Vyana görüşü Azərbaycanın

diplomatik üstünlüyü şəraitində keçdi

 

Bəri başdan qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılmış istənilən addım beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki  indi  dünyanın bütün ölkələri  çoxsaylı  problemlərlə yüklənib, beynəlxalq təşkilatların hamısı həlli vacib məsələlərin çözüm yollarının tapılması üçün səfərbər olunub. Belə bir vaxtda ermənilərin və onların havadarlarının “dondurulmuş münaqişə” adlandırdığı Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən alovlanması, faktiki olaraq, heç kimə sərf etmir. Üstəlik,  hamı bilir ki, həmin əməliyyatlar istənilən vaxt başlana bilər. Çünki Azərbaycan dövlətinin və xalqımızın iradəsini dilə gətirən Prezident İlham Əliyev həmişə, hər yerdə, hamı ilə apardığı müzakirələrdə açıq şəkildə bəyan edir ki, biz bir qarış torpağımızı belə düşmən tapdağında qoymayacağıq.

 

Yəni bu müharibənin yenidən alovlanması hamını  narahat edir. Hətta müharibələr fonunda, minlərlə azərbaycanlının qanını tökərək, şəhərləri, kəndləri viran qoyaraq  hakimiyyətə gəlmiş və öz hakimiyyətinin qorunması üçün hər an yeni qanlı qırğınlar  törətməyə hazır olan Serj Sarkisyan belə Dağlıq Qarabağda hərbi əməliyyatların başlanmasından cin iynədən qorxan kimi qorxur.

Ermənistan rəhbərliyinin bu təlaş və təşvişinin ilk səbəbi  Azərbaycan dövlətinin sürətlə güclənməsi və Silahlı Qüvvələrimizin, az qala, hər gün daha müasir texnikatexnologiyaya sahib olmasıdırsa, ikinci səbəbi də öz  dövlətlərinin gündən-günə daha da zəifləməsi və 20-30 il əvvəlin hərbi sursatı ilə silahlanmış erməni ordusunun ac-yalavac əsgərlərinin döyüş qabiliyyətini tamamilə itirməsidir. Aprel döyüşləri göstərdi ki, Ermənistan əsgərləri Azərbaycan Ordusunun istənilən həmləsindən  sonra nəinki döyüş postunu, hətta silah-sursatını və acından ölməməsi üçün verilmiş azuqəsini  belə   qoyub qaçmağı üstün tuturlar.

Sarkisyanın müharibədən nə dərəcədə qorxduğunu hamıdan tez onunla Vyanaya getmiş erməni jurnalistləri hiss etdilər. Sevincindən elə təyyarədəcə jurnalistlərə müsahibə verən Ermənistan prezidenti sanki mətbuat təmsilçilərindən muştuluq istəyirdi: “Əliyev hamının yanında dedi ki, daha hərbi əməliyyatlar olmayacaq!” Sən demə,  bunlar Azərbaycan tərəfinin sülhpərvərliyini layiqincə qiymətləndirə bilmirlərmiş. Amma aprelin ilk günlərində şahidi olduqları döyüş tərzimizi layiqincə qiymətləndirmək imkanları oldu.

Prezident İlham Əliyevin diktəsi ilə keçən Vyana görüşünü Qafqazda marağı olan beynəlxalq təşkilatlar da  yüksək qiymətləndirdilər və bunu müsbət hal adlandırdılar. Amma heç kəs dilə gətirmədi ki, bu “müsbət hal”ın müəllifi  Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan əsgərinin döyüş bacarığı idi.  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard mətbuata müsahibəsində bildirib ki, həmsədrlərin bu görüşü təşkil edə bilməsi çox yaxşı hadisədir: Biz müxtəlif tədbirlərin görülməsi, insidentlərin araşdırılması mexanizminin işə salınması, hərtərəfli sülh danışıqları üçün yol xəritəsinin planlaşdırılması və ikinci görüşün tez bir zamanda müəyyənləşdirilməsi ilə bağlı qərarı dəstəkləyirik. Bu görüş pozitivdir. Çünki belə bir əminlik var ki, status-kvo dayanıqlı deyil. Münaqişənin hərbi yolla həlli yoxdur və münaqişə prezidentlərin və həmsədrlərin əsas rol oynadığı sülh danışıqları əsasında həll olunmalıdır”.

Avropalı xanım diplomat   Vyanada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə  ali nümayəndəsi Federika Mogerininin də prezidentlərlə görüşdüyünü xatırladıb və deyib ki, Federika Mogerini fevralın sonunda Azərbaycanda olub: “O, bildirib ki, özü şəxsən bu məsələyə fəal şəkildə cəlb olunmaq və hərtərəfli sülh razılaşmasının əldə edilməsi istiqamətində ATƏT- in Minsk qrupunun tərəfdaşı olmaq istəyir”. Yəni indiyədək  ATƏT-in həll etmək istədiyi  bu məsələnin  Avropa üçün əhəmiyyəti o qədər artıb ki, artıq Avropa İttifaqı da bu müzakirələrə fəal şəkildə qoşulur.

Siyasi ekspertlər yazırlar ki, həmsədr ölkələrin təşkilatçılığı ilə keçirilən Vyana görüşü, əslində, orada iştirak edənlərin hamısı üçün maraqlı olsa da,  hamıdan çox  ermənilər üçün  sevindirici idi:  “Ermənistanda  daxili sabitliyin pozulduğu, müxtəlif siyasi partiyaların Serj Sarkisyanın istefasını tələb etdiyi, eyni zamanda, qondarma “DQR” ilə Ermənistan hakimiyyəti arasında uçurumun yarandığı bir vaxtda Ermənistan rəhbərliyi bu görüşə böyük istək və arzu ilə, Azərbaycan tərəfi isə həmin görüşə  diktə edən, şərtlər qoyan tərəf kimi gedirdi”.

Politoloqların fikrincə, Vyana görüşünün həm regional, həm də beynəlxalq baxımdan bir neçə  əhəmiyyəti vardır.  Belə ki, həmin müzakirələrdə Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan Ordusunun aprelin 1-5 tarixlərində 2000 hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ermənistan Vyana danışıqlarına qədər cidd- cəhdlə orduların təmas xəttinin 1994-cü ilin mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışır, bunun baş verməyəcəyi təqdirdə beynəlxalq ictimaiyyəti şantaj etməyə çalışırdı ki, guya, dərhal atəşkəs pozulacaq. Prezident İlham Əliyevin qətiyyəti nəticəsində hamı başa düşdü ki, vəziyyət heç də Sarkisyanın dediyi kimi deyil.

Bundan başqa, Prezident İlham Əliyevin dəfələrlə ən mötəbər beynəlxalq tribunalardan səsləndirdiyi kimi, Ermənistan 2014-cü ildə keçirilən Paris danışıqlarından sonra ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini pozub, hər dəfə danışıqlarda irəliləyişə ümid yarananda cəbhə xəttində təxribatlara əl atıb və ya danışıqları pozmağa çalışıb. Almaniya federal kanslerinin təşəbbüsü ilə bu ilin fevral ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılmış müzakirələrdən sonra da, yəni aprelin əvvəllərində Sarkisyan iqtidarı yenə də  belə təxribata əl atdı. İrəvan rəhbərliyi riyakarcasına  bütün beynəlxalq müzakirələrin formal olduğunu nümayiş etdirir, heç bir vəchlə danışıqlar masası arxasında ciddi müzakirələr aparmağa meyil göstərmirdi. Onlar elə bilirdilər ki, bu tendensiya illər uzunu davam edəcək. Ancaq ordumuzun  aprel zəfəri həm Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupu İrəvana  təzyiq göstərməyə  başladı.

Konfliktoloqlar yazırlar ki, prezidentlərin Vyana görüşünün təşkil edilməsi və bu məsələdə həmsədr ölkələrin yekdillik nümayiş etdirməsi (əvvəllər həmsədr ölkələrin hər birinin rəhbəri ayrılıqda təşəbbüs irəli sürərək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmiş və Ermənistanın nümayiş etdirdiyi həyasızlıq üzündən həmin görüşlərin hamısı nəticəsiz başa çatmışdı)  o demək idi ki, artıq hamı reallığı qəbul etməyə çalışır. Reallıq isə ondan ibarətdir ki, mövcud  status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün olmayacaq.  Hamı dərk edir ki,  Azərbaycan dövləti  konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən  vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Bununla da, Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi. Sarkisyanın Vyanadan qayıdandan sonra dilə gətirdiyi “Biz demirik ki, status-kvo əbədi olsun” - ifadəsi də Avstriya paytaxtında ona nələrinsə izah olunduğunun göstəricisidir.

Prezidentlərin Vyana görüşünü əhəmiyyətli tədbir adlandıranlar öz fikirlərini sübut etmək üçün daha bir neçə arqumenti yada salırlar. Məsələn, qeyd olunur ki, Vyanada  aprel insidentinin araşdırılması məqsədilə ATƏT-in yeni faktaraşdırıcı missiya yaratması qərara alınıb. Qoy olsun. ATƏT-in bu qəbildən olan missiyaları bir neçə dəfə münaqişə bölgəsində olub və Ermənistanı rüsvay edən sənədlər toplayıblar. Ona görə də, şübhə yoxdur ki, münaqişə bölgəsində monitorinqlər aparacaq missiyanın  növbəti  qənaəti də  qurumun  əvvəlki missiyalarının rəyləri kimi Azərbaycanın xeyrinə olacaq. Çünki Azərbaycan Ordusu özgə ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazisində işğalçı ordunun təxribatlarına cavab verir. Bundan başqa, Ermənistan ordusu   yaşayış məntəqələrini, mülki əhalini hədəfə alır, xəstəxanaları, məktəbləri, əkin sahələrini bombardman edir. Dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən kimyəvi silahdan istifadə olunur. Bu faktlar təsbit edilərək dəfələrlə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT üzvü olan dövlətlərin nəzərinə çatdırılıb. Azərbaycan isə yalnız atəşkəsin pozulması hallarında, düşmənin hərbi obyektlərini hədəfə almaqla cavab verib. Elə aprel hadisələri zamanı ordumuzun qarşısında qoyulmuş tələblərdən biri də Dağlıq Qarabağda yaşayan mülki əhalini hədəfə almaması ilə bağlı olub.

Prezidentlərin Vyana görüşündən sonra təkcə Azərbaycan mətbuatında deyil, eləcə də regiondünya mətbuatında verilən şərhlərin böyük əksəriyyətində qeyd edilir ki, bu danışıqlar aprelin əvvəllərində Azərbaycan Ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Çünki ölkəmizin əldə etdiyi hərbi və diplomatik üstünlük  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizi gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır.

Təbii ki, bütün bunlar ayrı-ayrı ölkələri təmsil edən siyasətçi, politoloq və konfliktoloqların fikirləridir. Azərbaycan xalqının qənaəti  isə ondan ibarətdir ki, dövlətimizin gücü, Ali Baş Komandanımızın qətiyyəti və Milli Ordumuzun peşəkarlığı nəticəsində işğal altında olan bütün ərazilərimizi düşmən tapdağından azad edəcəyik.  Vyana danışıqları isə bu prosesdə atılmış ilk addım kimi tarixə düşə bilər.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2016.- 21 may.- S.8.