Sumqayıt
hadisələri – erməni separatizminin bəhanəsi
Artıq
arxivə qovuşmuş SSRİ hakimiyyətinin
və Ermənistan xüsusi xidmət
orqanlarının Sumqayıt şəhərində törətdikləri
hadisələrdən 28 il ötür.
Məhz 1988-ci il fevralın 27-dən 28-nə
keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər
həlak olmuşdu. Onlardan
26 nəfərinin erməni, 6 nəfərinin isə azərbaycanlı
olduğu məlumdur. Humanistliyi və tolerantlığı
ilə həmişə seçilən Azərbaycan xalqını
hədəfə almış və bərəkətli
torpaqlarına göz dikmiş
mənfur qüvvələr asanlıqla alətə
çevrilən acgöz erməni millətçilərindən
dəyənək kimi istifadə edərək,
Sumqayıt təxribatını həyata keçirmişdilər.
Məqsəd də aydın idi: Sumqayıtda
qan axıtmaqla Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi prosesinə bəhanə
tapmaq. Sonralar səsləndirilən
etiraflar və faktlar da Sumqayıt hadisələrinin arxasında keçmiş SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının dayandıqlarını
çılpaqlığı ilə ortaya
çıxartdı.
Sumqayıt
hadisələri, əslində, keçmiş
SSRİ və Ermənistan xüsusi xidmət
orqanlarının təşkil etdikləri ssenarinin
tərkib hissəsi olmuşdu. Bunu təsdiqləyən kifayət qədər
fakt var. Hadisələrin
bilavasitə şahidlərinin ifadələri təsdiqləyir
ki, iğtişaşları təşkil
edən “qara plaşlı” adamlar
Sumqayıt sakinləri olmamışdılar. Onlar
öz aralarında bəzi hallarda
erməni dilində danışırmış, Azərbaycan dilini isə təmiz bilirmiş
və hadisələr zamanı insanlar arasında
ermənilər əleyhinə təbliğat aparırmışlar.
Onlar camaata spirtli içkilər, güclü
təsiredici həblər, dəmir parçaları və s. paylayırmışlar. Məlum olduğu kimi, bu hadisələr bir qrup azğınlaşmış dəstə tərəfindən
törədilmişdi. Həmin dəstəyə isə “Paşa” ləqəbli Robertoviç Qriqoryan rəhbərlik
etmişdi. E. Qriqoryanın həmin dəstənin
ən fəalı olması şahid ifadələri
əsasında da sübut
olunmuşdu. Özünü
“Paşa” adlandıran bu
erməni təxribatçısının vəhşi
instinktlərə sahib şəxs olduğunu faktlar da təsdiqləyir. Belə ki, Sumqayıt hadisələri zamanı 5 ermənini
şəxsən özü öldürmüş, 8 erməni qadınını
isə zorlamışdı. Bundan başqa, bu quldur erməninin dəstə başçısı
kimi törədilmiş bütün
cinayətlərdə əlinin olduğunu
tərtib olunmuş ittiham
aktları da sübuta
yetirir.
Aparılmış
hazırkı istintaqla tam
müəyyən edilmişdir ki, Sumqayıt şəhərində zərərçəkən,
öldürülən ermənilərin əksəriyyəti
Dağlıq Qarabağda fəaliyyət
göstərən “Krunk” cəmiyyətinə
könüllü maddi
vəsait köçürməkdən imtina
edənlər olmuşlar.
Bu barədə E.Qriqoryan
ətraflı təlimatlandırılmış və ona Sumqayıtda yaşayan
həmin ermənilərin dəqiq siyahısı və ev ünvanları verilmişdi.
Ancaq, təəssüf
ki, keçmiş SSRİ-nin və Ermənistan xüsusi
xidmət orqanları planlarının ifşa
olunduğunu və bunun
ciddi siyasi nəticələrə
gətirib çıxaracağını anlayaraq,
ağır cinayətlər törətmiş E.Qriqoryanı layiq olduğu ağır
cəzadan xilas edə bilmişdilər.
Məhkəmənin azərbaycanlı Əhməd Əhmədov
haqqında çıxarılmış ölüm
hökmü dərhal icra
olunduğu halda, iğtişaşların
əsas günahkarı və qatil E.Qriqoryana 12 il iş kəsilmişdi. Ancaq Ermənistan ərazisinə
köçürülən bu cinayətkar
bir neçə ildən sonra
azadlığa buraxılmışdı. Təəssüf ki, 1988-ci ildə Sumqayıtda törədilən
hadisələrin istintaqı qərəzli və siyasi sifariş əsasında
aparılması nəticəsində həqiqi cinayətkarlar
məsuliyyətdən kənarda qaldılar.
Müstəqil
Azərbaycan Respublikasının Daxili Təhlükəsizlik
Xidmətinin (keçmiş MTN) və Baş Prokurorluğunun
apardığı istintaq işinin
gedişi göstərir ki,
hadisələrin əsl mahiyyəti açılmamış,
gizlədilmiş, cinayətin bütün
iştirakçıları müəyyən edilməmiş,
əsl təşkilatçılar kənarda
qalmış, onların məsuliyyətə cəlb edilməsi
üçün heç
bir tədbir görülməmiş, cinayətin
baş vermə səbəbi araşdırılmamışdır.
Buna görə də, Sumqayıt hadisələrinin
yenidən araşdırılmasına zərurət yaranmışdır.
Maraqlıdır ki, araşdırmalar
yüzlərlə erməninin hadisələrin baş verəcəyindən əvvəlcədən
xəbərləri olduğunu göstərir.
Belə ki, həmin ərəfədə
ermənilərin banklardakı əmanətlərini əvvəlcədən
çıxardıqları məlum olmuşdur.
İş
üzrə təqsirləndirilmiş şəxs kimi 6 nəfərin qətlində iştirak etmiş E.
Qriqoryanın isə məsuliyyətdən azad
edilməsi üçün erməni millətçi
təşkilatçılarının və xüsusi
xidmət orqanlarının çox
çalışdıqları təsdiqlənmişdi. Təsadüfi
deyil ki, bu qədər cinayət törətməsinə
baxmayaraq, E. Qriqoryan
Ermənistana göndərilmiş və sonradan
da azadlığa buraxılmışdı.
İstintaq
materiallarına əsaəsən, erməni millətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların
üstünə sürmüş və 4
nəfəri öldürmüşdü.
Lakin keçmiş SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü
ört-basdır etmişdilər. Ona görə də, həmin iş
də təzələnmiş və istintaq-əməliyyat tədbirləri
davam etdirilir. Araşdırmalar
göstərir ki, ermənilər Sumqayıt
hadisələrindən azərbaycanlılar haqqında “vəhşi”
obrazı yaratmaq üçün
istifadə etməyə çalışmışlar. Halbuki, azərbaycanlılar tərəfindən
Sumqayıt hadisələri zamanı yüzlərlə erməninin
həyatı xilas edilmişdi.
Həmin ermənilər daha sonra dəfələrlə azərbaycanlılar
tərəfindən xilas edildiklərini
bildirmişdilər. Statistika da bunu təsdiqləyir.
Belə ki, o vaxt Sumqayıt şəhərində 18 minə
yaxın erməninin yaşamasına baxmayaraq,
26 erməninin ölməsi azərbaycanlıların erməniləri
qorumalarını bir daha
təsdiqləyir. Lakin ermənilər
faktları təhrif edərək, ölənlərin sayının
çox olduğunu iddia edirlər. Ancaq həmin
26 nəfərin hamısının kimliyi
haqqında dəqiq materiallar var və istənilən şəxs iğtişaşlarda həlak olmuş
ermənilər haqqında məlumat əldə edə bilər.
Sumqayıt
hadisələri ilə bağlı qaldırılan cinayət
işinin ittiham aktında
qeyd olunur ki, E.Qriqoryan şəhərdə
yaşayan erməni millətindən olan vətəndaşlara qarşı cinayətlər
törətmək məqsədi ilə saat
16 radələrində şəhər avtovağzalı rayonunda Sülh
və Dostluq küçələrinin kəsişdiyi
yerə gəlmiş, metal boru
parçaları, metal çubuqlar,
dəyənək və başqa əşyalarla
silahlanmış bir qrup
şəxsə qoşulmuşdur. O və
iğtişaşların digər iştirakçıları
öncə L.Ş.Yeseyana məxsus Albina Yeseyanın idarə etdiyi
“Moskviç-2140” markalı avtomobili saxlatdıraraq,
I qrup gözdən əlil Levon
Yeseyanı, Albina Yeseyanı və onların
yetkinlik yaşına çatmamış
qızları Narine Yeseyanı maşından
çıxararaq döyməyə başlamışlar. Həmin gün saat
18 radələrində Qriqoryan və digər
tərəfdaşları 3-cü mikrorayonda
Mejlumyanlar ailəsinin yaşadığı
evin qapısını sındıraraq mənzilə
soxulmuş, oranı talan
etmiş, pəncərə şüşələrini
sındırmış, mebeli və digər
ev əşyalarını qıraraq dağıtmış,
bir hissəsini isə həyətə
ataraq yandırmışlar. Qriqoryan Roza, Qriqori və Lyudmila
Mejlumyanları vəhşicəsinə döymüş,
Karina Mejlumyanı zorlamışdır. O,
yanındakı digər xuliqanları öz
hərəkətləri və sözləri ilə cinayətə
cəlb etmişdir. Bu
barədə istintaq qrupuna
ifadəsində K. Mejlumyan “Məhz E.R.Qriqoryan mənim anamı döyür,
sındırılmış stulun ayağı
ilə onun başına güclü
zərbələr vururdu”, – deyərək
erməni “Paşa”nın cinayətkar əməllərini təsdiqləmişdi.
Keçmiş
SSRİ-nin baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq,
baş ədliyyə müşaviri
Vladimir Semyonoviç Qalkinin imzaladığı 18/55461-88 nömrəli
cinayət işinin ittiham
aktında əvvəllər müxtəlif cinayətlərinə
görə dəfələrlə məhkum olunmuş
E.Qriqoryanın kütləvi iğtişaşlarda bilavasitə iştirak etdiyi, şəhərdə
yaşayan erməniləri öldürmək
və onların şəxsi mülkiyyətini talamaq
məqsədilə cinayətlər törətdiyi xüsusi qeyd olunmuşdur. İttiham aktında
deyilir ki, E. Qriqoryan Sumqayıtdakı iğtişaşlarda
fəal iştirak edən xuliqan
qruplarını dəfələrlə erməni millətindən
olan vətəndaşların mənzillərini
talan etməyə çağırmışdır.
Dövlət
Təhlükəsizlik Xidmətinin arxivləri də bir çox məsələlərə
işıq salır. Məsələn, arxivlərdə
saxlanılan “Nalyotçik” adı altında
məxfi işdən müəyyən edilmişdir
ki, Sumqayıt hadisələri ərəfəsində
yerli Dövlət Təhlükəsizlik
Komitəsi (DTK) şöbəsinin nəzarətində 47 nəfər
ekstremist-millətçi erməni əsilli şəxs var və həmin şəxslərdən
biri də hadisələr zamanı zərərçəkən
siyahısında olmamışdır. Bu faktlar bir daha
təsdiq edir ki, “Krunk” cəmiyyəti ilə əlaqə saxlayan erməni millətçiləri Sumqayıt
hadisələrində zərər görməmişlər.
Sumqayıtda “Krunk” təşkilatının
emissarlardan biri, o vaxt Dağlıq Qarabağdan Sumqayıta hərbi komissar kimi dəyişdirilib
göndərilmiş Kalantarov soyadlı
erməni polkovnikinin də olduğu
təsdiqlənmişdir. Həmin Kalantarov buradakı ermənilərin hamısının
siyahısını və ünvanlarını bilirmiş və hadisələr ərəfəsində
iş yerini dəyişmək
adı ilə aradan çıxmışdı.
İstintaq zamanı bu
da müəyyən edilmişdir
ki, musiqiçilər və qumar oynayanlar əldə edilmiş gəlirlərindən “Krunk” cəmiyyətinə pul keçirirmişlər. Həmin
ərəfədə Ermənistanın xüsusi
xidmət orqanları əməkdaşlarının Bakı və
Sumqayıt şəhərlərinə gələrək
buradakı mehmanxanalarda yerləşmələri
və ermənilərlə görüşüb
gizli söhbətlər aparmaları da istintaqla müəyyən
edilmişdir.
Ermənilərin
iftirasından asılı olmayaraq,
E.Qriqoryanın Sumqayıt şəhərində törədilmiş
kütləvi iğtişaşların fəal iştirakçısı
olması ibtidai və məhkəmə
istintaqı zamanı toplanmış sənədlərlə
kifayət qədər sübuta yetirilmiş və onun barəsində
qüvvədə olan
Azərbaycan SSR Ali Məhkəməsinin
22 dekabr 1989-cu il tarixli hökmü vardır.
Həmin cinayət işinin istintaq materiallarına əlavə edilmiş E.Qriqoryanın pasportunda,
pasport almasına dair 1
¹-li formada, hərbi
xidmət sənədlərində onun
milliyyətinin erməni yazılması müəyyən edilmişdir. Hazırda E.Qriqoryanın olduğu yerin müəyyən
edilməsi məqsədilə Azərbaycanın
hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış
tədbirləri davam etdirilir.
Azərbaycan ərazisində, o
cümlədən, Bakı və Sumqayıt şəhərləri
ərazisində Sumqayıt şəhərindəki iğtişaşların
qarşısını almaq üçün yetərli sayda
hərbi qüvvələr olsa da, məlum olmayan səbəbdən
keçmiş SSRİ rəhbərliyi buraya Rusiyada yerləşən
hərbi hissələrin qüvvələrini yeritmiş, lakin onlar da iğtişaşların
qarşısını almaq üçün yetərincə tədbirlər
görməmişlər. Vaxtında hərbçilərə
müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən heç
bir hərəkət olmamışdı. Keçmiş SSRİ dönəmində aparılmış
istintaq hərəkətlərindən belə
nəticəyə gəlinmişdi ki,
Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil etmişdir. Ancaq istintaq qrupunun
rəhbərləri cinayətin sifarişçilərinin və
təşkilatçılarının müəyyən edilməsi
istiqamətində, demək olar ki, istintaq hərəkətləri
aparmamış, onların ifşa olunmasında
maraqları olmamış və buna
görə də əsas cinayətin icraçıları barəsində
işlərin tezliklə tamamlanıb məhkəməyə
göndərilməsini tələb edilmiş
və Azərbaycan millətindən olan
müstəntiqlərin əsas istintaq hərəkətlərinin
icra olunmasından kənarda saxlamağa çalışmışlar.
Sumqayıt
hadisələrinin əsas təşkilatçılarından
olan Eduard Qriqoryanın
yerinin müəyyən edilməsi istiqamətində
müəyyən işlər görülmüşdür.
Onun yerinin müəyyən
edilməsi üçün sosial şəbəkələrdə araşdırmalar
aparılmış və “Odnoklassniki” sosial şəbəkəsində daxili və xarici əlamətləri
ilə Eduard Qriqoryana oxşar şəxsin fotoşəkilləri aşkar edilmişdir.
Müəyyən edilən fotoşəkillər onun Rusiyanın paytaxtı Moskva
yaxınlığındakı rayonda yaşadığını
güman etməyə əsas verir. E.Qriqoryanın sosial şəbəkədəki
şəkilləri Baş Prokurorluğa
göndərilmişdir. Məhkəmə ekspertizası təyin
olunmuş və müəyyən edilmişdir ki, həmin şəkildəki
şəxs Eduard Qriqoryandır. Bu cəlladın
hazırda Sergiyev Posad
şəhərində, beşmərtəbəli yaşayış
binasındakı mənzillərdən birində məskunlaşdığı
bildirilir. Buna görə də, bu gün kimsə “Sumqayıt işi”ni saxtalaşdırmaqda Azərbaycanı ittiham etməsi sağlam məntiqə
zidd olardı. Ən azından ona görə ki, “Sumqayıt
işi”ni keçmiş SSRİ Prokurorluğu,
rus, ukraynalı və digər millətlərin
nümayəndələrindən ibarət müstəntiqlər tərəfindən aparılmışdı.
İstintaq hərəkətlərində
Sumqayıt hadisələrində E.Qriqoryanın fəal rolu öz əksini tapmışdı.
Bu isə o deməkdir
ki, Sumqayıt hadisələri erməni
millətçilərinin məkrli planlarının nəticəsi
idi və əsas səbəb də
ermənilərdə azərbaycanlılara qarşı nifrət
oyatmaqla Dağlıq Qarabağda
separatçılığa başlamaq və
muxtar vilayəti Ermənistana birləşdirməyə
çalışmaqdan ibarət idi.
Sonralar
Ermənistanın birinci prezidenti
olmuş Levon Ter-Petrosyan öz
müsahiblərinin birində demişdi ki, “Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok
vəziyyətinə düşmüşdü.
Əgər ölkə rəhbərliyi bu
məqamdan istifadə edib DQMV-nin
Ermənistana birləşdirilməsi haqqında qərar
çıxarsaydı, Azərbaycan xalqı buna
etiraz edə bilməyəcəkdi”.
Bu
sözlər bir daha təsdiqləyir
ki, Sumqayıt hadisəsi ermənilərə
öz separatçılıq aksiyalarını
həyata keçirməkdən ötrü
lazım olmuşdur.
Səbuhi MƏMMƏDOV,
Xalq qəzeti.-
2016.- 2 mart.- S.8.