Azərbaycanda multikulturalizm dövlət
siyasətinin prioritet istiqamətidir
Azərbaycan
tarixən milli-mənəvi cəhətdən zəngin,
müxtəlif dil, din və mədəniyyətlərin sərbəst
şəkildə inkişaf etdiyi məkanlardan biridir. Ölkəmizdə multikulturalizm və tolerantlıq
dəyərlərinin tarixi kökü çox qədim
dövrlərə qədər uzanır, çünki ta qədimdən
bu torpaqlarda təşəkkül tapmış xalqlar dil, din,
mədəniyyət fərqlərinə baxmadan birgə,
dostluq və qardaşlıq şəraitində yaşamışdır.
Qədim və müasir tariximizin bütün
dövrlərində əsrlərdən bəri formalaşan
multikulturalizm və birgəyaşayış ənənələri
mövcud olmuşdur.
Bu bir gerçəklikdir ki, bu gün ölkəmizin
bütün regionlarında mədəni müxtəliflik həyat
tərzinə çevrilmişdir. Azərbaycanda dövlət-din
münasibətlərinin tənzimlənməsi, milli-dini
sabitlik, etnik və dini dözümlülüyün,
tolerantlığın və multikulturalizmin dövlət səviyyəsində
qorunub saxlanılması ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra daha da möhkəmlənmiş,
tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas
istiqamətlərindən və hədəflərindən
birinə çevrilmişdir. Heydər Əliyev
ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq
ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın
çoxmədəniyyətlilik ənənəsini inkişaf
etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi.
Ulu
öndər respublikada yaşayan bütün xalqlara, millətlərə,
habelə dilindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq, bütün vətəndaşlara
münasibəti bu cür bəyan etmişdir: “Azərbaycan
Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı,
başqa dinlərə mənsub olan vətəndaşlar da
yaşayır. Azərbaycan müstəqil,
demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi
öz ərazisində yaşayan bütün xalqlara,
bütün millətlərə dinindən, dilindən, irqindən,
siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq,
hürriyyət imkanları verir”.
Ümummilli liderin “Dövlət, ölkə nə qədər
çox xalqı birləşdirsə, bir o qədər zəngin
olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə
və sivilizasiyasına öz töhfəsini verir” fikirləri
Böyük İpək yolu üzərində, mədəniyyətlərin
qovuşduğu yerdətəşəkkül tapmış Azərbaycanın
tolerantlıq və multikulturalizm ənənələrinə
sadiq ölkə olduğunu bildirməklə, ölkəmizdə
bütün xalqların bərabər hüquqlara malik
olduğunun təsdiqidir. Bütün bu hüquqlar 1995-ci ildə
ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü
və rəhbərliyi altında araya-ərsəyə gəlmiş
Ali Qanunumuzda — Azərbaycan Respublikasının
Konstitusiyasında da öz əksini tapmış və beləliklə,
ölkəmizdə dövlət-din münasibətlərinin
yeni istiqaməti formalaşmış, respublikamızda milli-mənəvi
tolerantlığın, multikulturalizmin daha da inkişaf etdirilməsi
üçün hüquqi baza yaradılmışdır.
Konstitusiyamızın “Azərbaycan dövləti” adlı 7-ci
maddəsində dövlətimizin demokratik, hüquqi, dünyəvi,
unitar respublika olması, “Din və dövlət” adlı 18-ci
maddəsində respublikada dinin dövlətdən ayrı
olması və bütün dini etiqadların qanun
qarşısında bərabərliyi, “Bərabərlik
hüququ” adlı 25-ci maddəsində isə irqindən,
milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən,
əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən asılı
olmayaraq, hər kəsin hüquq və azadlıqlarının
bərabərliyinə təminat verilməsi öz əksini
tapmışdır. Konstitusiyanın 44-cü
maddəsinə əsasən, hər kəsin milli mənsubiyyətini
qoruyub saxlamaq hüququ vardır və heç kəs milli mənsubiyyətini
dəyişdirməyə məcbur edilə bilməz.
“Mədəniyyət haqqında” Qanunun 11-ci maddəsi
dövlətin Azərbaycan ərazısinndə yaşayan
bütün milli azlıqların mədəni kimliyinə
önəm verildiyinə hüquqi əsas yaradır. Azərbaycan
Respublikası Konstitusiyasının “Vicdan azadlığı”
adlı maddəsində hər kəsin dinə münasibətini
müstəqil müəyyənləşdirmək, hər
hansı dinə təkbaşına və ya başqaları ilə
birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək,
dinə münasibəti ilə bağlı əqidəsini
ifadə etmək və yaymaq hüquqları təsbit
edilmişdir.
Bu
müddəaların həyata keçirilməsi, dini etiqad
azadlığı ilə bağlı qanunvericilik aktlarına
riayət olunmasına nəzarətin təmin edilməsi və
dini qurumların qeydiyyata alınması 2001-ci ildə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
yaradılmasını labüd etdi və beləliklə də
ölkədə dövlət-din münasibətlərinin
yeni, daha yüksək səviyyədə tənzimlənməsini,
müsbət keyfiyyət dəyişikliklərini və
islahatların sürətlənməsini təmin etmiş
oldu.
Milli qanunvericiliyin müddəaları ilə
yanaşı, ölkəmiz bu məsələlərə dair
beynəlxalq çağırışlara da həvəslə
cavab verir. Azərbaycan
Respublikası ərazisində onun 1996-cı ildə
qoşulduğu “İrqi ayrı-seçkiliyin bütün
formalarının ləğv edilməsi haqqında”, “Aparteid
cinayətinin qarşısının alınması və onun
cəzalandırılması haqqında” və “Genosid cinayətinin
qarşısının alınması və onun cəzalandırılması
haqqında” BMT konvensiyaları kimi beynəlxalq sənədlərin
müddəaları da tətbiq olunur. Bundan əlavə,
2001-ci ildə Azərbaycan Respublikası Avropa
Şurasının “Regional və ya azlıq dilləri
haqqında Avropa Xartiyası”nı
imzalamışdır.
Ümummilli lider dövlət-din münasibətlərinə
dair mövqeyini açıqlayarkən dini ilk növbədə
mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni
və ayrılmaz bir hissəsi kimi təqdim etmişdir. Bu mənada “Dini etiqad
azadlığı haqqında” Qanuna zamanın tələbi
olaraq, bir sıra əlavə və dəyişikliklərin
edilməsi, tolerantlıq və dini
dözümlülüyün möhkəmlənməsinə
yönələn qanunvericiliyin beynəlxalq hüquq
normalarına uyğunlaşdırılması, Azərbaycanda
və ümumilikdə, regionda ilk dəfə 1999-cu ildən
etibarən 16 noyabrın “Beynəlxalq Tolerantlıq
Günü” kimi qeyd edilməsi məhz ümummilli liderin təşəbbüsü
ilə olmuşdur.
Son illər bu siyasət daha təkmil formada inkişaf
etmiş və bu sahədə bir sıra yeni
genişmiqyaslı tədbirlər həyata
keçirilmişdir. Önəmlidir ki, mütəmadi olaraq Azərbaycanda
fəaliyyət göstərən bütün dini icmalara daha
səmərəli nəticələr əldə etmək məqsədi
ilə maliyyə vəsaitləri ayrılır, bu vəsaitdən
dini qurumların müxtəlif problemlərinin həll
olunmasında istifadə olunur. Ümumilikdə Azərbaycanda
qeydiyyata alınmış 644 dini qurumun tərkibinə islamdan
başqa həm də
xristian, yəhudi, bəhai və krişna
şüuru təmayüllü dini konfessiyalar da daxildir. Ölkə ərazisində 2000-dən çox məscidlə
yanaşı 13 kilsə və 7 sinaqoq da fəaliyyət
göstərir.
Ölkə
başçısı İlham Əliyev
tolerantlığın və multikulturalizmin artıq dövlət
siyasətinə və cəmiyyətin həyat tərzinə
çevrildiyinə xüsusi önəm verir: “Tolerantlıq
artıq ölkəmizin vizit kartına çevrilib. Azərbaycanda milli və dini
dözümlülüyün, tolerantlığın yüksək
səviyyədə olması faktdır və bu, bizim güc mənbəyimizdir”.
2016-cı ili “Multikulturalizm ili” elan etməklə
Prezident İlham Əliyev yerli və beynəlxalq ictimaiyyətə
bununla bağlı mühüm mesajlar
çatdırmışdır.
Azərbaycan
Prezidentinin müvafiq fərmanları əsasında ölkəmizdə
məhz dini, milli və multikultural məsələlərə
daha diqqətlə yanaşmaq və bu istiqamətdə sistemli
siyasət həyata keçirmək məqsədi ilə Azərbaycan
Respublikasının Millətlərarası, Multikulturalizm və
Dini Məsələlər üzrə Dövlət
Müşavirliyi Xidməti, daha sonra isə 2014-cü ildə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılmışdır. Mərkəzin fəaliyyəti
məhz Azərbaycanda tolerantlığın, mədəni, dil
və din müxtəlifliyinin qorunmasını təmin etmək,
habelə ölkəmiz dünyada multikulturalizm mərkəzi
kimi tanıtmaq və mövcud multikultural modelləri
araşdırmaq və təşviq etməyə yönəlmişdir.
Azərbaycanın multikulturalizm, tolerantlıq təcrübəsi,
dil-din, mədəniyyətlər rəngarəngliyi tək
ölkə daxilində deyil, beynəlxalq miqyasda da diqqət mərkəzində
olmuşdur.
2002-ci ilin mayında Bakıda səfərdə olan Roma Katolik
Kilsəsinin sabiq rəhbəri II İohann Pavel Azərbaycanı
tolerantlığın mövcud olduğu nadir ölkələrdən
hesab etmiş və demişdir: “Azərbaycan üç
müxtəlif dinin dinc yanaşı yaşadığı
nadir bir ölkə və dini dözümlülük
baxımından sabit cəmiyyətdir. Bu
stabillik gərgin əməyin,
ölçülüb-biçilmiş çox incə bir
siyasətin və möhkəm iradənin nəticəsidir.
Bu, milli adət-ənənələrə, mənəvi-dini
dəyərlərə ölkə rəhbərliyinin
münasibəti fonunda yaranmış əlverişli şəraitin
təbii təzahürüdür”.
Unikal etnik zənginliyi ilə seçilən Azərbaycanda
fərqli dinlərə, millətlərə, etnik azlıqlara
məxsus xalqlar sülh və əmin-amanlıq şəraitində
yaşayır.
Dövlət Statistika Komitəsinin 2009-cu ildə keçirdiyi
respublika əhalisinin siyahıya
alınmasında azərbaycanlılarla yanaşı,
ölkə əhalisinin 10 faizədək hissəsinin milli
azlıqlardan – yəhudilər,
tatlar, talışlar, kürdlər, ingiloylar, saxurlar, avarlar, ləzgilər,
xınalıqlılar, ermənilər, ruslar,
ukraynalılar, udinlər və
digər etnik qruplardan ibarət olması öz əksini
tapmışdır. Bu etnik qrupların nümayəndələrinin
özünəməxsus fərqli mədəniyyətinin
elementləri məişətdə, incəsənətdə
və digər müxtəlif sahələrdə təzahür
etməkdədir. Dövlət tərəfindən
onlara öz adət-ənənələrini, dillərini
qoruyub saxlamaq üçün bütün imkanlar
yaradılıb. Etnik azlıqlara tam bərabər
mədəni hüquqlar və ölkənin mədəni
irsindən istifadə hüququ verilmişdir. Ölkəmizdə milli azlıqlar öz milli-mədəni
mərkəzlərini, assosiasiyalarını və digər
qurumlarını yaratmaq hüquqlarından tam və rahat istifadə
edirlər. Hal-hazırda Azərbaycanda rus, ukraynalı,
kürd, ləzgi, tat, tatar, ingiloy, gürcü,
çeçen, axıska türkü, talış, avar, yəhudi,
alman, udin, polyak, buduq, saxur və digər etniklərin onlarla
milli mədəniyyət mərkəzi və cəmiyyətləri
fəaliyyət göstərir.
Ona görə də Azərbaycan Respublikası nəinki
Qafqazda, hətta bütün dünyada müasir xalqların,
millətlərin birgəyaşayış nümunəsi kimi
tanınır.
Bütün digər millətlərin və
milli azlıqların nümayəndələri hər yerdə,
hər bir işdə azərbaycanlılarla çiyin-çiyinədir
– həm sevinci, həm də ağrını-acını
qardaşcasına bölüşürlər. Təsadüfi deyil ki, Qarabağ müharibəsi
dövründə onlar Vətən uğrunda azərbaycanlılarla
yanaşı erməni işğalçılarına
qarşı qəhrəmanlıqla mübarizə
aparmış, şəhidlik zirvəsinə yüksəlmiş
və qazi olmuşlar. Ölkəmizdə
olan multikulturalizm və tolerantlıq ənənələri
onlara Azərbaycanı həqiqi vətən məhəbbəti
ilə sevmək şansı vermişdir. Bu,
hazırkı gərgin beynəlxalq şəraitdə bəşəriyyətə
sivilizasiyalararası dialoq sahəsində münasibətlərə
nümunə ola biləcək bir
ismarıcdır. Lakin müqayisə
üçün deyək ki, nankor qonşumuz olan Ermənistanda
ksenofobiya, irqi, milli-dini ayrı-seçkilik mövcuddur. 1988-ci ildən
başlayaraq Ermənistandan, Dağlıq Qarabağ və ətraf
rayonlardan azərbaycanlıların və digər xalqların
çıxarılması ilə dövlət səviyyəsində
etnik təmizləmə siyasətini
çılpaqlığı ilə ortaya qoydu. Çox
təəssüf ki, üçüncü onillikdir ki,
münaqişə davam edir və Ermənistan həm öz ərazisində,
həm də Azərbaycanın işğal olunmuş
Dağlıq Qarabağ regionunda monoetnikliyi “qorumaqla” bu mənfi
imicini yeni çalarlarda “zənginləşdirməkdə”
davam edir. Bu, multikulturalizmin inkişafına və
Qafqazda sülhəqarşı çox təhlükəli bir
haldır. Azərbaycan dövləti isə
dünyadakı mövcud ikili standartlara baxmayaraq multikulturalizm
və tolerantlıq ənənələrinə həmişə
və hər bir halda sadiq olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev 2015-ci ildə Parisdə
UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər
Forumunun yüksək tribunasından Ermənistanın mədəni
irsə qarşı vandalizm siyasətini ifşa etmiş və
müqayisəli yanaşmasını
açıqlamışdır. “İşğal nəticəsində
ölkəmizin 600-dən çox tarixi və memarlıq abidəsi,
40 min eksponatı olan 22 muzey, 10 məscid məhv edilmişdir.
Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan
hökuməti tərəfindən bərpa edilmiş erməni
kilsəsini görə bilərsiniz”.Yeri gəlmişkən,
ölkəmizdə Dağlıq Qarabağ və ətraf
rayonlardan əlavə, Bakı şəhərində və
digər rayonlarımızda 30 min nəfərə qədər
etnik erməni sərbəst şəkildə
yaşamaqdadır.
Ölkəmizdə mədəniyyətlərarası
dialoqun formalaşmasını şərtləndirən əsas
amillərdən biri də Azərbaycanın coğrafi
baxımdan qərarlaşdığı məkanın Şərqlə
Qərbin qovşağında yerləşməsidir. Ümummilli
liderimiz hər zaman Azərbaycanın istər Şərq, istərsə
də Qərb mədəniyyətinə və dəyərlərinə
inteqrasiyasının zəruriliyini gündəmə gətirmişdir.
Bu proses isə birtərəfli deyil, qarşılıqlı
yararlanma prinsipinə söykənir. Yəni, Azərbaycan
bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu
oynamaqla Şərq və Qərb yarımkürələrində
öz nüfuzunu gücləndirməkdədir. Bu ideya xarici siyasət kursumuzda da kifayət qədər
özünü əks etdirir. Bu gün Azərbaycan BMT,
ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı,
GUAM kimi
mötəbər təşkilatların tam hüquqlu
üzvüdür. Ölkəmiz Avropa Birliyinin həyata
keçiridyi “Şərq tərəfdaşlığı” layihəsi
çərçivəsində Avropaya inteqrasiya prosesinin
önündə addımlayır. Sözsüz
ki, bu uğurlar ilk növbədə Heydər Əliyevin xarici
siyasət sahəsində apardığı islahatların və
onun siyasi varisi olan ölkə Prezidenti cənab İlham
Əliyevin bu istiqamətdə göstərdiyi yüksək fəaliyyətin
nəticəsidir.
Respublikamızda
dini dözümlülüyün, dini müxtəlifliyin, milli
və dini tolerantlığın,
multikuturalizmin, milli-mənəvi dəyərlərin
inkişafında və təbliğ edilməsində Heydər
Əliyev Fondunun, o cümlədən Fondun Prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın əvəzolunmaz xidmətləri vardır. Mehriban xanım Əliyeva Azərbaycan
reallıqlarını, ənənələrini,
multikulturalizmi, tolerantlıq mədəniyyətini hər zaman
daxildə və ölkə xaricində beynəlxalq konfranslarda,
tədbirlərdə dünya ictimaiyyətinin diqqətinə
çatdırır, milli-mənəvi dəyərlərin
qorunub saxlanılmasına dəstək verir və milli mədəniyyətimizin
təbliğində böyük işlər görür.
Mehriban xanım Əliyeva respublikamızın dünya ölkələri
üçün tolerantlıq nümunəsi olduğunu belə
ifadə etmişdir: “Xalqlar arasında ənənəvi dostluq
və qardaşlıq münasibətlərinin,
tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti
bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın
aparıcı normasına çevrilmişdir”.
2015-ci ildə
Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilmiş dünya şöhrətli fotoqraf
Reza Deqatinin əsrlər boyu Azərbaycan torpağında dinc
yanaşı yaşamış müsəlman, xristian və yəhudi
icmalarının həyatından bəhs edən" Azərbaycan
tolerantlıq ölkəsi" adlı fotosərgisi
“Tolerantlığın ünvanı Azərbaycan” layihəsi əsasında
ölkəmizdəki məscidlərdə, kilsələrdə,
sinaqoqlarda təmir-bərpa işlərinin aparılması,
Bakıda yaşayan yəhudi uşaqları üçün
“Xabad-Or-Avner” Təhsil Mərkəzinin istifadəyə verilməsi,
Fransada X-XII əsrlərə aid 7 kilsənin bərpasına
yardım, müqəddəs Roma katakombalarının bərpasında
iştirak, Həştərxanda Müqəddəs Knyaz Vladimirə
abidənin ucaldılması və digər layihələr buna
bariz misaldır.
Ölkə
başçısının müqəddəs dini sitayiş
və inanc yerlərinin təmiri və bərpası ilə
bağlı xüsusi sərəncamları, din xadimləri ilə
mütəmadi olaraq görüşləri, müxtəlif
dini bayram və mərasimlərdə şəxsən
iştirak etməsi, onlara diqqət və qayğı ilə
yanaşması, habelə dini icmaların fəaliyyəti
üçün əlverişli şəraitin
yaradılması respublikamızda multikulturalizm mühitinin
yaranmasına təkan verən amillərdəndir. Bibiheybət,
Təzəpir, Nardaran, Mir Möhsün ağa və digər məscid
və ziyarətgahlar əsaslı təmir olunmuş,
onların bütün problemləri öz həllini
tapmışdır. Belə ki, Əjdərbəy
məscidinin əsaslı təmiri, Şamaxı Cümə məscidində
böyük təmir-tikinti işlərinin başa
çatdırılması, Gəncə şəhərindəki
İmamzadə ziyarətgahında genişmiqyaslı tikinti-təmir
işlərinin görülməsi söylənilənlərin
əyani sübutudur. Bibiheybət Ziyarətgah Kompleksinin
yenidənqurma işlərindən sonra Prezident İlham
Əliyev məscidin yenidən istifadəyə verilməsi ilə
bağlı tədbirdə Azərbaycanda milli-mənəvi dəyərlərdən,
tarixi köklərə bağlılıqdan danışarkən
tolerantlıq ənənələrinin əhəmiyyətinə
belə dəyər vermişdir: “Bu, bizim böyük
üstünlüyümüzdür, böyük sərvətimizdir.
Azərbaycan çoxmillətli ölkədir,
çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz
artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq
təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə,
əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı
kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə
artacaqdır”. Bütün bunlar onu göstərir
ki, Prezidentimiz tariximizin, ənənələrimizin, adətlərimizin,
inanc yerlərimizin unudulmasına imkan vermir və hər zaman gələcək
nəsillərin xalqımızın tarixinə bağlı
olması, vətənini, xalqını sevməsi
üçün milli-mənəvi bazanın
formalaşmasına xüsusi diqqət yetirir. Bakı şəhərində 2014-cü ildə
tikilib istifadəyə verilmiş “Heydər” məscidində
isə unikal fəaliyyət nümunəsi və multikulturalizm
baxımından dünyada bir ilkə imza
atılmışdır. Belə ki, məsciddə
dini ayin icra olunarkən sünni və şiə məzhəbindən
olan dindarlar bir yerdə vahid şəkildə namaz
qılırlar. Məscidin açılışında
iştirak edən ölkə rəhbəri dinlərarası-mədəniyyətlərarası
dialoq, multikulturalizm haqda da fikirlərini
bölüşmüşdür: “Eyni zamanda, biz bu gün beynəlxalq
aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi
üçün öz dəyərli töhfəmizi veririk. Təsadüfi deyil ki, məhz Azərbaycan
dünyanın multikulturalizm mərkəzlərindən birinə
çevrilmişdir. Ölkəmizdə
keçirilən beynəlxalq tədbirlər, mədəniyyətlərarası
dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə
görüşləri – bütün bunlar bu gün Azərbaycan
reallıqlarıdır”.
Azərbaycanda
tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə
olduğu üçün burada multikulturalizm, millətlər
və dinlərarasında olan münasibətlərə,
dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir
çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi
dünya dinlərini təmsil edən 200-dən çox
nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi
dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində
məhz Bakı şəhərində keçirilmişdir.
Bunu Azərbaycanın beynəlxalq aləmdə
tanınması, tolerantlıq mühitinin genişlənməsi
və inkişafı ilə əlaqələndirmək olar.
2011-ci ildən başlayaraq, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü
ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin
Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa
Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO,
BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı
ilə reallaşdırılır.
Ulu öndər Heydər Əliyevin miras kimi qoyub getdiyi Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının Nizamnaməsində də öz əksini tapmışdır. Belə ki, “Yeni Azərbaycan Partiyasının ali məqsədi irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir”. Partiyanın vəzifələri sırasına daxil olan əsas məsələlərdən biri də məhz “millətlərin, etnik qrupların, mədəniyyətlərin və dinlərin azad inkişafına nail olmaqdır”. YAP özünün bütün fəaliyyəti boyu multikulturalizm ideyalarına sadiq qalmış, onun inkişafı üçün əlində olan bütün imkanları ortaya qoymuş və hər sahədə olduğu kimi burada da böyük uğurlara imza atmışdır. Təsadüfi deyil ki, 700 mindən artıq siyasi orduya malik YAP üzvlərinin 20 minə qədəri digər millətlərin nümayəndələridir. Bu mənada YAP multikulturalizmin, tolerantlınğın təcəssümüdür və burada Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri təmsil olunmuşlar. Partiya sıralarında azərbaycanlılarla yanaşı rus ləzgi, yəhudi, tatar, udin, talış, tat, kürd, saxur, avar və digər xalqların nümayəndələri var.
İzolyasionizm (təcrid etmə), assimilyasiya və aparteiddən fərqli olaraq, multikulturalizm - cəmiyyətdə yalnız bir hakim etnik qrupun deyil, həmçinin digər milli azlıqların və immiqrantların mədəni müxtəlifliyinin və rəngarəngliyinin mövcudiyyətidir. Dünyada fərqli adlarla öz mədəniyyətlərinin üstünlüyünü təmin etməyi qarşılarına məqsəd qoyan, digər etniklərə, immiqrantlara assimilyasiya obyekti kimi baxan, cismən, yaxud mənəvi cəhətdən əritmək, yox etmək fəaliyyətlərini tarixdə və müasir dövrümüzdə dövlət siyasətlərində ənənə halına salmış bəzi dövlətlərin təcrübəsini Azərbaycanın multikulturalizm modeli ilə müqayisə etmək belə özlüyündə yanlışlıq olardı. Multikulturalizmin müxtəlif modelləri — ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. Elə bu günlərdə ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi söylənilənlərə bariz nümunədir.
Bir sözlə, cənab Prezident İlham Əliyevin təbirincə desək, bu gün multikulturalizmin alternativi yoxdur və mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir.
Bahar MURADOVA,
Milli Məclis Sədrinin
müavini,
YAP İdarə
Heyətinin üzvü
Xalq qəzeti.- 2016.- 8 may.- S. 3.