Davamlı uğurlara təminat

yaradan iqtisadi inkişaf modeli

 

Son illər Azərbaycanda çoxsaylı infrastruktur layihələrinin  həyata keçirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı üçün güclü baza formalaşdırılıb, yeni elektrik stansiyaları tikilib, qaz və su kəmərləri çəkilib, yollar salınıb. Bu tədbirlər, eyni zamanda, yeni iş yerlərinin açılması, insanların firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü strategiyanın mühüm tərkib hissəsinə çevrilib.

 

Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Hər şeydən əvvəl vurğulayaq ki, bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik iqtisadi inkişafını təsəvvür etmək belə mümkün deyil.  Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər bir mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə   iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır.   Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib: “Belə infrastrukturların qurulması Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.

Bu gün iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir. Təsadüfi deyildir ki, ÜDM-də özəl bölmənin payı 80 faizi, məşğulluqda isə 74 faizi ötüb, 2004-2015-ci illərdə 71 mindən çox müəssisə, 1,5 milyona yaxın iş yeri açılıb.

Yerli və xarici investorlarla birgə investisiya qoyuluşu vasitəsilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına dəstək mexanizmlərindən olan Azərbaycan İnvestisiya Şirkəti fəaliyyətə başladığı vaxtdan indiyədək tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak edib. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib.

Qeyri-neft sektorunun prioritet sahələrinə, o cümlədən iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə indiyədək 31 min sahibkara güzəştli kredit verilib.  Həmin kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 142 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb. Güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin qurulması sahibkarlığın inkişafında mühüm rol oynamaqla yanaşı, ərzaq və sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsində, ölkənin ixrac potensialının artırılmasında böyük əhəmiyyətə malikdir.

Bu ilin ötən aylarında isə  ölkə üzrə 1 876 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 123,8 milyon  manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5900-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 344,6 milyon manat güzəştli kredit yönəldilib.

İnvestisiya layihələrinin maliyyələşdirilməsinə göstərilən diqqətin nəticəsidir ki, son illər Azərbaycanda qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm islahatlar aparılıb. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaq, istehsal və ixracda qeyri-neft məhsullarının çəkisini artırmaqdır. Statistik rəqəmlər də bu sahədə irəliləyişin olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 9 ayında qeyri-neft sektorunda ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artım müşahidə edilib, sənayedə qeyri-dövlət sektorunun payı 80,6 faizə çatıb. Ümumi istehsalın 87,2 faizi sənaye məhsulu istehsalı, 12,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Xatırladaq ki, ölkə başçısının müvafiq sərəncamları ilə qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlara dəstək vermək, eyni zamanda, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq üçün bu gün Neftçalada Sənaye Məhəlləsi və Mingəçevirdə Sənaye Parkı yaradılır. Bundan başqa, Prezident İlham Əliyev müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə Mingəçevir Yüksək Texnologiyalar Parkının, həmçinin əlvan metal filizi yataqlarının öyrənilməsi, işlənməsi və idarə olunması üçün “AzerGold” QSC-nin yaradılması barədə fərman və sərəncam imzalayıb. Bütün bu və digər tədbirlər isə şübhəsiz ki, regionlarla qeyri-neft sektorunun inkişafını sürətləndirməyə hesablanıb.

“Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərə bilərdi. Bizim məqsədimiz isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun. Xüsusilə qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir”. Prezidentin hələ neçə il əvvəl dediyi bu sözlərin aktuallığını zaman özü təsdiqləyir. Dövlət başçısının məhz belə praqmatik fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bu gün özündən asılı olmayan səbəblər üzündən yaranan bütün çətinliklərdən ağrısız və fəsadsız çıxmağı bacarır.

Azərbaycanda qeyri-neft sektoruna investisiya qoyuluşu da diqqət mərkəzində saxlanılır. Dövlət başçısı bununla bağlı çıxışlarında ölkəyə daha çox xarici investisiya cəlb olunması amilini daim önə çəkib. Ölkə Prezidentinin sözlərinə görə, ümumilikdə Azərbaycanda investisiya mühiti yaxşıdır: “Belə olmasa, ölkəmizə ötən müddətdə 100 milyard xarici investisiya qoyulmazdı. Sadəcə, indi çalışmalıyıq ki, xarici investisiya qeyri-neft sektoruna cəlb edilsin. Eyni zamanda, Azərbaycanda ixracın təşviqi mexanizmini yaradırıq. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir”.

Azərbaycanda sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini 30 faiz və ya üçdə birə qədər üstələyir. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına görə, Azərbaycan Avropada sənayenin ümumi daxili məhsuldakı payına görə ilk sıralarda yerləşir. Respublikamızda sənayenin strukturunda mədənçıxarmanın payının azalması fonunda emal sənayesinin də xüsusi çəkisi artmaqdadır. Əgər sənaye yüksəlişinin birinci mərhələsi karbohidrogen resurslarına əsaslanırdısa, indiki mərhələdə inkişaf iqtisadi səmərəliliyin üzərində qurulmalıdır.

Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitə təsirlərin azaldılması, iqtisadiyyatın rəqabətqabiliyyətinin və sənaye ixracının artırılması və yeni iş yerlərinin açılmasıdır. Bunun üçün institusional mühit və makroiqtisadi şərait, dünya iqtisadiyyatında inkişaf təmayüllərinin saxlanılması vacibdir.

Bu gün  aqrar sektorda da bir sıra mühüm uğurlar əldə edilir. Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar uğurla icra olunur. Hazırda pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, adları çəkilən  sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb. Bu məqsədlə fermerlərə 60,6 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda müasir suvarma sistemləri qurulub. Hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, mövcud aqroparkların infrastukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda, yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib.

Ərzaq təhlükəsizliyinin, istehlak bazarında qiymətlərin sabitliyinin təmin olunmasında, kənd təsərrüfatı məhsullarının ixracının artırılmasında mühüm əhəmiyyətini nəzərə alaraq dövlət başçısının tapşırığına uyğun olaraq, 2009-cu ildən meyvə-tərəvəz, taxıl və digər ərzaq məhsullarının tədarükü və saxlanılması üçün müasir logistik mərkəzlər tikilməkdədir. İndiyədək ümumi tutumu 330 min ton olan 52 logistik mərkəzin maliyyələşdirilməsinə 161 mln manat güzəştli kredit ayrılıb.

Artıq bunlardan tutumu 241 min ton olan 42 logistik mərkəz istifadəyə verilib. Bu logistik mərkəzlər ərzaq təhlükəsizliyinin təmin olunmasını, regionların sosial-iqtisadi inkişafını və investisiya cəlbediciliyinin artırılmasını, ixrac potensialının gücləndirilməsini sürətləndirib.

Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Azərbaycan Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq edilməsi də məhz bu məqsədi daşıyır.

Strateji yol xəritəsinin əsas istiqamətlərində sənayenin inkişafına xüsusi diqqət yetirilir. Bu, təsadüfi deyil. Belə ki, hazırda bu sektorda iqtisadi diversifikasiya mühüm önəm daşıyır. Burada əsas məqsəd isə yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ümumi daxili məhsulun, yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsidir. Onu da xatırladaq ki, bu gün   elm tutumlu sahələrin gücləndirilməsi ilə milli iqtisadiyyat yeni mərhələyə keçib və innovativ inkişafa qədəm qoyub.

Strateji yol xəritəsində 11 istiqamət əhatə olunub. Bunlardan 4-ü istehsal, o cümlədən neft-qaz, kənd təsərrüfatı, 2-si xidmət, 2-si sosial, 3-ü isə telekommunikasiya və maliyyə xidmətləri daxil olmaq şərtilə infrastruktur adı altında birləşdirilərək strateji yol xəritəsində ehtiva edilib.

Strateji yol xəritəsi Azərbaycanı orta gəlirli ölkədən yüksək gəlirli ölkələr sırasına qaldırmaq məqsədi daşıyır. Bunun üçün qarşıda kapital, talant, bazar prinsiplərinin  gerçəkləşdirilməsi kimi 3 əsas vəzifə durur. Hər üç istiqamət üzrə strateji yol xəritəsi Azərbaycanın iqtisadi inkişafının uzunmüddətli hədəflərini müəyyənləşdirir.

Beləliklə, Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda son illər nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2016.- 5 noyabr.- S.1.