Elmlə poeziyanın vəhdəti
Hikmət Mahmud - 80
80
yaşın müdriklik zirvəsinə ucalan, elmi-ədəbi
yaradıcılığının 50 illiyini
yaşayan, qəlbi yazıb-yaratmaq həvəsi
ilə döyünən alim-şair Hikmət
İsmayıl oğlu Mahmudovun
(Hikmət Mahmudun) yaradıcılıq taleyini, tərcümeyi–halını
oxucularımızla birgə vərəqləmək istərdim. O, AMEA-nın Geologiya
və Geofizika İnstitutunda şöbə
rəhbəri, professordur.
Hikmət Mahmudov ömrünün ən dəyərli illərini elmi axtarışlarda keçirmiş, bir sıra elmi nailiyyətlər əldə
etmişdir.
Hikmət Mahmudov geokimya, vulkanologiya və ekologiya elmləri sahəsində tanınmış
görkəmli alimlərdən
biridir. Onun elmi uğurlarının
dünya səviyyəsində
əhəmiyyətli yer
tutması bizdə haqlı fəxarət hissi doğurur. Professor Hikmət Mahmudov
ilk dəfə olaraq dünya elm təcrübəsində
vulkanik şüşələrdən
suları və qazları alaraq onların kimyəvi tərkiblərini müəyyənləşdirmişdir.
Bunun da geokimya elmində
son dərəcə dəyərli
olmasını bu sahənin mütəxəssisləri
gözəl bilirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya
və Geofizika İnstitutunda 50 ilə yaxın fəaliyyət göstərən Hikmət
Mahmudov həm də geologiya-mıneralogiya
elmləri doktoru, professordur. O, 200-dən çox
elmi əsərin, o cümlədən 15 elmi kitabın, 10 monoqrafıyanın,
5 dərsliyin, habelə
7 ixtiranın müəllifidir.
Onun ekologiya sahəsində də bir çox
əsərləri dərc
olunmuşdur. Elmdəki xidmətlərinə
görə “Tərəqqi”
medalı ilə təltif edilib. O, 50 il ali məktəblərdə, o cümlədən
Azərbaycan Dövlət
Pedaqoji Universitetində,
Azərbaycan Dövlət
Neft və Sənaye Universitetində mühazırələr oxumuşdur.
H.İ.Mahmudov hazırda Bakı
Dövlət Universitetində
öz pedaqoji fəaliyyətini davam etdirərək geokimya və ekologiya fənlərindən dərs
deyir. Uzun illərdir ali
məktəblərin müəllim
və tələbə
kollektivləri onun dərs kitablarından istifadə edirlər.
Hikmət
Mahmudov 15 may 1936-cı ildə
Azərbaycanın ecazkar
bölgələrindən olan
İsmayıllı rayonunun
Mican kəndində müəllim ailəsində
doğulub. Onun şəxsiyyəti, elmi və bədii
yaradıcılığı barədə elm və söz əhli yüksək fikir söyləyib, layiqli dəyər veriblər.
Hikmət
Mahmudov həm də görkəmli alim, vətəndaş şair, ləyaqətli ziyalı kimi ölkəmizdə və onun hüdudlarından kənarda tanınır
və sevilir. O, 30 ilə yaxındır Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür.
Hikmət Mahmud imzasıyla 9 şeirlər kitabı, o cümlədən 11 poeması
dərc olunub. 50-dən çox şeirinə tanınmış
bəstəkarlarımız mahnılar bəstələyiblər.
Şeirləri bir çox dillərə, o cümlədən türk,
rus, alman, bolqar, gürcü, fars, ərəb
və digər dillərə tərcümə
edilib. Ədəbi tənqid onun
poeziyasını yüksək
dəyərləndirib. Bir çox ədəbi simalar və elm xadimləri, o cümlədən Bəxtiyar
Vahabzadə, İlyas Əfəndiyev, Əli Vəliyev, Hüseyn Arif, Məmməd Araz, Famil Mehdi,
Nəriman Həsənzadə,
habelə böyük
ədəbiyyatşünas alimlər - Əkrəm Cəfər, Pənah Xəlilov, Xalid Əlimirzəyev, görkəmli
filosof alimlər-akademiklər
- Firudin Köçərli,
Fuad Qasımzadə, İsa Həbibbəyli və başqaları Hikmət Mahmud poeziyasına
dəyərincə qiymət
veriblər. O, “Qızıl
qələm” və “Vətən” mükafatları
laureatıdır. 2012-ci ildə
“İlin vətənpərvər
adamı” mükafatına,
2013-cü ildə “İlin
alimi” adına,
2015-ci ildə fərdi
Prezident təqaüdünə
layiq görülmüşdür.
Dövrü mətbuatda Hikmət
Mahmudovun 150-yə qədər
elmi-kütləvi məqaləsi,
oçerkləri və
publisistik əsərləri
çap olunmuşdur.
Elə sənətkarlar
var ki, onların
haqqında danışmaq,
poetik obrazını yığcam şəkildə
ifadə etmək çox çətin olur. Yaradıcılıq taleyi XX əsrin
ikinci yarısından
üzübəri böyük
bir zamanı əhatə edən şair Hikmət Mahmud da belələrindəndir.
O, nigaran və narahat bir şair
kimi ömrü yaşayır. Ən böyük nigarançılığı
insan arzularının
və diləklərinin
qorunması, insan ruhunun və təbiətinin öz saflığını saxlamasıdır.
H.Mahmud sözünün mayasındakı
hikmətin sehri, ecazı təbiətdən
gəlir.
Çaylar qayalardan incimiş
kimi,
Düşüb dağ önündə açar
dərdini.
Enəndə dərəyə, düzənliklərə
Lal axar, çöllərə
verməz sirrini.
Nə gözəldir,
dağ çayları
qayalardan incik düşsə də dağların ətəklərində,
düzənlikdə özünə
həyan tapır. H.Mahmudun poetik
lövhələri bəstəkarları
həmişə cəzb
edib, müğənniləri
çağırıb. Çünki onun nəğmələrində
həyat nəfəsi,
yaşamağa çağırış
var.
Professor Hikmət Mahmudov bir
alim kimi yüzlərcə elmi əsərin müəllifi
olsa da, bədii sözün əzablarını və
iztirablarını əsl
həyat şirinliyinin
həbi kimi ruhuna çəkib. “Azərbaycanın
elm və mədəniyyət
xadimləri” seriyasından
buraxılan “Hikmət
Mahmudov” biblioqrafik göstəricisi zəngin
bir ziyalı ömrünün bələdçisidir.
Bu göstəricini vərəqlədikdə məndə
belə bir təəssürat yarandı
ki, ömrü boyu qələm bu insanın əlində olub, bütün həyatı araşdırmalarda, tədqiqatda,
öyrəndiklərini cəmiyyətə
qaytarmaq üçün
yazmaqda-yaratmaqda keçib.
H.Mahmudun elmi ictimaiyyət arasında nüfuzu heç də ədəbiyyat aləmindəki
nüfuzundan geri qalmır. Əqidəsi sözündə görünən sənətkardır,
necə ki, elmi əməlində görünür.Hikmət Mahmudun
ən böyük həyanı, ən böyük dayağı doğma yurdudur, vətənidir, xalqıdır.
Onu böyüdüb ərsəyə gətirən və
yetişdirən sevgili
dilidir. Şair özünü təbiət
və gözəllik vurğunu adlandırır,
şeirlərində nəcib
əxlaqi keyfiyyətləri-haqqı,
ədaləti, düzlüyü,
xeyirxahlığı, dostluğu,
sadəliyi, səmimiliyi
özünəməxsus şəkildə
tərənnüm edir:
Hikmət Mahmud Azərbaycanı şeirlərində
gözəllik diyarı
kimi təsvir edir. “Vətən torpağının daşı
da gözəldir”, deyir. Onun “Azərbaycanım” şeirində
deyildiyi kimi:
Elə bil muzeydir doğma təbiət,
Onda min sərvət var,
min bir səxavət.
Köksümdə çağlayan bu
eşq-məhəbbət,
Sənin bir damlandır,
ey gözüm, canım,
Balası olduğum Azərbaycanım.
Görkəmli alim, təcrübəli pedaqoq və sevimli şairimiz Hikmət Mahmudun 80 yaşı tamam olur. O, bu illər ərzində şərəfli
bir ömür yolu keçmiş, olduqca dəyərli işlər görmüşdür.
2015- ci ildə
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünə layiq
görülmüşdür. Bu gün Hikmət
müəllim öz yaşından xeyli cavan görünür və gənclik həvəsi ilə yazıb yaradır. Onu ürəkdən təbrik
edir, həm elmi işlərində, həm də poeziya aləmində bu fədakar insana yeni-yeni yaradıcılıq sevincləri
arzulayırıq.
Hətəm QULİYEV,
akademik
Xalq qəzeti.- 2016.-
14 may.- S.10.