Multikultural dəyərlərin
qorunmasında
və təbliğində mətbuatın
rolu
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev multikultural dəyərlər haqqında belə bir fikir işlədib: “Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın böyük və zəngin tarixi vardır. Milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır. Biz ümumbəşəri dəyərləri bölüşürük, biz Avropa qurumları ilə bütün istiqamətlərdə-həm iqtisadi sahədə, həm siyasi islahatların dərinləşməsi sahəsində uğurlu əməkdaşlıq edirik. Avropa dəyərləri də bizim üçün çox vacibdir. Yəni onlar bizim üçün yad dəyərlər deyil. Çünki Azərbaycanın tarixi və coğrafi vəziyyəti bu vəziyyətin yaranmasına gətirib çıxarıbdır. Ancaq bizim üçün prioritet dəyərlər bizim milli dəyərlərimizdir və bunun üzərində müasir dövlətin qurulması bizim məqsədimizdir”.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın 24 ildən artıq dövrü əhatə edən müstəqillik tarixində qazandığı uğurların miqyası genişdir, ən əsası ölkəmiz Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi demokratik dəyərlərin inkişafına xüsusi diqqət yönəldən qurumların üzvü olmaqla bu prinsiplərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirib. Azərbaycan, eyni zamanda, müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən ölkə kimi dövlətlər, xalqlar arasında körpü rolunu oynayır, əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə davamlı töhfələr verir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsində də məqsəd məhz Azərbaycanın multikultural cəmiyyətlərin inkişafına töhfələrini daha da artırmaqdır. Sərəncamda da qeyd edilir ki, tarixi İpək Yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun cari ildə Bakıda keçirilməsi barədə qərar dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi daşıyan 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi bir daha belə bir həqiqəti ortaya qoyur ki, Azərbaycan nümunəsi multikulturalizmin yaşadığını, ölkəmizin bu sahəyə davamlı töhfələr verməkdə maraqlı olduğunu nümayiş etdirir. Bu fonda qeyd edə bilərik ki, Azərbaycanın hər sahədə təcrübəsi nümunədir, öyrənilməsi bir zərurətdir. İnkişafın Azərbaycan modelinin mövcudluğu bunun təsdiqidir.
25 illik müasir dövr müstəqillik tarixinə malik olan Azərbaycanın bu gününü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə böyük inkişafın, tərəqqinin, müasirliyin və yeniliyin şahidi oluruq. Ötən dövrün uğurlarına söykənərək, qarşıdakı illər üçün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi bildiririksə, təbii ki, bu, düzgün təmələ əsaslanan və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Hər bir mühüm hadisə ötən dövrün təhlilini bir zərurətə çevirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə Azərbaycanın müstəqillik tarixində keçdiyi yola nəzər salaraq söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “Mən bu tarixə nəyə görə qayıdıram? Çünki birincisi, bu həqiqətdir. Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatik və yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik”.
Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanı dağılmaq, parçalanmaq, bir dövlət olaraq varlığını itirmək təhlükəsindən xilas etdiyi kimi, milli mətbuatımızda da mövcud problemlər tədricən aradan qaldırıldı, qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan oxucusunun informasiya tələbatının yüksək səviyyədə ödənilməsi üçün zəruri addımlar atıldı. Ulu öndər Heydər Əliyev müstəqil KİV-lərin inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın- azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir. Hazırkı dövrdə, dünyada hərbi-siyasi münaqişələrin artdığı bir zamanda Azərbaycanın sabitlik diyarı kimi tanınması, dünya birliyində özünə layiqli yer tutması, ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində qazandığı nailiyyətlərin təbliğ olunması milli həmrəylik və birliyimiz nəticəsində mümkün olmuşdur. Azərbaycan xalqını təbii ki, vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, tolerant ölkə olmasıdır. Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə artıq ənənə halını alan beynəlxalq humanitar forumların keçirilməsi Azərbaycanın Avropa ilə Asiya arasında körpü roluna töhfələrini artırır.
Dövlət siyasətimizin əsasında dayanan azərbaycançılığın, milli dəyərlərimizdən olan multikulturalizmin inkişafı istiqamətində davamlı addımların ictimaiyyətə çatdırılması aktuallığını bütün dövrlərdə qoruyur. Məhz bu baxımdan bütün gerçəkliklərin bələdçisi olan mətbuata diqqət və qayğı dövlət siyasətinin əsasında dayanıb. Belə ki, mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-lərin maddi-texniki imkanlarının yaxşılaşdırılması, jurnalistlərin peşəkarlığının artırılması və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmış və tədbirlər həyata keçirilmişdir. 1998-ci il 6 avqust tarixində mətbuatda dövlət nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyev imzaladığı fərman və sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ulu öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Dünya təcrübəsinə istinadən qeyd edilir ki, hansı ölkə informasiya bolluğuna malikdirsə, o varlı dövlət kimi qəbul olunur. Bu şəraitin yaradılması üçün daim mətbuatla birgə çalışan, dövlət siyasətinin cəmiyyətə olduğu kimi çatdırılmasında maraqlı olan ümummilli lider Heydər Əliyev yalnız həqiqəti əks etdirən informasiyaların yayılmasında maraqlı idi. Ulu öndər söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda ictimai fikrin formalaşmasında KİV-lərin rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoyuldu.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq qaldı. Onun müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” buna əyani sübutdur. Prezident İlham Əliyevin qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi ilə bağlı sərəncamına əsasən, maddi çətinliklərlə üzləşən qəzetlərin qaytara bilmədiyi borc dövlət büdcəsindən ödənildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. İnsanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün ümumxalq səsverməsi ilə Konstitusiyaya edilən bəzi əlavə və dəyişikliklərdə mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr dəqiqləşdirildi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası tərəfindən müxtəlif nazirliklərlə birlikdə günümüzün reallığını əks etdirən ayrı-ayrı mövzularla bağlı fərdi yazı müsabiqələrinin təşkili, qaliblərin mükafatlandırılması müstəqil mətbuatın inkişafına yönəlmiş ən mütərəqqi addımlardır. Jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənzillə təmin edilməsi də mətbuata, bu sahədə çalışanlara dövlət dəstəyi və qayğısının ifadəsidir.
Bu gün ölkəmiz bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayır. İqtisadiyyatı hər bir inkişafın təməl daşı kimi dəyərləndirən dövlətimizin başçısı cənab İlham Əliyev iqtisadi tərəqqinin davamlılığını təmin etmək üçün bir-birindən əhəmiyyətli addımlar atır. İqtisadi tərəqqi maliyyə imkanlarının genişlənməsi ilə müşayiət olunur ki, bu da mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir. İqtisadi yüksəliş mətbuatın inkişafına yönələn tədbirlərdən də aydın görünur. Məlum olduğu kimi, 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının təqdimat mərasimində dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Jurnalistlərin sosial müdafiəsi, məişət problemləri həllini tapmalıdır. Bu il imzaladığım Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait sadəcə olaraq birinci addımdır. Mən bu gün demək istəyirəm ki, bununla biz işimizi bitmiş hesab etmirik. Gələcəkdə buna bənzər addımlar atılacaq və yenə də deyirəm, tamamilə təmənnasız atılacaqdır. Mən o vaxt da jurnalist ictimaiyyətinə müraciət etdim və fikrimi söylədim ki, bu mənzillər bölünəndə medianın bütün istiqamətləri, necə deyərlər, bütün düşərgələri bundan bəhrələnə bilsinlər. Yəni, burada heç bir ayrı-seçkilik olmamalıdır və ədalət prinsipi əsas olmalıdır”.
Prezident İlham Əliyevin 22 iyul 2013-cü il tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı da deyilənlərin təsdiqidir. Ölkənin iqtisadi qüdrətinin artmasından irəli gələn bu kimi addımlar bir daha təsdiqləyir ki, bütün sahələrin kompleks şəkildə inkişafı, tərəqqisi dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir, ən əsası hansı sahədə çalışmasından asılı olmayaraq hər kəs bu inkişafı özünün gündəlik həyatında hiss edir.
Müstəqil mətbuatın inkişafına xidmət edən davamlı addımlar möhtərəm Prezidentimiz İlham Əliyevin “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğunun nəticələrinə əsasən, iki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini şərtləndirib. O da məlumdur ki, “Jurnalistlərin dostu” mükafatının təsis edilməsində əsas məqsəd ölkədə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, siyasi partiyalar və ictimai birliklər arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək, KİV-lərə qayğı ənənələrinin davamlı olmasını təmin etməkdir. “Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir: “... aldığım bu mükafatdan asılı olmayaraq, mən bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm”. Prezident İlham Əliyevin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımları bir daha bu sahənin inkişafının dövlətin siyasətində prioritet olduğunu nümayiş etdirir. Bu mühüm hadisə nəinki ölkə, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir.
Ulu öndər Heydər
Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu istiqamətində atdığı
addımların, həyata keçirdiyi siyasətin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
Azərbaycanın qarşısında geniş imkanlar
açır, cəmiyyətimizin güzgüsü olan mətbuatın
iqtisadi müstəqilliyini gücləndirir, jurnalistlərin
sosial müdafiəsini təmin edir, KİV-lərin fəaliyyətini
tənzimləyən qanunvericilik bazasını təkmilləşdirməklə
dünya informasiya məkanına inteqrasiyasını sürətləndirir.
Sosial şəbəkələr həyatımızın
ayrılmaz hissəsinə çevrilib, eyni zamanda, siyasi
diskussiyaların, fikir mübadiləsinin
aparıldığı bir məkan olub. Ölkə əhalisinin
80 faizdən çoxu internet istifadəçisidir və bu rəqəm
ilbəil artır. Ən ucqar kəndlərə belə
genişzolaqlı internetin çəkilişi Azərbaycan
dövlətinin vətəndaşların informasiya tələbatının
ödənilməsində nə qədər maraqlı
olduğunu təsdiqləyir. Çoxsaylı internet, televiziya və radiolar on minlərlə
insana yenilikləri çatdırır. Bir məqamı
da qeyd edək ki, Azərbaycan dövləti internetə təkcə
informasiya mübadiləsi məkanı kimi deyil, həm də
hökumətin açıq və fəaliyyətinin təmin
olunmasının yeni imkanları kimi baxır. “Elektron hökumət» məhz bu missiyanı yerinə
yetirir. “ASAN xidmət” mərkəzlərinin genişləndirilməsi
qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə
nail olmağa stimul verir.
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasında internetin imkanlarından daha da
geniş yararlanmaq, qabaqcıl texnologiyaları Azərbaycana gətirməyi
davam etdirmək kimi mühüm hədəflər müəyyən
edilib.
Müasir dövrdə daha çox tələbat duyulan
informasiya cəmiyyətinə keçidin təmin edilməsi,
biliyə əsaslanan iqtisadiyyatın qurulması, ən
müasir texnologiyaların tətbiqinin genişləndirilməsi,
elektron xidmətlərin, Elektron Təhlükəsizlik üzrə
Milli Mərkəzin fəaliyyətinin inkişaf etdirilməsi,
rəqabətqabiliyyətli və ixracyönümlü İKT
potensialının gücləndirilməsi qarşıda duran
prioritet kimi diqqətə çatdırılır. Təsadüfi
deyil ki, “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasının əsas hədəflərindən
biri də qarşıdakı on ildə İKT-nin illik
artımını 18-20 faiz həddində saxlamaqla sektorun gəlirlərini
8-9 milyard dollara çatdırmaqdır. Bu sahədə
müəyyən təcrübəyə malik Azərbaycan
artıq öz sözünü deyir.
Cəmiyyətin inkişafı və təşəkkülü
informasiya texnologiyalarının, konkret olaraq internetin
imkanlarına əsaslanır. Dünyada baş verən
sosial-iqtisadi hadisələr, sosial şəbəkələrdə,
bloqlarda yerləşdirilən informasiyalar hər kəsi
maraqlandırır. Daha dəqiq desək,
müəllifi dəqiq məlum olmayan, “kollektiv bir məhsul”
olan bəzi saytlardan hər kəs istədiyi və
özünə lazım olan informasiyanı əldə edir.
Bu cür interaktivlik sayəsində sosial şəbəkə
yazılı və elektron KİV-ləri bir növ üstələyir.
Ölkəmizdə yüksək texnologiyaların
tətbiqinə və kosmik sənayenin yaradılmasına
xüsusi diqqət göstərilir. Prezident
İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
prioritet elan olunması, 2013-cü ilin ölkədə
“İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi
bu sahənin inkişafına dövlət səviyyəsində
göstərilən diqqətin əyani təsdiqidir.
Yazılı və elektron KİV-lərlə sosial media
arasında rəqabətin artdığı müasir
dövrümüzdə jurnalistikanın inkişaf problemləri
ilə yanaşı, hər dövlətin milli təhlükəsizliyi
ilə eyni səviyyədə dəyərləndirilən,
ictimai rəyin formalaşdırılmasında başlıca,
aparıcı rola malik informasiya təhlükəsizliyinin
qorunmasında bütünlükdə cəmiyyətin,
insanların vətəndaşlıq borcu olmalıdır. Əsas diqqət
yetirilən sahə isə müasir jurnalistikaya ciddi təsir
göstərən sosial şəbəkələrdə yerləşdirilən
informasiyaların ölkələrarası əməkdaşlığın
genişləndirilməsindəki rolu və əhəmiyyətidir.
İnkişaf istiqamətlərini
demokratiyanın təkmilləşdirilməsində, söz, mətbuat,
vicdan azadlığının qorunmasında görən Azərbaycanın
dövlət siyasətinin əsasında insan amili
dayandığı kimi, hər kəsin ölkənin
qanunları çərçivəsində sərbəst
düşünmə və münasibətini bildirmə
hüquqları mövcuddur.
İnkaredilməzdir ki, hər bir ölkənin
qarşılıqlı əməkdaşlıq prinsiplərinə
sadiq qaldığı dostları kimi, müəyyən səbəblərdən,
münaqişəli məsələlərin mövcudluğu
üzündən mövqeləri fərqli olan əlaqələri
də mümkündür. Təbii ki, bu zaman əsassız
informasiyalar yayan sosial şəbəkələrdən istifadə
olunur. Belə qərəzli münasibət
ölkəmizdən də yan keçməyib. İqtisadi inkişafı, diplomatik uğurları ilə
dünya birliyində liderliyini qoruyan Azərbaycan antiazərbaycanlı
qrupların və erməni lobbisinin əlində oyuncağa
çevrilən bəzi dairələrin, məkrli təşkilatların
qərəzli informasiya hücumlarına məruz qalır.
“Eurovision-2012”yə, ilk Avropa Oyunlarına ev sahibliyi
şansını qazanan ölkəmizə qarşı qərəzli
münasibətdən yaranan qısqanclıq meyllərindən
qaynaqlanan “qara piar” xarakterli informasiyaların yaranma səbəbləri
kimi, “muzdlu xidmət müəllifləri” də bəlli idi.
Qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı
olan, beynəlxalq təşkilatlarda söz sahibi kimi yüksək
mövqeyə yüksələn Azərbaycan həqiqətlərinə
kölgə salmağa çalışan ermənipərəst
qüvvələr ölkə müxalifətinin əsassız
arqumentlərini reallıq kimi qələmə verərək
ölkəmiz haqqında mənfi imic fomalaşdırmağa cəhd
etsələr də niyyətləri baş tutmadı. Hətta beynəlxalq
təşkilatlarda təmsil olunan diplomatlar, siyasətçilər
belə məkrli yanaşamalara iradlarını bildirərək
Azərbaycanı dünyada ən sürətli inkişaf edən
ölkə kimi xarakterizə edərək qərəzli QHT-lərin
iddialarına Dünya İqtisadi Forumu kimi daha nüfuzlu təşkilatların
hesabatlarındakı rəqəmlərə istinad etdilər.
“Əsas odur ki, uğurlarımız hərtərəflidir
və bu uğurlar hər sahədə davam edəcəkdir”
söyləyən cənab İlham Əliyevin
vurğuladığı kimi, dinamik sürətlə
inkişaf edən güclü Azərbaycanın dostları
günbəgün artır.
Qlobal
informasiya məkanında həqiqətlərlə
yanaşı, təxribat və qarayaxmaların da kifayət qədər
artdığını nəzərə alan
Prezident İlham Əliyev informasiya təhlükəsizliyini ərzaq,
enerji təhlükəsizliyi kimi dövlət siyasətinin
aspekti hesab edir. “İnformasiya təhlükəsizliyi də
indiki dövrdə çox vacibdir... Bizə
qarşı informasiya müharibəsi aparılır. Bu
həqiqətdir... Bu informasiya müharibəsinin
aparılması işində, əlbəttə ki, ilk növbədə,
erməni lobbisi öz fəallığı ilə
seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan
reallıqlarını danmaq, Azərbaycanı geridə
qalmış, antidemokratik ölkə kimi, dünyaya təqdim
etmək cəhdləri ilk növbədə erməni lobbisinin
çirkin əməllərindən qaynaqlanır” söyləyən
möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki,
ölkəmiz əleyhinə açıq şəkildə
kampaniya aparan ermənilərin cəhdlərinə baxmayaraq Azərbaycan
siyasi, iqtisadi, diplomatiya, demokratiya sahəsində olduğu kimi
informasiya mübarizəsində də qalibdir. Təbliğat
real faktlara, tarixi həqiqətlərə əsaslandıqda
ictimai fikrə təsir imkanı daha geniş olur. Azərbaycan əleyhinə yayılan mənfi
informasiyaların təkanverici qüvvəsi olan erməni
lobbisinin çirkin pulları ilə dolanan bəzi lsiyasi xadimlər”in,
qondarma “Dağlıq Qarabağ Respublikası”na səfər edənlərin
bu həqiqətləri lgörməməsi” ikrah doğurur.
Müstəqilliyimizin əbədiliyini uğurlu
addımları ilə qoruyub saxlayan dövlətimizin daxili və
xarici siyasəti elə təməl üzərində qurulub
ki, heç bir kənar qüvvə Azərbaycan
xalqının iradəsinə təsir göstərmək,
uğurlarımıza kölgə salmaq imkanında deyil. Möhtərəm
Prezidentimiz İlham Əliyev dəfələrlə bildirir ki,
qarşıdurma arenasına çevrilməyəcək Azərbaycan
heç vaxt başqa ölkələrin planlarında
iştirak etməyəcək: “Kim istəyir Azərbaycanı
qarşıdurma arenasına çevirsin, getsin özü
üçün başqa yer axtarsın. Biz
heç vaxt imkan verə bilmərik ki, ərazimizdən
qonşulara qarşı hansısa mənfi planlarda istifadə
edilsin və bunu hamı bilir”. İctmai rəyi
əks etdirməyən, təxribat xarakterli mənfi məlumatların
qarşısının alınmasında güclü vasitə
olan informasiya təhlükəsizliyinin təminatı Azərbaycan
həqiqətlərinin olduğu kimi dünyaya
çatdırılması baxımından daha önəmlidir.
Milli təhlükəsizliyə xələl gətirən
informasiyaların yayılması yolverilməzdir. Bu baxımdan ölkə Prezidenti cənab İlham
Əliyevin imzaladığı “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Ermənistan Respublikası
Silahlı Qüvvələri ilə təmas xəttində bəzi
təhlükəsizlik tədbirləri haqqında” sərəncamının
əhəmiyyətini xüsusi qeyd etməliyik. Sənəddə də qeyd olunur ki, hərbi hissələrin
dislokasiyası ilə bağlı məlumatların verilməsində
milli və dövlətçilik maraqlarına diqqətlə
yanaşılmalı, dövlət sirlərinin qorunmasında
qanundan kənar halların baş verməməsi
üçün KİV-lərlə əhali arasında təbliğat-izahat
işi genişləndirilməlidir. “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər üçün Milli Strategiya”da da
informasiya təhlükəsizliyi sahəsində vahid dövlət
siyasətinin parametrləri əksini tapır. Bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi,
ölkənin milli informasiya məkanının, o cümlədən
informasiya təhlükəsizliyini təmin edən sistemin
inkişaf etdirilməsi dövlət siyasətinin əsas
istiqamətləri kimi diqqətdə saxlanılır. Təbii ki, mətbuat işçiləri Milli
Strategiyadan irəli gələn vəzifələr barədə
məlumatlıdırlar. Amma jurnalist məsuliyyəti ilə
qarşıya qoyulan məqsədə nail olmaq
üçün ilk növbədə vətənpərvərlik,
peşə məsuliyyəti, hadisələrə qərəzsiz,
tərəfsiz yanaşma əsas olmalıdır.
Ölkəmizdə jurnalistlərin sorğularına cavab
verməkdən imtina etməyə, cavabsız buraxmağa və
jurnalistə informasiyanın verilməsinə məhdudiyyət
qoymağa görə yeni cəzaların tətbiq olunması
da müstəqil mətbuatın inkişafına diqqətdən,
jurnalist əməyinə verilən dəyərdən
qaynaqlanır.
Bu, İnzibati Xətalar Məcəlləsinin
382-ci maddəsində təsbit olunub. Belə
bir vacib addımın atılması mövcud problemlərin -əsası
olmayan, plagiat, ilkin mənbənin göstərilməməsi,
“etibarlı", “məlumatlı” mənbə”lərə
istinad kimi halların aradan qaldırılmasına öz
müsbət təsirini göstərəcək.
Hər dövrün öz
çağırışı, tələbi var. Müstəqil
Azərbaycan dövlətinin bu tələbləri yüksək
səviyyədə yerinə yetirməsi, ölkəmizin
davamlı inkişafına, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə
geniş yol açır. Azərbaycanı
qarşıdakı illərdə inkişaf etmiş ölkələr
sırasında görmək istəyimiz reallıqdır.
Təbii ki, bu əminliyi yaradan ölkəmizin
24 ildən artıq müstəqillik tarixində
qazandığı bir-birindən əhəmiyyətli
uğurlarıdır. Dünyada ən
islahatçı, xoşbəxt ölkə kimi tanınan Azərbaycanın
gələcəyinə inam böyükdür. Möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin qeyd etdiyi kimi, irəli sürülən
bütün təşəbbüslərin xalq tərəfindən
dəstəklənməsi hərtərəfli inkişafı
daha da sürətləndirir. Cənab
İlham Əliyev bu fikri də önə çəkir ki, Azərbaycanı
inkişaf etmiş ölkələr sırasında görmək
istəyimiz ölkəmizdə media ilə bağlı məsələlərin
də ən yüksək səviyyədə həllini
tapmasını bir tələb kimi ortaya qoyur. Dövlətçilik, milli maraqlar, azərbaycançılıq
əsas prinsip kimi öndə saxlanılmalıdır.
İqtisadi inkişafı ilə beynəlxalq münasibətlər
sistemində də öz yerini və rolunu möhkəmləndirən
Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Dövlətimizin
uğurlu siyasəti bu problemimizin də tezliklə öz ədalətli
həllini tapacağına inamı artırır. Möhtərəm Prezidentimiz İlham Əliyev ən
yüksək tribunalardan Azərbaycan dövlətinin dəyişməz
mövqeyini bəyan edərək bildirir ki, münaqişə
ölkəmizin ərazi bütövlüyü çərçivəsində
həll olunmalıdır. Bir qarış
torpağımız belə düşmənə verilməyəcək.
Müharibə şəraitində yaşayan bir ölkədə
oxucunun, tamaşaçının yazılı və elektron
KİV-lərdən gözlədiklərini geniş şərh
etməyə ehtiyac yoxdur. Həqiqətlərimizin
ölkə və dünya ictimaiyyətinə olduğu kimi
çatdırılmasında KİV-lərin üzərinə
böyük məsuliyyət düşür. Eyni zamanda bu gün yazılı və elektron
KİV-lərin qarşısında dayanan əsas vəzifələrdən
biri onların məhz vətənpərvərlik hissinin
artırılmasına xidmət edən yazılara, verilişlərə
daha geniş yer vermələridir. XXI əsrin
informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə
alsaq Azərbaycan reallıqlarının təbliği
üçün nə qədər geniş imkanların
mövcud olduğunu görərik. Dövlətimizin
başçısı cənab İlham Əliyev ona ikinci dəfə
“Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimində
bildirmişdir: “XXI əsr informasiya mübarizəsi əsridir.
İnternetin mövcudluğu əlbəttə
ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz
reallıqlarımızı dünya birliyinə
çatdırmalıyıq. Burada əlbəttə
ki, əsas vəzifəni ilk növbədə dövlət
öz üzərinə götürür. Ancaq media nümayəndələri də
çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ədalətli mövqeyimizi dünya birliyinə
çatdırsınlar. Müxtəlif dillərdə
internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər
dünya birliyinə çatdırılmalıdır.
Belə olan halda biz informasiya mübarizəsində daha da
böyük uğurlara nail ola biləcəyik.” Azərbaycanın
uğurlarından bəhs edilərkən ölkəmizin beynəlxalq
əhəmiyyətli tədbirlər üçün ideal məkan
seçilməsi xüsusi qeyd edilir. Bütün
dünyanı düşündürən problemlərin
müzakirəsi üçün Azərbaycanın etibarlı
ünvan kimi seçilməsi ölkəmizdə mövcud olan
sabitliyə verilən dəyər, davamlı
inkişafımıza nikbin baxışlardır. Təbii ki, hər bir tədbir mahiyyəti ilə
yanaşı, keçirildiyi ölkə üçün əhəmiyyəti
baxımından da önəmlidir. Ötən il Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi
etdi. Gələn il isə IV İslam Həmrəyliyi
Oyunları keçiriləcək. Möhtərəm
Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi,
bu, sadəcə olaraq İslam və Avropa ölkələri
idmançılarının yarışı deyil, bu, bizim
ümumi, ümumbəşəri dəyərlərə
verdiyimiz töhfədir. Təbii ki, bu
töhfələri işıqlandırmaq, təbliğ etmək
mətbuatdan böyük məsuliyyət tələb edir.
Dünya informasiya məkanına sürətlə
inteqrasiya edən mətbuatımız əsas prinsipləri-
dövlətçiliyi, azərbaycançılığı,
vətənpərvərliyi, milli şüuru öndə
saxlayaraq uğurlarımızı beynəlxalq ictimaiyyətə
çatdırmalıdır. Azərbaycanın ev sahibliyi etdiyi hər bir tədbir
uğurlarımızın təqdimatı, qarşıya
qoyulan məqsədlərə yüksək səviyyədə
nail olmaq üçün səylərin birləşdirilməsi
baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müxtəlif
mədəniyyətlərin və dinlərin
qovşağında yerləşən Azərbaycan bu təqdimatı
ilə bir daha bu reallığı da nümayiş etdirir ki,
istər təşəbbüsçüsü və
iştirakçısı olduğu enerji layihələri, istərsə
də ev sahibliyi etdiyi tədbirlər
ölkələr, xalqlar arasında dostluq
körpüsünün daha da möhkəmləndirilməsinə
xidmət edir. Möhtərəm Prezidentimiz İlham
Əliyev bildirir: “Azərbaycan o ölkələrdəndir ki,
öz sözünü deyir, öz siyasətini aparır. Bizim
gücümüzün mənbəyi Azərbaycan
xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi
dəstəkləməsə, biz müstəqil siyasət
apara bilmərik. Bu gün müstqil Azərbaycan istənilən
məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz
artır, həm də iqtisadi inkişaf göz
qabağındadır və dinlərarası, millətlərarası
münasibətlər ən yüksək səviyyədə təmin
olunur.” Uğurlarımız fonunda bir daha bu əminliyi ifadə
edirik ki, Azərbaycanın müstəqillik tarixində
keçdiyi yolun bələdçisi olan mətbuatımız
tezliklə işğal altında olan torpaqlarımızın
azad olunması xəbərinin müjdəçisi olacaq.
Vüqar
RƏHİMZADƏ,
“İki sahil” qəzetinin
baş redaktoru,
YAP Siyasi
Şurasının üzvü
Xalq qəzeti.- 2016.- 14 may.- S.5.