“Heydər Əliyev türk dünyasının heç zaman unutmayacağı liderdir

 

Türkiyənin Mersin vilayətində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olan tədbirlər, elmi-praktik konfranslar, xatirə günləri və yubiley mərasimləri, dünyanın bir çox yerlərindən fərqli olaraq qardaş Türkiyə Respublikasında daha böyük sevgicoşğu ilə keçirilir. Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndərin anadan olmasının 93-cü ildönümü ilə bağlı qardaş ölkənin Mersin vilayətində düzənlənən tədbirlər isə xüsusilə  fərqlənmişdir.

 Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun, Milli Məclisin deputatları Hüseynbala Mirələmov və Fuad Muradovun, Xətai rayon bələdiyyəsinin rəhbəri Əliyar Əliyevin daxil olduğu nümayəndə heyətinin  Mersin vilayətinə səfəri də  elə bu yubiley tədbirlərində iştirak etmək məramından irəli gəlmişdi.

Səfərin ilk günü azərbaycanlı qardaşlarını səmimi qəbul edən Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz  Türkiyə ilə Azərbaycan arasında əsasını ulu öndər Heydər Əliyevin qoyduğu strateji əlaqələrin bu gün də yüksək səviyyədə və  uğurla inkişaf etdiyini vurğulayaraq qeyd etmişdir ki, Tarsus  şəhəri ilə Xətai rayonunun simasında iki ölkənin yerli hakimiyyət orqanları arasındakı əməkdaşlıq, heç şübhəsiz, bu münasibətlərin daha da dərindən inkişafına xidmət edir.

Qarşılıqlı maraq doğuran və hər iki ölkənin strateji əməkdaşlığından irəli gələn bu kimi ikitərəfli münasibətlər haqqında  Mersin vilayətinin Tarsus şəhər bələdiyyəsinin sədri Şövkət Canla görüş zamanı da geniş fikir mübadiləsi aparılmışdır. Tədbir zamanı türk dünyasının böyük öndəri Heydər Əliyevin Azərbaycan– Türkiyə qardaşlıq münasibətlərinin inkişafında misilsiz xidmətləri barədə geniş söhbət açılmış və onun xatirəsi ehtiramla yad edilmişdir. Nümayəndə heyətinin başçısı Razim Məmmədov səmimi qəbula görə Şövkət Cana minnətdarlıq edərək,  MersinTarsus bələdiyyələrinin rəhbərlərini bu ilin iyulunda Bakıya növbəti səfərə dəvət etmişdir.

Görüşdə qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan tədbirlərin birgə təşkil edilməsi Bakının Xətai rayonu ilə Mersinin Tarsus şəhərinin qardaşlaşmış şəhərlər formatı çərçivəsindəki əməkdaşlığında artıq xoş bir ənənəyə çevrilməkdədir.

2007-ci ildə başlanan bu əməkdaşlıq nəticəsində 2011-ci ilin mart ayında Tarsusdakı məşhur Berdan çayı üzərindən salınan körpüyə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilmişdir. Sonrakı illərdə qarşılıqlı səfərlər zamanı əldə edilmiş razılığa əsasən ümummilli lider Heydər Əliyevin adını daşıyan bu körpünün yaxınlığındakı 2,5 hektar ərazidə yeni parkın salınması və həmin parka ulu öndər Heydər Əliyevin adının verilməsi qərara alınmışdır. Bir  il əvvəl isə əsaslı yenidənqurma işlərindən sonra türk dünyasının əvəzsiz liderinin 92-ci ildönümü doğum günündə hər iki ölkənin dövlət və hökumət rəsmilərinin iştirakı ilə Tarsusdakı Heydər Əliyev Parkının və burada ucaldılmış ulu öndərin abidəsinin təntənəli açılış mərasimi olmuşdur. Həmin andan başlayaraq, bu park uşaqdan böyüyə qədər bütün yerli sakinlərin və bir çox xarici ölkələrdən gələn qonaqların sevimli istirahət guşəsinə çevrilmişdir.

Nümayəndə heyətinin tərkibində olan Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov səfər təəssüratları barədə dedi:

– Mayın 5-də Tarsusda böyük türk oğlu Heydər Əliyevin adını daşıyan parkda yenə möhtəşəm bir izdiham var idi. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı möhtəşəm bir tədbir düzənlənmişdi.

MersinTarsus şəhərlərinin dövlət və bələdiyyə orqanlarının rəhbərləri, Azərbaycan nümayəndə heyətinin,  yerli ictimaiyyətin nümayəndələrinin, ziyalıların və məktəblilərin qatıldığı bu möhtəşəm tədbirə  iki ölkənin dövlət himnlərinin səsləndirilməsi və türk dünyasının iki dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün və Heydər Əliyevin, Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə sayğı duruşu ilə start verildi.

Tədbirə ev sahibliyi edən Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz azərbaycanlı qardaşlarını rəsmən salamlayaraq bildirdi ki, türk dünyasının  tanınmış liderlərindən olan  Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, güclənməsində, qardaş ölkənin Türkiyə ilə münasibətlərinin strateji müstəviyə keçirilməsində və inkişafında göstərdiyi misilsiz xidmətlər Azərbaycanda olduğu kimi, Türkiyədə də ehtiramla xatırlanır. Heydər Əliyev türk dünyasının heç zaman unutmayacağı liderdir.

Natiq dünyanın indiki düzənində Türkiyə-Azərbaycan qardaşlığının, strateji müttəfiqlik münasibətlərinin, xalqlarımız arasında qarşılıqlı əlaqələrin yüksək səviyyəsinin bütün türk dünyasına bir nümunə olduğunu vurgulayaraq qeyd etdi ki, bu münasibətləri gələcək nəsillər əbədiyyətə qədər daşımağa borcludurlar.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov toplantıda geniş nitq söyləyərək dedi: “Azərbaycan Türkiyə əlaqələrinin çox böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdəndir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır". Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan  milli mücadiləyə də azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər, canlarını qurban verməkdən belə çəkinməmişlər.

Ulu öndər Heydər Əliyev çıxışlarında daim qardaş ölkələrin ortaq tarixi irs üzərində gələcəyə birgə addımlayacağını vurğulayaraq deyirdi: “Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışsalar da, buna müvəffəq olmamışlar. Xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə də bir-birinə qovuşublar. Bundan sonra heç bir qüvvə bizi ayıra bilməyəcəkdir.”

Böyük alqışlarla qarşılanan bu fikirlərdən sonra Razim Məmmədov Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladaraq qeyd etdi ki, ümummilli liderin XX əsrin sonunda bünövrəsini qoyduğu Azərbaycan – Türkiyə qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi elə bir beynəlxalq tədbir yoxdur ki, orada Azərbaycanla Türkiyə qardaş dövlətlər kimi vahid mövqe nümayiş etdirməsinlər.

Milli Məclisin üzvü, YAP Xətai rayon təşkilatının sədri  Hüseynbala Mirələmov toplantıda çıxış edərək bildirdi ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”  və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bugününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formula kimi bütün zamanlarda yaşayacaqdır.

Natiq ulu öndərin xarici siyasətində Türkliyənin sahib olduğu yeri dəqiq göstərmək üçün araşdırmalarından bir faktı diqqətə çatdıraraq bildirdi ki, Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi ümummilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyin çox fərqli olduğunun bariz göstəricisidir.

Tədbirdə Tarsus şəhər bələdiyyəsinin sədri Şövkət Can, Azərbaycan parlamentinin Gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov qeyd etdilər ki, dahi şəxsiyyətin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq strateji layihələr bu gün böyük bir regionun həyatında, xalqların maddi rifah halında mühüm rol oynamaqdadır. Bu da onu göstərir ki, ümummilli liderin müəyyənləşdirdiyi strateji siyasi xətt onun varisi olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təmkinlə, qətiyyətlə və uğurla davam etdirilir.

Rəsmi toplantı başa çatdıqdan sonra qonaqlar, MersinTarsus şəhərlərinin dövlət və bələdiyyə nümayəndələri birlikdə ulu öndər Heydər Əliyevin parkdakı əzəmətli abidəsi önünə tər çiçəklər qoyub, dahi şəxsiyyətin əziz xatirəsini bir daha ehtiramla yad etdilər.

Tədbirin bədii hissəsi də böyük təntənə ilə keçdi. Burada nümayiş etdirilən və səsləndirilən iki qardaş ölkənin mədəniyyət və incəsənət nümunələri tamaşaçılar tərəfindən böyük alqışlar qazandı. Bədii hissə başa çatdıqdan sonra  qonaqlar və toplantı iştirakçıları parkı gəzərək Heydər Əliyev körpüsünə gəlmiş və burada xatirə şəkli çəkdirmişlər.

 

*  *  *

 

Azərbaycanın nümayəndə heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı Tarsusun təhsil müəssisələrində davam etdirilən tədbirlərdə də iştirak etmişdir. Şəhərin ən nüfuzlu tədris müəssisələrindən biri olan Kampus Kollecinin şagirdləri Azərbaycandan gələn qonaqları səmimiyyətlə qarşılayaraq, Odlar yurdu, ulu öndərlə bağlı şeirlər səsləndirmişlər.

Kolecin rəhbərliyi ilə keçirilən görüşdə isə türk dünyasının yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyevin Azərbaycan-Türkiyə dostluğuna-qardaşlığına verdiyi misilsiz töhvələr qeyd edildi. Razim Məmmədov bildirdi ki,  Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı  xidmətlərinin əsas göstəricilərindən birionun Türkiyənin “Dövlət nişanı”, Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən “İlin adamı” seçilməsi, bu ölkənin bir çox universitetlərinin Fəxri doktoru adını almışdır. Biz bununla qürur duyuruq.

Görüş zamanı bu tədris müəssisəsinin Xətai rayonundakı orta məktəblərdən biri ilə qardaşlaşması haqqında da ilkin razılıq əldə edildibu cür əlaqələrin ulu öndər Heydər Əliyevin  iki ölkənin strateji tərəfdaşlığının tarixi formulu kimi bəyan etdiyi  Biz bir millət, iki dövlətik” kəlamından irəli gələn əbədi qardaşlığımızın daha da güclənməsinə xidmət edəcəyi vurğulandı.

 

Hazırladı:

İlqar RÜSTƏMOV,

 

Xalq qəzeti.- 2016.- 7 may.- S. 6.