Abşeron – Keçmişlə gələcəyi

qovuşduran məkan

 

“Bölgələrdən paytaxta” layihəsi rayonun mədəni irsindən və inkişaf yolundan bəhs edir

 

Sürətli sosial-iqtisadi inkişafı ilə son illər  xüsusi diqqət çəkən bölgələrdən biri də, şübhəsiz ki, Abşeron rayonudur. Xüsusilə, 2005-ci ilin ikinci yarısından başlayan  bütün sahələri əhatə edən hərtərəfli  inkişaf  nəticəsində  insanların  bu rayona diqqəti əsaslı şəkildə artmışdır.  Abşeronun rayon kimi mövcudluğu  yarım əsrdən bir az çox olsa da,  tarixinin qədimliyi danılmaz, mədəni irsi, turizm imkanları fərqlidir.

 

Bütün bunlar barədə Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsinin  Abşeron rayonuna həsr edilmiş təqdimat mərasimində ətraflı bəhs olundu .  Tədbir Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirildi.Genişmiqyaslı təqdimatda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova,  Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, rayon ziyalıları və curnalistlər iştirak edirdilər.

Dövlət Akademik Milli Dram Teatrının foyesində təşkil olunmuş sərgi Abşeron rayonunun tarixi-mədəni irsini, tərəqqisini və turizm imkanlarını dolğun şəkildə nümayiş etdirdiyinə görə tədbir iştirakçılarında maraq oyatdı. Onlar  rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları ilə  yaxından tanış oldular, böyük həvəslə dekorativ-tətbiqi sənət ustalarının əl işlərinə, yerli mətbəx nümunələrinə baxdılar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  bildirdi ki, 2015-ci ildən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərinə bölgələrin  sosial-iqtisadi inkişafı və mədəni irsi ilə ətraflı tanış olmaq imkanı yaradır. Layihəyə uyğun olaraq, bölgələrin adət-ənənələri, el sənətkarlığı, mətbəxi, sosial-iqtisadi inkişafı, turizm potensialı nümayiş etdirilir, bədii kollektivlərin və incəsənət ustalarının konsertləri keçirilir.  Ə.Qarayev qeyd etdi ki, məhz dövlət başçısı İlham Əliyevin düşüncələrinin təzahürü olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının  qətiyyətlə və uğurla həyata keçirilməsi nəticəsində Abşeron rayonunda da xeyli  mühüm işlər görülüb və görülməkdədir. Yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpasına diqqət artırılıb. O, rayonda beynəlxalq tədbirlərin də keçirilməsinin sevindirici hal olduğunu, bunun Abşeronu daha yaxından tanımağa və müasir inkişafının təbliğinə təkan verəcəyini xüsusi vurğuladı.

Abşeron rayonunun tarixi, müasir inkişafı, sənətkarlıq nümunələri, görkəmli sənətkarları haqqında ətraflı məlumat verən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta  layihəsini təqdir edərək bildirdi ki, ölkəmiz qədim və zəngin mədəniyyətə, geniş mədəni və turizm potensialına malikdir. Bu potensialın təbliği olunması və nümayiş etdirilməsi vacibdir.

Məhz bu məziyyətlərinə görə, Abşeron sakinləri də layihəni böyük ruh yüksəkliyi ilə qarşıladılar, deyən rayon rəhbəri Abşeronun  qədim tarixə və mədəniyyətə malik olduğunu xatırlatdı,  Xəzər dənizinin qərb sahilində, quru subtropik iqlim qurşağında yerləşdiyini, Bakı və Sumqayıt şəhərləri, Qobustan rayonu ilə həmsərhəd olduğunu vurğuladı. Məlumat verdi ki, bir şəhər, 8 qəsəbə və 7 kənddən ibarət olan rayonda əhalinin sayı hazırda  450 min nəfərə çatır. Burada məscid, türbə, ovdan və digər tarixi abidələr hələ XIV-XVII əsrlərdən mövcuddur. Tarixi bilinməyən təbiət abidəsi olan məşhur “Yanar dağ  Dövlət Qoruğu bu gün  ölkə əhalisi ilə yanaşı, xarici turistlərin də çox böyük marağına səbəb olur. Məşhur Abşeron bağlarının yaranma  tarixi isə  mənbələrə görə, 5 min ildən çoxdur.

Abşeron torpağı ölkəmizin ictimai-siyasi həyatında müstəsna yeri olan, Vətənimizi dünyaya tanıdan yüzlərlə tarixi şəxsiyyətlər, ictimai-siyasi xadimlər yetişmişdir, – deyən icra hakimiyyətinin başçısı  rayonun yaranma tarixi və səbəbləri barədə də tədbir iştirakçılarına ətraflı məlumat verdi. Qeyd etdi ki, Abşeron rayonu 1963-cü ildə Bakı və Sumqayıt şəhərlərinin əhalisini  kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə yaradılıb və ümummilli lider Heydər Əliyevin böyük diqqəti sayəsində respublikamızın ən inkişaf etmiş rayonlarından birinə çevrilib. Ət, süd, yumurta, yun və digər kənd təsərrüfatı məhsulları istehsalına görə ən qabaqcıl yerlərdən birini tutmuşdur. Zəfəran, zeytun, badam kimi nadir bitkilər yalnız Abşeron rayonunda yetişdirilmişdir.

İ.Gülməmmədova dedi:

Ulu öndər Heydər Əliyev ideyalarının uğurlu davamçısı  möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər və yaradılmış işgüzarlıq şəraiti Abşeron rayonunda da tərəqqiyə və inkişafa zəmin yaratmışdır.  Cənab Prezidentin son illər ərzində rayonumuza 14  dəfə səfər etməsi məhz abşeronlulara olan diqqət və qayğının ən bariz nümunəsidir. Dövlət başçısının Abşeron rayonuna misilsiz qayğı və diqqəti, əməli köməkliyi sayəsində qısa zamanda bir çox problemlə həllini tapmış, Xırdalan şəhəri də daxil olmaqla, Abşeron rayonu inkişaf yoluna qədəm qoyaraq öz simasını dəyişmişdir.

Son 10 ildə Abşeron rayonunda  onlarca  yeni məktəb, uşaq bağçası, səhiyyə, mədəniyyət müəssisələri inşa olunub. Eyni zamanda, artıq 5 ildir Abşeron rayonu respublika büdcəsindən dotasiya almadan yerli gəlirlər hesabına öz büdcəsini formalaşdırır.  Ötən 10 il müddətində ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Abşeron rayonunun sosial-iqtisadi inkişafında böyük xidməti olan, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  “Şöhrət” ordeni, 1 nəfər “Vətənə xidmətə görə” ordeni, 56 nəfər “Tərəqqi” medalı ilə təltif edilmiş, 34 nəfərə  müxtəlif fəxri adlar verilmişdir”.

Milli-mənəvi dəyərlərin, adət və ənənələrin, qeyri-maddi mənəvi irsin   qorunub saxlanılması, daha da inkişaf etdirilməsi ilə bağlı Prezient İlham Əliyevin və respublikanın birinci xanımı Mehriban Əliyevanın əvəzsiz xidmətlərinin olduğunu diqqətə çatdıran rayon rəhbəri vurğuladı ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən  Abşeron rayonunun  “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilməsi ilə bağlı həm Respublika ərazisində, həm də bir sıra xarici ölkələrdə mədəniyyətimizin  nümayişi, təbliği istiqamətində  silsilə tədbirlər həyata keçirilib.

“Bölgələrdən paytaxta” layihəsi çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Abşeron rayonunun tarixi ənənələrinin, incəsənət nümunələrinin daha geniş formada tanıdıldığını, yeni-yeni istedadların üzə çıxarıldığını nəzərə çatdıran İ.Gülməmmədova əminliyini ifadə etdi ki, bu layihə bütövlükdə  Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verəcək.

Sabaha inamla addımlayan Abşeronun bu yoldakı  qətiyyətinin, əzminin və iradəsinin bariz ifadəsi olan tədbir abşeronlu incəsənət ustalarının konsert proqramı ilə davami etdirildi.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2016.- 5 mart.- S.6.