Baharı bərəkətli gəldi Zərdabın...
...Hərdən zərdablı
dostlarım deyirlər: “May ayı bizim rayonun cənnət
vaxtıdır”. Nə qədər zarafat olduğunu deyə
bilmərəm, amma bu sözlərdə daha çox həqiqət
var. Bəlkə də bu, onunla
bağlıdır ki, bahar bu yerlərə daha tez qədəm
qoyur. Güllər, çiçəklər min bir rəngə
boyanır, quşlar sankı bu gözəlliyi vəsf
edirmiş kimi nəğmə oxuyur, taxil zəmiləri,
pambıq, bağ-bostan sahələri insan nəfəsi ilə
isinir, cana gəlir.
Bir
sözlə, hər şey bolluqdan, bərəkətdən xəbər
verir. Axşamlar da ana Kür bir tərəfi Şirvana, bir tərəfi
Qarabağa söykənən bu yerlərə həzin bir layla
çalır. Kim bilir, bəlkə, məhəbbət və
gözəllik şairimiz Vaqif bu məşhur misraları elə
ilin bu çağlarında qələmə
almışdı: “Kür qırağının əcəb
seyrangahı var...”.
Zərdaba
sonuncu səfərimiz də elə ötən ilin bu
vaxtında - axarlı-baxarlı may günlərində oldu.
Redaksiyadan aldığım tapşırıq lap yerinə
düşmüşdü: “Kənd təsərrüfatı
işlərinin gedişindən yazı hazırla”. Gəlişimizin
məramı, xüsusi ilə yazımızın mövzusu, Zərdab
Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli
Babayevin də ürəyincə oldu.
Qarşısındakı kağızları, rəqəm və
göstəriciləri diqqətlə nəzərdən
keçirdikdən sonra söhbətə başladı:
– Zərdab tarixən kənd təsərrüfatı rayonudur. Əkinçilik və heyvandarlıq bu bölgənin iqtisadiyyatında əsas yer tutur. Son illərin iqtisadi göstəriciləri, əldə edilmiş uğurlar, fakt və rəqəmlərin müqayisəli təhlili bir daha göstərir ki, bazar iqtisadiyyatı, azad sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı öz müsbət nəticələrini verir. Prezident İlham Əliyevin ölkənin kənd təsərrüfatının, xüsusilə taxılçılığın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, yerlərdə iri fermer təsərrüfatlarının yaradılması istiqamətində verdiyi tapşırıqlar, göstərdiyi gündəlik diqqət, məsləhət və tövsiyələri fəaliyyətimizin əsas istiqamətini təşkil edir.
Tərəddüdsüz deyə bilərəm ki, builki göstəricilərimiz daha yüksək olacaqdır. Üstəlik, rayonumuz üçün xarakterik olan, ancaq nədənsə unudulmuş sahələrdə - pambıqçılıqda, baramaçılıqda yeni hədəflər müəyyən olunmuşdur. Axı, bu ənənəvi sahələr əvvəllər bizdə yüksək inkişaf etmişdi, adamlarımızda tarixən həm pambıqçılığa, həm də baramaçılığa böyük həvəs və maraq olub və indi də var.
Kəndlərdə olduq, ayrı-ayrı təsərrüfat sahələrinə baş çəkdik, fermerlərlə, sahibkarlarla iş üstündə görüşdük, söhbətlər etdik. Gördüklərimizə, müşahidə etdiklərimizə əsasən deyə bilərik ki, bu ilin baharı Zərdab əməkçiləri üçün barlı-bərəkətli sabahın müjdəsini verir.
Bütün bunlarla yanaşı, Zərdabda yaxın keçmişin ənənəvi sahələrindən olan pambıqçılığa və baramaçılığa olan münasibətin hazırda köklü şəkildə dəyişdiyini ayrıca qeyd etmək istərdim. Məsələn, cari ildə rayon üzrə 854 hektar sahədə pambıq əkilmişdir. Mütəxəssislər hər yerdə ilk çıxışın yaxşı olduğunu söyləyirlər. Dəkkəoba kəndində olarkən biz də bunun şahidi olduq.
Fermer Elxan Məmmədovla görüşüb işlərin vəziyyəti ilə maraqlanırıq. O, durna qatarını xatırladan cərgələrə baxa-baxa həvəslə söhbətə başlayır:
– Vaxt vardı Kürə qədər uzanan bu
sahələrin hamısında pambıq əkirdik. Yaxşı
yadımdadır, 1982-ci ildə bizim rayonda 32 min ton pambıq
istehsal olunmuşdu. Bilirsinizmi, bu, nə demək idi? Bax, bu
gördüyünüz evlərin çoxu o illərdə
tikilmişdi. Məhsulu
yığıb-yığışdırmaq olmurdu. Deməli,
gəlirmiz, qazancımız da çox idi. Təəssüf
ki, 80-ci illəri axırlarında bütün sahələrə
olduğu kimi, pambıqçılığa da münasibət
dəyişdi. Daha
doğrusu, hazır məhsulu alan
olmadı. Alan da pulunu vermədi. Beləcə, qiymətli, sərfəli bir sahə
unuduldu. Təsəvvür edin ki, ötən il bizim rayonda cəmi 5-10 hektar pambıq əkilmişdi.
İndi isə vəziyyət başqadır.
Görürük ki, dövlət başçısı diqqət
yetirən kimi, bu sahəyə münasibət dəyişib, məhsulu
alan var. İndi bizdə elə bir kənd
yoxdur ki, orada pambıq əkilməsin. Mən
özüm 55 hektarda pambıq əkmişəm. Sağlıq olsun, məhsul yığımında
görüşərik.
Yolumuz Qoşaoba kəndinədir. Burada da son illər ilk dəfə pambıq əkini
aparılıb. Öyrəndik ki, Namiq Aslanov
qabaqcıl fermerlərdən biridir. Ən
çox pambıq da elə onun sahəsində əkilmişdir.
Tanış oluruq. Sevincini
gizlədə bilmir.
–
Gözümüzü açandan bu sahələrdə
pambıq əkilib becərildiyini görmüşük. Bu qiymətli məhsulun, necə deyərlər,
dilini yaxşı bilirik, bol məhsul yetişdirməyin sirlərinə
bələdik. Ona görə də
eşidəndə ki, pambıqçılığa
münasibət dəyişib, dərhal qərarımızı
verdik. Pambıq zavodu ilə 40 hektara
müqavilə bağlamışıq. Səpini
də vaxtında və keyfiyyətlə aparmışıq.
Yaxşı çıxış alınıb.
Artıq ilk becərmə tədbirlərinə
başlamışıq. Texnika, gübrə
sarıdan da çətinliyimiz yoxdur. Deməli,
bol məhsul götürmək üçün hər cür
imkanımız var.
Biz rayonun Körpükənd, Nəzəralılı,
Şıxbağlı, Məlikli, Birinci Alıcanlı kəndlərində
də olduq. Bir tərəfdən pambıq əkilmiş sahələr,
digər tərəfdən artıq saralmaqda olan taxıl zəmiləri
göz oxşayır. Hamı tarlada,
iş üstündədir. Kənd adamı
yaxşı bilir ki, son nəticə bu gün aparılan becərmə
işlərinin keyfiyyətindən çox
asılıdır. Bol məhsulun isə bol gəlir və
firavan həyat demək olduğunu kim bilmir
ki?
Zərdab rayonu ötən əsrin 70-80-ci illərində
respublika üzrə həm də ən çox barama istehsal
edən rayonlardan biri olmuşdur. Maraqlıdır ki, bu ənənəvi
sahə də unuduldu. Emal müəssisələri
işini dayandırdı. Hazır məhsula
sahib çıxan olmadı.
Bu gün tam başqa bir mənzərənin şahidiyik. Bizi ən çox toxum
götürən baramaçılarla tanış
etdilər. Məlum olur ki, əvvəllər də
rayonun qabaqcıl kümçülərindən hesab olunan Dəkkəoba
kəndindən Əliyusif Əliyev 100 qram toxum
götürüb. Onu tanıyanlar deyirlər
ki, o biləndə rayonda barama toxumu paylayırlar, tərəddüd
etmədən müqavilə bağladı, həvəslə
işə başladı. Bizimlə
görüşündə sabaha daxilən böyük bir əminlik
duyulurdu söhbətində:
– Hər
sahədə olduğu kimi, baramaçılıqda da əsas
məsələ bol yem bazasıdır. Əvvəllər həyətyanı
sahələrdə,
yol kənarlarında tut bağları vardı. Sonralar baramaçılığa münasibət dəyişdi.
Tut bağları da çox yerdə sıradan çıxdı.
Ancaq bağları qoruyub saxlayanlar da oldu. Məsələn, bizim kənddə bu sahədə
heç bir çətinlik yoxdur.
Bizə məlumat verdilər ki, Körpükənd rayon
üzrə ən çox barama toxumu götürən kəndlərdən
biridir.
Kümçü Abdulla Həsənovla söhbətdən də
aydın oldu ki, burada baramaçılığa maraq çox
güclüdür:
–
Baramaçılıq təsərrüfatın ən gəlirli
sahələrindən biridir. Belə ki, cəmi bir
ay-ayyarım zəhmət çəkirsən, amma az qala bir ailəyə illik bəs
edə biləcək qazanc götürə bilirsən. Bundan
asan, bundan sərfəli nə ola bilər?
Ancaq təəssüf ki, belə bir sərfəli
sahə yaddan çıxdı, bazarı bağlandı.
Buna baxmayaraq, baramaçılığa olan həvəs
və maraq ölmədi. Mən özüm bu il 60 qram barama toxumu götürmüşəm.
Yem bazasından da çətinliyimiz yoxdur.
Yaxşıdır ki, tut bağlarını
qoruyub saxlaya bilmişik.
Biz rayonda zəhmətkeşlərin ənənəvi
pambıqçılığa və
baramaçılığa qayıdışı səbəbindən,
bu sahələrdəki vəziyyətə, işlərin
gedişinə daha çox diqqət çəkdik. Ancaq kənd təsərrüfatının
digər sahələrinə münasibət heç də
arxa plana keçməyib və gerçək vəziyyət dərin
razılıq doğurur. Vaxtında həyata
keçirilən mövsümi tədbirlər yüksək məhsuldarlığın
olacağından xəbər verir. Digər tərəfdən,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
ölkədə sahibkarlığın inkişaf etdirilməsi,
əhalinin məşğulluq səviyyəsinin
artırılması, yeni iş yerlərinin
açılması, kənd təsərrüfatının,
xüsusən pambıqçılığın,
taxılçılığın və
baramaçılığın inkişaf etdirilməsi, bu kimi
sahələrə sərmayələrin cəlb edilməsi ilə
bağlı tapşırıqlarının icrasını təmin
etmək məqsədilə Zərdab Rayon İcra Hakimiyyəti
başçısının 4 fevral 2016-cı il tarixli sərəncamı
ilə xüsusi qərargah yaradılmışdır.
Xüsusi
qərargahın həftədə bir dəfədən az olmayaraq, keçirilən iclaslarında
görülən işlər təhil olunur, növbəti mərhələdə
həllivacib olan məsələlər, yeni vəzifələr
konkretləşdirilir, görüləcək işlər
müəyyənləşdirilir. İndiyə kimi rayonun
Çalı, Gödəkqobu, Əlvənd, Məlikli, Dəkkəoba,
Şıxbağı, Kəndəbil, Ağabağı, Nəzəralılı,
Qaravəlli, Birinci Alıcanlı, İkinci Alıcanlı kəndlərində
kənd təsərrüfatı məhsulları istehsalçıları
və MKT İK MMC-nin MKT Ucar filialının nümayəndələri
ilə görüşlər keçirilmiş, məhsul
istehsalının artırılması istiqamətində
görülən işlər təhlil olunmuş, bu işin səmərəliliyinin
daha da artırılması üçün tədbirlər
müəyyənləşdirilmiş, fermerlərin
qaldırdıqları məsələlərin həlli
üçün əlaqədar təşkilatlara konkret
tapşırıqlar verilmişdir.
Həyata
keçirilən tədbirlər nəticəsində rayonda
906,6 hektarda təzə yonca, 195,1 hektarda kartof, 178,9 hektarda
bostan, 51,5 hektarda çəltik, 151,5 hektarda tərəvəz,
20 hektarda yazlıq arpa, 31 hektarda günəbaxan, 267 hektarda
qarğıdalı və s. yetişdirilmişdir. Ümumiyyətlə,
yazlıq əkinlərin aparılması üçün 2667,7 hektarda şum aparılmışdır.
2016-cı ildə pambıq emalı müəssisələri,
o cümlədən CTZ-Aqro MMC, MKT İK MMC, “Zərdab
pambıq” ATSC ilə istehsalçılar arasında
ümumilikdə 854,9 hektar pambıq əkini
üzrə müqavilə bağlanmışdır.
Qərargah tərəfindən rayonda
balıqçılığın inkişaf etdirilməsi
imkanları da təhlil edilmiş, bu sahədə böyük
perspektivlərin olduğu nəzərə alınaraq rayon ərazisində
20-dən çox balıq yetişdiriləcək gölün
yaradılması istiqamətində işlərə
başlanmışdır. Artıq ümumi sahəsi 19,8 hektar olan 3 balıq gölü
yaradılmışdır. Hazırda həmin
göllərdə balıq yetişdirilir.
Azərbaycanda
qədim ənənələrə malik olan ipəkçiliyin
inkişaf etdirilməsi ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qarşıya
qoyduğu vəzifələrin icrasının təmin edilməsi
məqsədi ilə rayonda barama qurdunun bəslənilməsi
üçün tut ağaclarının əkin sahəsi dəqiqləşdirilmiş,
ayrı-ayrı inzibati ərazilərdə bəldiyyə
mülkiyyətində, vətəndaşlara məxsus pay və
icarə torpaqlarının kənarlarında, həyətyanı
sahələrdə yerləşməklə 18 hektara yaxın ərazidə
16 min 322 tut ağacının olduğu müəyyənləşdirilmişdir. Rayon üzrə 20 qutu nəzərdə
tutulduğu halda, kümçülərin müraciətini nəzərə
alaraq Qax Damazlıq İpəkçilik Stansiyasından 150
qutu inkubasiya olunmuş barama qurdu toxumu gətirilərək
paylanmış, kümçülərlə “Şəki-İpək”
ASC arasında müqavilələr bağlanmışdır.
Bu sahənin fəaliyyətə başlaması ilə ilkin
olaraq 225 yeni iş yeri yaradılmışdır.
Onu da əlavə edək ki, qərargah tərəfindən
yerlərdə aparılmış araşdırmalar nəticəsində
müxtəlif sahələrdə istifadə edilməyən
min hektarlarla torpaq sahəsi müəyyənləşdirilmiş
və həmin sahələrin əkin dövriyyəsinə
daxil edilməsi istiqamətində işlərə
başlanmışdır.
Respublika
Prezidenti Administrasiyası rəhbərinin sərəncamı
ilə yaradılmış işçi qrupunun rəhbəri
Azər Əmiraslanov və qrupun üzvləri rayonda kənd təsərrüfatı
sahəsində aparılan işlərin gedişi ilə yerlərdə
yaxından tanış olmuşlar. Sonra işçi qrupun üzvləri ilə Heydər
Əliyev Mərkəzində kənd təsərrüfatı
məhsulları istehsalçıları, yerli icra və bələdiyyə
orqanlarının rəhbərləri arasında da
görüş keçirilmişdir. Açıq
diskussiya şəraitində keçən görüşdə
sahibkarların, fermer təsərrüfatların rəhbərlərinin
təklifləri dinlənilmiş və sualları
cavablandırılmışdır.
... “Baharın səxavəti payızın barında
bilinər” deyiblər. Zərdaba gəldiyimiz gün bu
elin çölündə-çəmənində, zəmisində-tarlasında,
bağında-bostanında baharın səxavətini
gördük və bərəkətdən soraq verən əhvalına
sevindik. Kəndlərdə olduq, işlərin
gedişi ilə maraqlandıq, taxılçılarla,
pambıqçılarla, baramaçılarla
görüşdük. Hamıda bu bahar səxavətinin
bərəkətinə böyük inamın və sevincin
şahidi olduq. Ayrılarkən içimizdən
bir alqış keçdi bu bahara da, bu insanlara da.
Anamız torpaqdan səxavəti, onu əlinin halal zəhmətilə
əkib-becərən insanlardan bərəkəti əskik
olmasın baharın, dedik ...
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2016.- 21 may.- S.10.