Azərbaycanın beynəlxalq Olimpiya hərəkatında özünəməxsus yeri var

 

Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, ölkəmiz bu sahədə beynəlxalq aləmdə uğurlar əldə edir. Təmsilçilərimiz Avropadünya çempionatları, Olimpiya oyunları kimi mötəbər yarışlardan vətənə yüksək nailiyyətlərlə dönürlər. Paytaxtımızda keçirilən nüfuzlu idman tədbirləri, müxtəlif mötəbər yarışlar biri-birini əvəzləyir. Ötən il ölkəmizin I Avropa Oyunları kimi mötəbər yarışa ev sahibliyi etməsi Azərbaycanın qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.

 

Bu günlərdə paytaxtımızda “Formula-1" Avropa Qran-pri yarışlarının yüksək səviyyədə təşkil edilməsi də ölkəmizin idman həyatı üçün böyük hadisədir. Gələn il isə paytaxtımız daha bir mötəbər yarışa, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

 

Qeyd edək ki, avqustun 5-dən 21-dək Rio-de-Janeyroda növbəti Yay Olimpiya Oyunları təşkil ediləcək. Olimpiya yığmamız Rio-2016-ya ciddi hazırlıq prosesi keçir.

 

Bugünlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayevlə görüşərək ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafı, paytaxtımızda keçirilən “Formula-1" Avropa Qran-pri yarışı, təmsilçilərimizin Olimpiya oyunlarına hazırlığı barədə müsahibə aldıq.

 

– Xəzər müəllim, 23 iyun bütün dünyada Beynəlxalq Olimpiya Günü kimi qeyd olundu. Azərbaycanda da bu gün yüksək təntənə ilə keçirildi. Ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafını necə dəyərləndirirsiniz?

 

- Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə təsis olunaraq fəaliyyətə başlayıb. 1997-ci ildə cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin

 

prezidenti seçilməsindən sonra bu sahə yüksələn xətlə inkişaf edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu idman siyasətinin nəticəsidir ki, idman sahəsində quruculuq işləri aparılır, beynəlxalq arenalarda yüksək uğurlar qazanılır, paytaxtımız ən nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməyib. Artıq böyük şəhərlər də daxil olmaqla respublikanın 50-dən çox bölgəsində olimpiya-idman mərkəzləri var.

 

Beynəlxalq Olimpiya Komitəsinin fəal üzvü kimi Azərbaycan Milli olimpiya Komitəsi 1996-cı ildən Beynəlxalq Olimpiya Gününü (BOK) hər il qeyd edir. Müasir Olimpiya Hərəkatının yaranması və BOK-un təsis olunması münasibətilə Olimpiya bayramında estafet yarışları təşkil edilir. Belə tədbirlərin təşkilində məqsəd Olimpiya Hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya Hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir. Beynəlxalq Olimpiya Günündə məktəbli və tələbələr yarışlarda iştirak edirlər. Yarışlarda yer tutan iştirakçılar xüsusi mükafatlarBOK-un diplomları ilə təltif olunurlar. Xatırladım ki, Azərbaycan idmançıları indiyədək Olimpiya Oyunlarında uğurlu nəticələr qazanıblar. Atlanta-1996 (1 gümüş), Sidney-2000 (2 qızıl, 1 bürünc), Afina-2004 (1 qızıl, 4 bürünc), Pekin-2008 (1 qızıl, 2 gümüş, 4 bürünc), London-2012 (2 qızıl, 2 gümüş, 6 bürünc) Olimpiya Oyunlarında idmançılarımız ümumilikdə 6 qızıl, 5 gümüş, 15 bürünc medal əldə ediblər. Uğurlu nailiyyətlər göstərir ki, Azərbaycanın Beynəlxalq Olimpiya Hərəkatında özünəməxsus yeri var.

 

- Bu günlərdə paytaxtımız daha bir mötəbər yarışa, “Formula-1” Avropa Qran-pri yarışlarına ev sahibliyi etdi. Ölkəmizin belə bir nüfuzlu yarışa ev sahibliyi etməsini necə dəyərləndirirsiniz?

 

Azərbaycan beynəlxalq səviyyəli mötəbər yarışların təşkilində yüksək təcrübəyə malik ölkələr sırasındadır. İndiyədək paytaxtımızda Avropadünya çempionatları, Dünya kuboku yarışları yüksək səviyyədə keçirilib. Ötən il

 

I Avropa Oyunlarını keçirməklə, Azərbaycan bütün dünyaya bəyan  etdi ki, ən böyük tədbirləri keçirməyə qadirdir. Nüfuzlu yarışlardan olan “Formula-1" Avropa Qran-prisinin Azərbaycanda keçirilməsini ölkəmizin bu sahədəki uğurlu fəaliyyətinin davamı kimi qiymətləndirmək olar. I Avropa Oyunlarından sonra paytaxtımızda yenidən idman bayramı əhval-ruhiyyəsi yaşandı. Azərbaycan öz peşəkarlığını dünyaya bir daha nümayiş etdirdi. Bir azərbaycanlı kimi ”Formula-1" yarışlarının  Azərbaycanda keçirilməsi ilə qürur duyuram. “Formula-1" yarışlarının təşkili Azərbaycanın dünyada nüfuzunun artması, ölkəmizin tanınması baxımından mühüm əhəmiyyət kəsb edir. Məşhur avtomobil yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izlədi. Bu yarışlar Azərbaycanı dünyada daha geniş kütləyə tanıtmaqla yanaşı, həm də ölkəyə böyük turist axınına səbəb oldu. Yarışların keçirilməsi yerli əhalinin də marağına səbəb oldu. Azarkeş kütlələri bu yarışı böyük çoşqu ilə qarşıladı. İnanıram ki, həm şəhərimizin gözəlliyi, həm azarkeşlərin dəstəyi, həm də xalqımızın qonaqpərvərliyi pilotlar üçün bu yarışı unudulmaz etdi. Qonaqlar burada yerli mədəniyyət nümunələri, milli mətbəximizlə də yaxından tanış olmaq imkanı əldə etdilər. İdmanın tərəqqisi baxımından da yarışların təşkili ölkəmizə xeyir verəcək. İnanıram ki, gələcəkdə “Formula-1” yarışlarında ölkəmizi təmsil edəcək idmançılarımız yetişəcəklər.

 

- Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının başlamasına təxminən bir ay vaxt qalıb. Azərbaycan yığma komandasının  Olimpiya Oyunlarına hazırlığı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

 

- Uzun müddətdir ki, müxtəlif idman növləri üzrə federasiyalarda idmançılarımızın Olimpiya Oyunlarına hazırlığı ilə bağlı işlər görülür. İdmançılarımızın lisenziya yarışlarında iştirakı təmin olunub. İdmançılarımız lisenziya xarakterli yarışlarda uğurla çıxış edirlər. Beynəlxalq Cüdo Federasiyası yekun reytinqiRioya yollanacaq idmançıların siyahısını dərc etdikdən sonra lisenziyalarımızın sayının daha da çox olacağı gözlənilir. Hər olimpiadada olduğu kimi, bu dəfə də yeni növlərdə lisenziyalar qazanılıb. Buna triatlon, trek velosipedi, kanoe-slalom kimi növləri qeyd etmək olar. Sevindirici məqam odur ki, ölkəmizdə yeni idman növləri inkişaf edir.

 

- Xəzər müəllim, Rio-2016 ilə bağlı proqnozlarınızı bilmək maraqlı olardı. Necə düşünürsünüz, Rio-de Janeyroda olimpiyaçılarımız neçə medal qazana bilərlər?

 

- İlk növbədə deyim ki, belə mötəbər yarışlar ərəfəsində proqnoz vermək çox çətindir. Diqqətinizə çatdırım ki, Avropa Oyunlarında idmançılarımızın nəticələri mənim gözlədiyimdən daha da yüksək oldu. Bu bir daha nümayiş etdirir ki, idmançının qələbə qazanmasında bir sıra amillər rol oynayır. Burada idmançılarımızın həmin dövrə olan psixoloji, hazırlıq prosesi kimi məqamlar böyük rol oynayır. Sözsüz ki, Avropa Oyunlarında da ev sahibi amili idmançılarımızın özlərinə olan inamını daha da artırırdı.

 

Xatırladım ki, XXX London Yay Olimpiya Oyunlarında təmsilçilərimiz tarixi qələbə qazanaraq 10 medal əldə etmişdilər. Olimpiya yığmamız dünya miqyasında 30-cu, Avropa ölkələri arasında 15-ci yerə layiq görülmüşdü.

 

Nəzərə almaq lazımdır ki, Rio-de-Janeyroda 10 minədək idmançı mübarizə aparacaq. Sözsüz ki, Azərbaycanın bir sıra idman növlərində favorit idmançıları  var. Güləş, taekvondo, boks, cüdo, avarçəkmə idman növlərində təmsilçilərimizdən uğurlu nəticə gözləmək olar. Düzdür, Olimpiya Oyunları uzaq bir ölkədə keçirilir. Komandamızın üzvləri iqlimə uyğunlaşma baxımından çətinliklə üzləşə bilərlər. Buna baxmayaraq onların öz sözlərini deyəcəklərinə inanıram. Ümid edirəm ki, Olimpiya yığmamızın üzvləri budəfəki Olimpiya Oyunlarında, ən azı, Londondakı nəticəni təkrarlayacaqlar.

 

Leyla QURBANOVA,

Xalq qəzeti.-2016.-30 iyun.-S.5.