Lənkəran Dövlət Dram Teatrı Bakı səhnəsində

 

Mayın 4ü və 5-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının Bakı şəhəri Gənc Tamaşaçılar Teatrında ikigünlük qastrol səfəri uğurla keçdi. Paytaxt sakinləri ilə görüş Eduardo de FilipponunRuhlar” əsərinin tamaşasının təqdimatı ilə başlandı.

Tamaşaçıları ilk salamlayan teatrın direktoru Tofiq Heydərov bildirdi ki, “Ruhlar” əsəri “Azərbaycan Teatrı-2009-2019-cu illərdə” Dövlət Proqramına  uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib. Teatr rəhbəri onu da vurğuladı ki, Bakı səfəri həm də hesabat xarakteri daşıyır.

Ruhlar” əsəri 2014-cü ilin sentyabrında Şəki şəhərində keçirilən Birinci Beynəlxalq Teatr Festivalında diploma layiq görülüb. Bu tamaşada həyatda yaxşı yaşamaq uğrunda mübarizəni əks etdirən maraqlı, həm də sadə süjet öz əkisini tapıb. Böyük bir malikanənin yeni sahibi burada dolaşan ruhlar barədə şayiələrə son qoymaq üçün evi kirayə vermək fikrinə düşür. Cazibədar həyat yoldaşı Mariya ilə burada yaşamağa qərarlı olan ev sahibi Paskual, həm də var-dövlət düşkünü, pul hərisidir. Onun nəyin bahasına olursa-olsun, yalnız varlanmaq arzusu ön planda durur. Ruhlara inanmasa da, əldə etdiklərinin ona qeyri-adi qüvvə tərəfindən verilməsinə özünü və başqalarını inandırmağa çalışır. Tamaşanın quruluşçu rejissoru Tural Mustafayevdir. Rolları Əməkdar artist Adil Zeynalov, aktyorlar – A.Əhmədova, Ə.Axundov, N.Əsgərov, T.Abdullayev  və başqaları oynayırlar.

Mayın 5-də isə teatr kollektivi İran İslam Respublikasının Mədəniyyət Mərkəzi ilə bağlanmış müqaviləyə əsasən, İran yazıçısı Bəhram Beyzayininİlan Sultan” əsəri ilə eyni adla səhnələşdirilmiş tamaşanı təqdim etdi. Əsərə İrandan dəvət olunmuş rejissor Xeyrullah Təğiyanipurun quruluş verməsi heç də təsadüfi deyil. Bu, əslində İran—Azərbaycan münasibətlərində mədəniyyət əlaqələrinin, ünsiyyətin, dostluğun inkişafına dəlalət edir. Xatırladaq ki, Lənkəran Dövlət Dram Teatrı “İlan Sultan” tamaşası ilə  2016-cı ilin yanvarında İran İslam Respublikasında keçirilən “Fəcr” Teatr Festivalında “Ən yaxşı tamaşa” nominasiyası üzrə mükafata layiq görülmüş, rejissor X.Təğiyanipur isə festivalın “Ən yaxşı rejissor işi” nominasiyasının qalibi olmuşdur.

İlan Sultan” tamaşası bəşəri duyğuları təcəssüm  etdirən məhəbbət aşiqlərinin sevgi dastanından götürülmüşdür. Rejissorun bildirdiyi kimi, əsərin mövzusu xalq nağıllarından götürülsə də, bütün dövrlər üçün aktual olan iki sevən gəncin həyat hekayəsidir. Bu sevgi onları əzablardan, ağrılı-acılı yollardan keçirərək, ölümlə üzləşdirsə belə, sonda vüsala qovuşdurur. “İlan Sultan” Səyyad Əliyevin, Nigar xanım isə Aynur Əhmədovanın ifasında öz mükəmməl əksini tapmışdır.

Mədəniyyət və turizm naziri Ə.Qarayevin, nazir müavini Ə.Vəliyevin, Milli Məclisin deputatı Hadi Rəcəblinin, ictimai-siyasi xadimlərin, tanınmış sənət adamlarının da iştirak etdikləri ikigünlük Bakı səfəri N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının respublikanın aparıcı sənət ocaqlarından olduğunu bir daha təsdiqlədi.

 

Aida ŞÜKÜRLÜ,

 

Xalq qəzeti.- 2016.- 8 may.- S. 11.