Beynəlxalq elmi konfrans
Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və M.F.Axundov adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Kitabxanaçılıq-İnformasiya elmi: tədris və təcrübədə yeni çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevə “Böyük şəxsiyyətin kitab sevgisi” adlı geniş sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan, rus və xarici dillərdə 200-dən artıq ədəbiyyat nümayış olunub. Sərginin açılışında Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ulu öndərin mədəniyyətə, xüsusilə kitabxanalara qayğısından danışıb. Plenar iclasda ilk əvvəl ümummilli lider Heydər Əliyevin Milli Kitabxanadakı çıxışından (3 iyun 1995-ci il) qısa videoçarx nümayiş etdirilib. Sonra iclas öz işinə başlayıb.
K.Tahirov konfransın işinə uğurlar arzulayıb. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışında ulu öndərin mədəniyyətimizin inkişafındakı əvəzolunmaz xidmətlərindən ətraflı danışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva da öz çıxışında Heydər Əliyevin kitabxana işinə göstərdiyi qayğıdan bəhs edib. Plenar iclas öz işinə Azərbaycan Milli Kitabxanası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması ilə yekun vurub. Plenar iclasdan sonra konfrans iki bölmədə öz işini davam etdirib: kitabxanaşünaslığın akrual problemləri və kitabşünaslıq, biblioqrafiyaşünaslıq və mültidissiplinar tədqiqatlar.
Ümumilikdə 50-dən çox məruzə dinlənilib, slaydlar nümayiış olunub. Konfransda kitabxanaşünaslığın aktual problemləri müzakirə olunub, onun həlli yolları araşdırılıb.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.- 2016.- 7 may.- S. 8.