İqtisadi modernləşmə strategiyasının müəllifi

 

Böyük şəxsiyyət və qüdrətli liderləri fərqləndirən ali xüsusiyyətlərdən biri onların yalnız bu gün üçün deyil, perspektiv barədə düşünmələri, insanların gələcək həyatında mühüm rol oynayan strateji qərarlar qəbul etmələridir. Başlanğıcda bəlkə də təbii qanunauyğunluq kimi nəzərdən keçirilən belə qərarların sonradan ümumilikdə xalqın, dövlətin tərəqqisi, inkişafı baxımından necə əlahiddə əhəmiyyət daşıdığı daha aydın görünür. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin dövlət və xalq naminə qəbul etdiyi qərarların strateji əhəmiyyətini indi də gündəlik həyatımızda, taleyimizdə qabarıq hiss edirik.

Tarixən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaq anında məsuliyyəti çiyinlərinə götürmüş qətiyyətli liderlərinin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmişlər. Belə taleyüklü mərhələlərdə bir həqiqət də təsdiqini tapır ki, hər bir dövlətin üzləşdiyi potensial təhdidlərə layiqli müqavimət göstərməsi, ilk növbədə, ona rəhbərlik edən liderin qətiyyətindən, və siyasi iradəsindən asılıdır.

1991-ci il oktyabrın 18-də istiqlaliyyətini bərpa edən Azərbaycanın ilkin mərhələdə üzləşdiyi ağır və mürəkkəb proseslər təsdiqlədi ki, müstəqilliyi yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik səriştəsi sayəsində qoruyub saxlamaq olar. 1993-cü ilin iyun ayınadək respublikanın müstəqilliyi şərti mahiyyət kəsb etmiş, xalqımız demokratik, hüquqi və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu tam gerçəkləşdirə bilməmişdi. Ölkə iqtisadiyyatında tənəzzül prosesi dərinləşir, inflyasiyanın səviyyəsi gündən-günə yüksəlir, əhalinin sosial rifah halı pisləşir, zəngin karbohidrogen ehtiyatlarından istifadə yönümündə səmərəli addımlar atılmırdı. 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz aşağı düşürdü. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almışdı: 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının 23 faizini itirmiş, 1992-ci ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artmışdı.

İqtisadi tənəzzülün sürətlənməsi nəticəsində bu dövrdə inflyasiya özünün ən yüksək səviyyəsinə – hiperinflyasiya mərhələsinə çatmışdı. İstehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və dövlət xərclərinin, əməkhaqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, büdcə və maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığı üçün inflyasiyanı daha da sürətləndirirdi.

Bu acı gerçəkliklər fonunda ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə Naxçıvandan Bakıya gəlməsi onun sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın xaosdan qurtulması, davamlı inkişaf yoluna qədəm qoyması kimi xarakterizə olunur. Böyük strateq məhz bu mərhələdən müstəqilliyi BMT tərəfindən hüquqi baxımdan tanınmış Azərbaycan dövlətçiliyini faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başlamışdır. Müstəqilliyin bir çoxlarının düşündüyündən də uzun və çətin yol olduğunu yaxşı bilən ulu öndər Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırmışdır.

Böyük strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyət nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına yeni təkan vermişdir. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Ölkəmizə son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə prinsipinə əsaslanır.

Həmin illərdə planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid şəraitində ümummilli liderin ölkənin böyük perspektivlərinə hesablanmış strateji inkişaf proqramının başlıca məqsədlərindən biri də xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olmuşdur. Sosialyönümlülük prinsipini daim əsas götürən Heydər Əliyevin bu istiqamətdə qabaqcıl dünya təcrübəsinə əsaslanan, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan məqsədyönlü siyasəti cəmiyyətdə özünü göstərən sosial ziddiyyətlərin aradan qaldırılmasına imkan vermişdir. Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti diqqəti xüsusilə cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, iqtisadi bazisə əsaslanması, ikincisi onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Ümumilikdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkədə formalaşmaqda olan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsinə, layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi.

Həmin dövrdə həyata keçirilən iqtisadi islahatlar qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesi təmin edildi. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar tez bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlayaraq ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması, xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təminatına nail olundu.

Ümummilli liderin yeni iqtisadi sistemdə nail olduğu məsələlərdən biri də torpaq islahatlarının əhalinin mənafeyinə uyğun həlli idi. Ölkə iqtisadiyyatının mühüm sahəsini və əhalinin 50 faizini əhatə edən aqrar bölməni keçmişdə olduğu kimi, inzibati-amirlik metodu ilə idarə etmək qeyri-mümkün idi. Aqrar islahatlara başlanılması üçün, ilk növbədə, müvafiq normativ-hüquqi baza yaradıldı: 1995-ci ildən başlayaraq “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları, habelə “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” fərman imzalandı. Yaradılan hüquqi baza əsasında respublikamızda analoqu olmayan aqrar islahat prosesinə start verildi, MDB-yə daxil olan respublikalarla müqayisədə çox qısa vaxtda sovxoz və kolxozlar ləğv olunaraq onların torpaqları və əmlakı kəndlilərə paylandı. Ölkəmizdə torpaq islahatının digər üstün cəhəti də ondadır ki, başqa ölkələrdən fərqli olaraq torpaqların əhalinin xüsusi mülkiyyətinə verilməsini təsdiq edən hüquqi sənədlərin rəsmiləşdirilməsi dövlətin hesabına aparıldı, bu proses qısa müddətdə başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas atributlarından olan torpaq üzərində xüsusi mülkiyyət hüququ formalaşdı.

Yeni yaradılan təsərrüfatçılıq formalarının fəaliyyətini sonrakı illərdə ölkədə həyata keçirilən iqtisadi və siyasi islahatlarla əlaqələndirmək üçün “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Toxumçuluq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” qanunlar, bir sıra digər hüquqi aktlar və onların tətbiqini şərtləndirən normativ sənədlər qəbul edildi.

Bundan başqa, aqrar-sənaye kompleksinin mühüm sahələri olan kənd təsərrüfatı maşınqayırması və emal müəssisələrinin özəlləşdirilməsi, onların bəzilərinin səhmdar cəmiyyətlərə çevrilməsi, bank-kredit və maliyyə sisteminin yenidən qurulması prosesinə başlanıldı.

Ulu öndər Heydər Əliyevin 1999-cu ildə imzaladığı sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına neft məhsullarının pərakəndə satışında güzəştlərin tətbiqinə başlandı, 2001-ci ildən istehsalçılar torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olundular. Bu güzəştlər postsovet məkanında ilk dəfə məhz Azərbaycan Respublikasında tətbiq olunmuş və hazırda da davam etdirilir.

Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratmışdır.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Bunun nəticəsidir ki, 1995-2003-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Dövlət proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı əksini tapmışdır. Dövlət proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə “Haqsız rəqabət haqqında”, “İnvestisiyaların qorunması haqqında”, “İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul olunmuşdur. Həmin qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Sahibkarlığın inkişafı baxımından hüquqi şəxslərin, eləcə də kommersiya qurumlarının dövlət qeydiyyatı və reyestri ilə bağlı məsələlərin həlli də mühüm məsələlərdən olmuşdur. 1996-cı ildən etibarən həyata keçirilən ardıcıl və uğurlu islahatlar nəticəsində bu sahədə yeni mərhələ yaranmış, mövcud problemlərin aradan qaldırılması üçün zəruri qanun, fərman və digər normativ hüquqi aktlar qəbul olunmuşdur. 1996-cı ildə qəbul olunmuş “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” qanun dövlət reyestrinin mərkəzləşdirilmiş qaydada aparılmasına, bu sahədəki süründürməçilik hallarının aradan qaldırılmasına zəmin yaratmışdır.

Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması da Azərbaycanda sahibkarlığın davamlı inkişafının təmin edilməsi baxımından son dərəcə vacib məsələlərdən olmuşdur. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir.

Ulu öndər Heydər Əliyev daim iş adamlarının hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyyatın lokomotivinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsinə nail olmuşdur. 2002-ci ilin 10 və 25 aprel tarixlərində yerli və xarici sahibkarlarla görüşən ulu öndər onları üzləşdiyi problemlər barədə açıq danışmağa dəvət etmiş, onları dinləmiş, mövcud problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına tapşırıq və tövsiyələrini vermişdir. Həmin görüşlərin nəticəsi olaraq imzalanmış bir sıra vacib sənədlər – 17 avqust 2002-ci il tarixli “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı”, 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında”, 27 avqust 2002-ci il tarixli “Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi haqqında” fərman və sərəncamlar sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur. Yeri gəlmişkən, məhz bu tarix nəzərə alınaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla aprelin 25-i respublikamızda “Sahibkarlar günü” elan edilmişdir.

Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 1994-cü ildəki 29 faizdən 75 faizə yüksəlmişdir.

Ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar ölkədə yeni iqtisadi sistemə uğurlu keçidi reallaşdırmaqla yanaşı, davamlı tərəqqini də təmin etmişdir. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,6 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə qədər enmişdir.

2003-cü ildən Heydər Əliyev siyasi kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev də milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümünə istiqamətləndirmişdir. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız artıq dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərinə sinə gərən dövlətlərdən biri kimi tanınır.

Keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da qeyd olunduğu kimi, məqsəd respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişafa səfərbər etməkdir.

Qlobal səviyyədə cərəyan edən mürəkkəb siyasi, iqtisadi proseslərin mənfi təsirlərinə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu il də dayanıqlı inkişaf tempini qoruyur. Dövlət başçısı cənab İlham Əliyevin hələ 2016-cı ilin əvvəlində açıqladığı antiböhran paketi Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyası seçdiyini göstərir. Dövlət başçısı hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.

Ümumiyyətlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 13 ildə imzaladığı bir sıra dövlət proqramları, ilk növbədə, regionların tarazlı və davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmdirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks proqram sənədləri olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına təkan vermişdir. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır. Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında səsləndirilən fikirlər respublikamızın böhranın mənfi təsirlərindən sığortalanmaq istiqamətində həyata keçirdiyi tədbirlərin real nəticələr verdiyini göstərir. Bu mərhələnin ən nəzərəçarpacaq göstəricilərindən biri ölkə iqtisadiyyatının postneft mərhələsinə adaptasiyasının sürətlənməsi, qeyri-neft sektorunda 5 faizədək artımın əldə olunmasıdır. Hökumətin həyata keçirdiyi bəzi səmərəli tədbirlər - Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması, valyuta rejiminin tənzimlənməsi, bankların konsolidasiyası, manatla əmanətlərin stimullaşdırılması və digər tədbirlər böhran ajiotajının aradan qalxmasına, əhalinin manata olan etimadının tədricən bərpa olunmasına imkan yaradır. Bu ilin mart ayından başlayaraq Mərkəzi Bankın və Neft Fondunun valyuta ehtiyatlarının yenidən artmağa başlaması, eyni zamanda, neftin qiymətlərinin sabitləşməsi böhranın mənfi təsirlərinin getdikcə daha da azalacağını proqnozlaşdırmağa imkan verir.

2016-cı ilin əvvəllərindən başlayaraq, ölkə rəhbərinin imzaladığı bir neçə fərman və sərəncamlarla tətbiq olunan vergi və gömrük güzəştləri, lisenziyaların sayının azaldılması, göstərilən bir çox xidmətlərin elektronlaşdırılması, habelə aqrar sektorda müşahidə olunan problemlərin həlli istiqamətində atılan qətiyyətli addımlar ümumən ölkədə sahibkarlığın inkişafının dəstəklənməsinə yönəlmiş praktik addımlar kimi özünü doğruldur.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin cari ilin aprel ayında keçirilən iclasında bildirmişdir ki, 2016-cı ildə qeyri-neft sektorunun artırılmasına xidmət edən tədbirlər xüsusi diqqət mərkəzində olacaqdır: “...Qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda daha böyük çəkiyə malik olsun”.

Bu tədbirlər, həmçinin iqtisadiyyatın sabitləşməsinə, biznes mühitinin liberallaşmasına və neftdən asılılığın minimuma endirilməsinə imkan yaradır. Qeyri-neft sektorunun dəstəklənməsi üçün regionlara sərmayə qoyuluşlarının stimullaşdırılması, səmərəli layihələrin maliyyələşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi üçün regionlara bütün maliyyə mənbələrindən 2 milyard manatadək investisiyanın yatırılması nəzərdə tutulub.

Ümumilikdə, ölkə rəhbərinin irəli sürdüyü antiböhran tədbirləri ölkənin yeni iqtisadi siyasətə keçidinin əsas konturlarını müəyyən edir. Şübhəsiz, bu tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi devalvasiya ilə əlaqədar əhalinin keçirdiyi narahatlığı aradan qaldırır, böhranın sabitləşmə və inkişafın bərpası mərhələlərinə keçid təmin olunur. Devalvasiya prosesləri ilə əlaqədar vətəndaşlara dəymiş ziyanın maksimum dərəcədə kompensasiyası, sosialyönümlü tədbirlərin həyata keçirilməsi, pensiya və məvaciblərin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış önəmli addımlardır. Müqayisə üçün bildirək ki, neftlə zəngin olan ölkələrin, neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində maaşların artırılması müşahidə edilməmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin keçən ayın 9-da keçirilən iclasında bununla bağlı demişdir: “İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir. Bir misal da gətirə bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir”.

Bir neçə gün əvvəl Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qolbal Forumu da Azərbaycanın təkcə mədəni dialoq, tolerantlıq və multikulturalizm sahəsində deyil, həm də iqtisadi modernləşmə, sahibkarlığın, siyasi və demokratik təsisatların, vətəndaş cəmiyyəti institutlarının inkişafı baxımından böyük uğurlara imza atdığını təsdiqləmişdir. Yeri gəlmişkən, forumda ictimai-siyasi sabitliyin təminatçısı olan orta burjuaziyanın formalaşmasında sahibkarlıq fəaliyyətinin roluna da nəzər salınmış, Azərbaycanın bu sahələrdəki uğurları yüksək dəyərləndirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa layiqli xidməti də dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ölkə rəhbərinin tapşırığı əsasında son illər ayrı-ayrı nazirlərin, komitə sədrlərinin yerlərdə ictimaiyyətin nümayəndələri ilə səyyar görüşlər keçirmələri, onların qayğı və problemləri ilə yaxından maraqlanmaları təkcə sosial mahiyyət daşımır, eyni zamanda, ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsinə, vətəndaş-məmur münasibətlərindəki psixoloji sədlərin, ziddiyyətlərin aradan qaldırılmasına xidmət edir.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında son 13 ildə həyata keçirilən siyasət nəticəsində ölkə sahibkarlarının ictimai-siyasi şüur səviyyəsi, düşüncə tərzi, təfəkkürü, intellekt səviyyəsi də dəyişmişdir. Bu gün dövlət-sahibkar münasibətlərinin institusional inkişafı sivil dialoq və əməkdaşlığa, cəmiyyət qarşısındakı sosial öhdəliklərə sadiqliyə əsaslanır. Ölkədə sahibkarlığın bütün təşkilati-hüquqi formalarının inkişafına xidmət edən innovativ siyasətin mahiyyətinə müvafiq olaraq Sumqayıt şəhərində də iş adamlarının təşəbbüskar layihələri dəstəklənir, onlarla işgüzar, sağlam, qarşılıqlı faydalı əlaqələr qurulur, özəl sektorun mövcud potensialından səmərəli istifadə edilir.

Yeri gəlmişkən, qeyd edək ki, möhtərəm Prezident son 5 ildə 9 dəfə Sumqayıtda olmuşdur. Şübhəsiz, bu səfərlər, sadəcə, protokol xarakteri daşımayıb, Sumqayıtla bağlı strateji plan və layihələrin reallaşdırılmasına əməli dəstəkdir. Dövlət başçısı bu səfərlər zamanı Sumqayıtda bir sıra obyektlərin açılış mərasimində iştirak etmiş, şəhərin müxtəlif yerlərində – park və xiyabanlarda, küçələrdə, o cümlədən dənizkənarı bulvarda başlanmış əsaslı təmir, yenidənqurma işlərinin gedişi ilə tanış olmuş, bu işlərin zövqlə aparılması üçün dəyərli tövsiyələr vermişdir.

Tərəqqi və inkişafa təkan verən dövlət proqramları çərçivəsində son zamanlar Sumqayıtda tikinti-quruculuq, abadlıq işləri daha ünvanlı, konkret və məqsədyönlü xarakter almışdır. Şəhər rəhbərliyi daxili resursları inkişaf məqsədilə səfərbər etmiş, çevik, müasir tələblərə cavab verən innovativ idarəetmə sistemi formalaşdırmış, şəhərin inkişaf və tərəqqisinə xidmət edən mühüm layihələrin icrasına başlamışdır. Prezident İlham Əliyevin bu layihələrin reallaşdırılmasına hər cür dəstək verməsi, zəruri maliyyə vəsaitlərinin ayrılması görülən işlərin səmərəli nəticələr verməsinə, hər bir şəhər sakininin həyatında daha qabarıq hiss olunmasına imkan yaratmışdır.

Uzun əsrlər boyu şəxsiyyət və zaman münasibətlərinə dair siyasi və ictimai baxışlar kifayət qədər rəngarəng və fərqli olması ilə seçilmişdir. Lakin bütün bu rəngarənglik və müxtəliflikdə daxili bir bağlılıq da həmişə aydın şəkildə özünü büruzə vermişdir. Yəni, şəxsiyyəti zamansız, zamanı isə şəxsiyyətsiz qavramağın mümkünsüzlüyü təsdiqini tapmışdır. Bu məntiqdən yanaşdıqda etiraf etməliyik ki, Azərbaycanın son 40 illik müasir tarixi Heydər Əliyev dühasından ayrı təsəvvür edilə bilməz. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan məhz ulu öndərin mütərəqqi ideyaları əsasında inkişaf edir və öz məqsədlərinə doğru inamla irəliləyir. Əminliklə deyə bilərik ki, respublikamız Heydər Əliyev ideyalarına söykənərək milli maraq və mənafelərimizi qətiyyətlə qoruyan Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha müasir və inkişaf etmiş ölkəyə çevriləcəkdir.

 

Qüdrət KƏRİMOV,

“Xəzər” ASC-nin sədri,

iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2016.- 8 may.- S. 8.