hesabladıq ki, bizə 3 qreyder, 4 ədəd 14 tonluq pnevmatik torpaqyayan katok, 10 ədəd 25 tonluq “Şaqman” avtomaşını, 1 komplekt beton zavod və digər 40- dək texnika lazım olacaq, – deyə icra hakimiyyətinin başçısı artıq reallaşan işdən söz salır. Sağ olsunlar, deyir, “Akkord” Şirkətlər Qrupunun rəhbərliyi elə bir vaxtda köməyimizə gəldi ki, bilmirik necə əvəzini çıxacağıq. İstədiyimiz texnikanı, zavodu istifadəmizə verib.
Alimpaşa Məmmədovun 210 min nəfərdən
çox əhalisi olan
böyük bir rayonun hər küçəsində,
dalanında, kəndində, qəsəbəsində hansı
işlər görüləcəyi ilə bağlı vəziyyəti
dərindən bilməsi və təhlil etməsi bizi heyran etdi.
Yadıma bir qədər əvvəl
rayon icra hakimiyyəti
başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Çingiz Həsənovun dedikləri düşdü. İcra
hakimiyyətinin nümayəndəsi deyirdi
ki, Alimpaşa müəllim
sakinlərlə tez- tez
görüşməyi sevir. Siz maraq üçün
bircə dəfə onunla gedin.
Görəcəksiniz ki, hamını adbaad tanıyır, kimin harada işləməyindən, kimin neçənci sinifdə, neçənci
kursda oxuduğundan xəbəri
var. Ailələrin problemlərini o bizim çoxumuzdan
yaxşı bilir. – Şəmkirin ən ucqar kəndlərinin belə abad,
rahat yolları olacaq,
deyə A. Məmmədov sanki o kəndləri gözləri önündə
canlandırır, – gərək adamların imkanlarından maksimum yararlanaq. Bizim ən problemli yerimiz texnika sarıdan idi, o da həll olundu. Qaldı qol
çırmayıb işə
girişmək. Kimin gücü
nəyə çatır
kömək etməlidir.
Biz bütün işləri dövlətin
üzərinə atmamalıyıq.
Bəs hanı o daxili imkanlar, nə vaxt işə salacağıq.Yaxşı ki,
şəmkirlilər səsimizə
səs verdilər.
Heç
bilirsiniz yolları öz gücümüzlə
çəkmək, təmir
etmək təşəbbüsümüz
necə rezonans yaradıb?! Hərə bir cür kömək edir.Kimin gücü nəyə çatır, əsirgəmir.
Adamlar başa düşürlər
ki, bütün bunlar onların rahatlığı üçündür.
İcra hakimiyyəti başçısının
sözünə qüvvət,
Şəmkirdə əhali
xeyirxah təşəbbüslərə
böyük həvəslə
qoşulur. Necə deyərlər, hərə
bir söz ortaya atıb, işi pozmur. Bir müddət əvvəl bələdiyyələr nəzdində
məhdud məsuliyyətli
cəmiyyətlərin yaradılması
ilə bağlı
rayon icra hakimiyyəti
rəhbərliyinin təşəbbüsünü
demək olar ki bütün bələdiyyələr, kənd
adamları dəstəklədilər.
Axı nə vaxta qədər
bələdiyyələr ələbaxımlıq
adətindən əl
çəkməyəcək, onlar üçün ayrılan çox kiçik vəsaitin ümidinə qalacaqlar?
Qonşu ölkələrdə,
Türkiyənin özündə
bələdiyyələrin vəsaiti hesabına nə istəsələr tikirlər, yeni iş yerləri yaradırlar və sair. Bizdə niyə olmasın?
... Çox keçmədi ki, Şəmkirdə xeyirxah təşəbbüsün 43 ünvanı
- bələdiyyələrin nəzdində məhdud məsuliyyətli cəmiyyətlər
təşkil olundu.
Artıq
bu cəmiyyətlər
təşəbbüsün çox faydalı olmasını öz işləri ilə sübut etməyə başlayıblar. Məsələn,
rayonun “Ağ dağlar” deyilən ərazisində şəhər
bələdiyyəsi tərəfindən
təsis edilmiş
“Abad Şəmkir” MMC- nin nəzdində
“Natural” su və konserv istehsalı zavodu tikilib istifadəyə verilmişdir.
Müəssisədə qazlı və
qazsız su, cem, mürəbbə, kampot və turşu istehsal olunur. Burada quraşdırılan avadanlıqlar İtaliya və Türkiyədən
gətirilmişdir. Zavodda
50 yeni iş yeri yaradılmışdır.
Zavodun Şəmkirin özündə
kifayət qədər
alıcısı var. Lakin
müəssisənin rəhbərliyi
bununla kifayətlənmir,
öz məhsullarını
daha böyük bazara çıxarmağa
çalışır. Digər cəmiyyətlər də
özlərini doğruldurlar.
Şəmkir bələdiyyəsinin
təsis etdiyi “Morul Tikinti” MMC- nin nəzdində
inşaat materialları
istehsalı müəssisəsi
fəaliyyətə başlamışdır.
Rayon əhalisinin tikinti materiallarına artan tələbatının
ödənilməsi məqsədilə
yerli xammaldan istifadə etməklə qum- çınqıl, tamet və digər
bəzək daşları
istehsal olunur. Burada da 30 nəfər
özünə daimi iş yeri tapa
bilib.
Çənlibel bələdiyyəsi tərəfindən
təsis edilmiş “Maral” MMC də öz fəaliyyəti ilə diqqəti cəlb edir. Onun nəzdində
istirahət mərkəzinin
və maralçılıq
təsərrüfatının yaradılması bu müəssisənin gələcəkdə
daha böyük hədəfinin olmasından
xəbər verir.
“Nəcib” maralı kimi tanınan maralların yetişdirilməsi,
saxlanması üçün
hər bir şərait var. Elə Çənlibel kəndinin
özünün dağlıq
ərazidə yerləşməsi
MMC- nin səmərəli
fəaliyyəti üçün
təbii stimuldur...
Deyəsən, mətləbdən bir qədər uzaqlaşdıq. Kənd, qəsəbə,
şəhər və
kəndarası yolların
çəkilişində “Akkord” kimi iri
bir şirkətlər
qrupunun Şəmkirə
sponsorluq etməsi ilə bağlı açdığımız söhbətin
davamı olaraq qeyd edək ki, rayonda uşaqdan
böyüyə hamı
sevinir. Şiştəpədə
ağsaqqal bir kişi təmirini uzun illər həsrətlə
gözlədikləri yoldakı
texnikanı göstərib
“od da olsalar
bu “çeterzersiz” heç nə edə bilməzdilər,” deyə razılığını
bildirdi. Sonra da əlavə
etdi ki, “qapıda 3-4 çolpam var, onu da
kənd icmasına verəcəyəm. Hər
nədir, yenə köməkdir”
Qeyd edək
ki, Şəmkir elliklə bu təşəbbüsü dəstəkləməyə
başlayıb. Çünki Şəmkir şəhər
bələdiyyəsinin nəzdində
yaradılmış yol
təmir- tikintisi və hətta asfalt salması üzrə ixtisaslaşdırılmış
bir müəssisənin
artıq səmərəli
fəaliyyətini, verilən
vədin isə boş söz yox, real iş olduğunu öz gözləri ilə görürlər. Həm bələdiyyələr,
həm də yenicə yaradılmış
kənd icmaları da izahat- təbliğat
işini gücləndiriblər.
Nəticədə artıq yolların
bərpası və yenidən qurulması işinə başlanılıb.
Məlumat üçün bildirək
ki, respublikada ilk dəfə olaraq Şəmkirdə “Morul”
MMC- nin nəzdində
belə bir böyük müəssisə
yaradılıb. Şəhərin
Ə. Cavad, S. Rüstəmov,
S. Qazıyeva və digər küçələrinə
baş çəkib yuxarıda qeyd etdiyimiz işin gedişi ilə tanış oluruq. Ən müxtəlf texnika,
maşın və mexanizm yollara səpələnib. Biri yolu
hamarlayır, bir başqası asfalt boşaldır, digəri qum- çınqıl gətirir. Sakinlər
də öz evlərində olmaqdan daha çox, həyətlərinin qarşısına
çıxmağa, görülən
işlə yaxından
tanış olmağa, “bir işin qulpundan” yapışmağa meyillidirlər.
Şəhərə yeni su və kanalizasiya xətləri çəkilərkən
küçələri yararsız
hala salıblar. Çox yerdə çəkilən
xətlərin üstünü
belə örtməyi
“unudublar”. İndi şəmkirlilər
həm də elə məcazi mənada onların bu işlərinin üstünü örtür,
yolları qaydaya salırlar.
Bu yazının mövzusu olmasa da, qeyd etməliyəm ki, şəhərdə ideal təmizlik hökm sürür. Dəfələrlə Gədəbəyə gedərkən Şəmkirin içərisindən keçmişəm və hər dəfə də səhər saat 8 radələrində şəhəri tər- təmiz görmüşəm. Hətta payız aylarında yerdə bir dənə də olsun xəzəl yarpaq belə tapmaq mümkün deyil. Ərazi nümayəndəliyində bunun sirrini öyrənməyə çalışdıq. Sən demə təmizlik işi ilə məşğul olanlar gecə saat 4-5 arası şəhərə çıxır, lazımi tədbirləri görürlər. Bu iş günortadan sonra bir də təkrar olunur. Çingiz Həsənov deyir ki, şəhərin belə təmiz saxlanması kommunal təsərrüfatı işçilərinin həm məsuliyyəti, həm də şəhər icra hakimiyyətinin onlara göstərdiyi diqqət və qayğı ilə bağlıdır. Rayon icra hakimiyyətinin başçısı bu işdə nümunə göstərir. Deyir ki, belə insanlara qarşı daim diqqətcil olmalıyıq. Təsəvvür edin, elə ailə var ki, onun 4 üzvünün 4-ü də şəhərin təmizliyi ilə məşğuldur. Biz onları dəyərləndiririk.
...Şəmkirin yolları göz işlədikcə uzanıb gedir. Bu yollar qıvrıla- qıvrıla Gədəbəyə, Tovuza gedib çıxır. Hamar olanı da var, kələ- kötürlüsü də. Asfalt yolu da var, torpaq yolu da. Ölkə Prezidentinin sərəncamları ilə ayrı-ayrı illərdə Şəmkiri müxtəlif yaşayış məntəqələri ilə birləşdirən yolların tikintisi üçün milyonlarla manat vəsait ayrılıb. Gözəl, hamar yollar çəkilib. Amma bir atalar məsəlində deyildiyi kimi, “dağlar nə qədər uca olsa da üstündən yollar aşar”. Nə qədər həyat var, bir o qədər də yol var. Yollar heç vaxt qurtarmır. Amma hər bir yolun başlanğıcı var. O daha çətin, daha məsuliyyətlidir. Şəmkirdə də belə məsuliyyətli bir işin təşkilindən, gedişindən, adamların əhval ruhiyyəsindən yazdıq. Ara- sıra bu işlərin gedişindən yenə yazacağıq. Amma ömür vəfa etsə, 36 aydan sonra yekun bir məqalə ilə çıxış edəcəyik. Yazının adı da yəqin belə olacaq: 36 aya 1314 kilometr yol!
Hamlet QASIMOV
Xalq qəzeti.-2016.-30
iyun.-S.6.