Azərbaycan: islahatların əsas hədəfi

güclü iqtisadiyyat və xalqın rifahıdır

 

(əvvəli qəzetimizin ötən sayında)

 

İqtisadi islahatların yeni mərhələsi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə başladı. O vaxtdan bu günədək Azərbaycanda 25 elektrik stansiyası tikildi ki, bu da əvvəlki illərdə tikilən elektrik stansiyalarının sayından təxminən 3 dəfəyə yaxın artıqdır. 2007-ci ilə qədər qazı xaricdən alan Azərbaycanda qazlaşdırma 90 faizdən  yuxarıdır. Son 12 il ərzində görülən işlərin qısa siyahısına nəzər salaq: ölkədə 10 min kilometrdən çox yol çəkilmişdir. Min kilometrlərlə kənd yolları salınıb, asfalt döşənib və bu proses yenə də davam etdirilməkdədir. İçməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, son məqsəd bütün əhalini içməli su ilə təmin etməkdir. Sosial sahədə böyük işlər görülüb, ciddi sosial infrastruktur yaradılıb. 12 il ərzində üç minə yaxın məktəb, 600-ə yaxın xəstəxana tikilib, təmir edilib. Bölgələrdə 41 Olimpiya Mərkəzi istifadəyə verilib. Maaşlar təxminən 5, pensiyalar yeddi dəfə artıb. 89 köçkün qəsəbəsi tikilmiş, 225 min insan yeni evlərə, mənzillərə köçürülmüşdür.

Aparılan islahatların geniş spektrinə zamanın prizmasından nəzər salmaq, 90-cı illərin əvvəli ilə günümüzün reallıqları arasında müəyyən paralellər keçirmək vacibdir. Ona görə ki, təxminən son 25 il ərzində iki dövlət başçısının  qəbul etdikləri siyasi və iqtisadi qərarlar, imzaladıqları fərman və sərəncamlar yeni qurulan dövlətin güclənməsi və liderə çevrilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində hələ sovet dönəmində atdığı vacib addımların bəhrəsini biz bü gün düşmənlə təmas xəttində üz-üzə dayanan milli ordumuzun hərbi üstünlüklərində görürük. Heç kim üçün sirr deyil ki, dövlət müstəqilliyini təmin edən başlıca amil ordunun qüdrəti ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev 90-cı illərin ən çətin anlarında hansı vəzifədə və harada olmasından asılı olmayaraq bir an belə cəbhə ilə əlaqəsini kəsmirdi. Hakimiyyətə gəldikdən sonra isə bu diqqəti daha da artırdı, lazım gələndə səngərə belə getməkdən çəkinmədi. Prezident İlham Əliyev də ordumuzun müasir standartlara cavab verən qüdrətli orduya çevrilməsi üçün vacib olan bütün zəruri addımları atdı. Sonuncu aprel döyüşləri isə sübut etdi ki, düşmən ordusu artıq məğlubiyyətin, uçurumun kənarındadır. Təmas xəttində qalib ordumuzun güclü əsgərləriylə görüşən Ali Baş Komandan bir daha işğal edilmiş torpaqların geri alınmasında israrlı olduğunu bildirdi.

Hərbi sənayenin yaradılması, ölkənin özünün döyüş silahları istehsal etməsi düşmən ordusunu mənəvi sarsıntılara düçar etdi, milli ordumuzu inkişafın yeni mərhələsinə qaldırdı. Böyük səylər sayəsində qazanılan siyasi-iqtisadi qələbələr xalqı öz liderlərinə qırılmaz tellərlə bağladı. Bu bağlılıq güclənərək ümumxalq məhəbbətinə çevrildi. Bu  məhəbbətin sərhədlərini müəyyən etmək üçün yenə faktları nəzərdən keçirək. Əgər 92-ci illərin Qarabağ döyüşlərində səfərbərliyə alınanda əksəriyyət ordudan yayınmağa çalışırdısa, bu ilin aprel döyüşlərində hər bir kəs Qarabağ uğrunda ölümə hazır idi. Sonuncu erməni təxribatına cavab verərkən şəhid olan əsgərlərimiz alqış sədaları altında dəfn edilirdi, hamı “Allah bizə də bu şərəfli məqamı qismət eləsin”! -  deyirdi. Bu illər ərzində insanların qəlbində torpaq Vətən, bayraq sevgisi dəfələrlə qüvvətləndi.

Azərbaycan Prezidenti İlham Əliyev uğurları belə dəyərləndirir: “Azərbaycan sürətli inkişaf yolundadır. Bu inkişafı biz öz hesabımıza qazanmışıq. Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizə heç kim kömək etməmişdir, etmir və etməyəcəkdir. Buna ehtiyac da yoxdur. Ancaq biz öz işimizi elə qurmuşuq ki, bütün sahələr üzrə konkret proqramlarımız var və onlar icra edilir”.

Ölkəmizdə aparılan geniş islahatların, qəbul edilən ciddi qərarların və şəxsən dövlət başçısının yalnız bu ilin birinci rübündə sahibkarlara dəstək üçün imzaladığı 30-a yaxın fərman və sərəncamların fonunda Azərbaycanın parlaq gələcəyinin konturları daha aydın görünür.

Xarici siyasətin prioritetlərindən biri milli bazarın dünya bazarı ilə, milli iqtisadiyyatın dünya iqtisadiyyatı ilə intensiv inteqrasiyasının düzgün təşkilidir. Bu məqsədlə Azərbaycan hökuməti bir çox dünya dövlətləri ilə iqtisadi əməkdaşlıq əlaqələri yaratmışdır.

Əvvəlki illərdə olduğu kimi 2015-ci ildə də ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2015-ci ildə 7 milyard manat ekvivalentində olmuşdur ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 44 faizini təşkil edir. Əsas kapitala yönəldilmiş xarici investisiyaların artım tempi 43.8 faiz təşkil etmişdir. 2015-ci il ərzində ölkənin beynəlxalq reytinqinin qorunması xarici investisiya daxilolmalarına müsbət təsir göstərən amillərdən biri olmuşdur.

Ümumilikdə iqtisadi sabitliyin qorunub saxlanılması nəticəsində ölkəyə investisiya qoyuluşlarının həcmi dinamik şəkildə artmışdır.

Göründüyü kimi, 2010-cu illə müqayisədə 2014-cü ildə xarici investisiyalar 28 faiz çox olmuşdur. Daxili investisiyalar isə 2010-cu illə müqayisədə 2014-cü ildə 41 faiz  çox olmuşdur.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malayziya və İsveç sərmayədarlarına məxsus olmuşdur.

Apardığım iqtisadi təhlildə səmərəli makroiqtisadi siyasətin mühüm istiqamətlərindən biri də ÜDM-in illər üzrə təhlilidir. Belə ki, əsas makroiqtisadi göstəricilərdən olan ümumi daxili məhsulun (ÜDM) artım dinamikası optimal iqtisadi siyasətin əsas göstəricisi kimi dəyərləndirilə bilər.

Göründüyü kimi, 2010-cu illə müqayisədə 2015-ci ildə ÜDM 11887,1 mln manat və ya 22 faiz çox olmuşdur. Adambaşina düşən ÜDM isə 2010-cu illə müqayisədə 2015-ci ildə 950,7 manat və ya 17 faiz çox olmuşdur. Əgər bu göstəricini müstəqilliyimizin ilk illəri ilə müqayisə etsək görərik ki, hazırda yaranmış müsbət dinamika həmin illərə nisbətən 10 dəfələrlə çoxdur.

Respublikanın vergi sistemində həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq vergi administrasiyası modernləşmiş, sahibkarlığın inkişafı üçün əlverişli vergi mühiti yaradılmışdır ki, bunun da nəticəsində dövlət büdcəsinə vergi daxilolmalarının həcmi əhəmiyyətli dərəcədə artmışdır.

Ümumiyyətlə, yuxarıda danışdığımız vergi islahatlarının nəticələri bu gün vergi qanunvericilik bazası olan Vergi Məcəlləsində öz əksini tapır. Belə ki, 2001-ci il yanvar ayının 1-dən etibarən quvvəyə minmiş Vergi Məcəlləsində indiyidək coxlu sayda əlavə və dəyişikliklər edilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.  Dövlət büdcəsinə vergi daxilolmaları haqqında məlumatdan göründüyü kimi, vergi dərəcələrinin dəyişmə dinamikası və səmərəli vergi siyasəti tezliklə vergi daxilolmalarının artımına  zəmin yaratmışdır.

Cədvəl məlumatlarından göründüyü kimi 2014-cü ildə büdcəyə 7113622,4 min manat daxil olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 449989 min manat və ya 6,4 faiz çox olmuşdur. Nəzərə almalıyıq ki, kənd təsərrüfatı 1995-ci ildən 2018-ci ilədək torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilmişdir. Hörmətli Prezidentimiz tərəfindən 2016-cı ildə investisiyaların təşviqi ilə bağlı imzalanmış fərman iqtisadi inkişafın stimullaşdırılması üçün xüsusi önəm kəsb edir.

2015-ci il qlobal iqtisadi artımın zəifləməsi, dünya əmtəə qiymətlərinin kəskin ucuzlaşması, bir sıra ölkələrdə valyuta ehtiyatlarının azalması və məzənnələrin qeyri-sabitliyi ilə xarakterik olmasına baxmayaraq ölkədə iqtisadi sabitliyin qorunub saxlanılması davam etmişdir. Neftin dünya qiyməti son onilliyin ən aşağı səviyyəsinə enmişdir. Uzunmüddətli xarakter daşıyan xarici şokların güclənməsi milli iqtisadiyyatın dayanıqlığının möhkəmləndirilməsi çağırışlarını daha da aktuallaşdırmışdır.

Bu baxımdan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən iqtisadiyyatin tənzimlənməsi ilə bağlı imzalanmış investisiyaların təşviqi, o cümlədən ixracın stimullaşdırılması, sahibkarlığın inkişafı ilə bağlı vergi güzəştlərinin tətbiqi haqqında fərman xüsusi önəm kəsb edir.Yüksək neft qiymətləri dövründə valyuta bazarında yaranmış balansın dəyişməsi və tərəfdaş ölkələrdə baş verən silsilə devalvasiyalar məzənnə siyasətinə və məzənnə rejiminə yenidən baxılması zərurətini yaratmışdır. Məzənnə siyasəti və məzənnə rejimi üzrə tədiyə balansının tarazlaşdırılmasına, ölkənin strateji valyuta ehtiyatlarının qorunmasına və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edən qərarlar qəbul olunmuşdur.

Son dövrləri təhlil etməkdə əsas məqsədim, böhran dövründə ölkəmizdə iqtisadiyyatın dayanıqlılığının təmin edilməsini şərtləndirən amilləri göstərməkdir. Bu amillərin əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən optimal iqtisadi siyasət dayanır. Ölkəmizdə həyata keçirilən sosial iqtisadi siyasət dövlətin iqtisadi potensialının gücləndirilməsi ilə yanaşı əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir ki, bu da intibahın əsas amillərindən biridir.

İntibahın ikinci vacib amili Qarabağ müharibəsinin həllində Azərbaycanın ədalətli mövqeyini müdafiə etmək idi. 1990-cı illərdə hamı işğalçı Ermənistanı müdafiə edirdi, onlar qalib tərəf kimi diktə edir, Azərbaycanı məğlubiyyətlə razılaşmağa məcbur etməyə çalışırdılar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edərək öz gücünü danışıqlar prosesinə yönəltdi, beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışdı. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir. İşğalçı Ermənistan isə getdikcə ifşa olunur və dərk edir ki, işğal etdiyi torpaqlar ya sülh, ya da hərb yolu ilə mütləq geri alınacaq.

Biz xalq kimi dərk etdik ki, düşmən üzərində qələbə çalmaq üçün ən vacib amil xalqla hakimiyyətin birliyidir. Ermənistanda həm siyasi, iqtisadi və bütün digər sahələrdə, o cümlədən ordu quruculuğunda müşahidə olunan böhran dərinləşir, xalqla iqtidar arasında keçilməz sədlər yaranır. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusunun gücü və qüdrəti Ermənistandan  qat-qat artıqdır.

İntibahı dönməz edən amillərdən biri də milli-mənəvi dəyərlərin gündəmə gətirilməsi ilə bağlıdır. Azərbaycan abidələrinin UNESCO-nun milli-mədəni irsi siyahısına daxıl edılməsi, muğamın dünya səviyyəsinə qaldırılması bizə bir xalq, millət kimi özümüzü dərk etməyə imkan verdi. Biz keçmişimizlə, tariximizin qaranlıq səhifələrinə yenidən qayıtmaq və həqiqəti üzə çıxarmaq şansı qazandıq. Milli-mənəvi dəyərlərimizə daha dərindən bağlandıq, böyüklüyümüzün, qədimliyimizin qüdrətini hiss etdik.  Azərbaycan tolerantlığının dünyada təbliğ olunması, hay-küylü erməni təbliğatını darmadağın etdi, bizim digər xalqlara bağlılığımızı, qarşılıqlı rəğbətimizin təmənnasız hüdudlarının zənginliyini açdı. Eyni zamanda monoetnik dövlət quran erməni faşist ideologiyasını darmadağın etdi, bizim sivil dünya ilə mədəni əlaqələrimizin inkişafına yeni təkan verdi. Azərbaycan tolerantlığı dünyada nadir və heç bir ölkədə rast gəlinməyən nümunə kimi təsdiq olundu. Azərbaycanın dünya mədəniyyətlərinə açıq olması, dünya sülh forumlarına, bir çox qlobal tədbirlərə ev sahibliyi etməsi bizə tolerant ölkə şöhrətini gətirdi. Məhz bu nailiyyətlər erməni ideologiyasının   faşist ambisiyalarının qarşısının  alınmasında ciddi rol oynadı. Əminəm ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi  düşmən üzərində böyük qələbəni şərtləndirən amilə çevriləcəkdir.

 

Zöhrab PAŞAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin

maliyyə və maliyyə institutları kafedrasının dosenti,

iqtisad üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2016.- 21 may.- S.5.