İqtisadi modernləşmə, siyasi liberalizmhüquqi dövlət konsepsiyası

 

Ulu öndər Heydər Əliyev bu prinsipləri milli inkişafın ana xətti müəyyən etmişdir

 

Müasir siyasi nəzəriyyələr birmənalı təsdiqləyir ki, ictimai-iqtisadi formasiyanın xarakterindən asılı olmayaraq cəmiyyət dövlət idarəçiliyi üçün şəxsiyyət-lider amili aktuallığını qoruyub saxlayır. Hər bir xalqın həqiqi azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün tarixi şansmilli iradə ilə yanaşı, güclü, xarizmatik liderə malik olması da son dərəcə mühüm şərtlərdən sayılır. Bu nöqteyi-nəzərdən, dünyanın ən qədim etnoslarından biri olaraq bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi çağdaş tariximizin unudulmaz dühası – ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı  məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi bir sıra faciələri aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasını gerçəkləşdirmişdir. Ulu öndər respublikaya birinciikinci rəhbərliyi dövründə fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqillik, azadlıq, dövlətçilik məfhumlarını illüziya və şüarçılıq səviyyəsindən milli ideologiya fəlsəfəsinə çevirməyi bacarmışdır. Xalqımızın milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli lider Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modeli özünəməxsus uzaqgörənliklə əsaslandırmış, eyni zamanda, bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini vurğulamışdır. Heydər Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların başlıca qayəsini – iqtisadi cəhətdən güclü və müstəqil milli şirkətlərin yaradılması, insanların biznes təşəbbüskarlığının, özünüifadə və özünütəsdiq imkanlarının artırılması, demokratik dəyərlərin ictimai şüurda möhkəmlənməsi kimi mühüm prinsiplər təşkil etmişdir.

Ulu öndər dövlət – vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. İctimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan, bunu əsl məmurluğun formuluna çevirən Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasihüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.

Keçid dövrü cəmiyyətlərində demokratiyanın inkişafı ilə yanaşı, dövlət maraqlarının qorunmasının vacibliyiaktual məsələ kimi gündəmə gəlir. Ulu öndər Heydər Əliyev böyük strateq kimi liberal dəyərləri üstün tutan bir sıra beynəlxalq siyasi dairələrin “Daha çox demokratiya, daha az dövlət” çağırışlarına cavab olaraq, Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi-siyasi regionda, həmçinin, ictimai inkişafın mövcud pilləsində dövlətçilik prinsipinin dominant üstünlük qazanması zərurətini ustalıqla əsaslandırmağı bacarmışdır. Məsələ bundadır ki, demokratik dəyərlər yalnız tam oturuşmuş, iqtisadi cəhətdən güclü olan, sabit və istiqrarlı ölkədə tam intişar tapa bilər. Bütün bunlar olmadan demokratik dəyərlərin genişmiqyaslı tətbiqinə yönəlmiş səylər son nəticədə dövlətin dayaqlarının sarsılmasına gətirib çıxarır.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil  xarici siyasət nəticəsində Azərbaycan sivil dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi respublikamızın müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə yanaşı, onun beynəlxalq əlaqələrində də keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Ümummilli lider çevik diplomatiya yeritməklə dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının Azərbaycana, habelə onun zorla cəlb edildiyi silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin dövlətçilik irsini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir. Qlobal miqyasda aparıcı dövlətlər, o cümlədən, Qərbin demokratik dairələri Azərbaycanın perspektivini bu kursdan kənarda təsəvvür etmirlər. Heydər Əliyevin xarici siyasət doktrinası bu fəlsəfi dünyagörüşün mahiyyəti barədə real təsəvvürlərin ortaya çıxmasını şərtləndirir.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də məhz ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində bu problem öz həllini tam şəkildə tapmış və beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir. Bu gün respublikamız 300-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurumların tamhüquqlu üzvü olan Azərbaycan paralel olaraq Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi qurumlarla fəal əməkdaşlıq edir.

Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ulu öndərin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin 2001-ci ilin yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır.

Ulu öndər Heydər Əliyev böyük strateq kimi onu da nəzərə almışdır ki, hüquqidemokratik idarəetməyə keçidin başlıca xüsusiyyətlərindən biri də hakimiyyət bölgüsü prinsipidir. Hakimiyyətin dəqiq bölgüsü aparılmadan, qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin azad, sərbəst fəaliyyəti üçün hərtərəfli şərait yaradılmadan sivil idarəetmə mümkün deyildir. Azərbaycan Respublikasının 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi, demokratik idarəetmə institutları və onların fəaliyyət mexanizminin istiqamətləri təsbit olunmuşdur.

Konstitusiyanın qəbulundan sonra vətəndaş cəmiyyəti və hüquqi dövlətin bərqərar edilməsi istiqamətində həyata keçirilən islahatlar da milli inkişaf strategiyasının mahiyyətindən irəli gəlmişdir. Məhkəmə-hüquq sistemindəki islahatların əsas məqsədləri hüquqi dövlət çərçivəsində müstəqil məhkəmə sisteminin fəaliyyət göstərməsinin təmin edilməsindən, vətəndaşlar üçün ədalətli məhkəmə araşdırmasından, məhkəmə qərarlarından şikayət hüququnun həyata keçirilməsindən və s. ibarətdir. 1993-2003-cü illərdə qəbul edilmiş onlarca yeni qanun məhkəmələrin, prokurorluğun, polisin, ədliyyə orqanlarının və digər hüquq-mühafızə orqanlarının sivil statusunu müəyyənləşdirmişdir.

Ulu öndər 1993-cü dövlət qulluğu üçün milli kadrların hazırlanması işini daha geniş miqyasda, sistemli şəkildə davam etdirmişdir. Şübhəsiz, idarəçilikdə rəhbərin davranışları, idarəçilik metodu, dövlət qulluğunda üstünlük verdiyi meyarlar komandadakı əhval-ruhiyyəyə də müsbət və ya mənfi anlamda təsir göstərir. Bu mənada ulu öndərin yüksək vətənpərvərliyi, ekstremal situasiyalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgüzarlığı, entuiziazmı onun rəhbərliyi etdiyi komandanın çevilikliyinə və işləkliyinə təkan vermiş, məmurlarda məsuliyyət hissini daha da gücləndirmişdir. Heydər Əliyev yaxşı işləyən dövlət qulluqçularını mükafatlandırmaqla yanaşı, verilmiş göstərişləri lazımi səviyyədə yerinə yetirə bilməyən, qulluq səlahiyyətlərini aşan, xalq kütlələrində haqlı narazılıq doğuran hərəkətlərə yol verən məmurları müşavirələrdə açıq ifşa etmiş, bu isə digərlərinə görk olmuşdur.

Fransız sərkərdəsi və dövlət xadimi Napoleon demişdir ki, “siyasətdə dahilik mümkün olanla mümkün olmayanı fərqləndirə bilmək qabiliyyətidir”. Bu prizmadan yanaşdıqda, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın yeni iqtisadisiyasi münasibətlər sisteminə dərindən bələd olan praqmatik liderlik keyfiyyətləri, reallığa əsaslanan siyasət yürütməsi qabarıq görünür. Ölkə başçısının son 13 ildə reallaşdırdığı iqtisadi islahatlar nəticəsində Azərbaycan müasir keyfiyyət və iqtisadi yüksəliş mərhələsini yaşayır. Prezident İlham Əliyevin iqtisadi modernləşməni davamlı və sonu görünməyən proses kimi dəyərləndirməsi isə yeni elmi yanaşma kimi böyük maraq doğurur: “Biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözlədiyi bizdən asılıdır. Azərbaycan xalqından asılıdır. Biz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdudları yoxdur. Bu, əbədi bir prosesdir, sonsuz bir prosesdir”.

Müasir dövrdə hər bir dövlətin tərəqqisi “insan meyarı”, yəni həyat keyfiyyətinin, şəxsiyyətin dövlət tərəfindən təmin olunan vəziyyətinin önə çəkilməsi ilə ölçülür. Şəxsiyyət azadlığı, insanların maddi rifah səviyyəsi, hər bir fərdin özünü cəmiyyətdə təsdiqetmə imkanı, insan və vətəndaş hüquqlarının qorunması – “insan meyarının” bu və digər elementləri onu dövlətin inkişafının qiymətləndirilməsinin əsas ünsürlərinə çevirir. Bu mənada, əminliklə demək olar ki, tarixin heç bir mərhələsində Azərbaycan cəmiyyəti son illərdəki kimi sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır.

Dövlət başçısının son illər praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. “Hər bir məmur xalqının xidmətçisi olmalıdır” – deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Dövlət başçısı ötən 13 ildə ayrı-ayrı dövlət məmurlarına etimad meyarını məhz onların fəaliyyətinə əsasən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə dolğun məlumatlandırılmasını zəruri saymışdır.

Postneft mərhələsinə qədəm qoymuş Azərbaycanın yeni inkişaf mərhələsinin əsas tələbi qarşıda duran məqsədlərin yüksək səviyyəli, çoxşaxəli olması, zamanın çağırışlarına cavab verməsi ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən müasir idarəetmə üsullarının tətbiqi, eləcə də strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Ölkənin yaxın gələcək üçün inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, keçilən yolun nəzəri və praktiki prizmadan araşdırlıması zərurəti həm də onunla şərtlənir ki, respublikamız keçid dövründən modernləşmə mərhələsinə uğurla transformasiya edir.

BMT-nin təsnifatına əsasən, ümumi daxili məhsul istehsalının həcminə görə “Yuxarı inkişaf etmiş ölkələr” qrupuna daxil olan Azərbaycan bu gün özünün milli inkişaf modeli ilə dünya iqtisadiyyatında xüsusi çəkisi olan Malayziya, Cənubi Koreya, Sinqapur və digər ölkələrin sırasına daxil olmaq niyyətindədir. Başqa sözlə, respublikamız yeni dünya nizamının tələb etdiyi vəzifələrin həyata keçirilməsi prosesində öz zəngin imkanlarından səmərəli yararlanır, insan və təbii resurslarına, sosial-iqtisadi, bazasına, yerləşdiyi ərazinin təbii-coğrafi şəraitinə güvənərək müasir cəmiyyət formalaşdırmağa çalışır. Dünyanın iqtisadi cazibə və təsir mərkəzinin Qərbdən Şərqə yönəldiyi bir tarixi dönəmdə Azərbaycanın strateji önəmi və bənzərsizliyi onun Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi, sivil əməkdaşlıq və dialoq məkanına çevrilməsi ilə şərtlənir. Xüsusi vurğulamaq lazımdır ki, BMT Sivilizasiyalar Alyansının bir müddət əvvəl Bakıda keçirilmiş VII Qlobal Forumu Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində əldə etdiyi uğurların müasir dünyaya təqdimatı baxımından geniş imkanlar açmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin hədəfi milli inkişafda intellektual irəliləyişə nail olmaqla, dövlətin siyasi suverenliyinin və davamlı iqtisadi rifahının təmin edilməsindən ibarətdir. Təhsil və elm lazımi səviyyədə olmasa, milli inkişafın perspektivləri, Azərbaycan dövlətçiliyinin davamlı inkişafı barədə düşünməyimiz çətin olar. Ölkə rəhbərliyinin insan kapitalının inkişafına xüsusi diqqətlə yanaşması, həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir.

Ötən 13 ildə elmə və təhsilin problemlərinin həllinə geniş diqqət ayıran bir sıra fərman və sərəncamlar, mühüm dövlət proqramları imzalayan Prezident İlham Əliyev cəmiyyətə respublikanın iqtisadi imkanlarının genişlənməsi müqabilində bu sahəyə diqqətin daha da artırılacağı mesajını vermişdir. Azərbaycanlı tələbələrin xarici dövlətlərdə təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilməsi, ümumilikdə elm-təhsil infrastrukturunun yeniləşdirilməsi ölkə vətəndaşlarının intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən tədbirlər sırasındadır. Bu da təsadüfi deyildir:  demokratiya, vətəndaş cəmiyyətinə aparan yol sırf iqtisadi azadlıqdan deyil, həm də mədəni-intellektual səviyyədən, iqtisadi modernləşməni təmin edən innovasion yeniliklərin tətbiqindən keçir.

Bütün bunlar bir daha göstərir ki, ulu öndər Heydər Əliyevin siyasi ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi-siyasiiqtisadi islahatlar postkeçid mərhələsində ölkədə modernləşmə xəttinin uğurla davam etdirilməsi üçün real zəmin yaratmışdır. Respublikamız qloballaşan dünyanın tərkib hissəsi kimi demokratik inkişaf yolunda inamla irəliləyir, yüksək iqtisadi inkişaf tempinə adekvat olaraq demokratik dəyərləri mənimsəyir. Ölkəmizin ildən-ilə artan sosial-iqtisadi imkanları deməyə əsas verir ki, Azərbaycan modernləşmə mərhələsini də tezliklə başa vuraraq dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada dayanmaq imkanı əldə edəcəkdir.

 

İlham MƏMMƏDZADƏ,

AMEA-nın Fəlsəfə

İnstitutunun direktoru

 

Xalq qəzeti.-2016.- 7 may.- S. 4.