Ağsu: Reallaşdırılan layihələr
gözlənilən nəticələri verir
2015-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2016-cı ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
ümumrayon toplantısı indiyədək haqqında söhbət
açdığımız rayonların hamısında
olduğu kimi, Ağsuda da yüksək prinsipiallıq, tənqid
və özünütənqid şəraitində keçdi.
Həm rayon icra hakimiyyətinin başçısı
Ənvər Seyidəliyevin yığıncaq
iştirakçılarına təqdim olunan
hesabat məruzəsində, həm də
məruzə ətrafındakı çıxışlarda
dönə-dönə vurğulandı ki,
bu gün
qarşımızda duran yeganə məqsəd
Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, ölkəmizin dünyada yaşanan iqtisadi problemlərdən
daha az təsir
görməsini və əhalinin
sosial rifah
halının yüksəldilməsini təmin etməkdir. Bunun üçün isə
hər birimiz əvvəlki illərə
nisbətən daha böyük
məsuliyyətlə çalışmalıyıq.
Ənvər müəllim qeyd etdi ki, ölkə regionlarında aparılan uğurlu tərəqqi meyllərinə uyğun olaraq Ağsu rayonunda da sosial-iqtisadi inkişaf sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi davamlı xarakter alıb. 2015-ci ildə də bütün sahələrdə dinamik inkişaf davam etdirilib. Reallaşan layihələr yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasına təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb.
Qeyd edildi ki, hesabat ili daha çox dövlət başçısı İlham Əliyevin rayona səfəri ilə yadda qalıb. Sentyabrın 17-də ictimaiyyət nümayəndələri ilə görüşdə rayonda görülən işlərə yüksək qiymət verən ölkə Prezidenti yeni inşa olunan və yenidən qurulan obyektlərdə tikinti işləri ilə tanış olub. Onun iştirakı ilə Dünya Bankı və Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində yenidən qurulan Ağsu şəhərinin su təchizatı, İdman kompleksi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının icra aparatı üçün inzibati bina, əsaslı təmir olunmuş Şahmat məktəbi və Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolu istifadəyə verilib.
İl ərzində rayonda abadlıq-quruculuq işləri davam etdirilib. Şəhidlər xiyabanında əsaslı təmir işləri aparılıb, abidə müasir layihə üzrə bərpa olunub. Heydər Əliyev küçəsində hasarlar “aqlay” üzlük daşları ilə üzlənilib, səkilərə tamet döşənib, Cəfər Cabbarlı küçəsi, Bakı-Şamaxı-Yevlax yolunun Ağsu şəhəri ərazisindən keçən hissəsi abadlaşdırılıb, burada yaşıllıq zolaqları salınıb. Tofiq İsmayılov, “20 Yanvar”, Tariyel Xasiyev, Səməd Vurğun, Sabir, M.Ə.Rəsulzadə və Firdövsi küçələrində hasarlar dekorativ üzlük daşlarla üzlənib və piyada səkiləri yenidən qurulub.
Heydər Parkında ulu öndərin abidəsi qranitdən olan yeni abidə ilə əvəz edilib, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti rayon elektrik şəbəkəsi üçün yeni və müasir bina inşa olunub, telekommunikasiya qovşağının və poçt filialının inzibati binaları əsaslı təmir olunub. Kənd təsərrüfatı idarəsi üçün inzibati binanın, 100 yerlik uşaq bağçasının, “Az-Granata” MMC-nin yeni süzmə sexi və soyuducu anbar kompleksinin, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün hər biri 3 otaqdan ibarət 10 fərdi yaşayış evinin, Pirhəsənli, Rəhimli və Cəlayir kəndlərində modul tipli sutəmizləyici qurğuların, digər bir çox sosial obyektlərin təmiri və bərpası istiqamətində əsaslı işlər davam etdirilib.
Yol infrastrukturunun təzələnməsi sahəsində işlər də diqqət mərkəzində olub. Bütün maliyyə mənbələri hesabına ötən il Ağsu şəhərinin asfaltlaşdırılan küçələrinin ümumi sahəsi 204 min kvadratmetr, uzunluğu isə 21 kilometr təşkil edib. Bununla da son 2 il ərzində 36 kilometr uzunluqda şəhər küçələrinə yeni asfalt örtük vurulub. Ağsu-Kürdəmir magistral yolu ilə rayonun İlxıçı, Hacıqədirli, Qaravəlli və Bəyimli kəndlərini birləşdirən ümumi uzunluğu 9,5 kilometr olan yollar da asfaltlaşdırılıb. İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində rayon ərazisində 15,8 kilometr çınqıl yol salınıb.
“IDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən birinci “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayon üzrə ümumilikdə 11 min ədəd uzunömürlü ağac əkilib. Şəhərin küçə və meydanlarında, yol kənarlarında ümumilikdə 28,6 min kvadratmetr yaşıllıqlar salınıb, 10,5 min ədəd müxtəlif növ uzunömürlü və dekorativ bəzək ağacları, 45 min ədəd gül kolları əkilib.
Rayon rəhbəri qeyd etdi ki, mövcud problemlərin və çətinliklərin vaxtında həll edilməsi müəssisə və təşkilatların fəaliyyətinə ciddi təsir göstərməyib. Nəticədə, əsas iqtisadi göstəricilərdən sayılan ümumi məhsul buraxılışında geriləmə halları aradan qaldırılıb və əvvəlki illə müqayisədə inkişafa nail olunub. 155,9 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 2014-cü illə müqayisədə 3,3 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılmasından söz açan rayon rəhbəri qeyd etdi ki, son illər rayonda elektrik və qaz təsərrüfatlarının, əhalinin su təchizatının yaxşılaşdırılması sahəsində xeyli işlər görülüb. Yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilib, əhalisinin ümumi sayı 68,8 min nəfər olan Ağsu şəhərinə və 62 kənd yaşayış məntəqəsinə qaz verilişi bərpa olunub. Beləliklə, rayon əhalisinin 92,5 faizinin yaşadığı ərazilər təbii qazla tam təmin olunub.
Ənvər müəllim qeyd etdi ki, Prezident İlham Əliyevin hər bir rəhbər işçinin qarşısına qoyduğu əsas vəzifələrdən biri də sakinləri narahat edən məsələlərin öyrənilməsi və istənilən problemin dərhal aradan qaldırılmasıdır. Odur ki, rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu, onların şikayət və ərizələrinə müəyyən edilmiş müddətlərdə, obyektiv və həssaslıqla yanaşılması üçün genişmiqyaslı işlər həyata keçirilir. Ötən il rayon icra hakimiyyətinə 767 vətəndaş müraciəti daxil olmuşdur ki, bu, əvvəlki illə müqayisədə 3 ədəd çoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə rayon icra hakimiyyəti başçısı yanında 11 nəfərdən ibarət qərargah yaradılıb. Qərargah ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər, eləcə də, qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflər hazırlayacaq, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı bütün zəruri tədbirləri həyata keçirəcəkdir. Eləcə də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması haqqında fərmanına uyğun olaraq sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə sahibkarların və belə fəaliyyətlə məşğul olmaq istəyənlərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə RİH başçısının müvafiq sərəncamı ilə rayon icra hakimiyyətində Apellyasiya Şurası yaradılıb.
2016-cı ildə qarşıda duran vəzifələr barədə danışan natiq qeyd etdi ki, bu il yeni iş yerlərinin yaradılması rayon icra hakimiyyətinin başlıca vəzifəsi olacaqdır. 2015-ci ildə Məşğulluq Mərkəzi tərəfindən 235 nəfər vətəndaş işlə təmin olunsa da, cari ilin əvvəlinə Mərkəzdə 1020 nəfər vətəndaş işaxtaran kimi qeydiyyatdadır. Qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı təkliflər hazırlanıb. Bu məqsədlə kommunal təsərrüfatı, yol tikintisi və təmiri sahələrində 353 nəfər çalışacaqdır. İndiyədək 328 nəfərə işə göndəriş verilib. Sənaye şəhərciyinin yaradılması üçün infrastruktur sürətləndiriləcək, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq üçün məqsədli proqramlar həyata keçiriləcəkdir. Yaxın günlərdə Ağsu şəhərində ərazisi 3 hektar olan inşasına 1,1 milyon manat investisiya yönəldilən müasir istixana kompleksi tam güclə fəaliyyətə başlayacaq və burada 60 nəfər daimi işçi çalışacaqdır.
Bundan başqa, Ərəbmehdibəy kəndində yaradılan “n” kəndli (fermer) təsərrüfatı tərəfindən cari ildə 100 hektar sahədə nar bağının salınması, fərdi mülkiyyətçi və ailə kəndli (fermer) təsərrüfatı tərəfindən ətlik və südlük maldarlığın inkişafı ilə bağlı tədbirlər azı 125 nəfərin işlə təmin olunmasına imkan verəcəkdir. Hacıqədirli kəndi ərazisində hər cür şəraiti olan, müasir dizayn və memarlıq üslubunda inşa edilən və süd istehsalı üçün nəzərdə tutulan 200 başlıq heyvandarlıq kompleksi istismara tam hazır vəziyyətdədir.
İstehsal olunmuş üzüm məhsulundan daha çox səmərə əldə etmək məqsədilə kifayət qədər addımlar atılır. Məsələn, “Az.Şərab-3” ASC-nin nəzdində yaradılmış “Qradus 40” MMC-də quraşdırılacaq müasir avadanlıq və mütərəqqi texnologiyalar hesabına istehsal prosesləri yenilənəcək, xarici bazarlara rəqabətqabiliyyətli alkoqollu içkilər çıxarılacaqdır. Müəssisədə, həmçinin heyvandarlığın inkişaf etdirilməsi üçün 240 baş cins qaramalın saxlanan müasir heyvandarlıq kompleksi – 2 mexanikləşdirilmiş tövlə və digər yardımçı tikililər istifadəyə veriləcəkdir.
Pirhəsənli bələdiyyəsi ərazisində sahibkar Emin Bədəlovun sərmayəsi ilə inşa olunan heyvandarlıq kompleksi tam gücü ilə işə düşdükdən sonra 100 baş ətlik-südlük istiqamətli qaramal və 1000 baş qoyun-keçi yetişdirilməsinə imkan verəcəkdir. 2016-cı ildə Ağsu şəhərinin cənub-şərqində – “mal bazarı” adlanan ərazidə sanitar-gigiyenik qaydalara cavab verən kəsim məntəqəsinin inşası işlərinə başlanacaqdır. Burada, həmçinin ət istehsalı məqsədilə 200 baş mal-qara tutumuna malik tikililər də yaradılacaqdır.
Eyni zamanda, bu il hər cür şəraitə malik müasir xəstəxana binasının tikintisində işlər başa çatdırılacaq və tikinti kompleksi istifadəyə veriləcək, mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün əsaslı tədbirlər görüləcəkdir. Ağsu şəhərində kanalizasiya şəbəkəsinin tikintisi layihəsinin icrası, şəhər və kənd yollarının təmiri və asfaltlaşdırılması davam etdiriləcəkdir.
Bütün bunlar barədə söz açan rayon rəhbəri öz hesabatını kifayət qədər nikbin notlarla tamamladı: “Əmin edirəm ki, dünyada gedən qlobal iqtisadi çətinliklərə və maliyyə böhranına baxmayaraq, ağsulular bundan sonra da respublikada bütün sahələrdə aparılan sürətli inkişaf tədbirlərindən kənarda qalmayacaq, qarşıya qoyulan vəzifələrin uğurla həll edilməsi üçün bütün imkanlardan tam və səmərəli istifadə edəcəklər”.
Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Milli Məclisin deputatı Tahir Kərimli iştirak və çıxış etdilər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2016.- 5 mart.- S.6.