Səs yetmir Cəbrayıla,

yolları duman kəsib…

 

Çinar kölgəsi - mənim ümid işığım

 

Aradan az qala, otuz ilə yaxın vaxt keçsə də, bir hiss xatirimdə əbədiləşib: bizi gələcək taleyimizin arxasınca paytaxt Bakıya çəkən yol mütləq şəkildə Cəbrayıl rayonundan  keçirdi, daha dəqiqi, Cəbrayılda yol qırağında az qala hündür bir dağ kimi ucalan nəhəng çinar ağacının altından. Və o çinarın kölgəsində süfrə salıb çörək kəsmək, dincini almaq, sözün əsl mənasında, hamı üçün yazılmamış qanuna çevrilmişdi və hər kəs bu “qanun”a can-başla əməl etməkdən həzz alırdı. O çinar çoxlarının taleyinə uğurlu yol arzulamışdı. Çoxları o çinarın xeyir-duasından nəsibini almışdı. Çox yerdə çinar ağacları görmüşəm. Hətta coğrafiya kitablarında yazıldığı kimi, dünyada ikinci, Avropada isə ən böyük çinar meşələrinin məskəni mənim doğma Zəngilanımdır. Ancaq bilmirəm hər nə sirrdirsə, o  çinarın kölgəsi bir başqa olurdu, adamın ruhunu oxşayırdı və mütləq inanırdın ki, o səni salamlayıb yola salsa, uğuruna xeyir gələcək. Gəlirdi də. Ancaq bir gün qara yellər əsdi, böyük Şəhriyar demişkən, dönərgələr döndü, o yerlərə də, o çinara da əlimiz çatmaz, ünümüz yetməz oldu. Çinarımız yox, çinar boyda dərdlərimiz oldu. Ancaq çinar ömrü uzun olur və bu uzunömürlülüyün içərisində kövrək bir ümid, gələcəyə inam işığı yatır. Nə vaxtsa hökmən bir gün oyanacağına və bizi  uzun illərin, hədyan deyən dillərin, istehza dolu gözlərin ox kimi iti, qılınc kimi kəskin və zəhərli qınağından birdəfəlik xilas edəcəyinə inandığımız bir ümid, bir işıq. Bəlkə də (çox güman ki bəlkəsiz) bizi daha çox sınmağa qoymayan elə o ümiddir, o işıqdır. Doğrusunu Allah bilsə də, mən o ümidə, o işığa inanıram. Həm də çinar ağacının ölməzliyinə inandığım kimi.

 

Qırılan yolların sükutu:

qardaş, bu yol hara aparır?

 

… Maşını el arasında “Bəhrəmtəpə kuruqu” kimi tanınan dairədən sola tərəf döndərib onsuz da az olan sürəti bir az da azaldıram,  yolun kənarında dayanaraq müştəri gözləyən və zənnimcə hər şeydən məlumatlı olan taksi sürücülərinə üz tutaraq cavabını əla bildiyim sualı verirəm:

- Qardaş, bu yol hara aparır? Cəbrayıla (hə, elə belə də deyirəm).

Şəhər soyuqluğunun hələ gəlib sıradan çıxartmadığı bir səmimiyyətlə hamısı az qala eyni andaca bir ağızdan dillənir:

- Yolun açıq olsun, əmoğlu (adamın, necə deyərlər, lap burnunun ucu göynəyir, dodağı çat verir belə istiqanlı, səmimi müraciətdən ötrü, nə vaxtdır həsrətəm ey). Düz getsən təxminən səkkiz kilometrdən sonra sağa dönüb qəsəbəyə (qəribədir, çox diqqət yetirmişəm, hamı “qəsəbə” deyir, heç kim ürək eləyib “Cəbrayıl” sözünü dilinə gətirmir) çıxarsan, yox, heç yana dönmədən düz getsən Biləsuvar rayonuna gedib çıxarsan.

Sağollaşıb yoluma davam edirəm. Həm də cavabını bildiyim sualla adamların vaxtını boş yerə aldığıma görə ürəyimdə özümü qınayıram. Hər dəfə eyni şeyi niyə təkrarlayıram ki? Bəs dost- tanışlar deyirlər ki, guya yaxşı yaddaşım var? Hələm-hələm nəyisə yaddan çıxaran deyiləm. İndi nolub görəsən, axı  bu yolu azı on dəfələrlə o yan-bu yana getmişəm, yəni doğrudanmı yadda saxlaya bilmirəm? Bəlkə Bəhrəmtəpə öz yerini tez-tez dəyişir? Yox, əlbəttə ki belə deyil. Burda nəsə var və mən onu ayırd edə bilmirəm. Bu da mənə rahatlıq vermir. Özüm öz xasiyyətimə yaxşı bələdəm, niyəsini tapanacan sakitləşməyəcəm.

Çiskinli yağış maşının şüşəsini ehmallıca isladır, şüşəsilənlər adama minnət qoyurmuş kimi qəribə bir səs və əda ilə öz işini layiqincə yerinə yetirmək üçün, belə demək mümkünsə, lap dəridən-qabıqdan çıxır. Bütün bunların fonunda yolun narahatlığı da heç adamın gözünə görünmür. Bu cür havada yol gedən adamın azacıq istedadı olsa şeir yazar, ya da ən azından bu həvəsə köklənər.

Bir az da duman qarışıq havanın təmizliyi adamın beynini dincəldir, həm də yaddaşı təzələyir. Bu ki lap  yerinə düşdü. Bayaqdan beynimi gəmirən sualın cavabı axır ki öz-özünə tapılır. Hə, mən hər dəfə bu yolun hara apardığını soruşanda, sən demə, biixtiyari olaraq, ürəyimi didib-parçalayan nisgildən yaxa qurtarmaq istəyirmişəm, bir anlıq olsa da. Dünyadı da, nə bilmək olur, bəlkə birdən möcüzə baş verdi, hara getmək istəyimi gözümdən oxudular və dedilər ki, əgər Cəbrayıla getmək istəyirsənsə, nə sağa dön, nə sola, elə düz get qardaş, Beyləqanı, Füzulini keçəndən sonra yol özü səni aparıb Cəbrayıla çıxaracaq. Deməli, yenə də maşında ümid gizlənmiş bir gözlənti. Nədənsə rəhmətlik Şəhriyarın yanıqlı  misralarını xatırlayıram:

- Heydər baba, gəldim səni yoxlayam,

Bir də yatam, qucağında yuxlayam,

Ömrü qovam, bəlkə burda haxlayam,

Uşaqlığa deyəm: bizə gəlsin bir,

Aydın günlər ağlar üzə gülsün bir!

Birdən sanki ürəyimdə ağrı kimi dolaşan bu misralara oradan- onillərdir kimsəsiz, yalqız qalan viran ellərdən acılı, kinayəli, qınaqdolu bir səs qulaqlarımda əks-səda verir:

- Bala gəldin? Niyə belə gec gəldin?

Səbrim sənlə güləşdi, sən güc gəldin.

 

Sıralanmış evlər, dəyişməyən qayğılar

 

Uzun və səliqəli körpüyə çatıb sağa dönürəm, keçən kimi sola buruluram. Budur, artıq yolboyu bir-birinin yanındaca sıralanmış qəsəbələrin yanından  asta sürətlə keçirəm. Bu, həm də imkan yaradır ki, müşahidə aparım. Camaatın torpağa bağlı olduğu o saat bilinir: cəmisi yeddi-səkkiz ildir ki, bu çöllükdə məskunlaşsalar da,  səliqəli bağ-bağatlar göz oxşayır. O saat beynimdə vərəvurd edirəm ki, öz yerimiz-yurdumuz olsaydı (bura da vətənin bir parçasıdır, ancaq doğulduğun torpaq başqa şeydir, onun misi də sənə qızıl kimi görünür), bu bağ- bağçadan neçə dəfə böyük və yaraşıqlı olardı, axı bərəkətli torpaq tamam başqa məsələdir. Hər halda, bu gün əldə olan budur, illərlə ilan mələyən çöllərin düzündə çadırda, vaqonda çürüməkdən min dəfə yaxşıdır. Bütün çətinliklərə, doğma yurd-yuva həsrətinə baxmayaraq, həyat öz axarı ilə davam edir, adamlar nisgillərini, həsrətlərini gözlərinin dərinliklərində qoruyub-saxlayaraq gündəlik qayğıları ilə məşğul olurlar. Hər nə cür olsa da, dözmək, yaşamaq lazımdır axı. İnzibati binaların yan-yana sıralandığı yerə çatana qədər cərgə ilə düzülmüş və iki adamboyunu ötmüş çinarlar adama əl eləyib salamlayırmış kimi xəfifcə sağa-sola yellənir. Bilmirəm, mənə elə gəlir, ya doğrudan da belədir: çinarların rəngi-rufu nəsə xoşuma gəlmir, sanki sınıxmış kimidir. Bəlkə onlar da qəribçilik çəkirlər və elə bu səbədən yarpaqları saralıb. Hə, deyəsən tapdım axı: bu çinarlar burda ona görə boy-boya veriblər ki, lap belə min il də keçsə (deyirlər çinar min il yaşayır, bəlkə elə “səni görüm min yaşayasan” ifadəsi də buradan götürülüb?) bizi ötəri həvəslərə, dünya malının şirinliyinə aldanmaqdan çəkindirsin, əsirlikdə qalan yurd-yuvalarımızı unutmağa qoymasın. Bir sözlə, bizi özümüzə qaytarsın, qaytarsın ki, bir olaq güclü olaq, basılmaz olaq! Buna öz adım kimi əminəm: hər dəfə bu çinarlara baxan cəbrayıllının ürəyindəki Vətən həsrəti birə beş artacaq. Axı  çinarlar bizə ana laylası kimi müqəddəs və doğmadır! Onun saralmış yarpaqlarından süzülən yağış damcıları isə sanki xəcalətdən ağlaya bilməyən bizlərin ürəyimizə axıtdığımız göz yaşları kimi göründü mənə. Dünyada təklənməyin, haqsızlığa uğramağın verdiyi mənəvi iztirablar, hələ üstəlik, acizlik hissi çox acıdır və onu heç bir batman balla da udmaq, həzm eləmək mümkün deyil.

… Çinar yarpaqlarından süzülən yağış damcılarına bir neçə dəqiqəlik  həzin dalğınlıqdan özümü zorla olsa da ayırıram. Axı Bakıdan bu boyda yolu ona görə gəlməmişəm ki, yağışın altında islana-islana  romantik düşüncələrə qərq olaraq özümdən gedim. Səfərimin həm də konkret məqsədi var. Adına  qəsəbə” də desələr, müvəqqəti olsa da, hər halda, burada bir rayonun insanları məskunlaşıblar və gün-güzəranlarını qurublar. “Heç nəyə baxmadan həyat davam edir” prinsipi amansızcasına özünü göstərir. Lap Dədə Qorqud demişkən, düşmənin acığına yaşamaq, çoxalmaq, güclənmək lazımdır. Bəli, İmişli, Biləsuvar yolunun üstündə yerləşən və bir-birinin yanında sıralanmış qəsəbələrdə məskunlaşmış cəbrayıllılar ölkəmizdə baş verən ictimai-siyasi proseslərdən, sosial-iqtisadi inkişafdan geri qalmamaq üçün var qüvvələrini sərf edirlər. Ən azından Cəbrayılsızlığı azacıq da olsa zəiflətmək üçün. “Varın verən utanmaz” deyib atalarımız. Onlar da çalışırlar, fəaliyyət göstərirlər, müəyyən uğurlar da qazanırlar. Necə deyərlər, son illər ölkəmizi sürətlə inkişaf yollarında irəli aparan qatardan kənarda qalmamağa səy göstərirlər. Bir sözlə, Cəbrayıl rayonu faktiki olaraq yerində yoxdusa da, cəbrayıllılar var və həyatın bütün sahələrində öz sözlərini deyirlər.  Bu məlum və əbədi həqiqət dünən olduğu kimi, bu gün də, sabah da dəyişməyəcək.

 

Əl işdən soyusa, arzular da sönər

 

Gəlişimin bir  məqsədi də dörddə üçünü başa vurduğumuz 2016-cı ildə görülmüş işlər barədə məlumat almaqdır və deyim ki, doqquz ayın yekunları ilə bağlı keçirilən tədbir əməlli-başlı karıma gəldi. Zənnimcə, bu haqda danışmağın əsl məqamıdır.

Tədbirin əsas məğzi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun çıxışında cəmlənmişdi. Bu ilin doqquz ayında görülmüş işlərlə bağlı ətraflı məlumat verən rayon rəhbəri bildirdi ki,  ölkə başçısı İlham Əliyev  qeyri-neft sektorunun əsas istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsinin vacibliyini  xüsusi qeyd etmişdir. “Cəbrayılın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış rayon olduğu üçün  iqtisadi vəziyyəti ancaq bu sahəni sistemli şəkildə inkişaf etdirməklə yaxşılaşdırmaq olar” deyən natiq bildirdi ki, 9 ay ərzində 11 milyon 502 min manatlıq ümumi daxili məhsul istehsal edilmişdir  ki, onun da 9 milyon 707 min manatı kənd təsərrüfatı məhsullarının  payına düşür.

Aqrar sahənin ən önəmli və gəlirli sahələrindən olan pambıqçılıq həmişə strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsi kimi ölkə iqtisadiyyatında xüsusi yer tutmuşdur. Bu il 24 rayonda əkilmiş pambıq sahələrindən 100 min ton pambıq tədarük edilməsi gözlənilir. Pambıqçılığın inkişaf etdirilməsi üçün dövlət tərəfindən bütün köməklik göstərilir, subsidiyalar ayrılır, sahibkarlara dəstək verilir. Bu il 34 hektarda pambıq əkilmişdir və hazırda məhsul yığımı davam etdirilir.

Bu il ölkə üzrə 70 ton barama tədarük olunub ki, onun da dövlət tərəfindən 8-10 manat arası alışı olub və 1 kiloqram üçün 2 manat subsidiya verilib.  Vaxtilə Cəbrayıl ən iri baramaçılıq rayonlarından biri olmuşdur. Bu ənənənin yenidən bərpa edilməsi vacibliyinə toxunan K.Həsənov qeyd etdi ki, bu məqsədlə ilkin olaraq 10 hektar sahədə tut tingləri əkmək və gələcəkdə bu sahələri 40 hektara qədər artırmaq fikirimiz var.

Bundan əlavə taxılçılıq, heyvandarlıq və digər bostan-tərəvəz bitkilərinin əkininin genişləndirilməsi də çox vacibdir.

2016-cı ilin doqquz ayında rayonun demoqrafik göstəricisində də xeyli dəyişiklik olmuşdur. Bəhs edilən dövrdə 219 nikah qeydə alınmış, 928 nəfər  doğulmuşdur.  Ümumilikdə ilin əvvəlindən  rayon əhalisinin sayında 696 nəfər  təbii artım, 184 nəfər isə miqrasiya artımı olmuş, əhalinin sayı 78,7 min nəfərə çatmışdır.

Zənnimcə, gözü yolda, qulağı səsdə olan, özü başqa yerdə müvəqqəti məskunlaşan bir rayon və onun əhalisi üçün bu göstəricilər adi və cansız rəqəmlərdən qat-qat əhəmiyyətli məna daşıyır. Əlbəttə, bu məlumata necə sevinməmək olar ki, doqquz ay ərzində  cəbrayıllıların sıraları, pis gözlərdən uzaq, doqquz yüz iyirmi səkkiz nəfər də genişlənmişdir. Kim bilir, onların arasında gələcəyin hansısa cəsur əsgəri, dünya şöhrətli alimi, məşhur sənətkarları, bir sözlə, ölkəsinə və doğma Cəbrayılına layiq qürurlu vətəndaşları yetişəcək. Və hər birinin qəlbinə, ruhuna hopmuş Cəbrayıl sevgisi düşmənə tuşlanmış nifrət oxuna çevriləcək!

 

Bu il yenə gedəmmədim…

 

İşlərimi tamamlayıb məni bura gətirən yollarla geriyə – üzü Bakıya qayıdıram. Hər nə cür olsa da, qışın nəfəsi özünü göstərməkdədir: saat heç beş olmamışdan hava yavaş-yavaş qaralmağa başlayır, çən-çiskin də öz işindədir. Səsini, ləhcəsini bal kimi ruhuna hopdurduğun insanlardan ayrılmaq, vallah, çox çətindir. Dəyişilməyən qaydalardan biri də budur ki, gəldiyin kimi də qayıtmalısan. Maşını necə asta sürətlə sürüb gəlmişdimsə, eyni qayda ilə də qayıdıram. Yanıqlı və həzin bir səs eşidirəm. Bizim camaatın çox sevdiyi mərhum müğənni Məhəbbət Kazımov oxuyur:

Bu il yenə gedəmmədim,

Bizim dağlara, dağlara.

Görən gedib çatacaqmı,

Səsim dağlara, dağlara?

Hiss edirəm ki, utanc dolu (adam tək olanda da utana bilərmiş) bir nisgil bütün varlığımı çulğayır. Eyni zamanda, bu mahnını (“nalə” desəm yerinə düşər) səsləndirəni də qınamağa macal tapıram: Allah sənə insaf versin, başına işmi qəhətdi?! Sən də vaxt tapdın da!

Bir andaca bu yersiz qınaq  haqlı olaraq özümə qarşı çevrilir, ürəyimdə deyinirəm: - Guya özün təklikdə az qulaq asıb xısın-xısın ağlamısan?!

Doluxsunmuş gözlərimi silirəm, axı hava tutqun və çiskinlidi, onsuz da yolu güclə seçmək olur.

Qəlbimi saran ani sualla üzü Bakıya sarı qayıdıram: - Görəsən, dumanlı-çiskinli hava səsi də yolundan saxlamır ki?

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2016.- 1 noyabr.- S.6.