Azərbaycanın təhlükəsizlik

orqanları: tarix və müasirlik

 

Azərbaycanın təhlükəsizlik orqanları – 97

 

əvvəli qəzetin 18 mart tarixli sayında

 

Bu gün milli təhlükəsizlik orqanlarının şəxsi heyəti öz kökünə, keşməkeşli və mübarizələrlə dolu tarixinə ehtiramla yanaşır, sələflərinin keçdiyi çətin və şanlı mübarizə yolunu inamla davam etdirirlər.

Maraqlıdır ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan Fövqəladə Komissiyasında, Xalq Daxili İşlər Komissarlığında, Dövlət Təhlükəsizliyi Nazirliyində və nəhayət, Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərən yeni nəslin bir sıra nümayəndələri həmin mütərəqqi ənənələri inamla davam etdirmiş, öz xalqına, Vətəninə sədaqətlə xidmət etmişdir. Xalqın içərisindən çıxmış və onun ağrıları ilə yaşayan bu insanlar repressiyanın baş alıb getdiyi dövrlərdə belə imkan daxilində hər vəchlə çalışmışlar ki, xalqımızın günahsız övladlarını Sovet imperiyasının qaçılmaz ölüm və sürgünlərindən xilas etsinlər.

Bu da danılmaz həqiqətdir ki, o vaxtkı sovetlər rejiminin mərkəzi hakimiyyətinin əli ilə təhlükəsizlik orqanlarında düşünülmüş surətdə yerləşdirilmiş, hər cür dona girməyə qadir olan, tarixi düşmənçiliklərini unutmayaraq soyqırımı siyasəti aparan erməni daşnakları və bolşevik ideoloqları xalqımızın minlərlə say-seçmə övladına “xalq düşməni”, “Vətən xaini” damğası vuraraq, görkəmli elm, sənət, mədəniyyət xadimlərini, bir sözlə, milli düşüncə və əxlaqın daşıyıcıları olan mütəfəkkir şəxsiyyətləri fiziki və mənəvi məhvə məruz qoymuşlar. Ulu öndər Heydər Əliyevin təbirincə desək, 1920-1950-ci illərin təhlükəsizlik orqanlarının fəaliyyəti bizim xüsusi xidmət orqanlarının tarixində silinməz qara ləkədir.

Ötən əsrin 50-ci illərinin ortalarından etibarən şəxsiyyətə pərəstişin — stalinizmin ifşası və bununla əlaqədar repressiv aksiyalara, eləcə də siyasi terrora məruz qalmış insanların bəraət alması təhlükəsizlik orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərdi. Məhz bu dövrdən başlayaraq respublikanın təhlükəsizlik orqanlarında yeni ab-hava yaranmağa başladı.           

Milli kadrlara belə bir ögey münasibət olduğu dövrdə xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyətinə nəzər yetirdikdə görərik ki, öz yüksək intellektual səviyyəsinə, peşəkarlığına, işgüzarlığına, əməliyyat şəraitini qiymətləndirmək və təşkilatçılıq bacarığına görə həmkarlarından seçilən bu böyük insan təhlükəsizlik orqanlarının milliləşdirilməsi sahəsində nə qədər böyük işlər görmüşdür. 1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milliləşmə siyasətinin aparılmasında, milli kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq və hünər göstərmişdir.

Məhz bu dövrdən başlayaraq, Azərbaycanda dövlət təhlükəsizliyi sistemində əhəmiyyətli işlər görülmüş və gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında ulu öndərin böyük xidmətləri olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının - -Heydər Əliyevin təyin edilməsi, bu orqanların tarixində yeni bir səhifənin başlanğıcı idi. Məhz o illərdən başlayaraq bu strukturda ilk azərbaycanlı general olan dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması və irəli çəkilməsinə geniş yer verildi.

Ötən əsrin 80-cı illərinin sonu 90-cı illərin əvvəllərində totalitar sovet rejiminin bilavasitə süqutuna, bu siyasi-coğrafi məkanda azadlıq mücadiləsini gücləndirərək digər respublikalara da müstəqillik və azadlıq ab-havasını gətirən Azərbaycan xalqı bədxah qonşularımız və onların havadarları tərəfindən hərbi təzyiqlərə və təcavüzə məruz qaldı. Torpaqlarımız uğrunda mübarizədə millətin qeyrətli oğul və qızları ölüm-dirim döyüşünə qalxaraq əsl fədakarlıq nümayiş etdirdilər. Vətən uğrunda müharibədə öndə gedənlərin sırasında digər hüquq- mühafizə orqanlarının dəyərli və igid mübarizləri ilə yanaşı, təhlükəsizlik orqanlarının əməkdaşları da böyük şücaətlər göstərdi, qəhrəmanlıq dastanı yaratdılar. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən onlarca əməkdaşımız şəhidlik zirvəsinə yüksəlmiş, onlardan altı nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən və ölkəmizin suverenliyi dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən tanındıqdan sonra Azərbaycan Respublikasına qarşı yönəlmiş təzyiqlər, daxilixarici təhdidlər daha da gücləndi. Bütün bunlar Azərbaycanda onsuz da mürəkkəb olan ictimai-siyasi durumu daha da ağırlaşdırdı. Ölkədəki gərgin vəziyyət milli təhlükəsizlik sisteminin yenidən qurulması, milli maraqların müdafiəçisi olmaq kimi prioritet vəzifələrin həyata keçirilməsi zərurətini doğurdu. Bu vəzifələri layiqincə yerinə yetirmək, eləcə də 70 il ərzində yalnız sovet imperiyasının mənafelərini güdən təhlükəsizlik sistemi prinsiplərindən imtina etmək, cəmiyyətdə formalaşmış mövcud stereotipləri dağıtmaq, əvəzində hər hansı bir dövlətdən idarə asılılığı olmayan, Azərbaycan xalqının maraqlarının təhlükəsizliyi keşiyində etibarlı dayanmaq iqtidarında olan milli təhlükəsizlik orqanını yaratmaq olduqca çox çətin, ciddi və həyati əhəmiyyətli vacib bir məsələ idi.

Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il noyabr ayının 1-də Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. İlk növbədə, bu qurumun qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti dəyişməli idi. Əgər respublikanın Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı ümumilikdə Sovet imperiyasının mövcudluğununstrateji maraqlarının təminatına yönəlmişdisə, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran başlıca vəzifə Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə və elmi-texniki potensialına, həmçinin dövlət sirri təşkil edən məlumatların qorunmasına, xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına, bir sözlə, xalqımızın milli mənafeyini və maraqlarını müdafiə və mühafizə etməyə yönəlmişdi. Lakin müəyyən obyektivsubyektiv səbəblərdən, ilk növbədə, respublikaya səriştəsiz rəhbərlik, hökm sürən özbaşınalıq ilə əlaqədar 1991-1993-cü illərdə qarşıya qoyulmuş vəzifələri yüksək peşəkarlıqla həyata keçirmək, ölkə daxilində sabitliyi təmin etmək, eyni zamanda, vaxtı ilə dağıdılmış, yararsız vəziyyətə salınmış sərhəd zolağında sərhədi qanunsuz keçən qaçaqmalçıların, təxribatçıların, pozucu qüvvələrin qarşısını yetərincə almaq mümkün olmurdu. Müstəqilliyimizin möhkəmləndirilməsinə mane olan qüvvələr Azərbaycanın milli təhlükəsizliyinin təminatına əngəl törətməyə, ölkədəki siyasi gərginliyi bir qədər də dərinləşdirməyə  başladılar. Nəticədə müstəqilliyimizin taleyi artıq şübhə altına alındı.

Xalqımızın israrlı tələbi və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxilixarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini ümummilli lider Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının hüquq—mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında, milli maraqlara xidmət dövrü məhz ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda, gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi.

Ulu öndərin yürütdüyü müdrik siyasət nəticəsində ölkədə sabitlik tədricən bərqərar oldu,  eləcə də hüquq–mühafizə orqanlarının qarşısında ölkə rəhbərinin qoyduğu tələblər nəticəsində əhalidə və ayrı-ayrı qanunsuz dəstələrdə olan silah-sursat yığıldı. Qonşu dövlətlərlə münasibətlər tənzimləndi, daxildəki pozucu, separatçı qüvvələrlə mübarizə gücləndi və onların qanunsuz fəaliyyətlərinin qarşısı qətiyyətlə alındı. Nəticədə, milli təhlükəsizliyin təminatı prosesi artıq sistemli, uzunmüddətli və fasiləsiz xarakter almağa başladı.

Sabitlik əldə edildikdən sonra ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanları qarşısında yeni reallıqlardan irəli gələn vəzifələr qoyması ilə artıq qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olundu. Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini işləyib hazırlaması, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirməsi, respublikamızın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinin təşəkkülü yönümündə ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarını açıqlaması tam məsuliyyətlə bunu deməyə əsas verir ki, müasir dövrdə Azərbaycanın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Dahi siyasətçi Heydər Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni zamanda, onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamətləri dəqiq müəyyənləşdirmişdir.

Bu gün ulu öndərin siyasi kursunu inamlauğurla davam etdirən, müstəqilliyimizi əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək, etibarlı və təhlükəsiz gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradılmışdır.

Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. Milli təhlükəsizlik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında”, “Dövlət  sirri haqqında” Azərbaycan Respublikası qanunlarının, “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nın və sair qanunvericilik aktların, normativ-hüquqi sənədlərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsinin göstəriciləridir.

Çağdaş dönəmdə qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsi işinin daha da yüksəldilməsi təhlükəsizlik orqanlarının da fəaliyyətinin daim təkmilləşdirilməsini, müasir çağırışlara cavab verən adekvat bir xüsusi xidmətə çevrilməsini zəruri edir.

Dövlət başçımız cənab İlham Əliyevin imzaladığı 14 dekabr 2015-ci il tarixli 706 nömrəli fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır.

Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizliyi Xidməti qarşıya qoyulmuş vəzifələri həyata keçirən şəxsi heyətin saflığına, Vətənə, xalqa və dövlətə sədaqətinə, eyni zamanda, peşə, fizikidöyüş hazırlığına xüsusi önəm verir. İndi yüksək peşəkarlıq və intellektual səviyyə, ciddi xidmət və icra intizamı başlıca meyarlardır.

Ona görə də bu gün biz qürurla bəyan edirik ki, ömrünün 25 ilini xüsusi xidmət orqanlarında fəaliyyətə həsr etmiş Heydər Əliyev ənənələrinin, amallarının yaşadılması ən başlıca uğurumuz və hazırda fəaliyyətimizin vacib prinsipidir. Onların ən əsasları Azərbaycanda sabitliyin, dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyinin qorunması, Ermənistanın işğal etdiyi ərazilərin azad olunması, Azərbaycan Respublikasının hərtərəfli inkişaf etdirilməsidir. Bizim borcumuz Heydər Əliyev ideyalarını həyata keçirib yaşatmaq, milli maraqlarımızın, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükəsizliyi keşiyində daim ayıq-sayıq dayanmaqdır. “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar üslubu olsun”, — deyən ulu öndərimizin bu fikrini faəliyyətimizin əsas devizi kimi qəbul edərək, üslubu və metodlarının daim təkmilləşdirilməsi, qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olunması Dövlət Təhlükəsizliyi Xidmətinin başlıca məqsədidir. Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət istiqamətlərinin genişliyi, milli maraqların, eləcə də dövlətçiliyin möhkəmləndirilməsində tutduğu prinsipial mövqe və həyata keçirdiyi tədbirlər onun struktur bölmələrinin də təkmilləşdirilməsi ilə müşayiət olunur.

Sevindirici haldır ki, ölkəmizin əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə qarşı mübarizənin səmərəli və peşəkarlıqla aparılması, ümumən vətəndaşın, cəmiyyətin və dövlətin həyati mənafelərinin etibarlı təminatı üçün günün tələblərinə uyğun yeni fəaliyyət istiqamətlərinin və vəzifələrin müəyyən edilməsi, normativ hüquqimaddi-texniki bazanın təkmilləşdirilməsi, peşəkar kadr özəyinin formalaşdırılması və möhkəmləndirilməsi, şəxsi heyətin əməliyyat-döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi sahəsində Dövlət Təhlükəsizliyi Xidmətində bütün imkanlar səfərbər edilmişciddi islahatlar həyata keçirilir. Eyni zamanda, hər bir əməkdaşın fəaliyyətinə obyektiv qiymət verilməsi günümüzün reallığıdır.

Dünyada qloballaşma və mürəkkəb siyasi proseslərin getdiyi bir zamanda olduqca həssas regionumuzda, sözün əsl mənasında, müstəqilliyinin 25-ci ilini ləyaqətlə yaşayan Azərbaycan Respublikasının başlıca təməl prinsipləri olan hüquqi, demokratik, dünyəvi, konstitusion dövlət quruluşunun qorunması üzrə vəzifələrin məsuliyyətini Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dərindən dərk edir.

Bu vəzifələrin yerinə yetirilməsi, mart ayının 28-də Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 97-ci ildönümünü və peşə bayramını qeyd edəcək Dövlət Təhlükəsizliyi Xidmətinin hər bir əməkdaşından Vətənə Heydər Əliyev bağlılığı, yüksək peşəkarlıq, xidməti borca sədaqət, geniş dünyagörüşü kimi keyfiyyətlər tələb edir.

Qətiyyətlə və qürurla bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin göstərdiyi etimadı və etibarı layiqincə doğrultmaq, müstəqil dövlətimizin, onun hər bir vətəndaşının maraqlarının və mənafelərinin, təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələri şərəflə yerinə yetirmək əzmindədir.

 

Cəlal QASIMOV,

DTX-nin Heydər Əliyev adına

Akademiyasının professoru,

filologiya elmləri doktoru

 

Xalq qəzeti.- 2016.- 19 mart.- S.6.