Böyük
şəxsiyyətin təkrarsız portret cizgiləri
Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə qeyd edirdi: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük, özü də təxəyyüldə canlandırılan və saxta işlər deyil, ədalətli və zəruri işlər görmək istəmiş və görmüşlər”. Heydər Əliyev Azərbaycan dövlətinin mövcudluğunu, tərəqqisini, güclü olmasını şərtləndirən bütün zəruri addımları atmışdır. Onun bütün fəaliyyətinin ana prinsipini isə həmişə ədalət təşkil etmişdir. Heydər Əliyev unikal bacarığa, müdrikliyə malik olmaqla, xalqı, cəmiyyəti nəinki ən mürəkkəb vəziyyətlərdən uğurla çıxarmağı, həm də, yeni inkişaf mərhələsinə qaldırmağı bacarmışdır. Sözsüz ki, belə bacarıq sahiblərinə bəşər tarixində olduqca nadir hallarda rast gəlinir.
Ulu öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat təcrübəsinin müdhiş vəhdəti onu iki əsrin dahisinə çevirmişdir. Ümummilli liderin şəxsiyyətinin ən səciyyəvi cəhətlərindən biri məhz təkrarsız, zəngin həyat təcrübəsinə söykənən dərin ağıl və böyük müdriklikdir. Bu, əqli və mənəvi mükəmməlliyin ən ali səviyyəsidir. Ətrafda cərəyan edən prosesləri, baş verən hadisələri hamı müşahidə edir. Amma onların əsl mahiyyətini çox nadir insanlar dərk edə bilirlər. Belə insanlar kamilliyi, müdrikliyi və dərin zəkası ilə cəmiyyətin digər üzvlərindən aydın seçilirlər. Bu qəbildən olan insanların ən parlaq nümayəndəsi kimi Heydər Əliyev ali həyat məqsədlərinə müvafiq olaraq düşünməyi və fəaliyyət göstərməyi bacarırdı. Bu keyfiyyəti sayəsində o, hadisələrin mümkün inkişaf istiqamətlərini dəqiqliklə müəyyənləşdirirdi və xalqı, cəmiyyəti istənilən reallıqlar fonunda irəli apara bilirdi. Əbədi həyat dəyərlərini dərk edərək qiymətləndirmək, onları keçici və şəxsi maraqlardan üstün tutmağı bacarmaq Heydər Əliyev şəxsiyyətinin İlahidən gələn təkrarsız cizgisi olmuşdur.
Heydər Əliyev öz fəaliyyətində zəngin həyat təcrübəsi, bilik və bacarığı ilə yanaşı, həm də özünün qeyri-adi intuisiyasına istinad edirdi. Bu səbəbdən onun seçdiyi, müəyyənləşdirdiyi hər bir yol həmişə qələbəyə, uğura, hədəfə doğru aparmışdır.
Ulu öndəri insanlara sevdirən başlıca cəhətlərindən biri də ondan ibarət idi ki, o, özünün bacarığını, biliyini, parlaq zəkasını və zəngin həyat təcrübəsini doğma Azərbaycanımızın rifahına yönəldərək, bütün həyatını xalqına həsr etmişdir. 1993-cü ildə xalqın israrlı istəyi ilə ali siyasi hakimiyyətə qayıtdıqdan sonra demişdir: “Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!”. Heydər Əliyev bütün bilik və bacarığını, zəkasının tükənməz imkanlarını Azərbaycanın, Azərbaycan xalqının tərəqqisi yolunda səfərbər etmişdir. Bunun məntiqi nəticəsi bugünkü qüdrətli dövlətimizdir, müstəqilliyimizin möhkəmliyi, daimi inkişaf yolumuz, sarsılmaz həmrəyliyimizdir.
Ümummilli lider Heydər Əliyev olduqca güclü şəxsiyyət idi. Ulu öndərin gücü təkcə iradəsində, müdrikliyində, zəkasında deyildi, həm də sadəliyindədir. Sadəlik Heydər Əliyev şəxsiyyətinin başlıca elementlərindən biri idi. O, ən ciddi məqamlarla bağlı fikirlərini də olduqca sadə tərzdə ifadə edirdi. Sadəlik Heydər Əliyevin xarakterində, üslubunda, davranış manerasında idi. Onu böyük kütləyə sevdirən əsas keyfiyyətlərindən biri məhz sadəliyi idi. Bununla ulu öndər həm də əsl liderin yeni meyarını müəyyənləşdirmişdir. Yəni, əsl lider digər məlum keyfiyyətləri ilə yanaşı, sadəliyi ilə də seçilməlidir. İstənilən insan liderliyə can ata bilər. Lakin təcrübə göstərir ki, liderliyə can atanlar çox nadir hallarda öz istəklərinə çata bilirlər.
Ümumiyyətlə, liderliyin universal formulu mövcud
deyildir. Cəmiyyətdə nüfuz sahibi olmaq
üçün zaman, səbr, öz işinə
bağlılıq, ən əsası isə, hərtərəfli
bilik tələb olunur. Heydər Əliyev məqsədli
şəkildə
liderliyə can atmamışdır. Xalqı, Vətəni
qarşısında yorulmaz xidmətlərinə, uzaqgörənliyinə,
istənilən çətin vəziyyətdən asanlıqla
çıxış yolu tapmaq bacarığına və s.
keyfiyyətlərinə görə ətrafdakılar onu lider
kimi qəbul etmişlər. Çünki
güclünün, ağıllının, iradəlinin
yanında, ətrafında olmaq istəyi insanın təbiətindən
irəli gəlir. Heydər Əliyevin
yanında güvənc, əminlik, rifah və tərəqqi
var idi. Bu səbəbdən bütün cəmiyyət
üzvləri onun ətrafında sıx birləşmişdir.
Ulu öndər hamı üçün nümunə idi,
öz davranışı ilə insanlara inamlı və qətiyyətli olmağı öyrədirdi.
Heydər Əliyev unikal liderlik keyfiyyətlərinə
malik olmaqla, cəmiyyətə pozitiv enerji
ötürürdü, insanlarda optimist ruh
formalaşdırırdı. Çünki hər
bir cəmiyyət üzvü əmin idi ki, lideri onun rifahı
üçün düşünür,
çalışır, fədakarlıq edir. Həqiqətən, Heydər Əliyev çox
qayğıkeş və fədakar insan idi. O, doğma Azərbaycanı
naminə həyatından belə keçməyə hazır
idi. O, sözün əsl mənasında, Vətəni
üçün yaşayırdı. Bu səbəbdən
də, Heydər Əliyev son dərəcə mürəkkəb
zamanda və məkanda dövləti irəli apara bildi. Sarsılmaz inamı
bu müqəddəs işdə onun ən böyük
dayağı oldu. Heydər Əliyev həmişə
pozitiv düşünürdü və zəhmətinin
mütləq nəticə verəcəyinə əmin idi.
O, problemlər haqqında deyil, imkanlar haqqında
düşünürdü. Çünki Heydər
Əliyev üçün həlli mövcud olmayan problem yox
idi.
Liderlik nəzəriyyəsinə görə, əksər
hallarda mövcud vəziyyət insanı liderə çevirir. Təbii ki,
burada digərlərindən fərqli üstün keyfiyyətlərə
malik olanlar nəzərdə tutulur. Heydər
Əliyevin liderliyi isə, vəziyyətin xarakterindən
asılı olmamışdır. Malik olduğu unikal təbii
və sonradan qazanmış olduğu keyfiyyətlər istənilən vəziyyətdə
onun liderliyini təmin edərdi. Heydər
Əliyev sadəcə lider deyil, dahi lider idi. Heydər Əliyevin dahiliyini Azərbaycanın
müstəqilliyini, gücünü, inkişafını həzm
edə bilməyən düşmənlərimiz də etiraf
edirlər. Məhəmməd Peyğəmbərin (s.ə.s.)
hədislərinin birində deyilir: “Həqiqət təkcə
sənin dediklərin deyil, həqiqət sənin düşmənlərinin
də etiraf etdiyidir”. Heydər Əliyev şəxsiyyəti bütün
dünya tərəfindən əsl patriotun, liderin meyarı
kimi qəbul olunur.
Heydər Əliyev bəşər tarixinin yetişdirdiyi
ən nadir simalardan biri, türk dünyasının qüdrətli
şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri
kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus
ən ali keyfiyyətlərə malik idi. Heydər Əliyevin şəxsiyyəti, siyasi portreti,
liderliyi o qədər zəngin elementlərlə səciyyələnir
ki, onu tam öyrənib başa çıxmaq çox çətindir.
Bunun üçün nəhəng bir elmi-tədqiqat
institutuna ehtiyac vardır. Ulu öndər hətta
ən çıxılmaz hesab olunan vəziyyətlərdən
belə ən düzgün və etibarlı
çıxış yolunu tapmaq kimi əlahiddə
bacarığı ilə hamını heyran qoyurdu.
1993-cü
ildə Heydər Əliyevin siyasi hakimiyyətə möhtəşəm
qayıdışı ilə həyatının ən
böyük missiyasını yerinə yetirmiş oldu. Bu qayıdış Azərbaycan tarixində həlledici
rol oynadı. Heydər Əliyev öz
qayıdışı ilə dövlətimizi və
xalqımızı xilas etdi. Bu tarixi
dönüş olmasa idi, bugünkü Azərbaycan da
olmazdı. Qısa bir zamanda ölkədə
vətəndaş müharibəsi təhlükəsinin
qarşısı alındı. Daxili və
xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi
məhv etmək istiqamətindəki bütün cəhdlərin
qarşısı etibarlı şəkildə
alınmışdır. Heydər
Əliyev öz qayıdışı ilə Azərbaycana
sülh, stabillik, dirçəliş və fasiləsiz
inkişaf gətirdi. Artıq hər bir cəmiyyət
üzvündə dövlətimizin yenilməzliyi ilə
bağlı böyük əminlik yarandı.
Çünki dövlətimizin idarəçilik
sükanının arxasında dahi Heydər Əliyev
dayanırdı.
Azərbaycan Respublikasında çevik, mütərəqqi
və demokratik elementlərlə zəngin idarəetmənin əsasını
qoymaqla, ümummilli lider Heydər Əliyev, həm də hərtərəfli
inkişafa, möhkəm dövlətçiliyə
sarsılmaz zəmin hazırlamış oldu. Məhz ulu öndərin
hazırladığı bu zəmin əsasında Azərbaycan
öz inkişafının ən uca məqamlarını
davamlı olaraq fəth edir, regional güc və təhlükəsizlik
mərkəzinə çevrilməkdədir.
Heydər
Əliyevin siyasi,
iqtisadi və mədəni irsinin qorunub saxlanması, ona istinad
edilməsi qlobal müstəvidə Azərbaycan
Respublikasının nüfuzunun, şöhrətinin və
etibarının durmadan artmasını şərtləndirmişdir.
Müasir dünyanın ən demokratik, ən
mükəmməl konstitusiyalarından biri olan Əsas Qanunumuz
dahi Heydər Əliyev zəkasının məhsuludur. Azərbaycan Respublikasının Konstitusiyasında
istisnasız olaraq bütün müddəaların demokratik
prinsiplərə söykənməsi beynəlxalq ictimaiyyətin
diqqətindən kənar qalmamış, beynəlxalq müstəvidə
ölkəmizə böyük rəğbət gətirmişdir.
Belə ki, bu gün bütün dünyada Azərbaycan
Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət
imici kifayət qədər möhkəmlənmişdir.
Azərbaycan dövləti beynəlxalq arenada postsovet
respublikaları içərisində ən etibarlı tərəfdaş
kimi qəbul olunur. Böyük əzm və iradə sayəsində
yaradılmış tam
sabitlik, ölkə həyatının bütün
sferalarında hərtərəfli islahatların
reallaşdırılmasının bir tendensiya halını
alması Azərbaycana dünya dövlətləri arasında
özünəməxsus yer qazanmasını təmin
etmişdir, beynəlxalq aləmlə qarşılıqlı
faydalı əlaqələrimizin genişlənməsini şərtləndirmişdir.
Azərbaycan dövlətçiliyinin banisi olan
Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər
milli oyanış, tərəqqi və müstəqil dövlət
quruculuğu dövrü kimi səciyyələndirilir. Ümummilli liderin həyatının ən
böyük uğuru və fəaliyyətinin ən
böyük nəticəsi odur ki, o, xalqımıza mükəmməl
milli dövlət, müstəqil Azərbaycan
Respublikasını bəxş etdi.
Heydər Əliyev bütün daxili, regional və beynəlxalq
faktorları nəzərə alaraq, Azərbaycanın təkrarsız
milli inkişaf modelini yaratmışdır. Daha
doğrusu, milli inkişaf modeli əsasında ölkəmiz
dönməz inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın milli inkişaf modelinə diqqət
yetirəndə heyrətlənməmək, ulu öndərin zəkasının
sərhədlərinin genişliyinə qibtə etməmək
qeyri-mümkündür. Çünki Azərbaycanın
milli inkişaf modeli müəyyənləşdirilərkən
regionda və beynəlxalq aləmdə cərəyan edən və
edəcək proseslərin xarakteri dəqiqliklə nəzərə
alınmışdır. Hər bir vəziyyətə
uyğun çoxtərəfli fəaliyyət proqramı
hazırlanmışdır. Bu baxımdan,
Azərbaycanın milli inkişaf modeli Heydər Əliyev
irsinin ən qiymətli elementlərindəndir. Bu modelin
unikallığı ondan ibarətdir ki, mövcud problemlərin
dinamik aradan qaldırılması, davamlı tərəqqinin təmin
olunması ilə bərabər, Azərbaycanın gələcəyi,
yetişməkdə olan nəsillərə böyük
qayğı məsələsi də diqqət mərkəzindədir.
Bu, ondan xəbər verir ki, Heydər Əliyev
mükəmməlliyin əlçatmaz zirvəsini fəth edə
bilmişdir.
Heydər Əliyev iradəsi qalib gəldi. Belə ki, Heydər
Əliyevin milli inkişaf strategiyasının prioritet hədəfləri:
cəmiyyətdə sabitlik və sistemyaradıcı siyasi,
iqtisadi parametrlər diapazonunun müəyyən edilməsi,
onların mümkün və düzgün inkişaf
trayektoriyalarının izlənilməsi, sabitliyi poza biləcək
amillərin təsirinin zərəsizləşdirilməsi, həm
siyasi, həm də iqtisadi baxımdan hər cür təzyiqlərə
davamlı müstəqil dövlətin qurulması
olmuşdur. Bu, Heydər Əliyev iradəsinin, əzminin təntənəsi,
qələbəsi
idi. Bu qələbənin daha
miqyaslı və təsirli olması isə, Heydər
Əliyevin yuxarıda qeyd etdiyimiz bütün keyfiyyətlərini
özündə təcəssüm etdirən, ulu öndərin
idarəçilik irsinin kamil bilicisi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
adı ilə bağlıdır.
Prezident
İlham Əliyevin innovativ-islahatçı lider kimi
tanınması, müstəsna təşkilatçılığı
sayəsində son illərdə qazanılmış
miqyaslı nailiyyətlər bariz şəkildə
ümummilli lider Heydər Əliyevin irsinə, dövlətçilik ideallarına
sadiqliyinin parlaq təcəssümü olmaqla, hər bir azərbaycanlının
qəlbində milli iftixar və ölkəmizin
işıqlı gələcəyinə dərin inam hissini
daha da möhkəmləndirmişdir. İlham
Əliyevin ictimai şüurdakı yüksək intellektli,
qurucu, ədalətli, çevik idarəçilik
bacarığına və böyük iradəyə malik lider
obrazı hər ötən gün daha da möhkəmlənməkdədir.
Onun atdığı hər addım, verdiyi hər bir qərar cəmiyyət
üzvlərinin maraq və istəklərinin təmin
olunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə,
ərazi bütövlüyümüzün təmin
olunmasına və iqtisadi tərəqqinin
davamlılığına hesablanmışdır. Belə ki, İlham
Əliyevin rəhbərliyi dövründə Azərbaycanda
demokratik dövlət quruculuğu prosesi uğurla davam
etdirilmiş, iqtisadi, siyasi və sosial sahədə islahatlar
paralel şəkildə aparılmışdır. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf
etmiş vətəndaş cəmiyyətinin və möhkəm
demokratiyanın olduğu dövlət qurmaq istiqamətində
durmadan irəliləyir.
İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı istiqamətindəki misilsiz fəaliyyətində varislik, novatorluq və dinamizm prinsiplərinə sadiqliyini müşahidə edirik. Bütün bunlar inamla deməyə əsas verir ki, İlham Əliyev Azərbaycan tarixinə yeni, mühüm missiya ilə qədəm qoymuş bir liderdir. Bütün siyasi fəaliyyəti boyunca xalqa sədaqətli xidmət prinsipinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin ana xəttini təşkil etdiyini böyük əmiliklə söyləmək olar. Dövlət başçısı respublikada sürətli sosial-iqtisadi inkişaf və tərəqqiyə, siyasi sabitliyə, vətəndaş sülhünə ciddi təminat yaratmış strateji siyasi kursu uğurla davam etdirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmiş, verdiyi bütün vədləri əsl lider, dövlət başçısı və şəxsiyyət kimi tutmuşdur. Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata, möhkəm dövlətçiliyə və qüdrətli orduya malikdir. Bu il aprelin əvvəlində düşmən təxribatlarının qarşısını alan zaman ona sarsıdıcı zərbə vurmaqla, ölkəmiz gücünü, qüdrətini əyani nümayiş etdirdi. Cəbhədə baş verənlər həm də Azərbaycan xalqının Prezidentinin, Ali Baş Komandanının ətrafında sıx birləşdiyini, ona tam dəstək verdiyini bir daha nümayiş etdirdi.
Beləliklə, bu gün Azərbaycan dövləti ulu öndərin məğlubiyyətsiz siyasətini Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirməkdədir. Heydər Əliyev irsinə, onun müəyyənləşdirdiyi kursa böyük sadiqlik nümayiş etdirməklə, Prezident İlham Əliyev dünya dövlətləri sırasında Azərbaycanın layiqli yerini müəyyən etməyə nail olmuşdur. Bununla o, sübut etdi ki, böyük iradəsi, əzmi və müdrikliyi sayəsində lokal və qlobal səviyyədə cərəyan edən proseslərə təsir edərək dövlətçiliyimizi, millətin təhlükəsizliyini və dəyərlərini, hər bir azərbaycanlının maraqlarını qorumaq iqtidarındadır. Ulu öndər vaxtilə deyirdi: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də, cənab Prezident İlham Əliyevin sayəsində ölkəmiz dünyaya bir Günəş kimi doğdu.
Heydər Əliyev irsinin, ideyalarının yaşamasında, Azərbaycanın inkişaf yolunu işıqlandırmasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Azərbaycanın mədəni dəyərlərinin qorunub saxlanılması, dünyaya tanıdılması istiqamətində Mehriban xanım Əliyevanın şəxsi təşəbbüslərinin və fəaliyyətinin hüdudları o qədər genişdir ki, onu sərhədləndirmək qeyri-mümkündür. Mehriban xanım Əliyevanın Azərbaycan mədəni irsinin dünyada böyük fədakarlıqla təbliği sayəsində ölkəmiz böyük mədəni, mənəvi dəyərlərə malik bir məkan kimi məşhurlaşmışdır. Heydər Əliyev Fondu ölkədəki quruculuq işlərinə də ciddi töhfələrini verməkdədir. Bütün bunlar sübut edir ki, ölkəmizdə tərəqqini, rifahı şərtləndirən hər bir addımın fundamental əsasını Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı unikal inkişaf strategiyasının elementləri təşkil edir.
Rufiz QONAQOV,
Azərbaycan Respublikası Prezidenti
yanında
QHT-lərə Dövlət Dəstəyi
Şurasının üzvü, BMAM sədri, politoloq
Elşad
MİRBƏŞİROĞLU,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət
İdarəçilik Akademiyasının dosenti,
siyasi elmlər
üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2016.- 8 may.- S. 7.