Planlı surətdə həyata
keçirilmiş bəşəri
cinayət
Əminəm ki,
xalqımızın vətənpərvərliyi, milli birliyi və
məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin
siyasi iradəsi sayəsində biz qarşımıza
qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpasına,
onilliklər boyu planlı olaraq əsl soyqırımı həyata
keçirənlərin, insanlar və xalqlar arasında nifrət
və düşmənçilik təbliğ edənlərin
ifşasına nail olacağıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın XIX-XX əsrlərdə
baş verən bütün faciələri torpaqlarının
zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil
etmişdir. Bu hadisələrin yalnız birinə — 1918-ci il
mart qırğınına siyasi qiymət vermək cəhdi
göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin
varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər
həyata keçirə bilmədiyi qərarların məntiqi
davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət
vermək borcunu tarixin hökmü kimi qəbul edir.
“Azərbaycanlıların
soyqırımı haqqında”
26 mart
1998-ci il
tarixli Prezident fərmanından
Yetişməkdə olan gənc
nəsil, bütövlükdə
xalqımız , eləcə də, beynəlxalq aləmdəki
dostlarımız və düşmənlərimiz bilməlidirlər
ki, xaricdəki bəzi qüvvələrin dəstəyi ilə fəaliyyət
göstərən ermənilərin azərbaycanlılara
qarşı törətdiyi qanlı cinayətlər 20 Yanvar faciəsi, Xocalı soyqırımı,
çoxsaylı terror və təxribatlarla məhdudlaşmır. Bu xəyanətkar əməllər sırasında
1905-1907-ci illərin fitnəkarlıqları,
1918-ci ildə azərbaycanlıların məhz Azərbaycan ərazisində,
hətta Bakıda kütləvi şəkildə
soyqırımına məruz qalması, repressiya
illərində çoxlu sayda
azərbaycanlı ziyalının güdaza
verilməsi, 1948 — 1953 - cü illərdə və
1988-ci ildən sonra
Ermənistan ərazisində yaşayan
soydaşlarımızın namərdcəsinə törədilmiş
deportasiyanın qurbanına çevrilməsi, nəhayət, türk düşməni Mixail
Qorbaçovun dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizinin
işğal edilməsi kimi
dəhşətli tarixi faktlar
da vardır.
Azərbaycan dövləti bu faktların unudulmaması və dünya ictimaiyyətinə olduğu kimi çatdırılması məqsədilə kifayət qədər addımlar atmış və mükəmməl nəticələrə nail olmuşdur. Həmin addımlardan biri də ulu öndərimiz Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı məlum fərman idi. 1918-ci ildə soydaşlarımıza qarşı törədilmiş soyqırımı aktının 80 illiyi ərəfəsində imzalanan həmin fərman əsasında hər il ölkəmizdə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Xatırladaq ki, Azərbaycandan kənarda olan qüvvələrin məkri nəticəsində yuxarıda adını çəkdiyimiz faciələrin əksəriyyətinə vaxtında siyasi qiymət verilməsinə şərait yaradılmamışdı. Onlardan təkcə birinə — 1918-ci il mart soyqırımına elə həmin il siyasi qiymət verilməsi üçün mühüm addımlar atılmış və ölkəmizdə bolşeviklərin hakimiyyəti ələ almasından sonra həmin məsələ də yarımçıq qalmışdı. Amma, bu məqsədlə yaradılmış Fövqəladə İstintaq Komissiyasının topladığı sənədlər bu gün də ermənilərin, Ermənistanın və onların himayədarlarının ifşasına kifayət edir.
Tarixçilər yazırlar ki, 1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikası tərəfindən qiymət verməyə cəhd göstərilmişdir. Nazirlər Şurası baş vermiş soyqırımının təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması barədə qərar qəbul etmişdi. Komissiya mart hadisələrini, ilk növbədə Şamaxıda və İrəvan quberniyasında törədilmiş vəhşilikləri və cinayətləri araşdırmışdır. Baş vermiş hadisələr barədə dünya ictimaiyyətinin ətraflı və düzgün məlumatlandırılması məqsədilə Xarici İşlər Nazirliyində xüsusi qurum yaradılmışdı. Azərbaycan Demokratik Respublikası 1919 və 1920-ci illərdə martın 31-ni Milli Hüzn Günü kimi qeyd etmişdi. Bu, əslində, əsrdən artıq müddətdə azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələrinə və torpaqların zəbt edilməsi hallarına siyasi qiymət vermək cəhdi idi. Ancaq Azərbaycan Demokratik Respublikasının süqutu bu işləri başa çatdırmağa imkan vermədi.
Belə bir imkanı biz həmin əsrin sonunda, öz dövlət müstəqilliyimizin bərpasından, daha doğrusu, ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra qazandıq. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.
Tarixi sənədlərdə Mart soyqırımı və ya Mart hadisələri kimi qeyd edilən faktlar — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Kommunası və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınların mahiyyətini özündə ehtiva edir.
Həmin tarixdə üç gün davam edən qırğın zamanı ermənilər bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan - böyüyədək qətlə yetirmişlər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.”
Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
Kütləvi informasiya vasitələri yazırlar ki, İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab tərtib etmişdir. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
Həmin dəhşətlərin miqyası barədə təsəvvür yaradılması üçün Azərbaycan Demokratik Respublikası hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışlara diqqət yetirək: “1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə - yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir”.
Artıq bütün dünyanın bildiyi faktdır ki, ermənilər nəyin bahasına olursa-olsun, Azərbaycan torpaqlarında məskunlaşmaq və yerli xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar olmuşdu. Onlar həmin vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar. Nə yaxşı ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı.
Bütün şüurlu fəaliyyətini öz xalqına həsr etmiş ümummilli lider Heydər Əliyev 20 Yanvar, Xocalı faciələri kimi soydaşlarımızın kütləvi qırğınına səbəb olmuş 1918-ci il Mart hadisələrinə də siyasi qiymət verilməsinə nail oldu. Bununla da, Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq.
Prezident İlham Əliyevin söylədiyi : “Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir” — ifadələri artıq bütün azərbaycanlıların istənilən tribunadan səsləndirdiyi qətiyyətə çevrilib. Azərbaycan iqtisadi və hərbi potensialını sürətlə artırmaqda, regionun ən güclü dövlətinə çevrilməkdədir. Bu gün dünyada hamı bilir ki, əgər Azərbaycan tərəfi atəşkəs barədə razılıq əldə olunan kövrək bir dövrdə milli mənafeyinə ziyan gətirəcək hər hansı güzəştə getməyibsə, indi bizim hər hansı səhv addım atacağımızı gözləmək sadəcə, cəfəngiyyatdır.
Bundan başqa, indi artıq dünyada hamı görür ki, Ermənistan faktiki olaraq xarici dövlətin for-postudur və müstəqil qərar qəbul etmək iqtidarında deyil. Digər tərəfdən də, bölgədəki nəhəng enerji və infrastruktur layihələrindən kənarda qalan Ermənistan indi də dünya maliyyə böhranının bu ölkəyə göstərdiyi təsirin ağır nəticələrini aradan qaldıra bilmir. Prezident İlham Əliyev həmin faktı bu şəkildə yada salır : “Əgər xəritəyə baxsanız, görərsiniz ki, karbohidrogen ehtiyatlarının Qərbə çıxarılmasının ən qısa yolu Ermənistan ərazisindən keçir. Lakin bu, yalnız xəritədə belədir. Amma, torpağın üzərində dayananda görürsünüz ki, əslində, bu, uzun yolla gedir. Nə qədər ki, bizim torpaqlarımız işğal altındadır, bu əməkdaşlıq mümkün deyildir”. O da faktdır ki, 50 milyonluq Azərbaycan xalqı, bütün ziyalılarımız, ictimai-siyasi qurumlar, qeyri-hökumət təşkilatları, xüsusən, xalqın böyük əksəriyyətini təşkil edən gənclər bu mühüm məsələdə Prezident İlham Əliyevin siyasi xəttini sidq-ürəkdən dəstəkləyirlər. Millətimizin mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlar atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə son illərdə çoxsaylı tədbirlər görülür. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə, Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb etmişdir.
Son iki əsrdə mənfur düşmənin hiylə, məkr və quduzluğunun qurbanına çevrilmiş yüz minlərlə soydaşımızın ruhu o zaman şad olacaq ki, bizim üçrəngli, ay-ulduzlu bayrağımız Azərbaycanın əzəli torpaqlarında, xüsusən, BMT-yə üzv olduğumuz zaman göstərilən xəritəmizin bütün yaşayış məntəqələrində dalğalansın. Əminik ki, həmin gün uzaqda deyil. Dünya şöhrətli azərbaycanlı Cavad Heyətin dediyi kimi, başqalarının qapısına hüzn göndərən kimsə həmin hüznü mütləq öz qapısında da görəcəkdir. Ermənistandakı ictimai-siyasi ab-hava sübut edir ki, ermənilər artıq məğlubiyyət hüznünün yaxınlaşdığını hiss edirlər.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2016.- 31
mart.- S.1.