Azərbaycan multikulturalizm
məkanıdır
Xalqımızın
mənən zənginləşməsində, dünya
xalqları arasında öz rolunu və mövqeyini qoruyub saxlamasında mədəniyyətimizin əvəzsiz
rolu olmuşdur. Bu gün bizim
bəşər mədəniyyətini zənginləşdirən
mədəniyyət xadimlərimizlə, milli-mənəvi dəyərlərimizlə
fəxr etməyə haqqımız var. Azərbaycan
uzun illər SSRİ-nin
tərkibində olsa da,
xalqımız öz mədəniyyətini,
milli-mənəvi dəyərlərini ləyaqətlə qoruyub saxlaya bilmişdir. Eyni zamanda,
xalqımız tarixin bütün
mərhələlərində olduğu kimi, digər xalqların mədəni ənənələrinə
də hörmətlə yanaşmışdır.
Müstəqil Azərbaycan dövlətinin multikultural dəyərlərə söykənən mədəni nailiyyətləri xalqımızın uzun illər yaşatdığı, nəsillərdən nəsillərə ötürdüyü milli-mənəvi dəyərlərin əsasında formalaşmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bu təşəbbüs bütün dünyaya Azərbaycan xalqının mərhəmət, şəfqət, insana məhəbbət hissi kimi multikultural dəyərləri bu günədək saxladığı və bundan sonra da qoruyub saxlayacağı barədə mesajıdır.
Cənab Prezidentın ifadəsi ilə desək, Azərbaycanda multikulturalizm dövlət siyasəti və həyat tərzidir. Bunlar gəlişigözəl sözlər deyil, tariximizə, milli, siyasi, bədii irsimizə əsaslanan fikirlərdir. Xalqımızın məişətində, təfəkküründə, şüurunda çoxmədəniyyətlilik təfəkkürü inkişaf edib və bu gün nümunəvi bir məzmun daşıyır. Doğrudur, indi dünyanın digər ölkələrində də bu dəyərlər təbliğ olunur. Amma Azərbaycan nümunəsi bu sırada ən önəmli yerlərdən birini tutur.
Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. Bu gün multikultralizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəlmişdir və hazırda dünya dövlətləri Azərbaycanın bu siyasətini dəstəkləyir və təqdir edir. Bu, sadəcə görüntü deyil, xalqın tarixən formalaşdırdığı, dərin siyasi məntiqə söykənən siyasətdir. Qloballaşan müasir dünyamızda baş verən kataklizmlər, müxtəlif dinlərə münasibətdə yaranan anormal vəziyyət böyük fəlakətlərə səbəb olur. Azərbaycan mahnılarından birində bu fəlakətlərə etiraz olaraq deyildiyi kimi : “Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan”.
Tarixi bir
həqiqətdir ki, irqçiliyin
və dini dözümsüzlüyün
artdığı cəmiyyətlər mütləq ciddi problemlər və faciələrlə
üzləşirlər. Azərbaycanda yaşayan
müxtəlif dinlərin və millətlərin nümayəndələri
heç vaxt dözümsüzlük və ya
hansısa fobiyalarla üzləşməyiblər.
Neonasizmə, dözümsüzlüyə, ksenofobiyaya
əks qüvvə olan tolerantlıq və
multikulturalizm əsrlərlə Azərbaycanda
mövcud olub. Dünya anlamalıdır ki, tolerantlıq və multikulturalizmə heç
bir alternativ yoxdur.
Bizim mədəniyyətimiz, əxlaqımız bu istiqamətə yönəlmişdir.
Bizim düşüncəmiz
belədir ki, din ayrı, millət ayrı olan xalqlar bir-biri ilə mehribanlıq, dostluq şəraitində
yaşamalıdır. Onda tərəqqi
də, inkişaf da olacaq.
Biz azərbaycanlılar gözümüzü dünyaya açandan ətrafımızda digər millətlərin
nümayəndələrini görmüşük və onlara öz doğmalarımız kimi baxmışıq.
Bunu bizə daha çox multikultural mədəniyyətimiz
təlqin edib.
Ölkəmizdə multikultural dəyərlərə söykənən mədəniyyət formalaşmışdır.
Bizim Azərbaycanda yaşayan
millətlərlə ortaq
mədəni dəyərlərimiz
var. Bunu yaradanlar bu millərlərin
sənətçiləri- bəstəkarları, rəssamları,
kino xadimləri və başqalarıdır. Böyük
Nizamidən başlayaraq,
ədəbiyyat və incəsənət
əsərlərində bu ideyaların təbliğinə
məxsusi yer ayrılıb. Mən udilər haqqında kinorejissor Hüseyn Mehdiyevin “Udilər”
filminə baxmışam.
Maraqlı filmdir. Filmdə udilərin həyat tərzi, məşğuliyyəti,
ən əsası isə Azərbaycanda özlərini rahat hiss etmələri çox maraqlı faktlarla tamaşaçılara çatdırılır.
Bu yaxınlarda rejissor
Oqtay Mirqasımovun ekranlara çıxarılan
“Qisas almadan ölmə. Keçmişdən
məktublar” filmi isə alman-Azərbaycan xalqlarının dostluğuna qiymətli töhfədir.
Azərbaycanda yaşayan
ləzgilər, ruslar və yəhudilər haqqında
da belə əsərlər yaradılmışdır. Bütün bunlar Azərbaycanın
multikultural dəyərlərə sadiqliyinin ifadəsidir.
Son vaxtlar multikultralizm Azərbaycanın dövlət siyasətində
prioritet istiqamətə çevrilmişdir.
Müstəqil Azərbaycan
dövləti ölkəmizdə
tarixən formalaşan çoxmədəniyyətlilik
şəraitinin dayanıqlığını
təmin etməklə
yanaşı, bunun dünya siyasətinə dəyərli bir töhfə olaraq təqdim edilməsi istiqamətində xeyli əhəmiyyətli təşəbbüslər
irəli sürür.
Cənab Prezidentin təşəbbüsü ilə
multikulturalizmlə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.
Yeni yaradılan Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi qısa
zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi
və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başladı. Əvvəlcə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik
Şurasının sədri
Kamal Abdullayevin ideya və təşəbbüsü
ilə “Multikulturalizmə
giriş” və “Azərbaycan multikulturalizmi”
fənləri yaradıldı
və hər iki fənn üzrə
tədris proqramları
hazırlanaraq Təhsil
Nazirliyində təsdiq
olundu. Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin imkanları
hesabına xarici ölkə universitetləri
ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı və ilkin mərhələdə
10-a yaxın universitet
təklifi müsbət
qarşıladı. Hazırda 7 xarici
ölkə universitetində
“Azərbaycan multikulturalizmi”
fənni tədris olunur. Bu ali məktəblər sırasında Müqəddəs
Kliment Oxridski adına Sofiya Universiteti, İvan Cavaxişvili adına
Tbilisi Dövlət Universiteti,
Ural Federal Universitetinin Yekaterinburq
filialı (Rusiya Federasiyası), Litva Pedaqoji Universiteti, Praqa Karlov Universiteti
(Çex Respublikası),
Roma Sapienza Universiteti
(İtaliya) və
Belarus Dövlət Universiteti
var.
Biz dünya
xalqlarına öz multikultural mədəni nailliyətlətimizlə əsl
nümunə
göstəririk. Cənab
Prezidentin təşəbbüsü
ilə iki ildən bir Bakıda keçirilən Ümumdünya
Mədəniyyətlətarası Dialoq forumları , Humanitar forumlar bunun canlı nümunəsidir.
Bu tədbirlər artıq Azərbaycanı dünyaya multikultural mədəniyyətə
malik, tolerant ölkə
kimi tanıdıb və Azərbaycanın beynəlxalq nüfuzuna əsaslı şəkildə
müsbət
təsir göstərir.
Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu
sahədəki xidmətlərini
xüsusi olaraq qeyd etmək lazımdır. Mehriban xanımın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq
miqyasda təbliğinə
böyük töhfələr
bəxş edir. Parisdə keçirilən
“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti”
mövzusunda çıxış
edən Azərbaycan Respublikasının birinci
xanımı Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini bildirib. Mehriban xanım
Əliyeva Luvr Muzeyində İslam mədəniyyəti bölməsinin
təşkilində, Romada
katakombaların bərpasında,
Strasburq və Fransanın digər regionlarındakı kilsələrin
təmirində fondun yaxından iştirak etdiyini vurğulayıb.
Millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullanın fikrincə, mədəni müxtəlifliyin qorunmasında
vacib şərtlərdən
biri bu işlə
dövlətlə yanaşı
vətəndaş cəmiyyəti
və onun fəaliyyətini dəstəkləyən
qurumların da fəal məşğul olmasıdır. Multikultural
prinsiplər Azərbaycan
kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün təhlükəsizlik
prinsipləri qədər
vacib və zəruridir.
Eyni zamanda, Mədəniyyət və
Turizm Nazirliyinin səyləri də yüksək qiymətləndirilməlidir. Bütün bu səylər ona yönəldilmişdir
ki, Azərbaycan dünyada multikultural, tolerant ölkə
kimi tanınsın. Artıq bu siyasət öz real bəhrəsini verməkdədir.
Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq təşkilat olan BMT Sivilizasiyalar Alyansı öz növbəti tədbirini – VII Qlobal Forumu Bakıda keçirməyi qərara almışdır. Aprel ayının 25-dən 27-dək Bakının ev sahibliyi edəcəyi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi olduqca əhəmiyyətlidir. Artıq cənab Prezident qlobal foruma hazırlıq işləri ilə bağlı bir neçə sərəncam imzalamışdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. Nazir bu tədbirlə bağlı verdiyi müsahibəsində demişdir: “Sivilizasiyalar Alyansı Forumunun keçirilməsi bu gün dünyada baş verən bütün prosesləri qiymətləndirməyimiz üçün daha bir addım, daha bir imkandır. Təəssüf ki, bu proseslər heç də həmişə pozitiv xarakter daşımır. Zənnimcə, bu gün dünyada gedən proseslərin çoxu mədəni ənənələri, baxışları, həyat tərzini, hər bir xalqa xas olan və əsrlər boyu formalaşmış müəyyən dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Belə ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini və köklərini təhlil etməyə, bu gün dünyada yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları tapmağa imkan verir”.
Artıq Təşkilat Komitəsi hazırlıq işlərini başa çatdırmaq üzrədir. Bu tədbir Azərbaycan üçün ona görə əhəmiyyətlidir ki, biz dünyaya multikultural, tolerant ölkə kimi öz nailiyyətlərimizi bir daha göstərə biləcəyik. Multikulturalizm tolerantlığın təcəssümüdür və onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə,dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 12
mart.- S.10.