Heydər Əliyev və Azərbaycanda

multikulturalizm siyasəti: varislik, novatorluq

 

Avropada yenidən bir kabus dolaşmaqdadır. Bu, daha marksizm klassiklərinin hələ XIX əsrin ortalarında  ictimai rəyə təlqin etdikləri kommunizm  kabusu deyildir. XXI əsrin kabusu-islamofobiyadır. Birincilər “Bütün ölkələrin proletarları, birləşin!” şüarı ilə dünya siyasi səhnəsinə çıxmışdılarsa, ikincilər, əslində, “Bütün ölkələrin islamofobları, birləşin!” şüarı ilə antiislam cəbhəsi formalaşdırmaqla həmin siyasi səhnəni zəbt etmək niyyətindədirlər.

 

Beynəlxalq aləmdə  etimadsızlıq mühiti formalaşmaqda, irqçilik, millətçilik,  ksenofobiya  genişlənməkdə, etnik və  milli dözümsüzlük az qala həyat tərzinə çevrilməkdə olduğu bir vaxtda Azərbaycan Respublikasında multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış  modeli formalaşmışdır. Dünya bu modeli öyrənməkdədir. Çoxmədəniyətlilik (multikulturalizm) bu modelin əsas fəlsəfəsini təşkil edir. Əslində, multikulturalizm ksenofobiya, islamofobiya və irqçiliyin alternatividir. Onlar bir-birinə antoqonistdir. Biri barışığa çağırışdır, digəri ədavətə. Hər ikisi strateji hədəflərə malikdir.

Multikulturalizmdə bu, qlobal səviyyədə mədəniyyətlərarası harmoniyaya nail olmaqdır. Alternativində isə bu, qlobal xaosa sürükləməkdir. Deməli, faktiki olaraq bəşəriyyət yenidən “kim-kimi” sualı ilə üz-üzə qalıbdır. Deməli, həm regional, həm də qlobal səviyyədə multikultural dəyərlərin müdafiəsi, təbliğı və təşviqi sadalanan acı reallıqlar kontekstində hər zaman olduğundan daha aktual və zəruridir. Bu sahədə Azərbaycan Respublikasının əsrlərlə formalaşmış təcrübəsi unikal örnəkdir. “Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bu reallıq fonunda müasir dövrdə həllini gözləyən yalnız bir əsas məsələ qalırdı. Yeni geosiyasi şəraitdə Azərbaycanın ugurlu inkişafını təmin edəcək ideoloji xəttin seçilməsi. Ulu öndər Heydər Əliyev etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq dövlət təlimini  milli ideologiya kimi irəli sürdü.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi” adlı məqaləsində qeyd olunduğu kimi, “azərbaycançılıq” anlayışı milli siyasi diskursda, nisbətən, yaxın vaxtlarda işlədilir. O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə, xüsusilə, geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, yeni, məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünürük ki, indi “azərbaycançılıq” artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər."

Məhz bu ideologiya sayəsində ölkəmizdə bütün konfessiyalar və etnoslar arasında unikal həmrəylik mühiti formalaşmış, tolerantlıq, dini loyallıq, milli özünəməxsusluq və bəşəri dəyərlərə sadiqlik həyat tərzinə çevrilmişdir. Başqa sözlə, ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün azərbaycançılığı dəqiq ideoloji hədəf seçərək öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdi və onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etdi.  Bununla da, ilk növbədə, multikulturalizm siyasi modelinin assimilyasiya və təcridçilik kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyildir ki,  ümummilli lider Heydər Əliyev multikultural dəyərlərə əvəzsiz sərvət kimi yanaşırdı: “Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür... Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da-bütünlükdə hamısı azərbaycanlıdır. “Azərbaycan” sözü bizi həmişə birləşdirib”.

Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və təkzibedilməz həqiqət gücündədir: biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq, dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik!

Elə bu məntiqlə də zəmanəmizin dühası Heydər Əliyev Azərbaycanın çoxmillətli dövlət olaraq milli siyasətinin əsas məzmununu belə müəyyən etmişdir: “...Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar”. Ümummilli liderin peyğəmbərcəsinə söylədiyi bu fikirlər, müasir dünyamızda milli-etnik və dini dözümsüzlük mühiti formalaşdırmaqla “idarə olunan xaos” vəziyyəti yaradan qüvvələrin kimliyini anlamaq və nəticələr çıxarmaq üçün olduqca ibrətamizdir.

“Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni məzmun verərək, onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uygunlaşdırdı ... Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın—bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan soydaşlarımızın və həmvətənlərimizin söykəndiyi milli birlik platformasına çevirdi”,– deyərək, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov ulu öndərin bütün sahələrdə olduğu kimi, milli məfkurə sferasında da  misilsiz xidmətlər göstərdiyini vurğulamışdır.

Bu, bir həqiqətdir ki, azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisi oldusa, digər tərəfdən Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunu təsdiqlədi. Milli nihilizmə, milli nifaqa və bu əsasda istənilən təxribata qarşı sipər rolunu oynayan azərbaycançılıq məfkurəsini müasir Azərbaycan dövlətçiliyinin ideoloji təliminə çevirən ulu öndərin 13 avqust 2001-ci il tarixdə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı verdiyi bəyanatda səslənən  fikirlər  kifayət qədər aktual, xəbərdaredici və ibrətamizdir: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud, onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, Azərbaycanın dini rəhbəri təhqir olunur, onda, təbiidir ki, bu, bizi narahat etməlidir... Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik, edəcəyik də. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır”.

Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların dağınıq halda yaşamaması, onların diaspor fəaliyyəti göstərməsi üçün milli həmrəyliyin vacib olduğunu bildirirdi. O, həm də yaxşı dərk edirdi ki, milli həmrəyliyin möhkəmlənməsi üçün azərbaycançılıq ideologiyası zəruridir. Məhz bu ideologiyanın təbliği nəticəsində Azərbaycanı hansı səbəbdən tərk etmələrindən asılı olmayaraq, xaricdə yaşayan soydaşlarımız arasında milli həmrəylik yarandı və onlar ümummilli maraqlar naminə birlikdə fəaliyyət göstərməyə başladılar. Bunun nəticəsində də soydaşlarımız arasında azərbaycançılıq ideologiyası milli həmrəyliyin konsepsiyasına çevrildi. Prezident xarici dövlətlərə ilk səfərlərindən başlayaraq getdiyi hər bir ölkədə yaşayan həmvətənlərimizlə görüşlər keçirir, onların problemləri, qayğıları ilə maraqlanır, tövsiyələrini verirdi. Azərbaycan diasporunun yeni mərhələdə inkişaf tezislərini də məhz böyük öndərin həmin görüş və çıxışlarda söylədiyi fikirlər, müddəalar təşkil etmişdir. Özü də bu, hər zaman şüarçılıqdan uzaq, reallığı əks etdirən, zərurətdən doğan fikir və müddəalar olmuşdur. Bu baxımdan Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdiyi tezislər, əslində, azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi idi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.

Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən mühüm istiqamətlərdən biri də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mənsubiyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüququ” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür. Bununla yanaşı, dahi müasirimiz Heydər Əliyev Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verirdi: – Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də, dünyada yaşayan bütün azərbaycanlıların dili olsun. Bu dil bü gün azərbaycanlıların mənəvi birliyinin əsasıdır.

Ulu öndərin ölkə rəhbərliyinə qayıdışı dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Çox keçmədi ki, bu sahədə həyata keçiriləcək siyasətin mahiyyəti xalqa açıqlandı, din sahəsinə qayğı, dini abidələrin bərpası, milli-mənəvi dəyərlərin qorunması və təbliği dövlətin din siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Onun həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Respublikası dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Əsas məqsəd isə dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirmək idi.

Ölkəmizdə bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Bundan savayı, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm addım olaraq ulu öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Bunun ardınca “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O, daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Məhz bu siyasi xəttin nəticəsi kimi, Azərbaycan Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr 2009-cu il tarixli qanunla “Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair” UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar.

Sivilizasiyalararası dialoq prosesinə töhfə vermək məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısı Bakıda keçirildi və bu tədbirə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirləri də dəvət edildi. Bu, tarixdə ilk dəfə idi ki, iki mühüm beynəlxalq təşkilatın nümayəndələri Bakıya toplaşmışdılar. 2009-cu ildə Bakıda növbəti analoji tədbir keçirildi. Bu dəfə Avropa Şurasının mədəniyyət nazirləri İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən tədbirinə dəvət edildi. Bununla da Azərbaycan dünyada süni şəkildə erroziyaya uğradılmaqda olan multikultural dəyərlərə sadiq qaldığını bir daha hər iki sivilizasiyanın yüksək səviyyəli təmsilçilərinə nümayiş etdirdi.

Prezident İlham Əliyevin təbirincə desək, “Multikulturalizm üstünlüklərdən, böyük varlıqlardan biridir. Əfsuslar ki, dünyanın müxtəlif yerlərində, qonşu bölgələrdə, Orta Şərqdə və Avropada müəyyən narahatlıq yaradan meyillərin şahidi oluruq. Təcridolunma, ayırma və bəzən ədavət meyillərini görürük. Çünki dünyaya töhfə vermək, daha yaxşı dünyanı, hamı üçün müvafiq olan dünyanı qurmaq üçün yaşayırıq. İstəyirik ki, bütün xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər. Dini hisslərə əsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyəti olan ölkələr üçün çox təhlükəlidir”.

Prezident İlham Əliyev sadalanan reallıqlar kontekstində bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər ehtiyac olduğunu vurğulayaraq bildirmişdir ki, dövlətimiz nəinki məscidlərin, həmçinin pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına və inşasına sərmayə yatırır. İşğalçı Ermənistan dövləti üçün isə terrorçuluq və etnik təmizləmə siyasəti xarakterikdir və Azərbaycanın mədəni irsini məhv etməyi əlahiddə olaraq hədəf seçmişdir. “Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm,”– deyən Prezident İlham Əliyev 2015-ci il noyabrın 17-də Parisdə UNESCO Baş Konfransı 38-ci sessiyasının Liderlər Forumunun tribunasından Ermənistanın mədəni isrə qarşı vandalizm siyasətini ifşa edərək, işğalçı dövlətə sərt xəbərdarlığını çatdırdı: “İşğal nəticəsində ölkəmizin 600-dən çox tarixi və memarlıq abidəsi, 40 min eksponatı olan 22 muzey, 10 məscid məhv edilmişdir. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan  hökuməti tərəfindən bərpa edilmiş erməni kilsəsini görə bilərsiniz. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəblər və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməyəcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi məhv edə bilməzlər, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik ”

“Multikulturalizm bizim adət – ənənəmizdir. Multikulturalizm-dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”, – deyən Prezident İlham Əliyev Qafqazda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim Şəki şəhərinin yaxınlığında yerləşməsindən, o cümlədən, 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanda, qədim Şamaxı şəhərində olmasından  xalqımızın qürur və fərəh hissi keçirdiyini bildirmişdir.

Belə bir siyasi kontekstdə Prezident İlham Əliyev 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirinin Xidmətini yaratmışdır. Bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əlaqəli şəkildə öyrənən, obyektiv səbəbdən özünü göstərən müəyyən boşluqların doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurmaqdadır.

Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhəmiyyətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may 2014-cü il tarixində imzaladığı fərman oldu. Bu mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir. Dünyanın multikulturalizm sahəsində aparıcı mütəxəssislərinin, görkəmli ictimai və siyasi xadimlərinin Bakıda beynəlxalq səviyyədə belə bir mərkəzin açılmasını son dərəcə təbii və işgüzar şəkildə qəbul etmələri məhz Azərbaycanın bu gün dünya multikulturalizminin mərkəzinə çevrilməsi reallığını aydın şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyev 2015-ci il noyabr ayının 17-də Parisdə UNESCO-nun məlum forumunda xüsusi olaraq vurğulamışdır ki, carı ildə birinci Avropa Oyunlarına ev sahibliyi etməyimiz də multikulturalizmin bir nümunəsidir. Müsəlman ölkəsində ilk Avropa  Oyunlarının keçirilməsi multikulturalizm və tolerantlıq ideyalarının təntənəsidir. Cənab Prezident fikirlərini davam etdirərək bildirdi ki, 2017-ci ildə İslam Həmrəylik Oyunlarını keçirəcəyik və nəticədə ola bilsin ki, uzun illər ərzində Azərbaycan, Bakı şəhəri bu iki yarışın bir məkanda keçiriləcəyi yeganə yaşayış yeri olaraq qalacaqdır. Onu da qeyd edək ki, Azərbaycan sadalanan reallıqlar kontekstində artıq 2016-cı ilin 25-27 aprel tarixində BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ugurla ev sahibliyi etmişdir.

Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə köçürülməsi işində Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri reallığında fəaliyyət göstərməsini şərtləndirir.

Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan - tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar. Tərəqqipərvər dünya ictimaiyyəti, görkəmli şəxsiyyətlər və sıradan insanlar bu qəbildən olan tədbirlərin keçirilməsini, orada mədəniyyətlərarası dialoqun inkişafına həsr olunmuş məsələlərin müzakirə olunmasını və ən əsası, gerçəkləşdirilməsini böyük rəğbətlə qarşılayır.

Sonda onu da xüsusi olaraq qeyd edək ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu çoxmədəniyyətlilik siyasətinin Prezident İlham Əliyev tərəfindən varislik xətti ilə novatorcasına davam etdirilməsi kursu dünyanın üzləşdiyi potensial və real risklərin, o cümlədən ksenofobiya, irqçilik, islamofobiya və multikulturalizmin alternativi olan digər təhdidlərin aradan qaldırılması mənafeyinə xidmət göstərən orijinal həll yollarının irəli sürülməsi baxımından  da unikaldır: “Siz qonşunuzdan milliyyətini, kilsədə, sinaqoqda və ya məsciddə ibadət etməsini soruşmadan onunla yanaşı yaşamalısınız. Yalnız bu halda potensial riskləri azalda bilərik.”

 

Elman NƏSİROV,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar

İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

 

Xalq qəzeti.- 2016.- 14 may.- S.3.