Şamaxı: Qoynunda xanimanlar

qurulan qədim yurd yeri

 

Hərdən elə olur ki,  hansısa bir rayon haqqında yazı  hazırlamaq istəyəndə nədən başlamalı olduğumu bilmirəm. Az qala 45 il qələmlə yol yoldaşlığı eləyən bir adamın “nədən başlamalı olduğumu bilmirəm” – deyə dilə gətirdiyi etirafın müxtəlif şəkillərdə qəbul ediləcəyini bilirəm. Amma fakt faktdır və məni çətinə salan yazının əvvəlinə çıxarılmalı məqamın yoxluğu deyil, bilavasitə məhz həmin məqamların çoxluğudur. Çünki Şirvanın bu qədim və müasir rayonu sözün həqiqi mənasında, hər gün inkişaf edir, dəyişir, müasirləşir  və tərəqqidə olan Azərbaycanın adına layiq uğurlara imza atır. Özü də bütün sahələrdə.

 

Nə yaxşı ki, həmin çoxsaylı  faktların və unudulmaz hadisələrin  bir çoxu barədə ilin əvvəlindən bəri qəzetimizdə söz açmışam. Məhz önə çıxarılmalı faktların çox olduğuna görə də yazının “üverturasına” bilavasitə oktyabr ayında bu rayonda görüb şahidi olduğum və haqqında öyrəndiyim  bəzi tədbirləri çıxarıram. Bəri başdan deyim ki, oktyabrda Şamaxıda məni ən çox sevindirən və təsirləndirən tədbir  rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə təşkil edilən tədbir idi.

Kimsə tələskənlik edib soruşa bilər ki, burada təsirlənməli nə var ki, o qəbildən olan tədbirlər ölkənin bütün şəhər , rayon və kəndlərində keçirilib. Amma tələsməyin. Söhbət ordu sıralarından tərxis olunmuş gənclərlə keçirilmiş görüşdən   gedir. Təsəvvür edirsinizmi, il yarım və ya bir il düşmənlə üz-üzə, səngərdə xidmət etmiş 20 yaşlı gənc vətəndaşlıq  borcunu yerinə yetirəndən sonra öz doğmalarının yanına qayıdır, valideynləri və əzizləri ilə görüşəndən bir neçə gün keçmiş dəvətnamə alır ki, rayon rəhbərliyi səni təntənəli görüşə dəvət edir. Bilirsiniz o gəncin ürəyindən hansı hisslər keçir? Bilirsiniz onun cəbhədə, təmas xəttində keçən ayları, həftələri barədə danışmalı nə qədər sözü var? Bilirsiniz məkrli, qatil düşmənlə müharibə şəraitində olan ölkənin gəncləri üçün belə  tədbirlərin nə qədər əhəmiyyət var? Bəlkə də siz bilirsiniz, amma mən bilmirəm. Ona görə də qəzetimizin 19 oktyabr tarixli sayında xəbər verdiyim həmin tədbir barədə burada da söz açmağı vacib saydım. Amma, gördüyünüz kimi təfərrüata varmadan danışdım.  Həm də, aprel döyüşlərinin düşmənə başa saldığı həqiqətləri xatırlatmaqla.

Elə çıxmasın  ki, rayon rəhbərliyinin diqqət mərkəzində olan təkcə hərbidən tərxis olunmuş gənclərdir. Əsla belə deyil. Hərbi xidmətin bir addımlığında olan  yeniyetmələrin vətənpərvərlik tərbiyəsi və orduya lazım olan şəkildə – sağlam böyüməsi də daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 9-da Şamaxı Olimpiya Mərkəzində dünya çempionu Oleq Krapivinin şərəfinə yeniyetmələr arasında sərbəst güləş üzrə IV respublika turniri keçirilirdi. Xatırladım ki, Oleq Krapivin 1960-cı ildə Şamaxının indiki Şəhriyar qəsəbəsində dünyaya gəlmişdir. Tədbirdə biz jurnalistlər də iştirak edirdik. Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov respublika birinciliyinə 32 şəhər və rayondan 300 nəfər 2002-2004-cü il təvəllüdlü yeniyetmə güləşçinin qatıldığını bildirdi və  Oleq Krapivinin hazırda yaşadığı Ukraynadan gələn idmançıların da yarışlarda iştirak edəcəklərini söylədi. Bilirsiniz orada məni ən çox sevindirən hansı məqamlar oldu?  Yarışlarda qalib gəlmiş 13-14 yaşlı oğlanlar mükafatlarını alanda idmana, öz rayonlarına deyil, Azərbaycana xidmət etdiklərini söylədilər. Qürurverici məqamlar idi.

Həmin tədbir təkcə Azərbaycan gəncliyinin həqiqi vətəndaş kimi yetişdirilməsi baxımından deyil, həm də dövlət başçımızın ölkədə elan etdiyi “Multikulturalizm ili”nə töhfə verilməsi baxımından çox əhəmiyyətli idi. Yəni həmin yarışlar həm mənəvi, həm də siyasi baxımdan xüsusi önəm kəsb edirdi. Bir tərəfdən  də bu qəbildən olan tədbirlər həm gənclərin orduya gedən yolundakı körpü rolunu oynayır, həm də Azərbaycan və Ukrayna xalqları arasındakı mənəvi körpünün möhkəmlənməsinə xidmət edirdi. Körpü demişkən, elə həmin idman yarışlarından iki gün əvvəl  rayonun Dəmirçi kəndində, eyni adlı çayın üzərində tikilən körpü istifadəyə verilmişdi.

Körpünün açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “BP-Azerbaijan” şirkətinin prezidenti Qordon Birrell, hər iki şirkətin vitse-prezidentləri, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və yerli ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Tədbirdə qeyd edildi  ki, Dəmirçi çayı üzərində tikilmiş yeni körpü ümumi əhalisi min nəfərədək olan 3 kəndi Şamaxı rayonunun mərkəzi ilə əlaqələndirəcək. Rövnəq Abdullayev dedi  ki, körpünün inşası Prezident  İlham Əliyevin göstərişi əsasında həyata keçirilib: “İnfrastrukturun yeniləşməsi nəticəsində tezliklə sizin kəndlər də gözəlləşəcək. Hətta, Lahıcı da ötüb keçəcək. Bundan sonra kəndinizə turistlər daha da çox gələcək”.

Şirkət prezidenti infrastrukturun daha da müasirləşdirilməsindən sonra Şamaxıya daha çox turistin gələcəyini dedi. İnsafən, turistlər bu rayona elə indi də az gəlmirlər. Öyrəndik ki, təkcə bu ilin 9 ayında Şamaxıya 95 min nəfərə yaxın  turist gəlib. Az rəqəm deyil. Qədim tarixə, füsunkar təbiətə, əlverişli iqlimə malik, özünəməxsus adət-ənənələri, milli mətbəxi, tarix və mədəniyyət abidələri, görkəmli şəxsiyyətləri ilə məşhur olan Şamaxı bütün fəsillərdə yerli və xarici turistləri özünə cəlb edir.

Rayonda son illər müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlər, ənənəvi olaraq hər il keçirilən respublika səviyyəli tədbirlər turistlərin bu qədim diyara olan marağını daha da artırır. Turizm istirahət mərkəzləri, otel və mehmanxanalarla yanaşı, fərdi evlərdə qalmaq istəyənlər üçün də hər cür şərait yaradılmışdır. Bundan əlavə, yeni turizm obyektlərinin yaradılması istiqamətində də iş aparılır.

Bəzi konkret faktlara diqqə edək. Hazırda  rayonun ərazisində 3 beşulduzlu otel, 22 istirahət mərkəzi mövcuddur. Son vaxtlar bölgənin füsunkar guşəsində “Dəmirçi” istirahət mərkəzi fəaliyyətə başlayıb, “Pirqulu” otelinin tikintisi isə davam etdirilir. Rayonda olarkən öyrəndik ki, ötən il Şamaxıya 90 min 422 nəfər yerli və xarici turist gəldiyi halda, bu  ilin cəmi doqquz ayında gələn turistlərin sayı 94 min 700 nəfərdir. Təkcə yay turizm mövsümündə bölgəyə 67 min 352 nəfər yerli və xarici turist gəlib.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayevlə söhbətimizdə də daha tez yada düşən məsələ məhz Şamaxıya turist axınının sürətlənməsi faktı oldu. Asif müəllim dedi ki, Prezident İlham Əliyevin turizm sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində həyata keçirilən islahatlar respublikamızda bu sektorun inkişafına səbəb olub. Son illərdə Azərbaycana səfər edən turistlərin və daxili turizmdən istifadə edən ölkə vətəndaşlarının sayının artımı turizmin ölkə iqtisadiyyatında əsas fəaliyyət növlərindən biri kimi böyük potensiala malik olduğunu göstərir. Prezidentin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı respublikamızda, o cümlədən Şamaxıda bu sahənin daha dinamik inkişafına yeni imkanlar açır.

Rayon rəhbəri xüsusi olaraq vurğuladı ki, turistlərin bölgəyə cəlb edilməsi üçün əsas şərtlərdən biri müvafiq infrastrukturun yaradılması, yaşayış məntəqələrinin abadlaşdırılması, yeni yolların çəkilməsi,  bu sahənin peşəkarı olan kadrların hazırlanması və seçilməsidir. Ona görə də bu ilin geridə qalan aylarında da  tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidən qurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilib.  Şəhərin mərkəzindəki 20 Yanvar parkında  Nərimanov küçəsində əsaslı təmir işlərinin aparılması  üçün layihə sənədləri hazırlanıb və artıq işlərin başlanmasına start verilib. Rayonun Mədrəsə qəsəbəsində 380, Şərədil kəndində isə 80 şagird yerlik tam orta məktəbin inşası başa çatdırılaraq məktəblilərin istifadəsinə verilmiib. 5 saylı 100 yerlik uşaq bağçası-körpələr evinin, 36 mənzilli şəhid ailəsi və əlillər üçün nəzərdə tutulmuş binanın inşası davam etdirilir. Məmməd Əmin Rəsulzadə küçəsindəki  Qarabağ uğrunda gedən döyüşlərdə əlil və şəhid olmuş ailələr üçün tikilmiş binaların fasad hissələrinin və dam örtüylərinin təmiri işləri aparılır. Qısa vaxt  ərzində şəhərdə 4 içtimai yaşayış binasının dam örtüyü dəyişdirilərək yenisi ilə əvəz edilib.

Rayon mərkəzi ilə yanaşı kəndlərin də abadlaşdırıldığını deyən rayon rəhbəri qeyd etdi ki,   220 şagird yerlik Meysəri kənd orta məktəbinin tikintisi üçün layihə sənədləri hazırlanır. Bundan əlavə Seyid Əzim Şirvani küçəsində inşası nəzərdə tutulan yeni 100 yerlik uşaq bağçası-körpələr evinin layihə sənədləri hazırlanıb. Kərkənc kənd məktəbində idman zalının tikintisi başa çatmaq üzrədir. Rayonun Muğanlı kəndi ərazisində inşa edilən magistral avtomobil yolunun sağ və sol hissəsində inşa edilən istinad divarlarındakı xüsusi bəzək elementlərində əsaslı təmir işləri aparılıb.

Rayonun 55 kilometrlik Şamaxı-Göylər-Çöl-Padar avtomobil yolunun tikintisi davam etdirilir. Artıq yolun 48 kilometrlik məsafəsi təmir edilərək asfalt-beton örtüyü vurulub. Bundan əlavə Pirquludan Dəmirçi kəndinə gedən avtomobil yolunda təmir işləri aparılır. Kəndin qarşısından keçən Pirsaat çayının üzərindən körpünün tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Turizmin inkişafı məqsədi ilə rayon icra hakimiyyətinin sifarişi ilə  Şamaxının  Dəmirçi kəndindən İsmayıllı rayonunun Lahıc kəndinə yeni 22 kilometrlik avtomobil yolunun tikintisinə başlanılıb. Hazırda yolun tikintisi sürətlə davam etdirilir.

Asif müəllim bildirdi ki, bütün bu işlərin görülməsi üçün ilk növbədə möhkəm iqtisadi baza lazımdır. Şamaxının iqtisadiyyatı isə əsasən,  kənd təsərrüfatı sahəsi üzrə əldə edilən gəlir hesabına formalaşır.  Görülən tədbirlər nəticəsində bu ilin geridə qalan ayları  ərzində aqrar  sahədə 41,9 milyon  manatlıq məhsul istehsal edilib ki, bunun 22,3 mlyon manatı heyvandarlıq, 19,6 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. 2016-cı ilin məhsulu üçün  rayonda 23163,5 hektar sahədə əkin aparılmışdı  ki, bunun da 21165,5 hektarında strateji məhsul olan dənli bitkilərdir. Cari ildə həmin sahələrdən  38095,9 ton məhsul istehsal edilib.

Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olub. Hazırda rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlər tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bu gəlirli sahə 1632 hektara çatdırılıb. Bundan əlavə Meysəri kəndinin ərazisində yerləşən “Şirvan şərabları” müəssisəsində təkcə bu ilin doqquz ayı ərzində 51 hektar yeni üzüm, 20 hektar isə yeni meyvə bağı salınıb. Hazırda həmin müəsissədə üzüm və meyvə bağlarının əkini davam etdirilir.

Rayon rəhbəri fikrinə əlavə etdi ki, doğrudan da Şamaxını ölkənin əsas turizm mərkəzlərindən birinə çevirmək istəyiriksə, onda ilk növbədə həll edilməli məsələlərdən biri də xidmət sahələrinin müasirləşdirilməsidir. Məhz həmin məqsədlə bu ilin geridə qalan aylarında  rayon ərazisində yeni qazlaşdırma, təmir-bərpa və əsaslı təmir işləri davam etdirilib. Ötən müddət ərzində 555 ədəd sayğac yenisi ilə əvəz edilib, 86 ədəd sayğacın yeri dəyişdirilib.  Rayonda yeni itron tipli smarkart qaz sayğaclarının qurqşdırılmasına da başlanılıb və bu ilin 9 ayı ərzində 209 abonentin  fərdi evinin qaz xətti üzərinə həmin sayğaclardan quraşdırılıb. Demək olar ki, bütün yaşayış məntəqələrində əhalinin normal, təzyiqli və fasiləsiz qazla təmin etmək məqsədi ilə köhnə xətlər yenisi ilə əvəz edilərək siyirtmələr quraşdırılıb. Hazırda rayonun 41 yaşayış məntəqəsində 18 min 401 abonent təbii qazla təmin olunur ki, bu da rayonda olan 20 min 67 təsərrüfatın 91,6 faizini təşkil edir.

İlin geridə qalan ayları  ərzində rayonda “Azərişıq” və Şamaxı Elektrik Şəbəkəsinin balansında olan  25 ədəd müxtəlif güclü yeni transformator quraşdırılıb. Həmin transformatorlardan çıxan  hava xətləri SİP kabellə əvəz edilib. Rayonun Sabir qəsəbəsində yeni tipli 630 kilovatt  gücündə transformator quraşdırılıb, köhnə hava xətləri dəmir dayaqlarla və Sip kabellə əvəz edilib. Şəbəkə tərəfindən  980 ədəd istismara yararsız dayaq və 20 kilometrə yaxın naqil yenisi ilə əvəz edilib. 912 ədəd əyilmiş dayaq düzəldilib   30 kilometrdən yuxarı yeni SİP kabeli çəkilib.

Rayon əhalisinin keyfiyyətli rabitə xidməti ilə təmin etmək üçün şəhər ərazisində yararsız dirəklər yenisi ilə əvəz edilib, bərpaya ehtiyacı olan  kabellər tənzimlənib, kabel-kanalizasiya qurğuları qrunt sularından təmizlənib və kabellərin texniki parametrləri normaya gətirilib. Rayonun Sabir, Həmyə, Nəsimi, Cabanı və Muğanlı elektron avtomat telefon stansiyalarından   hava rabitə xətləri təmir edilib, kabellərdə zədələnmələr bərpa olunub və abunəçinin xətləri təmir edilib.

Şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. Doqquz ay ərzində şəhərdaxili şəbəkə xətlərində təmir işləri aparılıb. Daxili kanalizasiya xətlərində 40 ədəd baxış quyusu təmizlənib, 1700 metr müxtəlif diametrli kanalizasiya xətlərində təmir işləri aparılıb. Bundan əlavə rayonun Sabir qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni elektrik motoru və elektrik şiti yenisi ilə əvəz edilib. Nanəli su xəttində təmir işləri aparılaraq stansiyada yeni nasos və elektrik motoru quraşdırılıb.

Respublikamızın bütün regionlarında olduğu kimi, Şamaxının təhsil infrastrukturu ilə bağlı məsələlər ölkənin inkişaf tempinin tələblərinə cavab verən  keyfiyyətin artırılıması, təhsilin məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəlməsi ilə birgə həyata keçirilir. Təbii ki, ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin əsas göstəricilərindən biri də  məzunların uğurla imtahan verib respublikanın müxtəlif ali və orta ixtisas  məktəblərinə qəbul olunmasıdır. Cari ildə 219 nəfər məzun ali məktəblərə qəbul olub ki, onlardan 14 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu da ötən illə müqayisədə xeyli yaxşı göstəricidir.

...və sonda. Tələbəlik yoldaşlarımızdan və ya həmkarlarımızdan kimsə düşünəcək ki, bu sətirlərin əvvəlində giriş üçün çətinlik çəkmişdiksə, finalda da hansısa problem olacaq. Qətiyyən  elə deyil. Final üçün açar sözü  Göylər kəndindən olan dostum Nazir Niyazovun söhbətindən götürmüşəm. Mən ona demişdim ki, bu il Şamaxıda payız yağışları da, ilk qar da ötənilkinə nisbətən 20-25 gün tez başladı. Nazir də cavab vermişdi ki, bu, yaxşı göstəricidir. Çünki payız-qış mövsümlərində yağmur çox olanda sonrakı il taxıl məhsulu bol olur. Elə Asif müəllimin təhsil barədə dediyi fikirlərdən seçdiyim hissə də təxminən bu ifadələrlə yekunlaşırdı: “Bu, ötən illə müqayisədə xeyli yaxşı göstəricidir”...

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2016.- 5 noyabr.- S.4.