Novruz – yeniləşmə,
bolluq, bərabərlik bayramı
Türkdilli
xalqların zəngin maddi və mənəvi dəyərlərinin
mühüm bir hissəsini özündə ehtiva edən
Novruz və ya Bahar bayramı min illərdir ki, böyük bir
mədəniyyət hadisəsi kimi davam etməkdədir. Bu
gün də Azərbaycanda, Türkiyədə, Altayda,
Çinin uyğurlar yaşayan ərazilərində, Orta
Asiyanın türk dövlətlərində,
bütövlükdə, türk xalqlarının məskunlaşdığı
digər coğrafiyalarda Novruz mart ayında baharın gəlişi
ilə bağlı milli bayram kimi qeyd olunmaqdadır.
Ulu qaynaqlar
Bu bayramın yeni günün, yeni ilin başlaması, insanlarda qanın qaynaması, ruhun təzələnməsi, bitki aləminin canlanması, ağacların oyanması ilə müşahidə edilməsi onun qutsallığına inam yaratmışdır. Müəyyən zümrələr öz dünyagörüşlərinə müvafiq olaraq bu bayrama dini don geydirməyə çalışmışlar. Bunun bir səbəbi savadsızlıqdan irəli gəlirdisə, digər qaynağı da bayramın əlaqələndirildiyi qəhrəmana sevgi idi. Beləliklə də, Novruzun əsl mahiyyəti təhrif edilir, baş verən deformasiyalar müxtəlif inancların yaranmasına gətirib çıxarırdı.
Bununla bağlı tədqiqatçılardan Ağaverdi Xəlil bildirir: “Zaman keçdikcə insanlar imtina edə bilmədikləri ibtidai dönəmin ənənələrini, bir növ, uyduraraq dini bayramlar olaraq qəbul etmişlər. Novruzun da rəsmi bayram kimi keçirildiyi qədim və orta əsrlərdə o dini əfsanələrlə əlaqələndirilmiş və ona dini bir mahiyyət qazandırmağa cəhd göstərilmişdir. Məsələn: Novruz Həzrət Əlinin doğulduğu gündür; Həzrət Əlinin taxta çıxdığı gündür; Həzrət Əlinin Fatimeyi Zəhra ilə evləndiyi gündür; Nuhun yerə ayaq basdığı gündür; Yunus peyğəmbərin balığın qarnından çıxdığı gündür və s.
Bəzi tədqiqatçılar bu günü Oğuz xanın taxta çıxdığı gün kimi də qeyd edirlər. Belə ki, türk tədqiqatçılarından Vəli Savaş Yelok uyğur Alimcan Ziyaiyə istinad edərək bu məsələyə münasibətini “Uyğur türklərində Novruz” məqaləsində bildirir: “Uygur türkcəsində ”noruz" ya da “nə bahar” il başındakı baharın ilk gününün qarşılandığı və bunun qutlandığı günə verilən addır. Bu gün Novruz, Türkistandan başlayıb, ta Avropaya yayılan böyük türk millətinin vətən yapdığı ellərdə sevinc içində bəklədiyi, öyünclə yaşadığı, sonrakı nəsillərə qürurla anlatdığı böyük bayram törəninin - milli bayramının adıdır”.
Başqa bir versiya haqqında folklorşünas Məhərrəm Qasımlı yazır: “Novruz – Yenigün bayramının dirilik, oyanış, qurtuluş günü kimi ulusumuzun yaddaşında möhkəmlənməsinin bir səbəbi də bu günün bir sıra əlamətlərinin Ərgənəkonla bağlılığıdır... Ərgənokondan çıxış – qurtuluş Yenigün kimi, Bozqurd bayramı kimi mübarəkdir”.
Bizim fikrimizcə isə, Novruz bayramı bir şadlıq, şənlik mərasimi olmaqla türk xalqlarının ənənəvi mərasimidir ki, bunun arxasında dini mahiyyət daşıyan heç nə yoxdur. Bu bayram şumer və turan təqvimi ilə yeni ilin birinci günü olaraq miladi təqvimlə mart ayının 21-nə düşən gecə- gündüz bərabərliyi günündə keçirilir. Yeni günün başlanmasını isə suda balığın arxası üstə çevrilməsi anından qəbul edirlər. Həmin anda gecə-gündüz bərabərləşir.
Kamil Hüseynoğlu Novruz bayramına yeni yöndən yanaşaraq bir qədər fərqli münasibət bildirir: “Qədim dövrdə İlaxır bayramı, yəni əcdadların ruhu şərəfinə keçirilən bayram bilavasitə Novruzdan əvvəlki gecə, yəni ilin axırıncı gecəsi qeyd edilirdi və həmin gecənin səhərisi yeni ilin ilk günü olan Novruz gəlirdi. Ancaq ərəb istilasından sonra tətbiq edilən ay (qəməri) təqviminə əsasən, gecə ilə gündüzün bərabərləşdiyi günü dəqiq təyin etmək çətin idi. Bu səbəbdən də ay təqvimi ilə təbiət hadisələri arasındakı uyğunsuzluqlar ciddi anlaşılmazlıqlar törədirdi.
Belə vəziyyət XI əsrədək davam edir. Səlcuq sultanı Məlikşah belə uyğunsuzluqları aradan qaldırmaq üçün məşhur şair və astronom Ömər Xəyyam başda olmaqla görkəmli astronomlardan və riyaziyyatçılardan ibarət bir komissiya təşkil etdi. Bu komissiya dünyada ən dəqiq təqvimlərdən birini düzəldərək baharda gecə ilə gündüzün bərabərləşdiyi günü 1 fərvərdin, Qriqorian təqvimi ilə 14-15 mart tarixinə təyin etdi. O zaman üçün bu tarix düzgün idi. Müasir dövrdə isə 01 fərvərdin tarixi Qriqorian təqvimi ilə 21– 22 mart tarixinə düşür”.
Klassik və xalq ədəbiyyatında rastlaşdığımız nümunələr göstərir ki, Novruz – Bahar bayramı hər zaman xalq müdriklərinin diqqətində olmuş, xalq hikmətini, milli-mənəvi dəyərləri ənənəvi şəkildə mühafizə etmişdir. Babalarımız yazın gəlişi ilə əhatələrində olan bütün varlıqlarda bir canlanma, təzələnmə olduğunu görərək kainatın məhvərində baş verən yeniliklərə qiymət verməyə çalışmışlar.
“Kitabi-Dədə Qorqud”da diqqətçəkən bir məqam var. Demək olar ki, boyların əksəriyyətində xanlar xanı Bayandır xanın ildə bir dəfə Oğuz bəylərini bir yerə yığıb şənlik etdiyindən söhbət açılır. Bayandır xanın keçirdiyi mərasimin vaxtı yazdır. Bu mərasimin Novruz bayramının arxaik forması olması görünməkdədir. Bəylərin Bayandır xanın görüşünə gəlməsi, at yarışlarının keçirilməsi, mükafatlandırmalar, evin yağmalanması və s. kimi təzahürlər Novruz bayramında hazırda icra edilən adət-ənənənin ilkin əlamətlərini əks etdrir.
“Novruz”
sözünün mənşəyi
“Novruz” sözünün mənşəyi və daşıdığı məna barədə saysız-hesabsız fikirlər söyləmişlər, əksəriyyətində də eyni qənaətə gəlmişlər. Təəssüf ki, bu tədqiqatçılar, demək olar ki, araşdırmalarını birtərəfli aparmışlar. Bu da öz növbəsində yanlışlıqlara gətirib çıxarmışdır. Bəzi tədqiqatçılar Novruz sözünün fars mənşəli olduğu haqqında fikirlər söyləsələr də, bu mülahizə birmənalı şəkildə qəbul olunmur.
Novruzu zərdüştlüklə bağlayan tədqiqatçılar daha çox bunu bayramdan öncə keçirilən axırçərşənbə gecəsi icra edilən atəşfəşanlıqla əlaqələndirmişlər. Eyni zamanda, burada şamanizmin izləri də özünü mühafizə etmişdir. Sovet dönəmində ölkəmizdə bu bayramın qadağan edilməsinə baxmayaraq, xalqımız öz etiqadından dönməmiş, Novruzu xüsusi coşqu ilə qeyd etmişdir. Bu gün də Ordubad rayonunda axırçərşənbədə dağ başlarında, uca yerlərdə, kirəmitsiz damlarda tonqallar qalanır, tonqalların ətrafında dövrə vurub yallı gedirlər. Mərasimdə “Atıl-batıl çərşənbə, baxtım açıl, çərşənbə”, “ağırlığım-uğurluğum bu odda yansın" deyib tonqalın üstündən atılırlar.
Novruzun mənşəyi ilə bağlı tədqiqatçı Razim Əliyev qeyd edir ki, “Novruz” ulduzlu göyün müşahidəsinə əsaslanan mifoloji dünyagörüş bazasında yaranmış termindir”.
Böyük Azərbaycan yazıçısı Y.V.Çəmənzəminli Novruzu farslaşdırmaq istəyən müəlliflərə hələ 1927-ci ildə yazdığı “Azərbaycanda Zərdüşt adətləri” adlı məqaləsində tutarlı cavab vermişdir. O yazırdı: “Burhane Qate” və bütün İran müəlliflərinin Novruzu Cəmşidə mənsub etmələri tarixi həqiqətdən uzaq görünür”.
İ.S.Braginski də haqlı olaraq yazırdı: “farslar Novruz bayramını sonralar Cəmşid adlı əsatiri şahın adıyla bağlamağa başlamışdılar”. Hatəmi Tantəkin Ağamirzə isə Cəlaləddin İsfəhaniyə və Ehsan Nuriyə istinad edərək farsların təzə ili payız gecə- gündüz bərabərliyi günü – 21 sentyabrda keçirdiklərini yazmışdır. Ərəblər də təzə ili sentyabrın 21-də bayram etmişlər . “Novruz” sözünün etimologiyası çox geniş bir mövzu olduğundan burada fikrimizi qısaca qeyd edirik ki, Novruz təmiz türk sözüdür. Onun tədqiqi də qədim türk dilinin imkanları baxımından araşdırılmalıdır və gələcək yazılarımızda bu haqda ətraflı söhbət açılacaqdır.
Mahiyyəti
Novruz bolluq və bərəkət bayramıdır. Bu bayrama hazırlıq qış girməmişdən qabaq başlayır. Payızın sonlarında yığılan kənd təsərrüfatı məhsulları anbarlarda xüsusi metodlarla qorunub saxlanır ki, xarab olmasın. Qara yazın ağırlığını nəzərə alaraq payızda hazırlanan əsas ərzaq məhsullarından biri qoç ətindən qovurma bişirilməsidir. Belə ki, kənd yerlərində yaşayan elə bir ailə tapılmaz ki, bir və ya iki qoç kəsib qovurma bişirməsin.
Bayrama hazırlıqla bağlı payızın son günlərində ağ nazlı deyilən şaftalıdan və şəkəri armuddan “alana” hazırlanır və cəvizdən “sucuq” basılır, qurudulur və yaza saxlanılır. Hazırlıq mərhələsində kənd camaatı mütləq saxladıqları mal-heyvanın da qışdan çıxmasını nəzərə alaraq müəyyən tədbirlər görürlər.
Qış böyük çillə, kiçik çillə, boz ay deyə üç mərhələyə bölünür. Böyük çillənin çıxması ilə sayaçının ev-ev gəzib bayrama hazırlığın başladığını bildirir.
Bayram ərəfəsində nənələrin boğçaları, sandıqları açılır, bayram hazırlıqları görülür. Bayram süfrəsinə müxtəlif çeşidli şirniyyatlar - paxlava, şəkərbura, çökə, quru çərəzlər və xüsusi şəraitdə qorunub saxlanan meyvələr; alma, armud, heyva, nar, üzüm, rəngbərəng bəzədilmiş yumurtalar, qırmızı lentlə bağlanmış səməni, odun rəmzi şam və su qoyulur. Səməni yaşıllığın, həyatın rəmzi kimi evlərin bəzəyinə çevrilir.
Bahar bayramının əsas atributları səməni, yumurta, çökə, şəkərbura, paxlava, od və sudur.
Bərabərlik
bayramı
Bu günə qədər ən dərin izlərini Ordubad rayonunda saxlayan “Xanbəzəmə” Novruz bayramının arxetipi və əsas atributlarının qarantı olaraq mərasimin mahiyyətini əks etdirir. Eyni zamanda “Xanbəzəmə” demokratik seçki sisteminin qədim türkün təfəkküründə formalaşmasının bariz nümunəsi kimi yaşamaqdadır.
Xan üç gün müddətinə seçilir. Xan bu müddətdə xalq meydanında əhalinin içərisində idarəçiliklə məşğul olur, fərmanlar verir, bayramın yüksək səviyyədə keçirilməsini təmin edir. Təəssüf ki, hazırda respublika səviyyəsində keçirilən bayram tədbirlərində əksər vaxt ancaq keçəl və kosa personajlarından istifadə edilir. Xan, vəzir, təlxək, cəllad personajları unudulmuşdur.
Halbuki təntənəli şəkildə keçirilən bu tədbirlərin əsas qayəsi hamının şadlanması, hamının bayramı yüksək səviyyədə keçirməsi, imkansız adamlara maddi və mənəvi köməkliklərin göstərilməsidir. Bütün bu işlərin həyata keçirilməsində xanın böyük rolu vardır. Xan ədalətli, ciddi və düzgün olmalıdır. Xanın ciddi, ədalətli, düzgün olması hakimiyyətin - dövlətin ciddiliyinə, onun möhkəm özül üzərində qurulduğuna işarədir.
Mərasimin sonunda xan əhali ilə xudahafizləşir, gələn il bu vaxt yenidən görüşmək ümidi ilə xoş arzularını söyləyir, hamıyla birlikdə “yallı” gedirdi.
Yığılan pul, azuqə və əşyalar iştirakçılar arasında bölüşdürülür, kasıblara, imkansız ailələrə, yetim uşaqlara hədiyyələr paylanırdı.
Dostluq və
barış günü
Novruzu digər bayramlardan fərqləndirən bir cəhət də bu bayramda küsülülərin barışmasıdır. Bu küsülülük ailə içərisində, dost-tanış arasında, hətta el-oba münasibətlərində ola bilərdi. Belə hallarda ağsaqqallar ortaya düşər, yaşca kiçik olan küsülünü özləri ilə birlikdə böyük küsülünün bayramını təbrikə aparardılar. Hamı kimi küsülülər də bir-birinin bayramını təbrik edər, əl verib salamlaşar və küsülülük öz-özünə aradan qalxmış olardı. Uşaqlar ev-ev gəzib ağsaqqalların bayramını təbrik edər, bayram payı, əsasən də yumurta yığardılar. Bu ənənələr müəyyən deformasiyalara uğrasa da, davam etməkdədir.
Novruz bayramı haqqında bu günə qədər ədəbiyyatımızda çox yazılıb, çox deyilib. Bu gündən sonra da yazılacaq. Müstəqillik dövrü poeziyasında da Novruz mövzusu önəmli yer almaqdadır. Novruz bayramı elə bir bəşəri bayramdır ki, onun arxaik qatında olan mətləblər hələ də tam açılmayıb. Ümid edirik ki, Novruz bayramının bəşəriyyətə təlqin etdiyi ali məqsədlər gələcəkdə bütün dünya xalqları tərəfindən əxz olunacaq və qəbul edilərək ümumdünya mədəniyyət hadisəsinə çevriləcək.
Nizami
MURADOĞLU,
filologiya üzrə
fəlsəfə doktoru,
AMEA Folklor
İnstitutunun əməkdaşı
Xalq qəzeti.- 2016.- 20 mart.- S.6.