Əhalinin içməli su təminatı: görülmüş

işlər, real vəziyyət və perspektivlər

 

Əsrlər boyu Azərbaycanda, xüsusən də Bakı şəhərində içməli su problemi müşahidə edilib. Məhz buna görə də şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı respublikamızda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində respublikamızda daha iri layihələr icra olunub.

 

Bütövlükdə isə Azərbaycanın içməli su təchizatı sektorunun bugünkü inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra  bütün digər sahələrdə olduğu kimi, içməli su təsərrüfatında da ciddi dönüş  yaranıb, problemlərin kompleks həlli məqsədilə böyük layihələr icra edilib. 1970-ci ilin sentyabrında Kür su kəmərləri sisteminin birinci növbəsi istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdəki çıxışı zamanı “Su hər bir kəs üçün sevinc və səadət rəmzidir” deyən ulu öndər həmin gün Bakı və Sumqayıt sakinlərinin sevincinə şərik çıxaraq respublikamızın içməli su sektorunda son dərəcə mühüm hadisə sayılan Kür su kəmərinin işinə xeyir-dua verib. Sonrakı illərdə Heydər Əliyevin xüsusi nəzarəti altında  Kür su kəmərləri sisteminin ikinci və Ceyranbatan sutəmizləyici qurğularının üçüncü mərhələsi çərçivəsində tikinti işləri uğurla başa çatdırılıb.

Ulu öndər 1993-cü ildə müstəqil Azərbaycanın çətin günlərində xalqın  xahişini nəzərə alaraq yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra da içməli su təchizatının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayıb. Beynəlxalq maliyyə qurumlarından su sektoruna kredit cəlbi ilə bağlı danışıqların nəticəsi olaraq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayrılıb. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğuları yenidən qurulub.  Bakı şəhəri və Abşeron yarımadasının ekoloji cəhətdən təmiz və keyfiyyətli su ilə təchiz edən Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də Heydər Əliyevdir. Təsadüfi deyil ki, hələ vaxtilə “Bakıya bol-bol su gətirəcəyik” deyən ulu öndər 2002-ci ilin dekabr ayında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirərək bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar vermişdir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi düşünülmüş, məqsədyönlü sosial-iqtisadi strategiyaya əsaslanan islahatların Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi bütün sahələrdə olduğu kimi, ölkənin içməli su təchizatı sektorunda da  iri infrastuktur layihələrinin reallaşdırılmasına səbəb oldu. 2004-cü il iyun ayının 11-də Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Prezident sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bununla da, içməli su təchizatı və kanalizasiya xidmətləti sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırıldı. Qısa müddətdə ölkəmizin içməli su təchizatı sektorunda genişmiqyaslı layihələrin reallaşdırılmasına başlanıldı. Ümummilli liderin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri  2010-cu ilin dekabrında istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin ölkəmizdə su təchizatı infrastrukturunun yaradılması istiqamətində başladığı işləri uğurla davam etdirən Prezident İlham Əliyev demişdir: “Azərbaycanda infrastruktur layihələrinin icrası prioritet məsələdir. Bakı şəhərinin, eləcə də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas məqsədi də paytaxtda və bütün bölgələrdə müasir infrastrukturun yaradılmasıdır. Bu infrastruktur layihələrinin içində, əlbəttə ki, içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir”. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illər ölkə regionlarının, eləcə də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində paytaxtın və bölgələrin içməli su ilə fasiləsiz təminatı istiqamətində mühüm işlər görülür. Hazırda Azərbaycanın 43 şəhər və rayon mərkəzində içməli su təchizatı ilə bağlı  layihələr icra olunur ki, bunun da 29-u  “Azərsu” ASC tərəfindən həyata keçirilir. Həmin layihələrin icrası isə  dövlət büdcəsi, beynəlxalq maliyyə qurumları və “Azərsu” ASC-nin daxili imkanları hesabına reallaşdırılır. Ötən illər ərzində Azərbaycan hökuməti su təchizatı və kanalizasiya layihələrinin reallaşdırılması məqsədilə Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniya İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı, Səudiyyə Fondu digər beynəlxalq maliyyə qurumları ilə sazişlər imzalayıb. Hazırda həmin sazişlər çərçivəsində Azərbaycanın 18 şəhər və rayon mərkəzində (Göyçay, Ağdaş, Beyləqan, Şamaxı, Qəbələ, Saatlı, Sabirabad, Şəki, Gəncə, Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan, Gədəbəy, Astara, Tərtər, Daşkəsən,), eləcə də ətraf kəndlərdə içməli su təsərrüfatının yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilir. Artıq beynəlxalq layihələr çərçivəsində sözügedən şəhərlərdə tikinti-quraşdırma işlərinin böyük hissəsi icra edilib və ya son mərhələyə qədəm qoyub.

Quba, Hacıqabul, İmişli, Şəmkir, Mingəçevir, Zərdab, Kürdəmir, Ucar, Qax, Lənkəran, Biləsuvar şəhərlərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması, eləcə də “Azərsu” ASC-nin mərkəzi laboratoriyasının tikintisi isə Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Artıq həmin şəhərlərin bəzilərində işlər tamamalanıb, digərlərində isə yekunlaşmaq üzrədir. Yeri gəlmişkən, adıçəkilən şəhərlərlə yanaşı,  kəmər boyunca yerləşən kənd və qəsəbələr də mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur.

“Azərsu” ASC-nin 12 illik fəaliyyəti dövründə 6700 kilometr magistral və paylayıcı su xətti, 4 sutəmizləyici qurğu, 205 su anbarı, 108 su və kanalizasiya-nasos stansiyası tikilib, 260 subartezian quyusu qazılıb və 420 minə yaxın  “smart kart” tipli sayğac quraşdırılıb. 2015-ci ildə regionlarda 174 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb, 127 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub,  77 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, ölkə üzrə fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi 64,5 faizə yüksəlib. Qlobal maliyyə böhranına baxmayaraq, ölkəmizdə infrastruktur layihələrinin icrası hazırda da davam etdirilir. 2016-cı ilin birinci rübündə ölkə üzrə 170 kilometr içməli su xəti çəkilib, iki su anbarı tikilib, dörd ədəd subartezian quyusu qazılıb.

Yeri gəlmişkən, Oğuz-Qəbələ-Bakı su kəməri, eləcə də Ceyranbatanda ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi ilə əlaqədar olaraq Abşerona  verilən içməli suyun həcmi xeyli artıb. Bu da Kür təmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin aran rayonlarına yönəldilməsi üçün geniş imkan yaradıb. Ötən müddətdə bu məqsədlə Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri tikilib. Kür sutəmizləyici qurğularının potensialından istifadə etməklə Biləsuvar, Şirvan, Hacıqabul, Saatlı və Sabirabad şəhərləri, eləcə də sözügedən rayonların 171 kəndinin keyfiyyətli içməli su ilə təchizatına imkan yaranıb. Şirvan-Muğan qrup su kəmərindən isə Salyan və Neftçala şəhərlərinə, həmçinin 121 kəndə suyun verilməsi nəzərdə tutulur. Artıq uzun illər içməli sudan əziyyət çəkən Salyan şəhərinə bu mənbədən magistral su kəmərinin tikintisinə başlanılıb.

Son illər Abşeron yarımadasında içməli su təchizatının yenidən qurulması layihələri çərçivəsində 2100 kilometr magistral və şəbəkə su xətti, 39 ədəd anbar tikilib, 265 min “smart-kart” tipli sayğac quraşdırılıb, 1100-dən artıq çoxmənzilli yaşayış binasının içməli su şəbəkəsi yenidən qurulub. Bunun da nəticəsində paytaxtda və Abşeron yarım-adasında ilk dəfə 270 min nəfərin mərkəzləşdirilmiş qaydada su ilə təminatı yaxşılaşdırılıb. Fasiləsiz rejimdə su alan əhalinin sayı isə 1 milyon 760 min nəfərə çatdırılıb. Bütövlükdə isə hazırda  Bakı şəhəri üzrə xidmət göstərilən əhalinin təxminən 80 faizi fasiləsiz rejimdə içməli su ilə təmin olunur.

Hazırda əhalinin keyfiyyətli içməli su ilə təmin olunması və su ehtiyatlarından səmərəli istifadə Azərbaycan dövlətinin prioritet hesab etdiyi sahələrdəndir. 2015-ci ilin oktyabr ayında istifadəyə verilmiş Ceyranbatan sutəmizləyici qurğular kompleksi paytaxt sakinlərini təmiz və keyfiyyətli içməli su ilə təmin etmək baxımından müstəsna əhəmiyyətə malikdir. Xatırladaq ki, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla  Bakı şəhəri və Abşeron yarımadasının bir sıra yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edir. Kompleksdə emal edilən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi  standartlara tam cavab verir. Yeri gəlmişkən, 2016-cı il aprelin 19-20-də Birləşmiş Ərəb Əmirliklərinin  paytaxtı Əbu Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi dünya su sənayesinə verilən dəyərli töhfə kimi qiymətləndirilib, ilin dörd ən  böyük və önəmli su layihəsindən biri seçilib.

Son illər Bakı şəhəri və Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədilə “2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan” hazırlanıb. Xatırladaq ki,  18 bölmədən ibarət  Master Planda şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb.  Master Planın hazırlanması ilə paralel olaraq görüləcək işlərin layihələndirilməsinə də başlanılıb. Belə ki, su təchizatı sistemində 550 kilometr magistral su kəməri, 8100 kilometr su şəbəkəsi, ümumi həcmi 1 milyon 150 min kubmetr olan 65 su anbarı, məhsuldarlığı sutkada 1 milyon 300 min kubmetr olan iki mərkəzi su nasos stansiyası layihələndirilib.

Bununla belə, Prezident İlham Əliyev yaxın illərdə paytaxt əhalisinin 100 faizinin 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur.  İçməli su layihələrinin davam etdirilməsinin növbəti illərdə də prioritet məsələ olacağını və  investisiya proqramında bu məqsədlə  kifayət qədər vəsait ayrılacağını bəyan edən dövlət başçısı demişdir: “Bakıda və böyük şəhərlərdə, hər bir yaşayış məntəqəsində təmiz içməli su olmalıdır. Təmiz içməli su sağlam həyat deməkdir. Əlbəttə, Bakı şəhərinin su təsərrüfatı daha da sürətlə yeniləşməlidir. Biz hamımız istəyirik ki, tezliklə bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin”.

Göründüyü kimi,  ölkəmizdə sosial infrastrukturun yaradılması, o cümlədən içməli su təchizatı layihələrinin reallaşdırılması prioritet istiqamətlərdən biri kimi xüsusi aktuallıq kəsb edir. Bütövlükdə isə içməli su sektorunda həyata keçirilən infrastruktur layihələrinin icrası ölkə əhalisinin keyfiyyətli və dayanıqlı su təminatına mühüm töhfələr verəcək.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2016.- 14 may.- S.9.