“Akademik Heydər Hüseynov”
kitabının təqdimatı
Görkəmli filosof alim, akademik Heydər Hüseynovun yaradıcılığı Azərbaycan
elm və fəlsəfə tarixində
silinməz iz qoymuşdur. Təsadüfi deyil ki, “çap
olunan şey
qalacaqdır”-fikrini
yaradıcılıq kredosu seçən
alim əsərləri ilə fəlsəfi
və elmi fikir
tariximizə öz töhfələrini vermiş, hətta yaşadığı dövrün ziddiyyətli burulğanından
belə çəkinməmişdir.
Bu fikirlər Azərbaycan Elmlər Akademiyasının Elmi kitabxanasında görkəmli alimin həyat və yaradıcılığını əks etdirən “Akademik Heydər Hüseynov” adlı kitabın təqdimatında səsləndirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev açdı. O, təmsil etdiyi qurumun indiyə kimi gördüyü işlərdən, xüsusilə də azərbaycançılıq ideyalarının təbliği və cəmiyyətin maarifləndirilməsi istiqamətində reallaşdırdığı tədbirlərdən söhbət açdı. Qeyd etdi ki, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Arzu Əşrəf qızı Hacıyevanın görkəmli alim Heydər Hüseynovun həyat və fəaliyyətinə həsr etdiyi kitabın ictimaiyyətə təqdimatı da bu qəbildən olan işlərdəndir. Onun sözlərinə görə, alimin həyat və yaradıcılığı, ictimai fəaliyyəti və insani keyfiyyətləri elm ictimaiyyəti üçün örnəkdir.
AMEA-nın müxbir üzvü Nərgiz Axundova AMEA-nın yaradılmasının 70 illiyi ilə əlaqədar bu kitabın işıq üzü görməsini yüksək dəyərləndirdi. Qeyd etdi ki, kitabın müsbət cəhətlərindən biri də burada filosof alimin fəaliyyəti ilə bağlı yeni materialların olmasıdır. Onun sözlərinə görə, müəllifin Azərbaycanın müstəqilliyinə qovuşmasından sonrakı dövrdə Heydər Hüseynovun elmi irsinə yeni baxışı dəyərli tədqiqat əsəri ərsəyə gətirib. AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun sosiologiya və sosial psixologiya kafedrasının müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova həmkarı Arzu Hacıyevanın gərgin zəhmətini yüksək qiymətləndirdi.
Azərbaycan Dövlət İqtisad Universitetinin fəlsəfə kafedrasının dosenti Afaq Məmmədova Heydər Hüseynovun şəxsi keyfiyyətlərinin onun elmə olan sevgisi ilə tam vəhdətini qeyd etdi. Bildirdi ki, alimin yaşadığı dövrün ədalətsizliklərinə qarşı mübarizəsi, sovet rejiminin repressiya maşınına boyun əyməməsi və ancaq özünü elmə fəda etməsi ictimai fikir tariximizdə qəhrəmanlıq hesab oluna bilər.
Fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə görkəmli ictimai xadim Heydər Hüseynovun XX əsr fikir tariximizdə mühüm simalardan olduğunu vurğuladı. Qeyd etdi ki, bu kitab AMEA-nın 70 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamından sonra elm ocağının təsis olunmasında fəallıq göstərən görkəmli ziyalıların fəaliyyətinin daha geniş işıqlandırılması baxımından mühüm töhfədir.
Kitabın müəllifi AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva əsərə verilən yüksək dəyərə görə hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, ictimai fikir tarixində öz yeri olan görkəmli alim haqqında kitab yazmaq onun üçün şərəfli bir missiyadır. Onun sözlərinə görə, kitabda tanınmış filosofun elmi irsi, şərəfli və faciəli həyatı dövrünün ziddiyyətləri fonunda geniş təhlil edilmiş, eyni zamanda, kitaba alimin bir sıra fotoları da daxil edilmişdir.
Tədbirdə iştirak edən alimin nəvəsi Heydər Aslanov akademik Heydər Hüseynov yaradıcılığına verilən yüksək dəyərə görə təşəkkür etdi.
Qeyd edək ki, “Elm” nəşriyyatında dərc edilmiş kitabın baş məsləhətçisi və elmi redaktoru, akademik Akif Əlizadə, redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədir.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2016.- 12
mart.- S.9.